Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-911/2022 18.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı ** XY *** dövlət qeydiyyat nişanlı avbtomobilin iddiaçıya təhvil verilməsi və avtomobilin ixtisaslaşdırılmış istehsalçı zavodda quraşdırılmış standart texniki konstruksiyasının bərpa edilməsi üçün iki ay möhlət verilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ** XY *** dövlət qeydiyyat nişanlı “Niva” markalı avbtomobilin, ixtisaslaşdırılmış istehsalçı zavodda quraşdırılmış standart texniki konstruksiyasının bərpa edilməsi üçün həmin avtomobilin, onun hazırda saxlanıldığı Quba RPŞ-nin həyətindən çıxarılaraq ona təhvil verilməsi və avtomobilin ixtisaslaşdırılmış istehsalçı zavodda quraşdırılmış standart texniki konstruksiyasının bərpa edilməsi üçün 2 ay möhlət verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ** XY *** dövlət qeydiyyat nişanlı “Niva” markalı avbtomobili satın alaraq mülkiyyət hüququnun öz adına rəsmiləşdirmişdir. O, həmin avtomobili əldə edərkən onun texniki konstruksiyası digər eyni avtomobillərin texniki konstruksiyalarından fərqli olmuşdur. Belə ki, avtomobilin üfüqi vəziyyəti distansiyon idarə olunan qurğu vasitəsi ilə dəyişilir. Bundan başqa onun sürücülük vəsiqəsi, yəni avtomobili idarə etmək hüququ yoxdur. Quba RPŞ YPX-nin rəisi polis kapitanı X1 bu barədə bildikdə avtomobilin idarə edilməsinə qanunla yol verildiyini və buna görə dövlət rüsumunun nəzərdə tutulduğunu, həmin rüsumun 200 manat təşkil etdiyini bildirərək 2021-ci ilin iyun ayından ondan hər ay 200 manat məbləğində pul vəsaiti almışdır. Bundan başqa 22 noyabr 2021-ci il tarixdə həmin avtomobil Cavabdeh həyətinə aparılaraq orada təxminən 90 dəqiqə saxlanıldıqdan sonra üzrəində həbsin olduğu və həmin həbsin əhəmiyyətsiz olduğu bildirilərək buraxılmışdır. Bundan bir neçə saat sonra, yəni 22 noyabr 2021-ci il tarixdə saat 18.30 radələrində İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə iddiaçının barəsində İXP ******* nömrəli inzibati xəta protokolu tərtib edildiyi və 150 manat məbləğində cərimə olunduğu ona SMS vasitəsi ilə bildirilmişdir. Həmin ayda iddiaçının 200 manat məbləğində pul vəsaitini ödəmək imkanı olmamışdır. 27 noyabr 2021-ci il tarixdə Quba şəhəri, H.Əliyev prospektində yolun kənarında dayandığı yerdən iddiaçının avtomobili yoxa çıxmışdır. 102 xidməti vasitəsi ilə iddiaçıya bəlli olmuşdur ki, avtomobili Cavabdeh əməkdaşları tərəfindən cərimə meydançasına aparılmışdır. Bununla bağlı iddiaçı müxtəlif orqanlara şikayət etsə də, bir müsbət nəticə əldə etməmişdir. Tərəflər məhkəmə iclasınını vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq səbəbinin bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin predmeti sahibinin inzibati xəta məsuliyyətinə cəlb edilməsi ilə bağlı cərimə meydançasına qoyulmuş avtomobilin buraxılması və avtomobilin standart texniki konstruksiyasının bərpa edilməsi üçün 2 ay möhlət verilməsi barədədir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2, 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud mübahisənin mahiyyəti inzibati xətadan yarandığından hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı ** XY *** dövlət qeydiyyat nişanlı avbtomobilin iddiaçıya təhvil verilməsi və avtomobilin ixtisaslaşdırılmış istehsalçı zavodda quraşdırılmış standart texniki konstruksiyasının bərpa edilməsi üçün iki ay möhlət verilməsi tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya müvafiq iddia ilə cavabdeh orqanın yerləşdiyi yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı ** XY *** dövlət qeydiyyat nişanlı avbtomobilin iddiaçıya təhvil verilməsi və avtomobilin ixtisaslaşdırılmış istehsalçı zavodda quraşdırılmış standart texniki konstruksiyasının bərpa edilməsi üçün iki ay möhlət verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-911/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-911/2022
18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver