Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-911/2021 06.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “xidmət illərinin yenidən hesablanması və Məlumat Vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1969-cu il təvəllüdlüdür, 1986- 90-cı illərdə X3 hərbi tank komandirləri məktəbində təhsil almış, 1990-93-cü illərdə keçmiş Türkmənistan SSRİ-nin, 1993-2001-ci illərdə Azərbaycan Respublikası MTN-nin Sərhəd Qoşunlarında (indiki Dövlət Sərhəd Xidmətində) həqiqi hərbi xidmətdə olmuş, 20.04.2001ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə görə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən pensiya təminatı üçün müraciətinə verilən imtina cavabında hissə komandirinin əmrindən çıxarışa əsasən təqvimlə 14 il 04 ay 07 gün, güzəştli 04 il 11 ay 21 gün, cəmi 19 il 03 ay 28 gün xidmət illəri hesablanmışdır. Qeyd etdi ki, Azərbaycan Respublikası Konstitusiyasının Preambulası ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlət siyasətinin məqsədlərindən biri olduğunu göstərmişdir. Konstitusiyanın 38-ci maddəsinin 1-ci hissəsinə görə, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin 3-cü hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəməyəqədər pretenziya qaydasında cavablardan görünür ki, cavabdeh 2001- ci ildə cəmi xidmət illərini 19 il 3 ay 24 gün, 2020-ci ildə 19 il 8 ay 01 gün, 2021-ci ildə isə 19 il 6 ay 29 gün olduğuna qənaət gətirdiyindən belə qərara gəlmişdir ki, Məlumat Vərəqəsini tərtib etməsin və DSMF-yə göndərməsin. Lakin, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bu məqsədlə pensiya hesablanması üçün məlumat vərəqinin təqdim olunmasını cavabdehdən xahiş etsəm də, güman olunur ki, o, həmin hesablamalara əsaslanmaqla bundan imtina etmişdir. Odur ki, Konstitusiya və Qanunlara əsasən pensiya təminatı hüququnun pozulması ilə nəticələnən cavabdehin bir neçə ay fərqlə cavablandırdığı məktublarının tədqiqini təklif edir. Cavabdeh bildirir ki, “Xidmət illərinizin yenidən hesablanmasına köməkliyin göstərilməsi ilə əlaqədar Dövlət Sərhəd Xidmətinə ünvanladığınız müraciətinizə Kadrlar Baş İdarəsində aidiyyəti üzrə tərəfimizdən baxılmışdır. Mövcud arxiv şəxsi iş məlumatına əsasən xidmət illəriniz yenidən hesablanmış və 17.04.2001-ci ildə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxıldığınız tarixə təqvimlə 19 il, 08 ay, 01 gün təşkil etmişdir. Qeyd etmək istəyir ki, arxiv şəxsi işinizdə 16.09.1993-cü ildə MTN Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətə qəbul edilərkən xidmətinizi davam etdirmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamından deyil, Silahlı Qüvvələrin ehtiyatından həqiqi hərbi xidmətə qəbul edilməyiniz barədə müvafiq qeydiyyatlar aparılmışdır. Əlavə olaraq məlumatların dəqiqləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə müraciət olunmuş və daxil olmuş sorğuda barənizdə əlavə məlumatların, həmçinin xidmət etdiyiniz N və N nömrəli hərbi hissə komandirlərinin əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı qeyd edilmişdir. Bununla yanaşı 1993-cü ilin iyun-sentyabr aylarında olan xidmətiniz barədə məlumatları əldə edərək Dövlət Sərhəd Xidmətinə təqdim edəcəyiniz təqdirdə əlavə olaraq müraciətinizə baxılması mümkündür” Digər cavabda qeyd olunur ki, “Xidmət illərinizin yenidən hesablanmasına köməkliyin göstərilməsi ilə əlaqədar Dövlət Sərhəd Xidmətinə ünvanladığınız təkrar müraciətinizə Kadrlar Baş idarəsində aidiyyəti üzrə tərəfimizdən baxılmış və təqvimi və güzəştli xidmət illəriniz barədə arayış tərtib olunmuşdur. Bir daha qeyd edirik ki, barənizdə məlumatların dəqiqləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə müraciət olunmuş və daxil olmuş sorğuda əlavə məlumatların olmadığı, həmçinin xidmət etdiyiniz N və N nömrəli hərbi hissə komandirlərinin əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı qeyd edilmişdir. Bununla yanaşı 1993-cü ilin iyun-sentyabr aylarında olan xidmətiniz barədə məlumatları əldə edərək Dövlət Sərhəd Xidmətinə təqdim edəcəyiniz təqdirdə əlavə olaraq müraciətinizə baxılması mümkündür.” İkinci cavaba əlavə olunan Arayışda “20.04.2001-ci il tarixə cəmi xidmət illəri 19 il 06 ay 29 gün ” göstərilmişdir. Göründüyü kimi, iki ay ərzində cavablarda xidmət illəri fərqli göstərilmiş, sonuncuda isə, 01 ay 02 gün də “azalddmış”dır. Xüsusilə müəyyən olunur ki, xidmətdə fasilələrə tərəfimdən yol verilməsə də, cavabdeh bunları göstərərək, müvafiq əmrlərdən çıxarışlarla əsaslandırılmamış, cavabdeh tərəfindən “Müdafiə Nazirliyinin Arxivinə müraciət edilməsi” isə qeyd olunan dövrün işin mübahisə olunmayan hallarına aid edilməsinə əsas verir. Buna oxşar hallara aid məhkəmə praktikasına müraciət etdikdə isə, qeyd edə bilərik ki, cavabdehin cavabında (həmçinin xidmət etdiyiniz N və N nömrəli hərbi hissə komandirlərinin əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı qeyd edilmişdir) qeyd olunan dövrlə bağlı müvafiq sübutların toplanmasında iddiaçıya köməklik göstərilməsinə qaldıqda, Ali Məhkəmə Kollegiyasının 14 aprel 2015-ci il tarixli 2-1(102)- 453/15 JVs-li iş üzrə Qərarında qeyd edildiyi kimi, “Digər tərəfdən, pensiyanın yenidən hesablanması ilə bağlı iddiaçıya müvafiq sübutların toplanmasında köməklik göstərilməsi və bununla bağlı müvafiq məlumatların digər inzibati orqanlardan əldə edilməsi “İnzibati icraat haqqında” qanunun 24-cü maddəsinə görə cavabdehin inzibati orqan kimi müəyyən edilən vəzifəsidir”. Sonuncu cavaba əlavə olunan Arayış tədqiq olunsa müəyyən olunur ki, aşağıdakı dövrlər pensiya təminatı məqsədilə xidmət illərinə hesablanmalıdır) 08.06.1993cü il tarixdən 16.09.1993-cü il tarixədək qeyd olunan dövr (03 ay 08 gün), özü də güzəştli şərtlərlə; 2) 22.12.1997-ci il tarixdən 12.02.1998-ci il tarixədək olan dövr (01 ay 20 gün); 3) 21.05.1993-cü il tarixdən 08.06.1993-cü il tarixədək olan dövrün güzəşti (17 günün imtiyazı = 8 gün); 4) Ehtiyata buraxıldığı 2001-ci təqvim ilinə görə istifadə etmədiyi növbəti məzuniyyət müvafiq əmrlərlə sübut olunmasa, cavabdeh inzibati orqanın qanunsuzluğu ucbatından baş verdiyindən, həmin dövrlər də hesablanıb DSMF-yə göndərilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı Əbdulhüseyn oğlunun iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı Əbdulhüseyn oğlu 16.09.1993cü il tarixdə Silahlı Qüvvələrin ehtiyatından keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətə qəbul edilmiş və 22.12.1997-ci il tarixdə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “d” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı 12.02.1998-ci il tarixdə yenidən Silahlı Qüvvələrin ehtiyatından həqiqi hərbi xidmətə qəbul edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 339.2, 341.2.3 və 311.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə görə 17.04.2001-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. İddiaçı təqvimi və güzəştli xidmət illəri onun şəxsi iş materiallarına əsasən ümumilikdə 19 il, 06 ay 29 gün olaraq aşağıdakı qaydada hesablanmışdır: Təqvimi xidmət müddəti
1. 04.08.1986-cı ildən 05.09.1990-cı ilədək Ali hərbi məktəbdə kursant-04 il, 01 ay, 01 gün.
2. 05.09.1990-cı ildən 08.06.1993-cü ilədək Türkmənistan SSRİ SQ-də həqiqi hərbi xidmət-02 il, 09 ay, 03 gün.
3. 16.09.1993-cü ildən 22.12.1997-ci ilədək MTN Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət-04 il, 03 ay, 06 gün.
4. 12.02.1998-ci ildən 20.04.2001 -ci ilədək MTN Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət- 03 il, 02 ay, 08 gün. Qeyd: cəmi 14 il, 03 ay, 18 gün. Güzəştli xidmət müddəti
5. 06.09.1990-cı ildən 21.05.1993-cü ilədək Türkmənistan SSRİ SQ-də həqiqi hərbi xidmət müddətində xidmətin bir günü gün yarım hesablanmaqla-01 il, 04 ay, 08 gün.
6. 16.09.1993-cü ildən 30.04.1997-ci ilədək MTN Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət müddətində xidmətin bir günü iki gün hesablanmaqla -03 il, 07 ay, 14 gün.
7. 01.05.1997-ci ildən 09.12.1997-ci ilədək MTN X1 Sərhəd Dəstəsinin sərhəd zastavasında xidmətin bir günü gün yarım hesablanmaqla- 3 ay, 19 gün. Qeyd: cəmi 05 il, 03 ay, 11 gün.
İddiaçı Əbdulhüseyn oğlunun pensiya təminatı ilə bağlı xidmət illərinin yenidən hesablanması ilə əlaqədar Dövlət Sərhəd Xidmətinə müraciəti əsasında qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun təqvimi və güzəştli illəri barədə arayış tərtib olunaraq cavablandırılmışdır. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 bildirdi ki, iddiaçının məlumat vərəqəsinə əssasən onun xidmət illəri qanunvericilikdə nəzərdə tutulmuş 20 il müddətini təşkil etmədiyindən, güzəştli şərtlərlə onun əmək pensiyasının hesablanması DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən mümkün olmamışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 22.02.2021-ci il tarixli K/298/4/-F-2697/2 saylı imtina məktubu, cavabdehin etiraz ərizəsi, SHXÇDX-in Sumqayıt şəhər Baş İdarəsi tərəfindən verilmiş İddiaçı şəxsi işindən sənədlərin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də iddia tələbi təmin edilə bilməz. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 1986-90-cı illərdə X3 hərbi tank komandirləri məktəbində təhsil almış, 1990-93-cü illərdə keçmiş Türkmənistan SSRİnin, 1993-2001-ci illərdə Azərbaycan Respublikası MTN-nin Sərhəd Qoşunlarında (indiki Dövlət Sərhəd Xidmətində) həqiqi hərbi xidmətdə olmuş və 20.04.2001-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə görə ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası qanunvericiliyin tələblərinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün məlumat vərəqi tərtib edilib DSMF-yə göndərilməsini cavabdehdən tələb etmiş və cavabdeh inzibati orqan iddiaçının mövcud tələbini təmin etmədiyindən İddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin edilməməsində haqlı olmuşdur. Belə ki, məhkəmənin sorğusu əsasında SHXÇDX-in Sumqayıt şəhər Baş İdarəsi tərəfindən verilmiş İddiaçı şəxsi işindən müəyyən olunur ki, iddiaçının təqvim ili üzrə xidmət illəri 14 il 04 ay 7 gün, güzəştli xidmət illəri 05 il 03 ay 12 gün, ümumilikdə isə xidmət illəri 19 il 07 ay 19 gün təşkil edir. Belə olan halda “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən həmin hüququ əldə etməmiş olur. Qanunun 12-ci maddəsinə əsasən hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; v) xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 ,təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər; q) hərbi xidmətdə ,və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Nəzərə alınmalıdır ki, iddiaçı 2001-ci ildə hərbi xidmətdən ehtiyata buraxıldığına görə həmin dövrdə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun normaları tətbiq edilməlidir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2004-cü ilədək qüvvədə olan redaksiyasında xidmətdən buraxılanadək güzəştli xidmət müddəti ilə birlikdə 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların pensiya hüququ yaranırdı. Sadalanan qanunun normasından görünür ki, iddiaçnın güzəştli xidmət müddəti hesablansa da onun pensiyaya çıxması üçün tələb olunan 20 illik müddət tamamlanmadığından, onun tələbinin təmin olunması mümkün deyildir. İddiaçı tərəfindən onun 1993-cü ilin iyun ayından sentyabr ayına kimi Silahlı Qüvvələrdə ehtiyyatda olması məhkəmədə öz təsdiqini tapmadı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “xidmət illərinin yenidən hesablanması və Məlumat Vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Məmmədov