Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-909/2021 09.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X1 cavabdeh Abşeron rayon Görədil bələdiyyəsinə qarşı “cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş 2/1 nömrəli 26.02.2021-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X2 cavabdeh Abşeron rayon Görədil bələdiyyəsinə qarşı iddia qaldıraraq “cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş 2/1 nömrəli 26.02.2021-ci il tarixli qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən verilən məlumata əsasən Cavabdeh 2/1 nömrəli 26.02.2021-ci il tarixli qərarı üzrə borclu İddiaçı 188646,64 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməlidir. Cavabdeh 2/1 nömrəli 26.02.2021-ci il tarixli qərarı ona rəsmi qaydada təqdim edilməmişdir. Qərarın surətini Abşeron rayon İcra və probasiya şöbəsindən 11.03.2021-ci il tarixdə əldə etmişlər. Abşeron rayon İcra və probasiya şöbəsinə 11.03.2021-ci il tarixdə müraciət etdikdən sonra, icra məmuru bildirmişdir ki, Cavabdeh 2/1 nömrəli 26.02.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 1981.1-ci maddəsinə əsasən əmlak vergisinin və 206.3-cü maddəsinə əsasən torpaq vergisinin ödəyicisidir. Onun torpaq sahəsinə və əmlak vergisinə görə 2018, 2019 və 2020-ci il üzrə 42452,40 faiz, 146194,01 əsas, ümumilikdə isə 188646,41 manat ümumi borc vardır. Qərara alınmışdır ki, İddiaçı ümumilikdə 188646,41 manat məbləğində pul tutulsun. Tərəflərindən Cavabdehnə müraciət olunaraq Cavabdeh 2/1 nömrəli 26.02.2021-ci il tarixli qərarı ilə İddiaçı onun torpaq sahəsinə və əmlak vergisinə görə 2018, 2019 və 2020-ci il üzrə 42452,40 faiz, 146194,01 əsas, ümumilikdə isə 188646,41 manat tutulmalı olan məbləğlərin hansı tarixdə və nəyə görə yaranması hüquqi əsası barədə məlumat verilməsi, tutulmalı olan məbləğlərə asas olmuş sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Müraciətlərinə cavab verilmədiyi üçün həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh 2/1 nömrəli 26.02.2021-ci il tarixli qərarı əsassız va qanunsuz olduğundan ləğv edilməlidir. Bu illər ərzində əmlak və torpaq vergisi üzrə borcun olması barədə heç bir bildiriş daxil olmamış, məlumat vermədən, heç bir rəsmi bildiriş olmadan, iştirakları olmadan vergi borcunun olması nəticəsinə gəlinməsi absurddur. Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin va ödanişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral va səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Qanunun tələbindən də göründüyü kimi kameral və səyyar vergi yoxlaması keçirilməli olsa belə, Abşeron rayon Görədil bələdiyyəsi tərəfindən kameral va səyyar vergi yoxlamasına riayət edilməmişdir. Belə ki, yoxlama yerində baxış keçirilmədən əsassız olaraq qəbul edilmişdir. Qararlar tərtib olunarkən heç bir səyyar vergi yoxlamasi aktı qərara əlavə edilməmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi üçün mütəxəssislər cəlb olunmalı və vergi ödəyicisinə bununla bağlı məlumat verilməlidir. Həmin qanunun 5.5-ci maddasina əsasən odəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə Vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Qanunun tələbindən də göründüyü kimi akt tərtib olunarkən ödəyiciyə məlumat verilməsi qanunla mübahisələndirilə bilməz olmağına baxmayaraq Cavabdeh tərəfindən bu müddəa pozulmuş və qanunun tələblərinə düzgün riayət edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, İddiaçı Abşeron rayonu, Görədil kəndinin ərazisində mülkiyyətində olan № Seriya MH ******* saylı Çıxarış üzrə 5,84 ha torpaq sahəsində yerləşən 3022.7 kv m, ümumi 2860 kv.m əsas, 162,3 kv.m köməkçi sahədən ibarət tam mülkiyyət hüququ üzrə əmlak kompleksi vardır. Həmçinin Seriya MH ******* saylı (15.30 ha) və Seriya MH ******* saylı (16.467 ha) çıxarışlar üzrə ümumilikdə 31.767 ha kənd təsərrüfatı təyinatlı torpaqlar mülkiyyətindədir. İddiaçı Abşeron rayonu, Görədil kəndinin ərazisində 37.607 ha toraq sahələri və 3022.7 kv.m, ümumi 2860 kv.m əsas, 162.3 kv.m köməkçi sahədən ibarət tam mülkiyyət hüququ üzrə əmlakı vardır. İddiaçının mülkiyyətində olan tikililər və torpaq sahələri Abşeron rayonu, Görədil Bələdiyyəsinin ərazi hüdudlarında olduğundan o, bu günədək əmlak və torpaq vergisini Görədil Bələdiyyəsinə ödəməmişdir. Ona dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, o, mülkiyyətində olan torpaq və əmlak vergisini ödəməkdən yayınmışdır. Bu səbəbdən də iddiaçıdan mülkiyyətində olan torpaq və əmlak vergisinin məcburi qaydada ödənilməsi üçün Görədil Bələdiyyəsi tərəfindən 26 fevral 2021-ci il tarixdə qərar qəbul edilərək Abşeron rayon İcra Şöbəsinə göndərilmişdir. Abşeron rayon icra şöbəsi tərəfindən yaranmış borcun könüllü qaydada ödənilməsi üçün iddiaçıya məlumat verilməsinə baxmayaraq o, məhkəməyə hazırki iddia tələbi ilə müraciət edərək vergi borcunu ödəməkdən yayınır. İddiaçıya torpağa və əmlaka görə hesablanmış vergi borcu Azərbaycan Respublikası Vergi Məcəlləsinin və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun tələblərinə əsasən müəyyən edilmişdir. Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Azərbaycan Republikası bələdiyyələrinin ərazisində yerləşən torpaq və əmlak mülkiyyətiçiləri barədə vahid reyestr aparılmışdır. İddiaçı Abşeron rayonu, Görədil kəndinin ərazisində mülkiyyətində olan torpaq və əmlak həmin reyestrə daxil edilmiş və ondan tələb olunan borc məbləği BAMS sisteminə əsasən hesablanmışdır. İddiaçının hazırki, dövrə olan vergi borcu 2021-ci il üçün torpaq vergisi üzrə 57.766 (əlli yeddi min yeddi yüz altmış altı) manat əmlak vergisi üzrə isə 906 (doqquz yüz altı) manat 81 (səksən bir qəpik) yaranmışdır. Əvvəlki dövrlər üzrə yəni son 03 (üç) ildə ödənilməmiş vergi borcu 117.345 (bir yüz on yeddi min üç yüz qırx beş) manat 06 (altı) qəpik, yaranmış faiz borcu 37.491 (otuz yeddi min dörd yüz doxsan bir) manat 93 (doxsan üç) qəpikdir. Hazırda iddiaçının Abşeron rayonu, Görədil Bələdiyyəsinə əvvəlki yəni son 03 (üç) il ərzində torpaq və əmlak vergisinə görə ödənilməmiş vergi borcu ümumilikdə 213.510 (iki yüz on üç min beş yüz on) manat 30 (otuz) qəpikdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 201.4-cü maddəsinin tələbinə görə dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir. Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçıdan Abşeron rayonu, Görədil kəndinin ərazisində yerləşən mülkiyyətində olan 37.607 ha torpaq sahələri və 3022.7 kv m. ümumi 2860 kv.m əsas, 162.3 kv.m köməkçi sahədən ibarət tam mülkiyyət hüququ üzrə əmlakından yaranmış vergi borcu üzrə cavabdeh Görədil Bələdiyyəsi tərəfindən 26 fevral 2021-ci il tarixdə qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə əsasən qəbul edilmişdir. Həmin qərardan məlumatı olmasına baxmayaraq, vergi borcunun ödənilməsindən yayınır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: -MH seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Abşeron rayonu, Görədil kəndində 5,84 ha torpaq sahəsində yerləşən 3022,7 kv.m ümumi, 2860,4 kv.m əsas, 162,3 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə İddiaçı Qarkişi oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -MH seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Abşeron rayonu, Görədil kəndində 15,30 ha torpaq sahəsi İddiaçı Qarkişi oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -MH seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Abşeron rayonu, Görədil kəndində 16,467 ha torpaq sahəsi İddiaçı Qarkişi oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Abşeron rayon Görədil bələdiyyəsinin **********2895 saylı tədiyyə bildirişində İddiaçı 2021-ci il üçün 213510,3 manat vergi borcunun olduğu qeyd edilmişdir. -Abşeron rayon Görədil bələdiyyəsinin 2/1 saylı 26.02.2021-ci il tarixli qərarı ilə İddiaçı 188646,41 manat məbləğində vergi borcu hesablanmışdır. -Abşeron rayon icra və probasiya şöbəsinin İddiaçı Qarkişi oğluna ünvanladığı 05.03.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Abşeron rayon Görədil bələdiyyəsinin 2/1 saylı 26.02.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi tələb olunmuş, əks tədqirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iddiaçının mülkiyyətində Abşeron rayonu, Görədil kəndində 5,84 ha torpaq sahəsində yerləşən 3022,7 kv.m ümumi əmlak kompleksi, 15,30 ha torpaq sahəsi və 16,467 ha torpaq sahəsi vardır. Abşeron rayon Görədil bələdiyyəsinin 2/1 saylı 26.02.2021-ci il tarixli qərarı ilə həmin torpaq sahələrinə görə İddiaçı 188646,41 manat məbləğində vergi borcu hesablanmışdır. Bələdiyyə həmin qərarı icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərmişdir. Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən İddiaçı Qarkişi oğluna 05.03.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə hazırkı icraatda tədqiq edilmiş sübutlar və tərəflərin dəlilləri əsasında müəyyən edilmiş aşağıdakı xüsusatları diqqətə çəkir: - mübahisələndirilən 26.02.2021-ci il tarixli 2/1 nömrəli qərarın qəbulu üzrə inzibati icraatda maraqlı şəxs kimi hazırkı iddiaçıya rəsmi məlumat verilməsinə, onun həmin qərarın qəbuluna əsas olmuş aktla tanış olmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, inzibati icraatda inzibati orqan tərəfindən Abşeron rayon Görədil bələdiyyəsi «İnzibati icraat haqqında» AR Qanununun 25, 51.1-ci maddələrinin, eləcə də «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.4 – 5.6-cı bəndlərinin tələbləri pozulmuşdur; - vergi ödəyicisi kimi hazırkı iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olan 26.02.2021-ci il tarixli 2/1 nömrəli qərar onu qəbul edən inzibati orqan Abşeron rayon Görədil bələdiyyəsi tərəfindən aydın və tam şəkildə əsaslandırılmamışdır. Qərarda 2018, 2019, 2020-ci illər üzrə əmlak və torpaq vergisi hesablansa da, məhkəmə icraatında ayrıayrı illər üzrə həmin verginin ödənilməsi ilə bağlı bələdiyyə tərəfindən müvafiq tarixlərdə tədiyə bildirişlərinin vergi ödəyicisi kimi iddiaçıya çatdırılması təsdiqini tapmır. - sözügedən qərarda iddiaçıya torpaq sahəsinə və əmlak vergisinə görə 2018, 2019 və 2020-ci il üzrə 42452 manat 40 qəpik faiz, 146194 manat 01 qəpik əsas, ümumilikdə isə 188646 manat 41 qəpik ümumi borcunun olduğu qeyd edilmişdir. Lakin bələdiyyə tərəfindən iddiaçıya hesablanmış vergilərin məbləğinin hansı əsaslarla hesablanması, hesablanmanın istinad edilməli olduğu hüquq norması, əmlak və torpaq vergisi üzrə ayrı-ayrılıqda vergi borcunun məbləği, illər üzrə ödənilməli olan vergilərin məbləği, vergi hesablanması zamanı torpağın kateqoriyasına uyğun olaraq vergi dərəcəsinin müəyyən edilib-edilməməsi qeyd edilməmiş, ümumilikdə borcun miqdarı qeyd edilmişdir. Halbuki qanunvericilikdə yerli vergilərin müəyyən edilməsinin əsasları müəyyən edilmişdir. Həmin əsaslara vergitutma obyekti, vergitutma bazası, vergitutma dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası daxildir. - mübahisələndirilən 26.02.2021-ci il tarixli 2/1 nömrəli qərar vergi ödəyicisi kimi iddiaçıya münasibətdə vergi borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fizki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. - bundan başqa cavabdeh 2/1 saylı 26.02.2021-ci il tarixli qərarında borcun hesablanmasının əsası kimi yalnız “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanunun 19.1-ci maddəsinə istinad etmişdir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Qeyd olunan normadan göründüyü kimi həmin norma verigilərin ödənilməsi əsaslarını, şərtlərini müəyyən edən norma deyildir. Həmin norma ilə torpağın icarə haqqının anlayışı verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Abşeron rayon Görədil bələdiyyəsinin 26.02.2021-ci il tarixli 2/1 nömrəli qərarı qanunsuzdur və onun qəbulu iddiaçı X1 hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bununla belə məhkəmə vurğulayır ki, mübahisə predmeti olan 226.02.2021-ci il tarixli 2/1 nömrəli qərarın qanunsuz sayılması, qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmaqla, eyni zamanda vergiyə cəlb olunma ilə bağlı qanunla müəyyən edilmiş müddətlərə əməl edilməklə hazırkı iddiaçıya münasibətdə müvafiq verginin tutulması ilə əlaqədar yenidən inzibati icraatın aparılmasına maneə deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının, o cümlədən AR Vergi Məcəlləsinin 70.1-ci maddəsinin, «İnzibati icraat haqqında» AR Qanununun 67.1, 67.2-ci maddələrinin, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.10-cu bəndinin, İPM-in 70.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilərək cavabdeh Abşeron rayon Görədil bələdiyyəsinin 26.02.2021-ci il tarixli 2/1 nömrəli qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayon Görədil bələdiyyəsinin 2/1 nömrəli 26.02.2021-ci il tarixli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Abşeron rayon Görədil bələdiyyəsinin 2/1 nömrəli 26.02.2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-909/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-909/2021
09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver