Məhkəmə qərarları › İş №2-1(118)-918/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-918/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-918/2022 19.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 (Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF X6 Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 47, mənzil 5 üvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1974-cü ilin mart-iyul aylarında və 1975-ci ilin mart ayından başlayaraq 1981-ci ilin yanvar ayınadək Şamaxı rayonu Lenin adına kolxozda və 1981-1987-ci illərdə “Şamaxı” sovxozunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DSMF-nin 11 saylı Regional Ərazi Filialına qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 05 yanvar 2022ci il tarixli **********2 saylı imtinasının etibarsız hesab olunması və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh DSMF-nin 11 saylı Regional Ərazi İdarəsinin DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və 1974-cü ilin mart-iyul aylarında və 1975-ci ilin mart ayından başlayaraq 1981-ci ilin yanvar ayınadək Şamaxı rayonu Lenin adına kolxozda və 1981-1987-ci illərdə “Şamaxı” sovxozunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. O, əmək fəaliyyətinə 1974-cü ilin mart ayında “Lenin” adına sovxozda fəhlə kimi başlamış, 1974-1980-ci illərdə həmin sovxozda, 1981-1987-ci illərdə isə “Şamaxı” sovxozunda, 15.12.1987-01.04.1990-cı illərdə Şamaxı rayon X3, 01.04.1990-21.05.1990-cı illərdə “Beq Merkuriya” kooperativində, 01.08.1990-16.09.1991-ci və 01.02.1996-01.10.2004-cü illərdə Şamaxı şəhər 2 saylı orta məktəbdə işləmiş, 07.10.2019-cu ildən hazıradək "xxxx" MMCdə işləyir. Yaşı tamam olduğundan o, yaşa görə əmk pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh onun cəmi 12 il 8 ay sosial sığorta staja malik olmasını bildirərək imtina cavabı vermişdir. Bununla bağlı iddiaçı hazlrki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasınını vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-ni 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və izah etdi ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil eilən digər dövrlərin məcmusu hesab edilir. İddiaçının 1974-1980-ci illərdə Şamaxı rayonu Lenin adına sovxozda və 1981-1987-ci illərdə “Şamaxı” sovxozunda işlədiyi dövrlər əmək kitabçasında əksini tapmadığı üçün yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. İddiaçının mübahisəsiz sosial sığorta stajı 12 il 8 ay təşkil edir ki, həmin stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyildir. İş materiallarında olan : - İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1958-ci il təvəllüdlüdür. - iddiaçının adına açılmış ИТ № 21119115 seriyalı əmək kitabçasının surətindən görünür ki, o, 15.12.1987-01.04.1990-cı illərdə Şamaxı rayon X3, 01.04.1990-21.05.1990cı illərdə “Beq Merkuriya” kooperativində, 01.08.1990-16.09.1991-ci və 01.02.1996- 01.10.2004-cü illərdə Şamaxı şəhər 2 saylı orta məktəbdə işləmiş, 07.10.2019-cu ildən hazıradək "xxxx" ”MMC-də işləyir. - Şamaxı şəhər 2 saylı tam orta məktəbi tərəfindən verilmiş 19.11.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1990-cı ilin avqust-dekabr, 1991-ci ilin yanvar-sentyabr və 1991-ci ilin iyul ayında həmin məktəbdə fəhlə işləmiş və əmək haqqı almışdır. - Şamaxı şəhər 2 saylı tam orta məktəbi tərəfindən verilmiş 08.12.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1996-2004-cü illərdə həmin məktəbdə fəhlə işləmiş və əmək haqqı almışdır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X5 filialı tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 31 mart 2022-ci il tarixli 99/41 saylı arxiv arayışından görünür ki, İddiaçı 1974-cü ilin mart ayından-avqust ayınadək, 1975-ci ilin aprel ayından 1981-ci ilin yanvar ayınadək Şamaxı rayon Lenin adına sovxozda, 1981-1987-ci illərdə “Şamaxı” sovxozunda işləmiş və əmək haqqı almışdır. -cavabdehin iddiaçıya verdiyi 05.01.2022-ci il tarixli məktubundan görünür ki, ididaçının 12 il 8 aya sosial sığorta stajına malik olması, tələb olunan 25 il sosial sığorta stajlına və ya kifayət qədər pensiya kapitalına malik olmaması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu normanın “Qeyd” hissəsində nəzərdə tutulmuşdur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının 12 il 8 ay sosial sığorta stajına malik olmasını mübahisəsiz olaraq qəbul edir. Mübahisə 1974-1980 və 1980-1987ci illərə aid dövrlə bağlı yaranmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin dövr iddiaçının əmək kitabçasında qeyd edilməsə də, onun həmin dövrdə Şamaxı rayonu Lenin adına və “Şamaxı” sovxozlarında işləməsi və əmək haqqı alması X5 rayon filialının verdiyi arayşılarla təsdiq edilir. Məhkəmə hesab eidr ki, iddiaçının həmin dövrdə işləməsi və əmək haqqı alması arxiv arayışı ilə təsdiq edildiyindən cavabdehin həmin müddəti sosial sığorta stajına daxil etməkdən imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 1974-cü ilin mart-iyul aylarında və 1975-ci ilin mart ayından başlayaraq 1981-ci ilin yanvar ayınadək Şamaxı rayonu Lenin adına kolxozda və 1981-1987-ci illərdə “Şamaxı” sovxozunda işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar