Məhkəmə qərarları › İş №2-1(118)-92/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-92/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-92/2022 01.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Masazır bələdiyyəsinə qarşı “Abşeron rayon Masazır Bələdiyyəsi ümumi iclasının 16 aprel 2020-ci il tarixli, 1 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Abşeron rayon Masazır bələdiyyəsinə qarşı iddia qaldıraraq “Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati-aktların məcburi icrası barədə vergi ödəyicisi Əhmədov Mir-Sadiq Hüseyn oğlunun səlahiyyətli nümayəndəsi İddiaçı məsələsinə dair Abşeron rayon Masazır Bələdiyyəsi ümumi iclasının 16 aprel 2020-ci il tarixli, 1 nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “Abşeron rayon Masazır Bələdiyyəsi ümumi iclasının 16 aprel 2020-ci il tarixli, 1 nömrəli qərarın ləğv edilməsi öhdəliyinin cavahdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin (Seriya RX ******* saylı) xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən Abşeron rayonu Masazır kəndində- 0.22 hektar torpaq sahəsi 2016-cı ildən Əhmədov Mir-Sadıq Hüseyn oğlunun xüsusi mülkiyyətindədir. Yaranmış vergi borcu ilə bağlı qeyd edir ki, həmin torpaq sahəsi mülkiyyətçi Əhmədov Mir-Sadıq Hüseyn oğlunun mülkiyyətində olsa da, orada olan tikiliyə isə mülkiyyət hüququ tanınmamış, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində qeydiyyatdan keçməmişdir. Torpaq sahəsində yerləşən tikilinin üzrərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində qeydiyyatdan keçməmiş, xüsusi mülkiyyəti təsdiq edən çıxarış da verilməmişdir. Mülkiyyətini təsdiq edən çıxarış olmadığı halda həmin tikili əmlak vergisinə cəlb oluna bilməz. Bundan başqa o torpaq sahəsinin, eləcə də orada olan tikili ona məxsus olmasa da, əsassız olaraq bələdiyyə tərəfindən vergi ödəyici kimi onun qeydiyyatda olduğu ünvan üzrə icra şöbəsinə qərar göndərilmiş və ondan pul tələblərinin ödənilməsi ilə bağlı inzibati-aktların icrası barədə vergi ödəyicisi kimi səlahiyyətli nümayəndəsindən, yəni ondan tələb etməsi qanuna ziddir. Torpaq sahəsindən istifadəyə görə isə iddiaçı 653.31 manat vergini Masazır bələdiyyəsinə ödəmişdir. Abşeron rayon Masazır Bələdiyyəsinin ümumi iclasının 16 aprel 2020-ci il tarixli, 1 nömrəli qərarından görünür ki, həmin qərar bir il bundan əvvəl tərtib edilmiş, bu günki tarixdə icraya yönəlmişdir. İcra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti, icra edilməli olan qərarın qəbul edildiyi vaxtda yalnışlıq olduğundan həmin icra sənədi düzgün tərtib edilməmiş, vergi düzgün hesablanmamışdır. Həmin qərarın illərə görə hesablanmış vergi borcun illəri tam əhatə etmədiyindən düzgün yazılmamış, bələdiyyə tərəfindən qəbul edilmiş inzibati akt icra məmuru tərəfindən geri qaytarılmalı olduğu halda edilməmişdir. Hətta bununla bağlı o Xətai rayon icra şöbəsinə də müraciət etmişdir, lakin müraciəti cavabsız qalmışdır. Bundan sonra o bələdiyyə qərarının mübahisələndirmək üçün məhkəməyə müraciət etmişdir. Bundan əlavə torpaq sahəsindəki olan tikilinin mülkiyyətini təsdiq edən çıxarış olmadığı halda bələdiyyə tərəfindən tikilinin əmlak vergisini hesablanma qaydası qərarda öz əksini tapmamış və əmlak vergisinin hansı meyarlarla hesablanması ona məlum deyildir. Həmin qərar icra sənədi kimi icra şöbəsində icra oluna bilməz, qanunvericiliyin tələbindən aydındır ki, mülkiyyətdə olmayan tikili əmlak vergisinə cəlb edilə bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayon Masazır bələdiyyəsinə qarşı “Pul tələbinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi icrası barədə vergi ödəyicisi Əhmədov Mir- Sadi Hüseyn oğlunun səlahiyyətli nümayəndəsi İddiaçı məsələsinə dair Masazır bələdiyyəsinin ümumi iclasının 16 aprel 2020-ci il tarixli, 1 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş vardır. İddiaçı tərəfindən verilmiş iddia tələbi əsassız, qanunsuz və hər hansı bir qanuna, normativ akta söykənməyən tələbdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin (Seriya RX ******* ssayh) 15 noyabr 2016-cı il tarixli Çıxarışına əsasən Abşeron rayonu Masazır kəndində - 0,22 hektar torpaq sahəsi 2016-cı ildən və 1534,5 kv.metr tikili, ümumi sahəsi 4715,80 kv.metr 3 mərtəbə ticarət obyekti isə 2018-ci il tarixdən vətəndaş Əhmədov Mir-Sadiq Hüseyn oğlunun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin vergi ödəyiciləridir. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 208.6-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Vergi Məcəlləsinin tələbindən irəli gələrək vergi ödəyicisi Əhmədov Mir-Sadiq Hüseyn oğlu mülkiyyətində olan torpaq sahəsinə görə bu günə kimi torpaq vergisinin ödənilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Adı çəkilən vətəndaş 01 yanvar 2017-ci il ci il tarixdən 1 yanvar 2020-ci il tarixədək mülkiyyətində olan 0,22 hektar torpaq sahəsinə görə əsas borc hər il (3 il) üçün 176 manat (0,22x8man.=176man.) olmaqla cəmi-528 manat torpaq vergisi və 2018-ci il tarixdən mülkiyyətində olan 1534,5 kv.metr, ümumi sahəsi 4715,80 kv.metr tikiliyə görə 2018-2019-cu illər üçün(iki il) 1414 manat olmaqla (4715x0,30man.=1414man.) cəmi 2828 manat əmlak vergisi borcu vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə əsasən - Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Eyni zamanda müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Qüvvədə olan qanundan çıxış edərək Əhmədov Mir-Sadiq Hüseyn oğlu qanunla müəyyən edilmiş müddətdə torpaq və əmlak vergisini ödəmədiyindən, torpaq vergisinə görə faiz borcu 192,72 manat (528x0,1%=:0,528x365gün= 192.72m.), əmlak vergisinə görə faiz borcu 1032,22 manat (2828x0,1%=2,828x365gün=1032,22m.) təşkil edir. Ümumilikdə Masazır bələdiyyəsinə 01 yanvar 2017-ci il ci il tarixdən 1 yanvar 2020-ci il tarixədək olan torpaq vergisi 528 manat, faiz borcu 192,72 manat və əmlak vergisi 2828 manat, faiz borcu 1032,22 manatdır. Vergi ödəyicisi Əhmədov Mir-Sadiq Hüseyn oğlu 21 dekabr 2017-ci il tarixdə adı çəkilən mülkiyyətin idarəedilməsi, sərəncam verilməsi hüququnu vətəndaş İddiaçı etibar edilməsi ilə bağlı Bakı şəhəri, 53 saylı notarial kontorunda əqd bağlanmışdır. Hal-hazrda həmin obyekt “ARAZ” market adı ilə fəaliyyət göstərir. Vergi ödəyicisi və onun səlahiyyətli nümayəndəsi yaranmış borcun 5 gün müddətində Masazır bələdiyyəsinin hesabına ödənilməsi ilə bağlı bələdiyyənin 01/05-01-06/78 saylı, 07 aprel 2020-ci il tarixli xəbərdarlıq məktubu ilə onları nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 7-ci maddəsinin 1.1, 1.2. və 1.1-ci bəndlərə əsasən Yerli büdcənin gəlirlərinə fiziki şəxslərin torpaq, əmlak vergisi və Yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar aid edilmişdir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar maddəsini rəhbər tutaraq vergi ödəyicisi Əhmədov Mir-Sadiq Hüseyn oğlunun səlahiyyətli nümayəndəsi İddiaçı əsas-528 manat torpaq vergisi, faiz borcu 192,72 manat və əsas -2828 manat əmlak vergisi, faiz borcu 1032,22 manat pulun bələdiyyə büdcəsinə ödənilməsinin icraya yönəldilməsi məqsədilə aidiyyəti üzrə Xətai rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Tərəf iddia tələbində göstərir ki, mülkiyyətçi Əhmədov Mir-sadiq Hüseyn oğlunun mülkiyyətində olsa da, orada olan tikiliyə isə mülkiyyət hüququ tanınmamış, yəni Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində qeydiyyatdan keçməmişdir. Tərəf mülkiyyəti tanınmayan qanunsuz tikilidə hal-hazırda ticarət obyekti olan”ARAZ” market kimi istifadə edir. Həmin obyektin bütün problemlərini - su, işıq, vergi, qida və sair məsələləri həll edir. Amma əmlak vergisinə gələndə deyir ki, mənlik deyil. Bu gün tərəf bu tikilidən dövlət qeydiyyatına almasa da bütün hüquqlardan istifadə edərək, qazanc əldə edir. Əgər onun dediyi kimi tikili qanunsuzdursa, bu halda qanunsuz tikili qüvvədə olan qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadanvə ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu baxımdan maraqlı tərəf olaraq Masazır bələdiyyəsi iddiaçının iddia tələbində göstərdiyi kimi həyata keçirtdiyi tikili qanunsuzdur. Əhmədov Mir-Sadi Hüseyn oğlunun Masazır kəndində mülkiyyətində olan 0,22 hektar torpaq sahəsindəki tikili, ümumi sahəsi 4715,80 kv.metr inşa edilmiş obyekt qanunsuzdur və məhkəmə qərarı əsasında sökülməlidir. Eyni zamanda bələdiyyənin 16 aprel 2020-ci il tarixli, 1 saylı qərarının 1.5.-ci bəndində göstərilir ki, - Qərardan şikayət bir ay müddətində yuxarı orqana və ya qərarı qəti olan aidiyyəti üzrə məhkəmələrə verə bilər. Tərəf bu qərarı 13 may 2020-ci il tarixdə rəsmən almışdır. Bundan sonra icra şöbəsi tərəfindən verginin ödənilməsi ilə bağlı ödənişlər edilmişdir. Bir ildən sonra tərəf müddəti üzürsüz səbəbdən ötürməklə iddia tələbi ilə çıxış edir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,22 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Əhmədov Mir-Sadiq Hüseyn oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Abşeron Rayon Masazır Bələdiyyəsinin 16 aprel 2020-ci il il tarixli 01 nömrəli qərarı ilə, Abşeron rayonu Masazır kəndində - 0,22 hektar torpaq sahəsi ilə bağlı 01 yanvar 2017-ci ildən 01 yanvar 2020-ci il üçün və 1534,5 kv.metr tikili, ümumi sahəsi 4715,80 kv.metr 3 mərtəbə ticarət obyekti isə 1 yanvar 2018-ci il tarixdən 1 yanvar 2020ci il tarixədək yaranmış vergi öhdəliyi ilə bağlı vergi ödəyicisi Əhmədov Mir-Sadiq Hüseyn oğlunun səlahiyyətli nümayəndəsi İddiaçı əsas 528 manat torpaq vergisi, 192,72 manat faiz borcu və əsas - 2828 manat əmlak vergisi, 1032,22 manat faiz borcu olmaqla cəmi 3356 manat əsas və 1224.94 manat faiz borcun tutulması qərara alınmışdır. - Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 01 saylı qərarı üzrə icraata başlanılmış, İddiaçı 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, Abşeron Rayon Masazır Bələdiyyəsinin 16 aprel 2020-ci il il tarixli 01 nömrəli qərarı ilə, Abşeron rayonu Masazır kəndində - 0,22 hektar torpaq sahəsi ilə bağlı 01 yanvar 2017-ci ildən 01 yanvar 2020-ci il üçün və 1534,5 kv.metr tikili, ümumi sahəsi 4715,80 kv.metr 3 mərtəbə ticarət obyekti üçün isə 1 yanvar 2018-ci il tarixdən 1 yanvar 2020-ci il tarixədək yaranmış vergi öhdəliyi ilə bağlı vergi ödəyicisi Əhmədov Mir- Sadiq Hüseyn oğlunun səlahiyyətli nümayəndəsi İddiaçı əsas 528 manat torpaq vergisi, 192,72 manat faiz borcu və əsas - 2828 manat əmlak vergisi, 1032,22 manat faiz borcu olmaqla cəmi 3356 manat əsas və 1224.94 manat faiz borcun tutulması qərara alınmışdır. İddiaçı hal-hazırda bələdiyyənin sözügedən qərarından narazıdır və ləğv edilməsini məhkəmədən xahiş edir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə hazırkı icraatda tədqiq edilmiş sübutlar və tərəflərin dəlilləri əsasında müəyyən edilmiş aşağıdakı xüsusatları diqqətə çəkir: - mübahisələndirilən 16 aprel 2020-ci il tarixli 1 nömrəli qərarın qəbulu üzrə inzibati icraatda maraqlı şəxs kimi hazırkı iddiaçıya rəsmi məlumat verilməsinə, onun həmin qərarın qəbuluna əsas olmuş aktla tanış olmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, cavabdeh mübahisələndirilən qərarın iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmi qəbul edildiyini iddia etsə də, həmin halı təsdiq edən sənədin əslini məhkəməyə təqdim etməmişdir. Odur ki, inzibati icraatda inzibati orqan tərəfindən Abşeron rayon Masazır bələdiyyəsi «İnzibati icraat haqqında» AR Qanununun 25, 51.1-ci maddələrinin, eləcə də «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.4 – 5.6-cı bəndlərinin tələbləri pozulmuşdur; - vergi ödəyicisi kimi hazırkı iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olan 16 aprel 2020-ci il tarixli 01 nömrəli qərar onu qəbul edən inzibati orqan Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən aydın və tam şəkildə əsaslandırılmamışdır. Qərarda hansı illər üzrə verginin hesablandığı müəyyən deyil, habelə həmin verginin ödənilməsi ilə bağlı bələdiyyə tərəfindən müvafiq tarixlərdə tədiyə bildirişlərinin vergi ödəyicisi kimi iddiaçıya çatdırılması təsdiqini tapmır. - sözügedən qərarda iddiaçıya 3356 manat əsas və 1224.94 manat faiz borcunun olduğu qeyd edilmişdir. Lakin bələdiyyə tərəfindən iddiaçıya hesablanmış vergilərin məbləğinin hansı əsaslarla hesablanması, hesablanmanın istinad edilməli olduğu hüquq norması, ümumilikdə borcun miqdarı qeyd edilmişdir. Halbuki qanunvericilikdə yerli vergilərin müəyyən edilməsinin əsasları müəyyən edilmişdir. Həmin əsaslara vergitutma obyekti, vergitutma bazası, vergitutma dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası daxildir. - mübahisələndirilən 16 aprel 2020-ci il tarixli 01 nömrəli qərar vergi ödəyicisi kimi iddiaçıya münasibətdə vergi borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fizki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. - bundan başqa iş materiallarına əlavə edilmiş -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,22 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Əhmədov Mir-Sadiq Hüseyn oğlunun adına qeydiyyata alınmışdır. Eyni zamanda onun üzərində olan tikili üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə iddiaçının sözügedən əmlak və torpaq sahəsi üzərində hər hansı bir hüququ olmadığı halda, bələdiyyə tərəfindən həmin əmlaka və torpaq sahəsinə münasibətdə vergilərin ondan tutulması qənaətinə gəlinmişdir. Beləliklə bələdiyyə tərəfindən vergitutma obyekti düzgün müəyyən edilməmişdir. Halbuki qanunvericilikdə yerli vergilərin müəyyən edilməsinin əsasları müəyyən edilmişdir. Həmin əsaslara vergitutma obyekti, vergitutma bazası, vergitutma dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası daxildir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Abşeron rayon Masazır bələdiyyəsinin 16 aprel 2020-ci il tarixli 01 nömrəli qərarı qanunsuzdur və onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının, o cümlədən AR Vergi Məcəlləsinin 70.1-ci maddəsinin, «İnzibati icraat haqqında» AR Qanununun 67.1, 67.2-ci maddələrinin, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.10-cu bəndinin, İPM-in 70.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilərək cavabdeh Abşeron rayon Masazır bələdiyyəsinin 16 aprel 2020-ci il tarixli 01 nömrəli qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayon Masazır bələdiyyəsinin 16 aprel 2020-ci il tarixli 01 nömrəli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Masazır bələdiyyəsinin 16 aprel 2020-ci il tarixli 01 nömrəli qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar