Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-907/2024 12.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən hərbi səfərbərliyə cəlb olunaraq xx.xx.1994-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibə gedən Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin tibb məntəqəsində hərbi həkim kimi xidmətə başlamış və xx.xx.1995-ci il tarixdə isə Prezidentin Fərmanına əsasən qanuni əsaslarla hərbi hissədən tərxis olunmuşdur. Bu barədə hərbi biletinin 10-cu səhifəsində qeydlər aparılmış və hərbi hissənin möhürü ilə təsdiq olunmuşdur.Xidməti rayon Şöbəsinin uçot sənədlərində onun xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissənin tibb məntəqəsində həkim kimi xidmət keçməyinə dair məlumatlar vardır.Bunu təsdiqləyən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məktubu işə əlavə olunub.Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli arayışından da görünür ki, xx.xx.1994-cü ildən xx.xx.1995-ci il tarixədək Tərtər rayonu ərazisində yerləşən N saylı həri hissənin tibb məntəqəsinin həkimi kimi xidmət etməyimlə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici məlumat aşkar olunmamışdır. Dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və N saylı (052) hərbi hissəyə müraciət edərək bildirmiş ki, hərbi xidmətdə olduğu illərlə bağlı arxiv arayışı verilsin, lakin hərbi hissə komandirinin məktubundan görünür ki, N saylı (hazırda N saylı) hərbi hissədə arxiv sənədləri saxlanmadığından həmin hərbi hissədəki xidmətimlə bağlı hər-hansı bir əmrdən çıxarışın verilməsi mümkün olmamışdır. Lakin Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Veteran adı və müvafiq vəsiqənin verilməsi Komissiyasının ona veteran adının verilməsindən imtina edilmə barədə qərar və sənədlərim geri qaytarılmışdır.İmtinanın səbəbi xidmət etməyi barədə Müdafiə Nazirliyinin zabit uçot kitabçasında məlumatın olmaması göstərilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə müraciət etməyi tövsiyyə olunmuşdur.Halbuki, onun təqdim etdiyi sənədlərdə xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təsdiqləyici məlumatı vardır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia mümkün sayıla bilməz. Belə ki, Müharibə veteranı adının verilməsi üçün müvafiq Komissiyanın rəyi tələb olunur. İddiaçı isə əsassız olaraq, Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunu mübahisələndirmişdir, halbuki həmin məktub imtina kimi qəbul oluna bilməzdi. Çünki orada göstərilmişdir: “772 nömrəli hərbi hissədə zabit qismində tibb məntəqəsində xidmət etməyi barədə MN zabit-uçot kartasında məlumat olmadığından 2018-ci ildə ona Müharibə veteranı adının verilməsindən imtina olunmuşdur və tövsiyyə (2023) olunmuşdur ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsinə, şöbəsinə və ya idarəsinə müraciət etsin.” İddiaçı hesab etmişdir ki, yuxarıda qeyd olunmuş qurum tərəfindən arayışı təqdim edib. Halbuki 2023-cü il tarixli məktubda göstərilib ki, döyüşlərdə iştirak edən şəxs qismində “Müharibə veteranı” adının verilməsi ilə bağlı həmin dövlət orqanının Komissiyasına müraciət etsin.Qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2018ci il tarixli, 1/A-8428 nömrəli imtina məktubunun surəti, iddiaçıya aid hərbi biletin surəti, cavabdehin etirazı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun X1 iştirak etdiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Müdafiə Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı həmin dövrdə Müdafiə Nazirliyinin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialara qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Belə olduğu tədqirdə Müdafiə Nazirliyi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqan xx.xx.2018-ci il tarixli, 1/A-8428 nömrəli imtina məktubu ilə iddiaçının tələbinin təmin etməmiş və bu səbəbdən də iddiaçının məhkəməyə müraciət etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının qeydiyyatda olduğu yer Xaçmaz şəhəri ərazisi olduğundan məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmçinin, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamə”də qeyd olunur ki, müharibə veteranı adını və müvafiq veteran vəsiqəsini almaq üçün şəxs döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş (hərbi xidmətə qəbul və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmış) olmalıdır. Hazırkı işdə də iş materiallarında olan sənədlərdə iddiaçının döyüş bölgəsində olması öz əksini tapsa da, qanunvericiliyin tələbi olaraq İddiaçı müharibə veteranı adı və vəsiqənin verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının iddia etdiyi müddət üçün həqiqi hərbi qulluqçuların ordu sıralarından tərxis olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı olmamış və bu Fərmandan irəli gələn Müdafiə Nazirinin və hissə komandirinin iddiaçının hərbi xidmətdən buraxılması və hərbi hissənin siyahısından çıxarılması barədə əmri olmamışdır. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməməsi qanuni hesab edilməlidir. Belə ki, 25 dekabr 1991-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrində çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Sadalanmış bu müddəalardan bəlli olur ki, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. Eyni zamanda, 10 iyun 1992-ci il tarixində qəbul edilmiş və zamana görə qüvvədə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, ümumi və ya qismən səfərbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunur. Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin hüququ var ki, səfərbərlik elan etmədən lazımi sayda hərbi vəzifəliləri üç ayadək müddətə ehtiyatdan hərbi xidmətə çağırsın. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən Azərbaycan Respublikasının Ali Soveti bu müddəti daha 3 ay uzada bilər. Həmin qanunun 26-cı maddəsinə əsasən, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir. Sadalanmış bu müddəalardan bəlli olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq fərman qəbul etməlidir. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 1994-cü ilin fevral ayından müxtəlif vaxtlarda başlana bilər, lakin onun dövrü 10 may 1994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyyata buraxılması haqqında” 433 saylı Fərmanı, 23 yanvar 1996cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-907/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-907/2024
12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver