Məhkəmə qərarları › İş №2-1(118)-920/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-920/2021

06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-920/2021 06.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı “1973-1983-cü illərdə “Bakı Baş Tikinti İdarəsi Su 24-də” və 1983-1993cü illərdə “Qubadlı rayon Yol İstismar İdarəsi”ndə rəngsaz işlədiyi illərin sosial sığorta stajına hesablanmaqla əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq “1973-1983-cü illərdə “Bakı Baş Tikinti İdarəsi Su 24də” və 1983-1993-cü illərdə “Qubadlı rayon Yol İstismar İdarəsi”ndə rəngsaz işləməyi faktının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “1973-1983-cü illərdə “Bakı Baş Tikinti İdarəsi Su 24-də” və 1983-1993-cü illərdə “Qubadlı rayon Yol İstismar İdarəsi”ndə rəngsaz işlədiyi illərin sosial sığorta stajına hesablanmaqla əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 22 avqust 1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 10 № Peşə məktəbinə daxil olmuşdur. 1970-1973-cü illərdə 10 № Peşə məktəbində təhsil almışdır. 1973-cü il tarixdə “Bakı Baş Tikinti İdarəsi Su-24”-ə “rəngsaz” vəzifəsinə təyinat üzrə göndərilmişdir. 1983-cü ilə kimi sözügedən idarədə işləmişdir. 1983-cü il tarixdə ailə vəziyyəti ilə əlaqədar olaraq Qubadlı rayonuna köçmüşdür. 1983-1993-cü illərdə Qubadlı rayonu işğal olunana qədər Qubadlı rayon Yol İstismar İdarəsidə “rəngsaz” vəzifəsində işləmişdir. Qubadlı rayonu işğal olunduqdan sonra məcburi köçkün olaraq Abşeron rayonu, Məhəmmədli kəndində məskunlaşmışdır.Həmçinin 2001-2005-ci illərdə “ENAL” şirkətində “rəngsaz” vəzifəsində çalışmışdır. Lakin hal-hazırda həmin şirkət fəaliyyət göstərmədiyi və arxivdə bu barədə məlumat olmadığı üçün onun 2001-2005-ci illərdə “ENAL” şirkətində “rəngsaz” işləməsi faktını müəyyən etmək olmur. Bundan əlavə o, 04.05.2020-30.07.2020-ci illərdə "xxxx" MMC-də “rəngsaz” vəzifəsində çalışmışdır. Onun əmək kitabçası işğal zonasında, iş yerində qalmışdır. Bununla bağlı Qubadlı rayon İcra Hakimiyyəti Qubadlı rayon Dövlət Arxivinə müraciət etsə də, 10 iyun 2020-ci il tarixli 2 nömrəli Arxiv çıxarışına əsasən ona bildirilmişdir ki, Qubadlı rayon Yol İstismar İdarəsindən Qubadlı rayon Dövlət Arxivinə dövlət mühafizəsinə heç bir sənəd təhvil verilməmişdir. Halbuki onunla bərabər işləyən şəxslər də bu faktları təsdiq edə bilər. Onların şahid kimi məhkəmə iclasında iştiraklarını təmin etməyə hazırdır. Onun hal-hazırda 65 yaşı var. Bu baxımdan da yaşa görə sosial müavinətlə təmin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də oradan gələn 01 mart 2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, tələb olunan sosial sığorta stajına malik olmadığından yaşa görə sosial müavinətlə təmin edilmir. Həmçinin qeyd olunmuşdur ki, 1973-1993-cü illərdə işlədiyi dövrün qarşılıqlı yoxlanması zərurəti yaranmış, lakin arxiv sənədləri saxlanılmaması səbəbindən mümkün olmamışdır. O, həmin dövrü təsdiq edə bilmədiyindən faktın müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Bununla bağlı Qubadlı rayon məhkəməsinə müraciət etsə də onun ərizəsi geri qaytarılmışdır. Qərardaddan şikayət vermiş, Sumqayıt Apellyasiya Məhkəməsində ona izah edilmişdir ki, inzibati məhkəmə icraatı qaydasında iddia qaldıra bilər, bu səbəbdən də hazırki ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunanlara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMNnin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqları müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı 22 avqust 1955-cı ildə anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 64 il 6 ayda - 22 fevral 2020-ci il tarixdə yaranmışdır. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik şəxsinin 1 saylı regional ərazi filialına müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq filial tərəfindən verilmiş 01.03.2021-ci il tarixli cavab məktubunda iddiaçının “Əmək Pensiyaları haqqında" AR Qanunun 7-ci maddəsinə müvafiq olaraq tələb edilən sosial sığorta stajı və minimum pensiya kapitalı olmadığından ona imtina cavabı verilmişdir. İddiaçıya verilmiş 01.03.2021ci il tarixli imtina cavabında qeyd edilmişdir ki, iddiaçının 1973-1993-cu il tarixlərdə işlədiyi dövrlər üçün əmək haqqı və əmrləri yoxlamaq mümkün olmadığı və kitabların X4 rayon şöbəsinə təhvil verilmədiyi səbəbindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bundan sonra iddiaçı 1973-1983-cü illərdə “Bakı Baş Tikinti İdarəsi SU-24”-də və 1983-1993-cü illərdə “Qubadlı Rayon Yol İstismar İdarəsində” işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 18 nömrəli Bakı Peşə Liseyinin arayışına əsasən Qəhrəmanov 01.09.1970-ci il tarixdən 30.07.1973cü il tarixədək 10 nömrəli Bakı Peşə Məktəbində təhsil almışdır. Bu barədə 10 nömrəli Bakı Peşə Məktəbinin əmrlər kitabında müvafiq qeydlər aparılmışdır. 10 nömrəli Peşə məktəbi ləğv edildiyi üçün onun arxivi 18 saylı Bakı Peşə Liseyinə verilmişdir. İddiaçının həmin dövrə dair sığorta stajı 02 il 10 ay 29 gün təşkil edir. İddiaçı 1973-1983-cü illərdə “Bakı Baş Tikinti darəsi SU-24”-də işlədiyini iddia etdiyi dövrlə bağlı iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin AR dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 20 oktyabr 2020-ci il tarixli BA-00962-2020 nömrəli arxiv arayışına əsasən Bakı Baş Tikinti İdarəsi 24 saylı Tikinti idarəsinin 1974, 1977, 1979, 1982-ci illərə dair arxiv sənədlərində İddiaçı əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. Eyni zamanda həmin müəsisənin 1973, 1975, 1976-cı illərə dair əmr kitabları arxivə təhvil verilməmişdir. Beləliklə sözügedən arxiv arayışına əsasən iddiaçıya həmin müəsisədə İddiaçı müvafiq olaraq 1973-cü ildə iyul-dekabr ayları üzrə (6 ay); 1975-ci ildə yanvar-aprel və avqust ayları üzrə (5 ay); 1976-ci ildə avqust-dekabr ayları üzrə (5 ay); 1978-ci ildə yalnız sentybar ayı istisna olmaqla (11 ay); 1981-ci ildə yanvar, fevral və aprel ayları üzrə (3 ay), 1983-cü ildə yanvar-mart ayları üzrə (3 ay) əmək haqqı hesablanmışdır. Həmin illərə dair yalnız əmək haqqı ödənilən ayların cəminə müvafiq olaraq iddiaçının sığorta stajı 33 ay, yəni 02 il 09 ay, ümumi illəri götürdükdə isə 6 il təşkil edir. İddiaçının mübahisələndirilən 1983-1993-cü illərdə “Qubadlı Rayon Yol İstismar idarəsində” işlədiyi dövrlərə dair müəssisə tərəfindən arxiv sənədləri Qubadlı Rayon Dövlət arxivinə təhvil verilməmişdir. Eyni zamanda iddiaçının öz iddia ərizəsində qeyd etdiyi kimi, onun əmək kitabçası işğal zonasında qalmışdır. Bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Beləliklə, əmək kitabçası və əmək fəaliyyətini təsdiq edən digər sənədlər üzürlü səbəbdən təqdim edilməsi mümkün olmadıqda həmin fakt məhkəmə qaydasında təsdiq edilməlidir. İddiaçı mübahisələndirilən 1973-1983-cü illərə dair əmək fəaliyyətini təsdiq edən sənədləri təqdim edə bilmədiyi və həmçinin həmin dövrün təsdiqinə dair qüvvəyə minmiş məhkəmə qərarı olmadığı üçün İddiaçı 1983-1993-cü illərdə ‘‘Qubadlı Rayon Yol İstismar İdarəsində” işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Bundan əlavə İddiaçı 2006-ci il tarixdən sonrakı dövrdə 2018- 2020-ci illərdə "xxxx" MMC-də işləməsi və xeyrinə sosial sığorta haqları ödənilməsi barədə sığortaolunanın fərdi hesabının sığorta hissəsində məlumat qeyd edilmişdir. Bu məlumatlara əsasən iddiaçının xeyrinə 2018-ci ilin avqust ayından 2020-ci il ilin oktyabr ayınadək MDSS haqları ödənilmişdir. Həmin dövrə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində 2130,37 manat pensiya kapitalı və 2 il 2 ay sığorta stajı mövcuddur. Beiəliklə İddiaçı təqdim etdiyi sənədlərə əsasən, onun 1970- 1973-cü illərdə peşə təhsili aldığı illər üzrə 02 il 10 ay 29 gün sığorta stajı vardır. 1973- 1983-cü illərdə işlədiyi dövrə dair təqdim edilmiş arxiv arayışında qeyd edilmiş məlumatlara əsasən, 1973-cü, 1975-ci, 1976-cı, 1978-ci, 1981 -ci və 1983-cü illər tam olaraq götürüldükdə belə 6 il sığorta stajı vardır. 2018-ci ilin avqust ayından 2020-ci ilin oktyabr ayınadək işlədiyi dövrlər üzrə 02 il 02 ay sığorta stajı və 2130,37 manat pensiya kapitalı vardır. 1983-1993-cü illərdə “Qubadlı Rayon Yol İstismar İdarəsində” işlədiyi dövrlərə dair müvafiq sənədlərin mövcud olmaması və habelə buna dair məhkəmənin qanuni qüvvəsini almış qərarı mövcud olmadığı üçün həmin illərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə təqdim edilən sənədlərə əsasən iddiaçının sığorta stajı 11 il 29 gün təşkil edir. Bu müddət də ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün Əmək Pensiyaları haqqında AR qanununun 7-ci maddəsində nəzərdə tutulan 25 il sığorta stajı müddətindən azdır. Eyni zamanda sığortaolunanın fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı da İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsinə imkan vermir. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Beləliklə, İddiaçı Əmək Pensiyaları haqqında AR Qanununun 7-ci maddəsinə müvafiq olaraq tələb edilən pensiya kapitalı və sığorta stajına malik olmadığından ona yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının nümayəndəsi X3 qızı iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: -Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət arxivinin Bakı Filialının arayışında qeyd olunmuşdur ki, Bakı Baş Tikinti İdarəsi 24 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində İddiaçı 13.08.1976-cı il tarixli, 76-S saylı əmrlə 12.08.1976-cı il tarixdən 3-cü dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunması, 21.03.1983-cü il tarixli, 31 saylı əmrlə 25.02.1983-cü il tarixdən Bakıdan getməsi ilə əlaqədar işdən azad olunması və əmək haqqı cədvəllərində 1973, 1975, 1976, 1978, 1981, 1983-cü illərə dair əmək haqqı hesablanması barədə bəzi məlumatların mövcud olduğu, 1974, 1977, 1979, 1980, 1982-ci illərə dair arxiv sənədlərində İddiaçı əmək haqqı hesablanması barədə heç bir məlumatın olmadığı, 1973-cü ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 1975-ci ilin yanvar, fevral, mart, aprel, avqust, 1976-cı ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 1978-ci ildə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr, 1981-ci ildə yanvar, fevral, aprel, 1983-cü ildə yanvar, fevral, mart aylarında aldığı əmək haqlarının miqdarı qeyd olunmuşdur. -Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsil müəssisəsi 18 nömrəli Bakı Peşə Liseyinin 46/21 saylı, 23.02.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 01 sentyabr 1970-ci ildə 10 nömrəli Bakı peşə məktəbinə daxil olmuş, 30 iyul 1973cü ildə “Rəngsaz” ixtisası üzrə tam kursu bitirmişdir. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 22 aprel 2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Milli Geoloji Kəşfiyyat Xidmətinin Qarabağ Hidrogeoloji partiyasının Qubadlı dəstəsində 01 iyul 1983-cü ildə Qarabağ partiyasına qazmaçı köməkçisi kimi işə qəbul edilmiş, 17 iyul 1984-cü ildən öz xahişi ilə işdən azad edilmişdir. -Hazırki iş üzrə iddiaçı bundan öncə 1973-1983-cü il tarixə kimi Bakı Baş Tikinti İdarəsi Su-24-də və 1983-1993-cü il tarixə kimi Qubadlı rayon Yol İstismar İdarəsində rəngsaz işləməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Qubadlı rayon Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin 2(028)-280/2020 saylı, 25.09.2020-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-494/2021 saylı, 03.02.2021-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-yə qarşı hüquqi əhəmiyyət kəsb edən faktın müəyyən edilməsi tələbinə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 01.03.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh iddiaçının pensiya təyinatı ilə bağlı müraciətinin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçının tələbi 1973-1983-cü illərdə “Bakı Baş Tikinti İdarəsi Su 24-də” və 1983-1993-cü illərdə “Qubadlı rayon Yol İstismar İdarəsi”ndə rəngsaz işlədiyi illərin sosial sığorta stajına hesablanmaqla ona əmək pensiyası təyin edilməsindən ibarətdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərini müəyyən edən 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə qeyddə göstərilmişdir ki, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normanın məzmunundan göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki şərt müəyyən edilmişdir: qanunla müəyyən olunmuş yaş həddinə çatmaq və zəruri pensiya kapitalına və ya 25 il sığorta stajına malik olmaq; Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Hazırki işdə iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi) onun əmək pensiyası hüququ 64 il 6 ayda, yəni 22 fevral 2021-ci il tarixdə yaranmışdır. Yəni ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş birinci şərt mövcuddur. Qanunun yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərtinə, yəni zəruri pensiya kapitalına və ya sığorta stajı şərtinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçıya pensiya təyin edilməsi üçün qeyd olunan şərtin tələbləri mövcud deyildir. Belə ki, işə əlavə olunmuş sənədlərlə iddiaçının zəruri olan pensiya kapitalına və ya ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sığorta stajına malik olması müəyyən edilmir. İddiaçı 1983-1993-cü illərdə Qubadlı rayon Yol istismar idarəsində rəngsaz işlədiyi illərin ona əmək pensiyası təyin edilərkən sosial sığorta stajına hesablanmasını istəyir ki, həmin müəssisədə işləməsini təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Eyni zamanda sözügedən müəssisənin sənədlərinin dövlət arxivinə verilməsi də müəyyən edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə qeyd olunmuşdur ki, Növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 1.1. şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; 1.2. ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Hazırki işdə iddiaçı 1983-1993-cü illərdə Qubadlı rayon Yol istismar idarəsində işləməsinə dair məhkəməyə sosial sığorta stajını təsdiq edən sənədləri təqdim etməməklə yanaşı, həmin dövrlərdə işləməsi faktını müəyyən edən məhkəmə qətnaməsini də təqdim etməmişdir. Belə olan halda iddiaçının qeyd olunan dövrlərdə həmin müəssisədə işləməklə sosial sığorta stajına malik olmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə iddiaçının 1973-1983-cü illərdə “Bakı Baş Tikinti İdarəsi Su 24-də”-də işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınması tələbinə münasibətdə qeyd edir ki, həmin dövrlər, eyni zamanda iddiaçının təhsil aldığı müddətlər, habelə hərbi xidmət dövrü sosial sığorta stajı kimi nəzərə alınmış olsa belə iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan sığorta satjı tamam olmur. Eyni zamanda iddiaçı ona pensiya təyin edilməsi üçün zəruri olan pensiya kapitalına da malik deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı 1973-1983-cü illərdə “Bakı Baş Tikinti İdarəsi Su 24-də” və 1983-1993-cü illərdə “Qubadlı rayon Yol İstismar İdarəsi”ndə rəngsaz işlədiyi illərin sosial sığorta stajına hesablanmaqla əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı 1973-1983-cü illərdə “Bakı Baş Tikinti İdarəsi Su 24-də” və 1983-1993cü illərdə “Qubadlı rayon Yol İstismar İdarəsi”ndə rəngsaz işlədiyi illərin sosial sığorta stajına hesablanmaqla əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar