Məhkəmə qərarları › İş №2-1(118)-91/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-91/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-91/2024 24.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçının yaşayış sahəsi ilə təmin olunması üçün ev növbəsinə siyahıya alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə iddiaçının ev növbəsinə qəbul edilməsi və 6 ay müddətində kirayə haqqı ödənilmək şərtilə ev və ya torpaq sahəsi ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “iddiaçının yaşayış sahəsi ilə təmin olunması üçün ev növbəsinə siyahıya alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixdən 2.08.1991-ci il tarixə qədər keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Xidmət dövrünün çox hissəsini cəbhə bölgəsində döyüşlərdə keçirmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2007-ci il tarixli 0389 nömrəli əmri ilə "hərbi xidmət keçmə haqqında" əsasnamənin 156-cı maddəsinin "v" bəndinə əsasən (xəstəliyə görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır və xx.xx.2007-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsində hərbi qeydiyyata alınmışdır. Sonradan Sumqayıt Şəhər İcra hakimiyyətinə mənzil növbəsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Səhhəti ilə əlaqədar xarici ölkələrdə müalicə aldığı üçün etdiyi müraciətlə maraqlana bilməmişdir. Bu yaxınlarda Sumqayıt şəhər İcra hakimiyyətinin mənzil şöbəsindən maraqlanan zaman iddiaçıya bildiriblər ki, mənzil şöbəsi bir yerdən başqa yerə köçürülən zaman sənədlərin çoxu itirilib və iddiaçının ərizəsi orada tapılmır. xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinə iddiaçının “ev növbəsinə qəbul edilməsi və 6 ay müddətinə kirayə haqqı ödənilmək şərti ilə ev və ya torpaq sahəsi ilə təmin edilməsi” barədə ərizə ilə müraciət etsə də, bu günə kimi ərizəsi cavablandırılmamışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən ddiaçı İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçının ev növbəsinə qəbul edilməsi və 6 ay ərzində kirayə haqqı ödəməklə ev və ya torpaq sahəsi ilə təmin edilməsi” tələbinə dair işlə bağlı aşağıdakıları bildiririk: İddiaçı şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətlərinə ünvanlanmış cavab məktublarında ona qanunvericilikdə nəzərdə tutulmuş sənədləri təqdim etməsi tövsiyə olunmuşdur. İddiaçı mənzil uçotuna alınması ilə əlaqədar tərəfindən təqdim etdiyi sənədləri hazırda baxılma ərəfəsində ikən iddiaçının təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, onun qeydiyyatda olduğu və yaşadığı mənzil 2022-ci ildə X2 adına özgəninkiləşdirilmişdir. AR Mənzil Məcəlləsinin 52-ci maddəsinin təsnifatı altına düşmə faktını müəyyən etmək üçün dəfələrlə şifahi və telefon vasitəsi ilə evin alqı-satqı müqaviləsinin surətinin yaxud özgəninkiləşənə qədər olan çıxarışının surətinin şöbəyə təqdim edilməsi barədə müraciətimiz hər dəfə onun tərəfindən imtina ilə qarşılanmışdır. İddiaçı tərəfindən müvafiq sənəd təqdim olunmadığı üçün qaldırılan məsələyə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddia tərəfimizdən etirazla qarşılanır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: 43 saylı, xx.xx.2022-ci il tarixli “Ailə tərkibi haqqında arayış”; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsi tərəfindən verilmiş 101 saylı, xx.xx.2022-ci il tarixli arayış; ZE № ******* saylı hərbi biletin surəti; ******* saylı, xx.xx.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış” və digər sənədlər aiddir.

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. 5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir və təmin edilməməlidir. Belə ki, iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edərək yaşayış sahəsi ilə təmin olunması üçün mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Məcəllənin 48.3-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilmir. Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Məcəllənin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Mcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir. Qaydaların 2-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar — mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər.Hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin edilməsi mənzilistismar hissələri vasitəsilə həyata keçirilir. Cavabdeh orqan imtinanın əsası kimi İddiaçı tərəfindən adına qeydiyyatda olan evin özgəninkiləşdirilənə qədər olan çıxarışının surətinin və yaxud alqı-satqı müqaviləsinin surətinin təqdim edilmədiyini göstərmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, cavabdehin tələb etdiyi sənədlər iddiaçı tərəfindən təqdim edilmişdir. Buna baxmayaraq, cavabdehin qeyd edilən imtina dəlili əsaslı olmasada, ümumi olaraq iddiaçının yaşayış sahəsi ilə təmin olunması üçün ev növbəsinə siyahıya alınmasından imtinada haqlı olmuşdur. Məhkəmə İddiaçı mülkiyyətində hər hansı daşınmaz əmlakın olub-olmamasının araşdırmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 27 mart 2024-cü il tarixli məhkəmə sorğusuna cavabında aşağıdakılar qeyd edilmişdir: Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunun notariusunun 30 iyul 2013-cü il tarixli, 4Ə- 1898 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 37 nömrəli mənzil üzərində 1 avqust 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusunun 9 iyun 2020-ci il tarixli, 4Ə-1042 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Sumqayıt Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfat! idarəsi tərəfindən verilmiş 7 aprel 1990-cı il tarixli, 14958 nömrəli icarə müqaviləsinə, 5 fevral 2015-ci il tarixli, 7974 qeydiyyat nömrəli, A№537004 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə, Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş 13 fevral 2015-ci il tarixli, 7E-6354 reyestr nömrəli razılıq ərizəsinə əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi 4423Q ünvanında yerləşən 0,0754 ha bağ torpaq sahəsi üzərində 31 oktyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindəqeydiyyata alınmış, lakin Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusunun 3 oktyabr 2021-ci il tarixli, 4Ə-2411 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusunun 1 mart 2020-ci İİ tarixli, 4Ə-459 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi B-4423B ünvanında yerləşən 0,12 ha bağ torpaq sahəsi üzərində 11 mart 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusunun 5 aprel 2022-ci il tarixli, 4Ə-638 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Sumqayıt “ASAN xidmət" mərkəzində Notariat Ofisinin xüsusi notariusunun 24 fevral 2020-ci il tarixli, 4Ə-521 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi 4423V ünvanında yerləşən 0,18 ha bağ torpaq sahəsi üzərində 3 mart 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, eskiz layihəyə və şəxsin 5 may 2020-ci il tarixli Sumqayıt Şəhər İcra Hakimiyyətinə ünvanladığı məlumatlandırma ərizəsinə əsasən sözügedən torpaq sahəsində inşa edilmiş bağ evi üzərində 13 may 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusunun 5 aprel 2022-ci il tarixli, 4Ə-637 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Keçmiş Abşeron rayonu X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X3 adına Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququna dair texniki pasport və mülkiyyət hüququ haqqında 004296 nömrəli şəhadətnamə verilmişdir. Lakin Abşeron rayonu 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-2120 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixli **********15-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair hüquqmüəyyənedici sənədlər yuxarıda qeyd edilən məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, İddiaçı adına müxtəlif daşınmaz əmlaklar olmasına baxmayaraq, həmin daşınmaz əmlakları özkəninkiləşdirməklə mənzil şəraitini qəsdən pisləşdirmişdir. Məhkəmə əlavə olaraq bildirir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsində, həm də “Ehtiyyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respubikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 147 saylı qərarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmə üçün yeganə meyar hərbi qulluqçunun yaşayış sahəsinin olmamasıdır. Beləliklə, iddiaçı məhkəmə iclasında şifahi olaraq yaşayış sahəsinin olmamasını, kirayə yaşamasını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdeh orqanının imtinası qanuni olmuşdur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçının yaşayış sahəsi ilə təmin olunması üçün ev növbəsinə siyahıya alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçının yaşayış sahəsi ilə təmin olunması üçün ev növbəsinə siyahıya alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar