Məhkəmə qərarları › İş №2-1(118)-919/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-919/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-919/2021 08.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı üçüncü şəxslər X2, X4, X3 və X5 Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 46/4, mənzil 43-də yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı üçüncü şəxslər X2, X4, X3 və X5 Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 46/4, mənzil 43-də yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldıraraq Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı üçüncü şəxslər X2, X4, X3 və X5 ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılmaları üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Həmin İdarənin 23 fevral 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 46/4, mənzil 43 xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzilə görə 19.05.2011-ci ildə DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. Hazırki iddia üzrə üçüncü şəxslərin onun mənzilində qeydiyyatda olmaları onun mənzil hüquqlarının həyata keçirilməsinə maneələr yaratdığından qeyd olunan şəxslərin ona məxsus mənzilə olan istifadə hüquqlarına xitam verilməsi üçün Sumqayıt şəhər Məhkəməsində iddia qaldırsa da Məhkəmənin 01 iyun 2020-ci il tarixli 2(060)- 1461/2020 saylı qətnaməsi ilə iddiası təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün hüquqi əsaslar yoxdur. Belə ki, mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi üçün qanunla nəzərdə tutulan əsaslar olmaldır. Əgər belə bir əsas yoxdursa hüquq yaranmır, mövcud olmayan hüquq isə ləğv edilə və ya xitam verilə bilməz. Bu səbəbdən də o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi,Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək X2, X4, X3 və X5 Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 46/4, mənzil 43-dən qeydiyyatdan çıxarılmasını xahiş etsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 23 fevral 2021-ci il tarixli məktubu ilə ərizəsinin icrasından imtina olunaraq qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının məqsədəuyğun olması bildirilmişdir. Bu səbəbdən də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmiş, onun nümayəndəsi və üçüncü şəxslər şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclası cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan keçirilmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı, 19 may 2011-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 4/46, mənzil 43 İddiaçı məxsusdur. Məhkəməyə sorğu əsasında daxil olan 18 saylı Mənzil-kommunal sahəsinin 03 iyun 2021-ci il tarixli, 330 saylı arayışından (forma 2) görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 46/4, 43 saylı mənzildə İddiaçı və onun üzvləri ilə yanaşı X7, X8, X9 və X10 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin İddiaçı ünvanladığı 23.02.2021-ci il tarixli, 123-6768M-3221 saylı məktubu ilə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı müraciəti təmin edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 4/46, mənzil 43 MA seriyalı ******* saylı, 19 may 2011-ci il tarixli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı məxsusdur. Həmin mənzildə iddiaçı və onun ailə üzvləri ilə yanaşı X7, X8, X9 və X10 da qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin 01 iyun 2020-ci il tarixli, 2(060)-1461/2020 saylı qətnaməsi ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qətnamədə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlərlə mülkiyyətçiyə məxsus əmlakdan istifadə etmək imkanını təmin edən notariat qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış razılaşma olmadığından, cavabdehlərin həmin əmlakdan istifadə edə bilməsi üçün hüquqi əsas yaranmamışdır. Cavabdehlərin həmin mənzildə qeydiyyatda olmasına gəlincə isə məhkəmə hesab etmişdir ki, qeydiyyat hər hansı bir əmlak hüququ yaratmır. Beləliklə yuxarıda adı qeyd olunan məhkəmə qətnaməsi ilə hazırki iş üzrə üçüncü şəxslərin sözügedən mənzildən istifadə hüquqlarının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prsoessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prsoessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə üçüncü şəxsin sözügedən əmlaka hər hansı hüququnun olmadığı müəyyən edilmiş, həmçinin üçüncü şəxslər faktiki olaraq həmin mənzildə yaşamırlar. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan və həmin mənzildə yaşamayan şəxsin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müracitəinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2, X4, X3 və X5 Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 46/4, mənzil 43-dən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X2, X4, X3 və X5 Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 46/4, mənzil 43-dən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar