Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-916/2021 30.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X5 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin, eləcə də buraxılmış aylar üzrə pul vəsaitinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1952-ci ildə Quba rayonunun Afurca kəndində anadan olmuşdur. Hal-hazırda Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yaşayır. 1971-1973-cü illərdə keçmiş SSRİ-nin ordu sıralarında hərbi xidmətdə olub, xidmətini tam və qüsursuz başa vuraraq valideynlərinin yanına qayıtdı. Daha sonra isə öz istəyi ilə 1973-cü ilin noyabr ayında Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Xaçmaz rayon Mühafizə Bölməsinə polis nəfəri kimi işə qəbul olunub, 1993-cü ilin noyabr ayına qədər işləyib, imtiyazlı illərlə birlikdə 22 il 4 ay iş stajı ilə təqaüdə çıxmışdır. Həmin bölmədə polis nəfəri kimi işlədiyi dövrdə Xaçmaz rayon Polis Şöbəsinin 13 iyun 1992-ci il tarixli 76 saylı əmri ilə digər polis əməkdaşları ilə birlikdə Qarabağ bölgəsində Ağdam rayonunun Sırxavənd kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib, həmin ərazini düşməndən qorumuşlar. Bununla əlaqədar ona Sumqayıt Polis İdarəsi tərəfindən möhür və imza ilə təsdiq olunmaqla 25.07.1997-ci il tarixdə 001925 saylı «Müharibə veteranı» adı və vəsiqəsi vermişdilər. Bir müddət veteranlara güzəşt tətbiq etməklə komunal xərclərin ödənişindən azad etdilər. Bu güzəşt ləğv olunduqdan sonra işləyib fəaliyyət göstərən əməkdaşlarin əmək haqlarına əlavə pul kimi 2019-cu ilin aprel ayının 1-dən onlara müharibə veteranlarına aylıq 80 (səksən) manat olmaqla veteran pulu verilməyə başlanıldı. İddiaçı da digərləri kimi ona verilmiş vəsiqəyə əsasən 2020-ci ilin yanvar ayına qədər hər ay 80 manat almağa başladı. Lakin 2020-ci ilin yanvar ayından həmin pulun ona verilməsindən imtina olundu. Bununla əlaqədar rəsmi olaraq Azərbaycan Respublikası DİN-nin rəhbərliyinə iki dəfə müraciət etdim. Oradan hər iki dəfə ona bildirdilər ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş sənədlərdə sizin Azərbaycan Respublikasının suverenliyi və Ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakınız barədə arxiv şəxsi işinizdə məlumatların olmadığına görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi imkan xaricindədir. Belə bir şablon məktub iddiaçı kimi onlarla şəxslərə göndərildi və onlarin əksəriyyəti işlərini hansısa yollarla məhkəməyə müraciət etmədən qaydasına qoydular. Əgər iddiaçı qeyd olunan vaxtda Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməmişəmsə, niyə görə ona «Müharibə veteranı» adı və vəsiqəsi verilmiş, bu imtiyazdan 9 ay faydalanmış və nəyə görə bu yardım 2020-ci ilin yanvar ayında kəsilmişdir. Digər tərəfdən həmin əmrlə onunla birlikdə qeyd olunan tarixlərdə və ərazilərdə döyüş əməliyyatlarında iştirak edən şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi verilmiş, hansısa səbəbdən döyüş əməliyyatlarında iştirakım barədə arxiv şəxsi işimdə məlumat aşkarlanmayıb. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili X9 iddia tələbinə uyğun izahat verərək bildirdiki, iddiaçının döyüşlərdə iştrak etməsinin təstiqləyən iki nəfərin ifadəsinin olmasına və onların hal hazırda veteranlar üçün nəzərdə tutulmuş təqaüd verilməsinə baxmayaraq, onun təmsil etdiyi şəxs təqaüd almaqdan məhrum edilmişdir. Həmin dövrdə hansısa məmurun vəzifəsinə özbaşına yanaşması nəticəsində İddiaçı döyüş əməliyyatlarına göndərilməsi barədə əmr itirmişdir. Halbu ki, İddiaçı polis nəfəri olmaqla onunla birlikdə döyüş əməliyyatlarında iştrak edib. Qeyd olunanlara əsasən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş məktubda iddiaçının 16.08.1974-cü ildən 10.101993-cü il tarixədək Xaçmaz rayon Mühafizə bölməsində Polis nəfəri vəzifəsində xidmət etdiyi göstərilsə də, arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun döyüş əməliyyatlarında iştirakına dair qeydlər aşkar edilməmişdir. Həmçinin, DİN-in arxivində saxlanılan Xaçmaz rayon Mühafizə bölməsin və rayon Polis şöbəsinin 1990-1993-cü illəri əhatə edən əmrlərində iddiaçının döyüş bölgəsinə ezam olunması barədə əmr müəyyən edilməmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi X8 etiraz ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin 23.05.2020-ci il tarixli imtina məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyət İş İdarəsinin 26.04.2021-ci il tarixli məktubu, Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF X11 Xaçmaz rayon Xidmət Nümayəndəliyinin 31 may 2021-ci il tarixli **********1 saylı məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28.05.2021-ci və 18.06.2021-ci il tarixli məktublar ilə göndərilmiş əmrlərin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə DİN-nin arxivində saxlanılan 1990-1993-cü əhatə edən əmrlərdə İddiaçı döyüş bölgəsinə ezam olunması barədə əmr mövcud deyil. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 16.08.1974-cü ildən 10.11.1993-cü il tarixinədək DİN-nin Xaçmaz rayon Mühafizə Bölməsində polis nəfəri kimi işləmişdir. 01 fevral 2021-ci ilə qədər o, müharibə veteranları üçün nəzərdə tutulmuş 80 manat Prezident təqaüdü almışdır. Belə ki, Həimşah Həsənova 25.07.2007-ci ildə Sumqayıt Polis Şöbəsi tərəfindən “Müharibə veteranı” vəsiqəsi verilmişdir. Daxili İşlər Nazirli tərəfindən DSMF X11 Xaçmaz rayon Xidmət nümayəndəliyinə 05 fevral 2020-ci ildə 024-746-1220 nömrəli məktubla müraciət olunaraq İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilmədiyi bildirimişdir. Bundan sonra DSMF tərəfindən İddiaçı ödənilən 80 manat Prezident təqaüdün verilməsi dayandırılmışdır. Bundan narazı qalaraq İddiaçı ona müharibə veteranı adının verilməsi üçün DİN-nə müraciət etmiş və tələbinin təmin edilməsindən imtina olunması səbəbindən məhkəmədə hazır ki, iddia tələbini qaldırmışdır. Məhkəmə İddiaçı DİN-nin əməkdaşı olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonunda gedən döyüşlərdə iştrak edib etməməsi ilə bağlı müvafiq sorğular göndərmiş, lakin onun X10 və ya buna səlahiyyətli olan rəis heyyətinin müvafiq əmri əsasında döyüş bölgəsinə cəlb edilməsi barədə hər hansı bir dəlili əldə etmək mümkün olmamışdır. Belə ki, İddiaçı özünun döyüş yoldaşları kimi tədqim etdiyi X1 və X2 Ağdam rayonunun uğrunda gedən döyüşlərdə iştrak etmək üçün ezam olunması barədə DİN-nin müvafiq əmrinin olub olmamasını araşdırmaq məqsədi ilə həmin dövrlər üzrə müvafiq əmrlərin surəti tələb edilmiş və təqdim edilmiş əmrin surətindən məlum olmuşdur ki, X2 döyüşlərə cəlb edilməsi barədə əmr mövcud deyil, X3 isə 10 yanvar 1992-ci il tarixli 8 saylı Xaçmaz rayon polis şöbəsinin əmrinə əsasən 11 yanvar 1992-ci ildə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə döyüş əməliyyatlarında iştrak etmək üçün Şuşa şəhərinə 10 gün müddətinə cəlb edilmişdir.Qeyd olunan 10 yanvar 1992-ci il tarixli 8 saylı əmrdə İddiaçı adı mövcud deyil. İddiaçı iddia etdiyi döyüşlərə cəlb edilməsi haqqında 76 saylı 10 iyun 1992-ci il tarixli əmrin surəti araşdırılarkən məlum olmuşdur ki, həmin əmr Xaçmaz rayon polis şöbəsinin əməkdaşı olmuş A.Zəkiyevin 10 gün müddətinə qısa müddətli məzuniyyətə buraxılması ilə bağlıdır. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməməsi qanuni hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ona “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin, eləcə də buraxılmış aylar üzrə pul vəsaitinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-916/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-916/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver