Məhkəmə qərarları › İş №2-1(118)-917/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-917/2025

27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-917/2025 27.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə2, üçüncü şəxs X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında hazırlıq icraat qaydasında baxaraq, müəyyən etdi: Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdiriməsinə dair ərizə təqdim edərək, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair müvafiq çıxarışın verilməsi, plan-ölçü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin 6 noyabr 2024-cü il tarixli, 2-1(118)-3388/2024 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

5. Məhkəmənin 12 dekabr 2025-ci il tarixli, 2-1(118)-917/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra – “cavabdeh”) ilə əvəz edilmişdir.

6. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri:

7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinin naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə mübahisə mövcud olduğundan şərait yaradılmadığı aşkarlanmışdır.

Tərəflərin iştiraki və izahatları:

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbi barədə heç bir fikir bildirə bilməmiş, ona ünvanlanan sualların mahiyyətini başa düşməmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (iddiaçının qızı) izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş, 2023-cü ildən etibarən anasının sağlamlıq vəziyyətinin ağırlaşdığını bildirmişdir.

11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs (iddiaçının oğlu) izahat verərək, iddia tələbi ilə razılaşmadığını, həmçinin bacısının (hazırkı iş üzrə nümayəndə qismində iştirak edən şəxs) iddiaçıya patronaj təyin olunması barədə məlumatlı olmadığını bildirmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.”

14. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

15. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

16. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏNİN MÖVQEYİ

17. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

18. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarış və plan-ölçü sənədinin verilməsi üçün məhkəməyə müraciət etmişdir.

19. İddia ərizəsi iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır.

20. İş materiallarına əlavə edilmiş 6 sentyabr 2023-cü il tarixli, AR-İİİ seriyalı, 010025 nömrəli etibarnamədən görünür ki, həmin etibarnamə əsasında Nümayəndə2 iddiaçını bütün məhkəmə instansiyalarında təmsil edilməsi və digər hüquqlar ilə etibar edilmişdir.

21. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 8 fevral 2023-cü il tarixli, 28 saylı sərəncamından görünür ki, vətəndaş Nümayəndə2 Abşeron Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, onunla birlikdə yaşayan anasına (iddiaçı) patronaj təyin olunmasını xahiş etmişdir. Müəyyən olunmuşdur ki, iddiaçı xx xxxxxx 1947-ci il təvəllüdlüdür, fəaliyyət qabiliyyətli fiziki şəxsdir, sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə, müdafiə etməyə və vəzifələrini icra etməyə qadir olmadığından, onun qayğısına övladı Nümayəndə2 qalır. Nümayəndə2 2 noyabr 1975-ci il təvəllüdlüdür, əqli və fiziki cəhətdən sağlamdır, patronajın hüquq və vəzifələri ona izah edilmişdir.

22. Məhkəmə nəzərə alır ki, hal-hazırda Nümayəndə2 iddiaçının patronajıdır, onun qəyyumu deyildir.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) aşağıdakı normalarında patronajla bağlı münasibətlər tənzimlənir: Maddə 39. Fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində patronaj 39.1. Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur. 39.2. Yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu (köməkçisi) həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir. 39.3. Patron (köməkçi) fiziki şəxslə bağlanmış tapşırıq və ya etibarnamə ilə idarəetmə müqaviləsinə əsasən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsə mənsub əmlak barəsində sərəncam verir. Məişət tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdlərini və başqa əqdləri patron (köməkçi) fiziki şəxsin razılığı ilə bağlayır. 39.4. Bu Məcəllənin 39.1-ci maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində təyin edilmiş patronaja patronajda olan fiziki şəxsin tələbi ilə xitam verilir. Patronajda olan fiziki şəxsin patronu (köməkçisi) bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulan hallarda öz vəzifələrini yerinə yetirməkdən azad edilir.

24. Sadalanmış normaların məzmunundan görünür ki, patronaj yetkinlik yaşına çatmış, mülki fəaliyyət qabiliyyətli, lakin sağlamlıq vəziyyətinə görə öz hüquq və vəzifələrini tam həyata keçirə bilməyən şəxslərə onların xahişi ilə təyin edilir. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur. Bu isə o dəməkdir ki, patronaj sağlamlıq vəziyyətinə görə müstəqil surətdə hüquqlarını həyata keçirə bilməyən şəxslərə kömək məqsədi ilə təyin olunur.

25. Bundan əlavə, mülki qanunvericilik patronaja patronajda olan fiziki şəxsin tələbi ilə xitam verilməsini nəzərdə tutmuşdur. Yəni barəsində patronaj barədə sərəncam verilmiş şəxs istədiyi vaxt öz iradəsi ilə patronaj münasibətlərinə xitam verə bilər. Şəxsin əqli sağlamlığı o vəziyyətdə olmalıdır ki, o, bu münasibətləri sonlandırıb-sonlandırmamasına dair qərar verə bilsin. Bu hal patronaj sisteminin həm könüllü, həm də müvəqqəti xarakter daşıdığını göstərir.

26. Qeyd olunmalıdır ki, patronaj himayəçiliyin xüsusi formasıdır. Patronajın məqsədi sağlamlıq durumuna görə (xəstəlik, qocalıq, şikəstlik və s.) müstəqil surətdə hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, vəzifələrini icra etməyə qadir olmayan şəxsə yardım göstərilməsidir. Patronu (köməkçini) ona ehtiyacı olan şəxsin ərizəsi əsasında qəyyumluq və himayəçilik orqanı təyin edir. Patron (köməkçi) yalnız patronaj da olan şəxsin razılığı ilə təyin edilə bilər və ya şəxs özü onu seçə bilər. Bundan başqa, patronun (köməkçinin) fəaliyyətinə patronajda olan şəxsin yaşayış yerinin qəyyumluq və himayəçilik orqanı nəzarət edir. Qanun patronu köməkçi adlandırır. O, patronajda olan şəxsə məsləhət verir, ona praktik kömək göstərir. Patronajda olan şəxs tam fəaliyyət qabiliyyətli olduğundan özü əqd bağlaya, hüquqi əhəmiyyətli başqa hərəkətlər edə bilər. Bu zaman onun patrondan icazə və ya razılıq almağa ehtiyacı yoxdur (Azərbaycan Respblikası Mülki Məcəlləsinin elmi-praktik kommentariyası. İ cild. Sh. 165-167).

27. Məhkəmənin 27 fevral 2026-cı il tarixli iclasında iştirak etmiş barəsində patronaj təyin edilmiş iddiaçı isə tələb barədə izahat verə bilməmişdir. Onun iddianın mahiyyətindən xəbərsiz olması, öz iradəsi ilə müstəqil qərar qəbul etmək imkanından məhrum olması açıq-aşkar müəyyən olunmuşdur. İddiaçı nəinki iddia barədə, ümumiyyətlə sadə məişət suallarını belə cavablandıra biləcək vəziyyətdə deyildir.

28. MM-in qəyyumluq münasibəti ilə bağlı müddəalarına görə, Maddə 35. Qəyyumlar və himayəçilər 35.1. Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. ... 35.2. Qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. ... 35.3. Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. (-) 35.9. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın fəaliyyət qabiliyyətli sayılması və onun üzərindən qəyyumluğun və ya himayəçiliyin götürülməsi barədə məhkəmə qarşısında vəsatət qaldırmağa borcludur.

29. Göründüyü kimi fəaliyyət qabiliyyəti olmayan şəxslərə qəyyum təyin edilməlidir, onlara münasibətdə patronaj sistemi tətbiq edilmir. Nümayəndə2 məhkəmə prosesində bildirmişdir ki, anasını İcra Hakimiyyətinə aparmış, onun vəziyyətini gördükdən sonra patronaj təyin edilmişdir.

30. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı barəsində patronaj təyin edilməsinə dair sərəncamın olması, həmçinin fəaliyyət qabiliyyətli hesab edilməməsinə dair qətnamə olmaması hazırki vəziyyətdə onun fəaliyyət qabiliyyətli şəxs qismində qəbul edilməsi üçün kifayət deyildir.

31. Belə olan halda, məhkəmə İPM-in 13-cü maddəsinin tələbini əsas götürərək qeyd edir ki, nə qədər ki, iddiaçı onun barəsində qaldırılmış iddiadan xəbərsizdir, məhkəmə prosesində sağlamlıq vəziyyətinə görə tələbi müdafiə edəcək vəziyyətdə deyildir, ilk növbədə onun barəsində qəyyum təyin edilməsi məsələsi həll edilməlidir.

32. Hazırki halda isə qeyd edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd); Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır (3.4-cü bənd).

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 oktyabr 2023cü il tarixli, 2-1(102)-1517/2023 saylı qərarında qeyd olunmuşdur ki, “ ... 29. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır.

30. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

31. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

40. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılması üçün digər şərtlərlə yanaşı həm də iddianın mümkünlük şərtlərindən sayılan ümumi hüquqi müdafiə marağı, eləcə də şəxsin iddia qaldırmaq səlahiyyəti mövcud olmalıdır. İddia qaldırmaq səlahiyyəti isə o zaman mövcud olur ki, inzibati akt və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və ya qanunla qorunan maraqlarının ən azından pozulma imkanı mövcud olmuş olsun ...”

35. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: - öz hərəkətlərinə hüquqi ixtiyar; - başqa (borclu) şəxslərdən tələb etmək hüququ; - müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

36. Göründüyü kimi, iddia ərizəsi müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə olan halda, məhkəmə tərəfindən iddia ərizəsində göstərilənlərin iddiaçının iradə ifadəsi kimi qiymətləndirilməsi mümkün deyildir.

37. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

38. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar