Məhkəmə qərarları › İş №2-1(118)-913/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-913/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-913/2024 01.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt Şəhər İcra Hakimiyyəti nəzdində onun mənzil uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti nəzdində onun mənzil uçotuna alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdehin 03 iyul 2023-cü il tarixli, B-103- 174/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Qazax rayonunda anadan olmuşdur. 2009-cu ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2013-2014-cü tədris ilində Sumqayıt şəhər 14 nömrəli məktəbin 11 ç sinfini bitirmişdir. 12 saylı MKS-nın xx.xx.2023-cü il tarixli aktından da göründüyü kimi həqiqətən də 2009-cu il tarixdən 2014-cü il tarixədək atası Balcanov Məhəmməd Nəcməddin oğlu, anası X2 və qardaşı X3 ilə 4-cü mkr.cv 29/4, mənzil 6 ünvanında qeydiyyatsız kirayədə yaşamışdır. Hərbi əməliyyatlar zamanı gözdən əlil olmuşdur. Qazidir. 3-cü qrup əlildir. Hal hazırda ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, X7-1 ünvanında yaşayır. 3-cü dərəcəli vətən əlili kimi Sumqayıt şəhər icra hakimiyyəti nəzdində mənzil uçotuna alınmaq barədə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Xanım Hicran Hüseynovaya ünvanladığı müraciətə Sumqayıt Şəhər İcra hakimiyyətində baxılaraq bildirilmişdir ki, Qazax rayonundan qeydiyyatdan çıxaraq qohumunun mülkiyyətində olan yaşayış sahəsi 32,93 kv metrdən ibarət 2 otaqlı ünvan 3 ünvanına xx.xx.2022-ci il tarixdə qeydiyyata düşmüşdür. Bu və digər səbəblərlə əlaqədar olaraq müraciətindən imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı İİİ dərəcəli Vətən əlilidir. O, Qazax rayonundan qeydiyyatdan çıxaraq qohumunun mülkiyyətində olan yaşayış sahəsi 32,93 kvadratmetrdən ibarət 2 otaqlı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23a/8-də yerləşən 62 saylı mənzilə xx.xx.2022-ci il tarixdə qeydiyyata düşmüşdür. İddiaçıya dəfələrlə izahat verilmişdir ki, qüvvədə olan AR Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq və Sumqayıt şəhərində mənzil uçotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddəti tamam olduqdan sonra vətəndaşlar yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülə bilərlər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilmir. İddia öhdəliyin icrası haqqında iddiadır, iddiaçılar ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmiş və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas mövcud deyil. İddianın mahiyyəti ilə bağlı isə, məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti nəzdində onun mənzil uçotuna alınaraq, mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı İİİ dərəcəli Vətən əlilidir. O, Qazax rayonundan qeydiyyatdan çıxaraq qohumunun mülkiyyətində olan yaşayış sahəsi 32,93 kvadratmetrdən ibarət 2 otaqlı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23a/8-də yerləşən 62 saylı mənzilə xx.xx.2022-ci il tarixdə qeydiyyata düşmüşdür. İddiaçıya dəfələrlə izahat verilmişdir ki, qüvvədə olan AR Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq və Sumqayıt şəhərində mənzil uçotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddəti tamam olduqdan sonra vətəndaşlar yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülə bilərlər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 2010-cu ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbə daxil olmuş, 2013/2014-cü tədris ilində Xİ Ç sinfini bitirmişdir və ona AN 344501 nömrəli tam orta təhsil haqqında attestat verilmişdir. O, 2009-cu ildən 2014-cü ilədək ünvan 4 ünvanında, 2014-cü ildən 2020-ci ilin yanvar ayına kimi 9-cu mkr, ev 38, mənzil 33 ünvanında qeydiyyatsız yaşamışdır. İddiaçı hazırda ailə üzvləri ilə birlikdə Sumqayıt şəhər X7, 1 ünvanında yaşayır. Bundan əlavə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli müddətsiz əlilliyinin olması işin mübahisə olunmayan halıdır. Cavabdehin inzibati orqanın imtinası özünün inzibati praktikasına əsaslanan 5 illik pasport qeydiyyatının olmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan qanunvericiliyin belə bir tələbi mövcud deyildir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərancamının 1-ci bəndinə əsasən:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən sərəncamın verdiyi imtiyazlara uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil və ya fərdi evlə təmin edilməsi üçün gözlənilən hüququ mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mənzilə ehtiyacı olan şəxs kimi qeydiyyata alınmaması onun gözlənilən hüququnun məhdudlaşdırılmasına səbəb olur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda qeyd edilmiş normaları ilə yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınma və ondan imtina halları müəyyən edilmişdir. İddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq mənzil növbəsinə alınmaq üçün cavabdeh orqana müraciət etmişdir və onun yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmasından imtina edilməsi üçün hərhansı əsas müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın praktikasına uyğun olmasa da inzibati orqan öz diskression səlahiyyətlərindən istifadə edərək iddiaçını yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürməlidir. Belə ki, işin hallarından görünür ki, iddiaçı İİ Qarabağ müharibəsinin iştirakçısı olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixindən üçüncü dərəcə əlillik təyin edilmişdir. Eyni zamanda iddiaçı faktiki olaraq olaraq beş ildən artıq Sumqayıt şəhərində yaşayır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının mövcud vəziyyətini nəzərə alaraq, öz diskression səlahiyyətlərindən istifadə edərək iddiaçını yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürməli idi. Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanununa əsasən: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, Sumqayıt şəhərində mənzil növbəsinə alınma ilə bağlı beş il rəsmi qeydiyyat tələbi formasında inzibati orqanın inzibati praktikası olsa da, onun diskression səlahiyyətlərindən istifadə edərək bu praktikaya istisnalar etməsi, həmin səlahiyyətlərin məqsədinə uyğun hesab edilə bilər. Belə ki, qanunvericiliyə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqanın səlahiyyətlərinin məqsədi mənzilə ehtiyacı olan əhalinin həssas təbəqəsinə aid sayılan şəxslərin sosial təminatına yardım edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının 44 günlük vətən müharibəsinin iştirakçısı olması, döyüşlərdə iştirak etməsi və aldığı yaralara görə 3-cü dərəcə əlil olması və yuxarıda qeyd edilən digər əsasların da olması səbəbindən onun mənzil növbəsinə alınması cavabdeh inzibati orqanın səlahiyyətlərinin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti nəzdində mənzil uçotuna alınması öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar