Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-910/2021 15.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N №-li hərbi hissədə “Təyyarənin baş texniki” vəzifəsinin vəzifə maaşı ilə ona ödənilmiş gizirlər üçün nəzərdə tutulan 9-cu tarif dərəcəsi arasından fərqin 03.08.1993-cü il tarixdən 25.07.2014-cü il tarixədək olan dövr üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildən 12.01.2020-ci il tarixədək AR Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət etmişdir. İddiaçı 03.08.1993-cü il tarixdən 2016-cı ilin iyun ayınadək zabit vəzifə kateqoriyasına aid olan “təyyarənin baş texniki” vəzifəsində xidmət etmişdir. Bu vəzifədə xidmət edərkən 03.08.1993-cü il tarixdən 25.07.2014-cü il tarixədək gizir hərbi rütbəsində, 25.07.2014-cü il tarixdən 2016-cı ilin iyun aymadək zabit rütbəsində olmuşdur. “Təyyarənin baş texniki” vəzifəsi zabit vəzifə kateqoriyasına aid olsa da, ona 03.08.1993-cü il tarixdən 25.07.2014-cü il tarixədək olan dövrdə aylıq pul təminatı həmin vəzifənin vəzifə maaşı əsas götürülməklə yox, gizirlər üçün nəzərdə tutulan və aşağı olan 9-cu tarif dərəcəsinin vəzifə maaşı əsas götürülməklə ödənilmişdir. Bu isə qanunsuzdur. İddiaçı hesab edir ki, göstərilən müddət ərzində (03.08.1993-cü il tarixdən 25.07.2014-cü il tarixədək olan dövr üçün) xidmət etdiyi vəzifənin vəzifə maaşı ilə gizirlər üçün olan 9-cu tarif dərəcəsinin arasında olan fərq hesablanaraq ona ödənilməlidir. N №-li hərbi hissədə “təyyarənin baş texniki” vəzifəsinin vəzifə maaşı ilə ona ödənilmiş gizirlər üçün nəzərdə tutulan 9-cu tarif dərəcəsi arasından fərqin 03.08.1993- cü il tarixdən 25.07.2014-cü il tarixədək olan dövr üçün hesablanaraq ödənilməsi üçün göstəriş verilməsi xahişi ilə iddiaçı 07.11.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, onun şəxsi işində işlədiyi yerlər düzgün qeyd edilməmişdir. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, vəzifələri müvəqqəti icra edərkən hərbi qulluqçulara pul təminatı maaşlarının ödənilməsi qaydaları Müdafiə Nazirinin 05.06.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş və 19.10.2017-ci il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 54-cü maddəsinin “c” bəndinin tələblərinə uyğun olaraq zabit heyəti vəzifələrini müvəqqəti icra etməyə icazə verilmiş gizirlərə 9-cu tarif dərəcəsi üzrə nəzərdə tutulmuş vəzifə maaşları ödənilir. Vəzifələri müvəqqəti icra edərkən gizirlərə pul təminatı maaşlarının ödənilməsi qaydaları 05.06.2002-ci il tarixədək Müdafiə nazirinin 03.08.1993-cü il tarixli 249 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 56-cı maddəsinin “в” bəndi ilə tənzimlənirdi. Həmin bəndin tələblərinə də uyğun olaraq zabit heyəti vəzifələrini müvəqqəti icra etməyə icazə verilmiş gizirlərə 9-cu tarif dərəcəsi üzrə vəzifə maaşlarının ödənilməsi nəzərdə tutulmuşdur. Göstərilən əmrlərin tələblərinə uyğun olaraq zabit vəzifəsinin icrasına müvəqqəti icazə verilmiş iddiaçı X2 vəzifə maaşı, gizirlər üçün nəzərdə tutulmuş 9-cu tarif dərəcəsi ilə qanunauyğun və düzgün ödənilmişdir. Cavabdeh etiraza əlavəsində qeyd etmişdir ki, iddiaçı X7 Nazirliyində saxlanılan şəxsi işini araşdırılması zamanı məlum olmuşdur ki, o, iddia etdiyi 03.08.1993-cü il tarixdən 25.07.2014-cü il tarixədək müddət ərzində yalnız 08.03.2007-ci il tarixdən 25.07.2014-cü il tarixədək cəmi 7 il zabit vəzifəsini icra etmişdir. Bu müddət ərzində ona Müdafiə nazirinin qüvvədə olan əmrinə (qərarına) uyğun olaraq gizirlər üçün ən yüksək, yəni 9-cu tarif dərəcəsi üzrə vəzifə maaşı hesablanıb ödənilmişdir. 03.08.1993-cü il tarixdən 07.03.2007-ci il tarixədək isə iddiaçı Aydın Hacəhmədov bir neçə gizir vəzifələrində xidmət etmişdir və bu müddət ərzində onun zabit vəzifələrini icra etməsi barədə heç bir məlumat yoxdur və hərhansı bir sənədlə təsdiq olunmur. Gizir vəzifələrini icra etdiyi müddətdə Aydın Hacəhmədova hərbi hissənin ştatında gizir vəzifələri üçün göstərilmiş müvafiq tarif dərəcəsinə uyğun vəzifə maaşı ödənilmişdir. İddiaçı Aydın Hacəhmədov Ordu sıralarında ümumilikdə 31 ildən çox xidmət etmiş təcrübəli hərbi qulluqçu olduğu halda, vəzifə maaşının ona düzgün və ya səhv ödənilməsini bilməli idi. Əgər zabit vəzifəsini icra etdiyi 2007-2014-cü illər, yəni cəmi 7 il ərzində Aydın Hacəhmədov vəzifə maaşının ona düzgün ödənilməməsi barədə öz etirazını bildirməmişdirsə, deməli o bilmişdir və bununla razılaşmışdır ki, vəzifə maaşı ona qanun çərçivəsində düzgün hesablanıb ödənilir. Bu səbəbdən də o xidmət etdiyi dövrdə tabeçilik üzrə komandanlıq qarşısında etirazını bildirməmişdir. Eyni zamanda cavabdeh bildirir ki, Azərbaycan Ordusunun yaranandığı gündən, yəni 1991-ci ildən bu vaxta qədər zabit vəzifələrini zabit heyəti ilə müvəqqəti olaraq tam komplektləşdirmək mümkün olmadıqda bu vəzifələrə istisna hal kimi müvəqqəti olaraq gizirlər (miçmanlar) təyin edilirlər və onlara Müdafiə nazirinin qüvvədə olan əmrinə (qərarına) uyğun olaraq gizirlər (miçmanlar) üçün müəyyən edilmiş tarif dərəcələrinin ən yüksəyi, 9-cu tarif dərəcəsi ilə vəzifə maaşı ödənilir. Hal-hazırda Müdafiə Nazirliyinin bir çox hərbi hissələrində zabit vəzifələrinə təyin edilmiş gizirlər (miçmanlar) vardır ki, onlara vəzifə maaşı qanuni şəkildə yuxarıda göstərilən qaydada ödənilir. Cavabdeh məlumat üçün bildirir ki, hərbi qulluqçulara pul təminatının ödənilməsi qaydaları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ’’Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" 562 nömrəli 19.10.1992-ci il tarixli Qərarının 2-ci hissəsinin tələblərinə uyğun olaraq Müdafiə nazirinin qərarı (əmri) ilə təsdiq edilir. Aydın Hacəhmədovun iddiası təmin edildiyi təqdirdə, bu hal hərbi xidmətdən tərxis olunmuş, həmçinin hal-hazırda xidmət edən zabit vəzifələrinə təyin edilmiş minlərlə gizirlərə (miçmanlara) şamil ediləcəkdir. Bu da öz növbəsində külli miqdarda Dövlət vəsaitinin qanunsuz və əsassız sərf edilməsinə səbəb olacaqdır. İddiaçının mübahisələndirdiyi məsələ 1993 - 2014-cü illərə aid olsa da o, uzun müddət keçdikdən sonra, yalnız indiki vaxtda məhkəməyə müraciət etmişdir. Bununla da o həm ümumi, həm də xüsusi iddia müddətini ötürmüşdür. Onu da nəzərə almaq lazımdır ki, mübahisələndirilən dövrdə qanuni qüvvədə olmuş prosessual qanunvericiliyə görə də iddia müddəti 3 ildir. Bundan başqa, Azərbaycan Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Burada qeyd etmək lazımdır ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli Qərarında göstərilmişdir: ’’Qanun və məhkəmə qarşısında bərabərlilik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquuq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.” Bü müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdə çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377-ci maddəsinə görə iddia müddətinin başlanması, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli oldu gündən başlanır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri- sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradır. İddia müddətinin üzrlü səbəblər olmadan buraxılması iddianın rədd edilməsi üçün əsasdır və Müdafiə Nazirliyi hesab edir ki, məhkəmə ilk növbədə iddianın mümkünlüyü məsələsinə yuxarıda qeyd edilən prosessual-hüquq normalarına əsasən qiymət verməlidir. Belə ki, hüquqi mübahisənin bütün mərhələlərində (iddia məhkəməyə daxil olduqda, məhkəmə baxışının vaxtı təyin edildikdə, məhkəmə baxışına hazırlıq aparıldıqda, məhkəmə qərarına apellyasiya və ya kassasiya şikayətinə əsasən yenidən baxdıqda) məhkəmə daim işin faktiki hallarını nəzərdən keçirməli, iddianın mümkünlüyünü yoxlamalıdır. İddianın əsaslığının araşdırılması üçün əsas şərt iddianın mümkün olmasıdır. Yəni məhkəmənin iddianın mahiyyəti üzrə qərar qəbul edə bilməsi üçün mümkünlük mövcud olmalıdır. Cavabdeh etiraza növbəti əlavəsində qeyd edir ki, İddiaçı X7 Nazirliyində saxlanılan şəxsi işininin araşdırılması zamanı məlum olmuşdur ki, o iddia etdiyi 03.08.1993-cü il tarixdən 25.07.2014 cü il tarixədək müddət ərzində yalnız 08.03.2007-ci il tarixdən 25.07.2014-cü il tarixədək - cəmi 7 il zabit vəzifəsini icra etmişdir. Bu müddət ərzində ona Müdafiə nazirinin qüvvədə olan əmrinə (qərarına) uyğun olaraq gizirlər üçün ən yüksək, yəni 9-cu tarif dərəcəsi üzrə vəzifə maaşı hesablanıb ödənilmişdir. 03.08.1993-cü il tarixdən 07.03.2007-ci il tarixədək isə iddiaçı Aydın Hacəhmədov bir neçə gizir vəzifələrində xidmət etmişdir və bu müddət ərzində onun zabit vəzifələrini icra etməsi barədə heç bir məlumat yoxdur və hərhansı bir sənədlə təsdiq olunmur. Gizir vəzifələrini icra etdiyi müddətdə Aydın Hacəhmədova hərbi hissənin ştatında gizir vəzifələri üçün göstərilmiş müvafiq tarif dərəcəsinə uyğun vəzifə maaşı ödənilmişdir. İddiaçı Aydın Hacəhmədov Ordu sıralarında ümumilikdə 31 ildən çox xidmət etmiş təcrübəli hərbi qulluqçu olduğu halda, vəzifə maaşının ona düzgün və ya səhv ödənilməsini bilməli idi. Əgər zabit vəzifəsini icra etdiyi 2007-2014-cü illər, yəni cəmi 7 il ərzində Aydın Hacəhmədov vəzifə maaşının ona düzgün ödənilməməsi barədə öz etirazını bildirməmişdirsə, deməli o bilmişdir və bununla razılaşmışdır ki, vəzifə maaşı ona qanun çərçivəsində düzgün hesablanıb ödənilir. Bu səbəbdən də o xidmət etdiyi dövrdə tabeçilik üzrə komandanlıq qarşısında etirazını bildirməmişdir. Eyni zamanda cavabdeh bildirir ki, Azərbaycan Ordusunun yaranandığı gündən, yəni 1991-ci ildən bu vaxta qədər zabit vəzifələrini zabit heyəti ilə müvəqqəti olaraq tam komplektləşdirmək mümkün olmadıqda bu vəzifələrə istisna hal kimi müvəqqəti olaraq gizirlər (miçmanlar) təyin edilirlər və onlara Müdafiə nazirinin qüvvədə olan əmrinə (qərarına) uyğun olaraq gizirlər (miçmanlar) üçün müəyyən edilmiş tarif dərəcələrinin ən yüksəyi, 9-cu tarif dərəcəsi ilə vəzifə maaşı ödənilir. Hal-hazırda Müdafiə Nazirliyinin bir çox hərbi hissələrində zabit vəzifələrinə təyin edilmiş gizirlər (miçmanlar) vardır ki, onlara vəzifə maaşı qanuni şəkildə yuxarıda göstərilən qaydada ödənilir. Cavabdeh məlumat üçün bildirir ki, hərbi qulluqçulara pul təminatının ödənilməsi qaydaları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ’’Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" 562 nömrəli 19.10.1992-ci il tarixli Qərarının 2-ci hissəsinin tələblərinə uyğun olaraq Müdafiə nazirinin qərarı (əmri) ilə təsdiq edilir. Aydın Hacəhmədovun iddiası təmin edildiyi təqdirdə, bu hal hərbi xidmətdən tərxis olunmuş, həmçinin hal-hazırda xidmət edən zabit vəzifələrinə təyin edilmiş minlərlə gizirlərə (miçmanlara) şamil ediləcəkdir. Bu da öz növbəsində külli miqdarda Dövlət vəsaitinin qanunsuz və əsassız sərf edilməsinə səbəb olacaqdır. İddiaçının mübahisələndirdiyi məsələ 1993 - 2014-cü illərə aid olsa da o, uzun müddət keçdikdən sonra, yalnız indiki vaxtda məhkəməyə müraciət etmişdir. Bununla da o həm ümumi, həm də xüsusi iddia müddətini ötürmüşdür. Onu da nəzərə almaq lazımdır ki, mübahisələndirilən dövrdə qanuni qüvvədə olmuş prosessual qanunvericiliyə görə də iddia müddəti 3 ildir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmənin 2-1(118)-915/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə hsab etmişdir ki, mübahisə hesablanmış vəzifə maaşının ödənilməsi ilə əlaqəli yox, vəzifə maaşının yenidən hesablanaraq ödənilməsi ilə bağlı olduğu üçün iddia öhdəliyin icrası kimi qiymətləndirilə bilməz. İddiaçı faktiki olaraq cavabdeh inzibati orqanın 03.08.1993-cü il tarixdən 25.07.2014-cü il tarixədək olan dövrə aid iddiaçının vəzifə maaşının hesablanması ilə bağlı hərəkətlərini mübahisələndirdiyi və iddiaçının həmin dövrlərdə bu faktiki vəziyyətlə razılaşdığı üçün, məhkəmə iddianı mübahisələndirmə haqqında iddia kimi qəbul edərək, iddia müddətinin ötürülməsi səbəbindən iddianı mümkün saymamaışdır. Sumqayıt Apellyasiya Məhkəməsi iddianı öhdəliyin icrası kimi qəbul etmiş və həmin məhkəmənin 2-1(105)-85/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-915/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilərək iş mahiyyəti üzrə yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia müddəti nəzərə alınmadığı halda, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığı üçün, məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. İddianın əsaslığı ilə bağlı məhkəmə aşagıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı X1 Ordu sıralarında ümumilikdə 31 ildən çox xidmət etmiş təcrübəli hərbi qulluqçu olması, 03.08.1993-cü il tarixdən 25.07.2014-cü il tarixədək gizir hərbi rütbəsində, 25.07.2014-cü il tarixdən sonra zabit rütbəsində olması işin mübahisələndirilməyən halıdır. İddiaçı 03.08.1993-cü il tarixdən 25.07.2014-cü il tarixədək olan dövrlərin vəzifə maşının hesablanmasından narazıdır və həmin dövrlərin yenidən hesablanaraq yaranmış fərqin ödənilməsini xahiş edir. İddiaçı qeyd edir ki o, 03.08.1993-cü il tarixdən 2016-cı ilin iyun ayınadək zabit vəzifə kateqoriyasına aid olan “təyyarənin baş texniki” vəzifəsində xidmət etmişdir. Bu vəzifədə xidmət edərkən 03.08.1993-cü il tarixdən 25.07.2014-cü il tarixədək gizir hərbi rütbəsində, 25.07.2014-cü il tarixdən 2016-cı ilin iyun aymadək zabit rütbəsində olmuşdur.“Təyyarənin baş texniki” vəzifəsi zabit vəzifə kateqoriyasına aid olsa da, ona 03.08.1993-cü il tarixdən 25.07.2014-cü il tarixədək olan dövrdə aylıq pul təminatı zəmin vəzifənin vəzifə maaşı əsas götürülməklə yox, gizirlər üçün nəzərdə tutulan və aşağı olan 9-cu tarif dərəcəsinin vəzifə maaşı əsas götürülməklə ödənilmişdir. Bu isə qanunsuzdur. Məhkəmə ilkin olaraq, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 03.08.1993-cü il tarixdən 2016-cı ilin iyun ayınadək zabit vəzifə kateqoriyasına aid olan “təyyarənin baş texniki” vəzifəsində xidmət etdiyini bildirsədə, məhkəməyə təqdim edilən rəsmi sənədlərdə bu məlumat tam olaraq öz təsdiqini tapmır. Beləki, məhkəmə tərəfindən müxtəlif sorğular edilmiş, iddiaçının şəxsi işinin məhkəməyə gətirilməsi tələb olunmuşdur. Məhkəməyə iddiaçının xidmət dəftərçəsi təqdim olunmuş, tərəflərin iştirakı ilə müvafiq sənədlərə baxış keçirilmişdir. Təqdim olunan sənədlərdə iddiaçının müxtəlif vaxtlarda müxtəlif vəzifələrdə işləməsi qeyd edilir. İddiaçı bunun əksini sübut edən hərhansı sənəd məhkəməyə təqdim edə bilməmiş, bildirmişdir ki, onun şəxsi işində işlədiyi yerlər düzgün qeyd edilməmişdir. Bundan başqa iddiaçıya harada işləməsindən asılı olmayaraq mübahisə olunan dövrlərdə qüvvədə olan Müdafiə Nazirinin müvafiq əmrinə (qərarına) uyğun olaraq gizirlər (miçmanlar) üçün müəyyən edilmiş tarif dərəcələrinin ən yüksəyi, 9-cu tarif dərəcəsi ilə vəzifə maaşı ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 Nazirinin 03.08.1993-cü il tarixli 249 nömrəli əmri ilə təsdiq edilmiş, 05.06.2002-ci il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 32-ci bəndinin tələblərinə uyğun olaraq zabit heyəti vəzifələrini müvəqqəti icra etməyə icazə verilmiş gizirlərə 9-cu tarif dərəcəsi üzrə vəzifə maaşlarının ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda X3 Nazirinin 05.06.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş və 19.10.2017-ci il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 54-cü maddəsinin “c” bəndinin tələblərinə uyğun olaraq zabit heyəti vəzifələrini müvəqqəti icra etməyə icazə verilmiş gizirlərə 9-cu tarif dərəcəsi üzrə nəzərdə tutulmuş vəzifə maaşları ödənilir. Habelə Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun Hərbi X5 haqqında Əsasnamə”nin 5.3.3cü yarımbəndinin tələblərinə əsasən zabit heyəti vəzifələrini müvəqqəti icra etməyə buraxılmış gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına İX tarif dərəcəsi üzrə nəzərdə tutulmuş vəzifə maaşları ödənilir. Göründüyü kimi cavabdeh inzibati orqanın zabit heyəti vəzifələrini müvəqqəti icra etməyə icazə verilmiş gizirlərə vəzifə maaşının hesablanması ilə bağlı mövcud praktikası olmuş və hazırdada bu praktika eyni qaydada davam etməkdədir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisə edilən dövrlərdə iddiaçıya vəzifə maaşı hesablanan zaman, qüvvədə olan hüquq normalarına uyğun hesablama aparılmışdır. Bu əsasla məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-910/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-910/2021
15.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver