Məhkəmə qərarları › İş №2-1(118)-908/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-908/2025

17.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-908/2025 17.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili X3, Üçüncü şəxs X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X8 icarəsində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki vəziyyətinə uyğunlaşdırılmaqla, İddiaçı məxsus JN1164 KOD30316018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən 4.35 ha torpaq sahəsinin faktiki mövcud olan 4.25 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə iddiaçının adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən 26 may 2006-cı il tarixdə Dövlət Aktı qeydiyyatı kitabında 2710 nömrə ilə qeydə alınmaqla İddiaçı adına verilmiş JN 1164 Kod 30316018 saylı Torpağa Mülkiyyət Hüququna X29 əsasən Quba rayonu, Zərdabi kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 4,35 ha torpaq sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-908/2025 saylı, xx.xx.2025-ci il tarixli X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək, “X8 icarəsində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki vəziyyətinə uyğunlaşdırılmaqla, İddiaçı məxsus JN1164 KOD30316018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən 4.35 ha torpaq sahəsinin faktiki mövcud olan 4.25 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə iddiaçının adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən 26 may 2006-cı il tarixdə Dövlət Aktlarının qeydiyyatı kitabında 2710 nömrə ilə qeydiyyata alınmış JN 1164 Kod 30316018 saylı Torpağa Mülkiyyət Hüququna X29 əsasən Quba rayonu, Zərdabi kəndi ərazisində 4.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Qeyd olunan torpaq sahəsinə 2006-cı ildən hal-hazıradək faktiki sahiblik etməklə bütün vergiləri ödəyir və torpaq sahəsinə dair qanunvericiliklə nəzərdə tutulan bütün hüquq və vəzifələri yerinə yetirir. Son vaxtlar torpaq sahəsindən istifadəçilər üçün Dövlət tərəfindən ödənilən subsidiyaların verilməsi ilə bağlı mülkiyyət sənədinin elektron variantının (Çıxarış, Torpaq sahəsinin Planı və ölçüsü sənədi) təqdim edilməsi tələb olunduğundan mülkiyyət hüququnu təsdiq edən JN 1164 Kod 30316018 saylı Torpağa Mülkiyyət Hüququna X30 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edib Çıxarışın və Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin verilməsi barədə müraciətinə imtina cavabı verilmiş və imtina, adına olan Dövlət Aktının - DT və XK-nın Quba rayon şöbəsindən təhvil alınmış Dövlət Aktlarının qeydiyyat kitablarında qeydiyyatdan keçməməsi və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmaması ilə əsaslandırılmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili X9 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 öz izahatında faktiki olaraq iddiaçı ilə özünün torpağının üst-üstə düşmədiyini, faktiki olaraq öz torpağını, iddiaçının da öz torpağını istifadə etdiyini, iddiaçının sənəd üzrə torpaqların yerinə düzəliş edilməsinə etirazı olmadığını bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmiş, məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: JN 1164, KOD 30316018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”; cavabdehin iddiaçıya ünvanladığı imtina məktubu və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan Quba şəhərində yerləşən 4.35 ha torpaq sahəsi Quba rayon Dövlət Notariat Kontorunun xx.xx.2003-cü il tarixli, 4Ə-181-182, 4Ə-184-192 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmışdır. Buna dair onun adına JN 1164, KOD30316018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən müraciəti təmin edilməmişdir. Cavabdeh orqan imtinasının əsası kimi JN-1164 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamış, ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamasını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və formal olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Məhkəmə sorğusuna əsasən cavabdeh orqanın təqdim etdiyi müayinə aktında aşağıdakılar qeyd edilmişdir: “Müayinə zamanı heç bir mübahisəli hal baş verməmişdir. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 4.25 ha təşkil edir. Müayinə zamanı iddiaçı tərəfindən təqdim olunmuş JN-1164 KOD 30316018 saylı Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələrində və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır və DBF siyahısında göstərilməmişdir, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin 2.1951 ha hissəsi baza məlumatlarında olan xəritə materialları üzərində **********20 reyestr nömrəli çıxarışa əsasən digər şəxsin (X11) icarəsində olan torpaq sahəsi ilə, qalan hissəsi isə JN-772, JN- 773, JN-776, JN-777, JN-778 və JN-779 nömrəli Döviət aktlarına əsasən torpaq sahələri ilə üst-üstə düşür. Həmin nömrəli Dövlət Aktlarının DBF siyahısı aşağıdakı kimidir. JN-772 nömrəli Dövlət Aktı - X12 JN-773 nömrəli Döviət Aktı - X2 JN-776 nömrəli Dövlət Aktı -X5 və ailə üzvləri JN-777 nömrəli Dövlət Aktı - X16 JN-778 nömrəli Dövlət Aktı - X17 JN-779 nömrəli Dövlət Aktı - X6 və ailə üzvləri Əlavə olaraq bildiririk ki, iddiaçı tərəfindən təqdim olunmuş alqı-satqı müqavilələrinə əsasən göstərilmiş Dövlət Aktlarına (JN-782, JN-783, JN-784, JN-786 və JN-787 Döviət Aktlarına əsasən torpaq sahələri) əsasən torpaq sahələri iddiaçının faktiki olaraq istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür və həmin torpaq sahələri digər şəxs və ya şəxslər tərəfindən istifadə olunur. Alqı-satqı müqavilələrində qeyd olunmuş Dövlət Aktlarının ( JN- 782, JN-783, JN-784, JN-786 və JN- 787 Dövlət Aktları) DBF siyahısı aşağıdakı kimidir. JN-782 nömrəli Döviət Aktı - X13 JN-783 nömrəli Dövlət Aktı - Manqulİyeva Zülsyə Yunus qızı və ailə üzvləri JN-784 nömrəli Dövlət Aktı - X18 JN-786 nömrəli Dövlət Aktı -X1 JN-787 nömrəli Dövlət Aktı - X20 Onu da qeyd edirlər ki, müayinə zamanı iddiaçı JN-1164 nömrəli Dövlət Aktında göstərilmiş 1164A, 1164D, 1164C və 1164B planşetləri üzrə qeyd olunmuş torpaq sahələrindən imtina etdiyini bildirərək həmin torpaq sahələrini istifadə etmədiyini bildirmişdir. Mübahisəli torpaq sahəsinə dair tərəfimizdən sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Qeyd:JN-772 nömrəli torpaq sahəsi DWJ xəritələrində 0.25 ha göstərilsə də, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 0.13 ha olaraq qeyd edilmişdir. Həmçinin JN-773 nömrəii Dövlət aktı 0.25 ha olmasına baxmayaraq torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 0.18 ha kimi, JN-776 nömrəli Dövlət Aktı 1,0 ha olmasına baxmayaraq torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 0.71 ha kimi öz əksini tapmışdır.” Göründüyü kimi araşdırma zamanı mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı mübahisə halı müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X8 icarəsində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki vəziyyətinə uyğunlaşdırılmaqla, İddiaçı məxsus JN1164 KOD30316018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən 4.35 ha torpaq sahəsinin faktiki mövcud olan 4.25 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə iddiaçının adına reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X8 icarəsində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki vəziyyətinə uyğunlaşdırılması, İddiaçı məxsus JN1164 KOD30316018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən 4.35 ha torpaq sahəsinin faktiki mövcud olan 4.25 ha hissəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə İddiaçı adına reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar