Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-918/2024 29.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “20.000 manat kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Tam orta təhsil haqqında attestatının iddiaçıya qaytarılması üçün Cavabdeh müraciətlərini (D.O. xx.xx.2020-ci il N-Q9500; və sairə) alsa da, tam mahiyyəti üzrə baxılmamışdır, məhkəməyə müraciətindən sonra Attestatını Nazirlik qaytarmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(118)-1614/2023 nömrəli qərarına əsasən onun tam orta təhsil haqqında attestatı ilə bağlı Cavabdeh hərəkətləri (attestatın inzibati icraat gedişində İddiaçı qaytarılmaması) qanun pozuntusu kimi tanınmışdır, iddiası təmin edilmişdir. Belə ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) fəaliyyəti 2010-cu ildə dayandırılmışdır. Bununla bağlı 2010-cu il sentyabrın 1-də təhsil naziri ABU-nun fəaliyyətinin dayandırılması barədə əmr imzalamışdır. Tam orta təhsil haqqında attestatın qaytarılması üçün Təhsil Nazirliyinə müraciətinə Nazirliyin Məxfi və dövlət minııməli sənədlərlə iş sektorunun müdiri Rasim Məmmədov 30.06.20-ci il tarixli cavabında yazmışdır: “Təhsil Nazirliyinə ünvanladığınız (17.06.20,0-6002) ərizənizə cavab olaraq bildiririk ki, ABU-nun Nazirlikdə olan arxivində Sizin adınıza attestat aşkarlanmadı. Bu səbəbdən müraciətinizdə qeyd olunan məsələ ilə bağlı məzun olduğunuz ümumtəhsil müəssisəsinə müraciət etməlisiniz”. Uzun çəkişmələr əsasında iddiaçı müvafiq sənədi məhkəmə vasitəsilə əldə etmişdir. Cavabdeh tərəfinin qanunsuzluğu nəticəsində sarsıntı keçirməyi, şüurunda baş vermiş mənfi hallar, yaşamaq eşqinin azalması, iztirab keçirməyi danılmazdır. Bu məyusluq hisslərinin keçirməyinə səbəb olmuşdur. Cavabdeh qanuna əsasən Attestatını qaytarmaq əvəzinə onu iddiaçıdan gizlədib, qəstdən hüquqlarının pozulması zərərin kompensasiyasının məbləğini artırır. Qanuni qüvvəsinə minmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(118)-1614/2023 nömrəli qərarının əsaslandırma hissəsində də yazıldığı kimi “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən pozulmuşdur. Hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində ona 20.000 manat məbləğində ziyan dəymişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı öz ərizəsində tələbi onunla əsaslandırmışdır ki, 2016-cı ildən attestatın verilməsi ilə bağlı Təhsil Nazirliyinə dəfələrlə müraciət etdiyini bildirmişdir. İlkin olaraq attestatın aşkar edilmədiyi bildirilsə də, lakin sonradan attestatın tapıldığı barədə məlumat verilmiş və onun təhvil verilməsi ilə bağlı aidiyyəti şöbəyə yaxınlaşması məsləhət görülmüşdür. Attestatın vaxtında verilməməsinə əsaslanaraq, ona kompensasiya ödənilməsini məhkəmədən xahiş edir. Bildirilir ki, “kompensasiyanın ödənilməsi barədə” iddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, iddiaçının attestatın qaytarılması barədə xx.xx.2020-ci il tarixli (qeydiyyat nömrəsi Q-6002) müraciətinə xx.xx.2020-ci il tarixli, Q-6002/31-04 tarixli məktubla cavab verərək bildirilmişdir ki, Nazirlikdə olan arxivdə sizin adınıza yazılmış attestat aşkar edilməmişdir. Bu səbəbdən məzun olduğunuz ümumitəhsil müəssisəsinə müraciət edilməsi tövsiyyə edilmişdir. İddiaçı “Məhkəməyə qədər pretenziya qaydasında” yenidən xx.xx.2022-ci il tarixli müraciətinə xx.xx.2023-cü il tarixli, Q-15974/01-31-24 saylı məktubla cavab verilərək bildirilmişdir ki, fəaliyyəti dayandırılmış bir sıra ali təhsil müəssisələrinin məzunlarına aid Nazirliyin arxivində saxlanılan sənədlərin mövcud vəziyyətinin müəyyən edilməsi məqsədilə hazırda yenidən siyahıyaalınma aparılır. İşlər yekunlaşdıqdan sonra sizin məsələyə baxıla bilər.Sonradan sənədlərin siyahıya alınması zamanı iddiaçıya məxsus diplom blankı aşkar edildiyindən Nazirliyin əməkdaşı iddiaçı ilə telefon əlaqəsi yaradaraq, bu məlumatı ona vermişdir.Lakin, iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən Nazirliyə müraciət edərək, attestatın aşkar edilməsi faktı ilə bağlı məlumatın kağız daşıyıcıda rəsmi qaydada verilməsini tələb etmişdir.İddiaçının məktubu nəzərə alınaraq ona rəsmi qaydada məktub göndərilmiş və attestatın götürülməsi üçün Nazirliyin müvafiq sektoruna yaxınlaşması qeyd edilmişdir.Bildirilir ki, ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra Universitetin məzunlarına məxsus təhsil sənədlərinin bir hissəsi təhsil müəssisinin rəhbərliyi ilə bağlı aparılan cinayət işinin istintaqı zamanı prokurorluq tərəfindən götürülmüş, bir hissəsi nazirliyə təhvil verilmiş, digər hissəsi hal-hazıra qədər Universitetin binasında saxlanılmışdır. Nəzərə almaq lazımdır ki, Universitetin fəaliyyəti dayandırıldıqdan sonra arxiv sənədləri rəsmi qaydada Nazirliyə təhvil verilməmişdir. Fəaliyyəti dayandırılmış ali təhsil müəssisələrinin məzunlarına aid sənədlərin mövcud vəziyyətinin müəyyən edilməsi məqsədilə aparılan siyahıya alınmadan sonra həmin sənədlərin Nazirliyin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektoruna təhvil verilməsi barədə xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, fəaliyyəti dayandırılmış ali təhsil müəssisələri ilə bağlı 32477 ədəd arxiv sənədi həmin sektora təhvil alınmışdır. Sektor tərəfindən təhvil alınmış sənədlərin sistemləşdirlməsi zamanı iddiaçıya məxsus attestat aşkar olunmuş və sektorun əməkdaşı tərəfindən iddiaçıya təhvil verilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli “Məhkəməyə qədər pretenziya qaydasında” müraciətində qeyd edir ki, tam orta təhsil haqqında attestatının ona qaytarılması barədə müraciətləri olsa da, məsələ mahiyyəti üzrə araşdırılmamışdır. Baxmayaraq ki, attestatla bağlı iddiaçının sorğularına cavab verilmiş, onun adına yazılmış attestatın Nazirliyin arxivində aşkar edilmədiyi bildirilmişdir. İddiaçı hətta “Məhkəməyə qədər pretenziya qaydasında” müraciətində “Məhkəməyə qədər pretenziya qaydasında” müraciətinin də cavabsız qaldığını qeyd etmişdir.İddiaçının müraciətlərinin məzmunundan aydın olur ki, onun cavabdehə qarşı münasibəti qərəzli və əsassız olmuşdur. Belə ki, attestatın qaytarılması barədə iddiaçının təkidli tələbinin məntiqi qeyri-müəyyəndir. Belə ki, tam orta təhsil haqqında attestat ali və orta ixtisas təhsil müəssisəsinə qəbul olunmaq üçün əsas təhsil sənədi hesab edilir. Ali təhsil haqqında diplom əldə edildikdən sonra, əlavə təhsilə qəbul zamanı attestat deyil, diplom tələb edilir. Diplom əldə edildikdən sonra, ölkə ərazisində attestatın mövcudluğu faktiki olaraq əhəmiyyətini itirir.İddiaçı həmin məktubunda qeyd edir ki, ABU bağlanarkən Siz təhvil-təslim aktı ilə sənədləri almışınız, o cümlədən attestatı da. Bildirilir ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra ABU-nun rəhbərliyi tərəfindən heç bir sənəd rəsmi qaydada Nazirliyə təhvil verilməmişdir. İddiaçı hansı əsasla ABU-nun sənədlərinin təhvil-təslim aktı ilə Nazirliyə verildiyini təkid etməsinin hüquqi əsası yoxdur. Eyni zamanda iddiaçı həmin ərizəsində qeyd edir ki, attestatın qaytarılması ilə bağlı Nazirlik Sumqayıt şəhər 25 saylı məktəbə müvafiq məktub göndərməli və digər tədbirlər görməlidir. Hesab edirilir ki, iddiaçının bu mövqeyi də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli, 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasının 5.10-cu bəndində qeyd edilir ki, Ümumi orta təhsil haqqında attestatı və tam orta təhsil haqqında attestatı itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna müraciət etməlidir.Ərizəyə sənədin axtarışda olması barədə məlumat və “Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı, ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın adı, seriyası və nömrəsi, onu verən ümumi təhsil müəssisəsinin adı və verilmə tarixi göstərilir. Həmin Qaydanın: 5.11-ci bəndi: Ümumi təhsil müəssisəsi həmin ərizəyə əsasən 15 gün müddətində ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın dublikatını verir. 5.12. Ümumi təhsil müəssisəsində ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın dublikatı arxiv sənədləri əsasında verilir. Bu Qaydanın məzmunundan görünür ki, attestatın itməsi barədə zəruri sənədlər təqdim edildikdən sonra ona attestatın dublikatının verilməsi məsələsinə baxılmalıdır. Digər tərəfdən attestatın itməsi barədə zəruri sənədlər təqdim edilmədikdə nazirliyin ümumitəhsil müəssisəsinə məzuna təhsil sənədinin verilməsi barədə tapşırıq vermək səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır.Eyni zamanda iddiaçı nazirlik tərəfindən ona ziyan vurulduğunu və ona görə də 20.000 manat kompensasiya ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin, vurulmuş ziyanın nədə ifadə edilməsi barədə nə onun müraciətlərində, nə də iddia ərizəsində heç bir əsas göstərməmişdir.Hesab edilir ki, iddia tələbinin 20.000 manat kompensasiya (bərpa etmək, haqqını ödəmək) ödənilməsi hissəsi də əsassızdır. Qeyd olunanlara əsasən cavabdeh təşkilat iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surəti, cavabdehin etiraz ərizəsi, Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-29/2-187/2024 nömrəli məktubu, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-1614/2023 nömrəli qərarının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı özünə aid təhsil sənədini (attestatı) oxuduğu Azərbaycan Beynəlxalq Universitetininə təhvil vermiş, lakin Universitet öz fəaliyyəti dayandırıldıqdan sonra müvafiq sənədin əldə edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan öz növbəsində bildirir ki, ilkin olaraq attestatın aşkar edilmədiyi iddiaçıya bildirilmiş, lakin sonradan attestatın tapıldığı barədə məlumat verilmiş və onun təhvil verilməsi ilə bağlı aidiyyəti şöbəyə yaxınlaşması məsləhət görülmüşdür. İddiaçı Attestatın vaxtında verilməməsinə əsaslanaraq, ona kompensasiya ödənilməsini cavabdehdən tələb etmiş, lakin onun müraciəti cavablandırılmamış qalmışdır.Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçının iddia tələbində göstərdiyi qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-1614/2023 nömrəli qərarında göstərilənlərə münasibətdə bildirilir ki, məhkəmə tərəfindən qərarda göstərilən mövqe cavabdeh təşkilatın zəruri araşdırmanın lazımi qaydada aparılmaması ilə bağlı olmuşdur. Bundan başqa o da nəzərə alınmalıdır ki, 2-1(118)-1614/2023 saylı inzibati iş məhkəmədə araşdırılan ərəfədə İddiaçı diplomu onun nümayəndəsi olan atası Nümayəndə2 təhvil verilmişdir.Başqa sözlə desək 2-1(118)-1614/2023 saylı inzibati iş üzrə tələb məhkəmə tərəfindən qərar çıxarılmadan da belə öz həllini tapmışdır. Qeyd olunan məhkəmə qərarında göstərilən hərəkətlərin qanun pozuntusu olmasına qərarın əsaslandırma hissəsində qiymət verilmişdir. Həmin qərarın əsaslandırma hissəsindəki qanun pozuntusu dövlət orqanı kimi cavabdeh təşkilatın İnzibati İcraat haqqında Qanunda əks olunmuş araşdırma prispinin pozulmasından ibarət olmuşdur. Bu isə qeyd olunan araşdırmanı lazımi qaydada həyata keçirilməməsində günahkar olan şəxslərin intizam qaydasında yuxarı rəhbərliyi tərəfindən tənbeh edilməsi ilə nəticələnə bilər. Yəni qeyd olunan hal cavabdeh təşkilatdan kompensasiya tələb edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmədə tədqiq edilmiş dəlillərdən məlum olmuşdur ki, ləğv edilən hüquqi şəxsin arxiv sənədlərinin qəbul edilməsi Təhsil Nazirliyinin vəzifələrinə aid edilməmişdir. Ləğv olunan ali təsil müəssisəsinin arxiv sənədləri onun özü tərəfindən yerli arxiv idarəsinə təhvil verilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi bir sıra ali təhsil müəssisələrinin ləğvindən sonra verilən əmrlərində ləğv edilmiş ali təhsil müəssisələrinin sənədlərinin qəbul edilməsi göstərişinə gəlincə isə məhkəmə qeyd edir ki, ləğv edilmiş ali təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinə birbaşa tabeçiliyi olmadığına görə qeyd olunan qərarlarda olan göstərişlərin yerinə yetirilməməsinə görə həmin ləğv ərəfəsində olan ali təhsil müəssisələri məsuliyyət daşımırlar. Qeyd olunan göstərişlər Elm və Tahsil Nazirliyinə könüllü təhvil verildiyi tədqirdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrinin müvafiq strukturları üçün imperativ xarakter daşıyır. Başqa sözlə desək Elm və Təhsil Nazirliyinin ləğv edilmiş ali təhsil müəssisələrin arxivini məcburi şəkildə əldə etməsi və öz saxlancına qəbul edilməsi kimi vəzifəsi mövcud deyil. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Həmin Qərarın 8-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hesab olunur ki, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “20.000 manat kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-918/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-918/2024
29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver