Məhkəmə qərarları › İş №2-1(118)-919/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-919/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-919/2025 05.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (mənzil uçotuna alınma) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Çernobıl AES-də iştirak nəticəsində vəfat etmiş Nəsib Allahverdiyevin hüquqi varisi kimi uçota alınaraq mənzillə təmin olunması” tələbinə dair inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Çernobil AES-də iştirakı nəticəsində vəfat etmiş atası Nəsib Allahverdiyevin hüquqi varisi kimi uçota alınaraq mənzillə təmin olunması öhdəliyinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X3 1989-cu ildə Ukraynananın Çernobıl şəhərində baş vermiş qəza ilə bağlı işlədiyi zavoddan X7 Stansiyasına aparılmış və xidmətin icrası zamanı ağır xətəliyə düçar olmuş, daha sonra isə Sumqayıt şəhərinə gətirilmiş, Sumqayıt Şəhər Təcili və X5 Xəstəxanasının Travmatologiya şöbəsində müalicə olunarkən Çernobıl AES-də aldığı zədələrin təsirindən xx.xx.1994-cü il tarixdə vəfat etmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı təyin edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil edilməmiş, ancaq məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 5-6/2-1690/2024 nömrəli etirazda Çernobıl əlilləri siyahısında iddiaçının mərhum atasının adının müəyyən edilmədiyini bildirmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • Cavabdehin iddiaçıya ünvanladığı 10 aprel 2023-cü il tarixli, 5-6/1-Ə-91-068/2023 nömrəli məktuba əsasən onun ərizəsinin icrasından imtina edilmişdir. • İşdə olan “Ölüm haqqında şəhadətnamə”də iddiaçının mərhum atası X1 xx.xx.1994-cü il tarixdə kəskin ürək damar çatışmazlığından vəfat etdiyi qeyd olunmuşdur. • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya göndərilmiş 28 noyabr 2022-ci il tarixli **********4 nömrəli cavab məktubunda Çernobıl AES-də baş vermiş qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin siyahısında iddiaçının mərhum atasının adınının qeyd edilmədiyi bildirilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçı iddia ərizəsinin giriş hissəsində fiziki şəxsin – Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatı Mənzil Təsərrüfatı və Mənzillərin Uçotu şöbəsinin müdiri Sədaqət Əsədovanın adını qeyd etsə də, məhkəmə iclasında tələbinin Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı olduğu nəzərə alınmışdır.

5. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası Maddə 43.2: Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Maddə: 60.2: Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 55.3. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir (Analoji norma “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2-ci maddəsində də qeyd olunmuşdur). “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı 2.1. Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir.

6. Məhkəmənin mövqeyi

Məhkəmə araşdırması işin halları ilə müəyyən edildi ki, iddiaçının mərhum atası X3 1989-cu ildə Sumqayıt Boru Prokat (BTZ) zavodda işlə təmin edildikdən sonra 1986-cı ildə baş vermiş Çernobıl qəzası ilə bağlı olaraq işlədiyi zavoddan həmin X7 Stansiyasına aparılmışdır. Orda aldığı zədənin təsiri nəticəsində 1994-cü il tarixdə vəfat etmişdir. İddiaçının atasına məxsus ölüm haqqında şəhadətnamənin surətində qeyd edilmişdir ki, ölüm səbəbi kəskin ürək damar çatışmazlığı olmuşdur. İddiaçı dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edərək yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı xahiş etsə də, cavabdeh orqan həmin müraciəti təmin etməkdən haqlı əsasla imtina etmişdir. Belə ki, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından da göründüyü kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot növbəlilik nəzərə alınmaqla onun ailə üzvləri üçün saxlanılır. Hazırkı iş materiallarında iddiaçının mərhum atasının əlilliyinin olması müəyyən edilmir. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göründüyü kimi iddiaçı mərhum atasının əlillik statusunun olmasını sübut edə bilməmişdir. Bundan əlavə iddiaçının mərhum atasının yaşayış yeri üzrə mənzil uçotu olmadığı da müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin məktubunda da qeyd olunmuşdur ki, Sumqayıt Şəhər İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş siyahıda mərhum X2 Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər siyahısında adı qeyd edilməmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə iddiaçı tərəfindən riayət edilməmiş və bu əsasla da cavabdeh orqan imtina verməkdə haqlı olmuşdur. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 68.2). Qeyd olunanları yekunlaşdıraraq məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi tələb öz təsdiqini təqdim edilən sənədlərlə tapmadığından təmin edilə bilməz.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt Şəhər icra Hakimiyyətinə qarşı Çernobil AES-də iştirakı nəticəsində vəfat etmiş Nəsib Allahverdiyevin hüquqi varisi kimi uçota alınaraq mənzillə təmin olunması barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi (elektron kabinetdə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi (elektron kabinetdə yerləşdirildiyi) vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu (elektron kabinetdə yerləşdirildiyi) gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar