Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-921/2021 29.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı “ona 1994-cü ildən 03.04.2020-ci il tarixinədək əvvəlki dövrə görə müavinət ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona 1994-cü ildən 03.04.2020-ci il tarixinədək əvvəlki dövrə görə müavinət ödənilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 17 mart 2021-ci il tarixli, **********0 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1968-cı ildə anadan olmuşdur. 1990-cı ildə Sumqayıt şəhər Polis İdarəsinə polis nəfəri kimi işə qəbul edilmişdir. 1991- 1993-cü illərdə Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Ağdam rayonuna erməni daşnaklarına qarşı müharibəyə ezam edilmişdir. Həmin dövrdə dəfələrlə Ağdam rayonunun Gülablı kəndində ezamiyyətdə olmuşdur. AR-nın X4 sıralarında Birinci Qarabağ müharibəsində iştirak etdiyinə görə ona 03.04.2020-ci ildə AR Daxili İşlər Nazirliyi tərəfindən müharibə veteranı adı və 033982 saylı vəsiqə verilmişdir. Həmin tarixdən (03.04.2020-ci il) ona hər ay müharibə veteranı olduğuna görə müavinət ödənilir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən müavinət hüququnun yarandığı tarixdən etibarən verilməlidir. Cavabdeh ona etdiyi müraciətə cavab olaraq 17.03.2021 -ci il tarixli məktubunda xahişini təmin etməmişdir. İmtinaya əsas kimi cavabdeh hesab etmişdir ki, hüququnun yarandığı 03.04.2020-ci il tarixindən əvvəlki dövrə görə iddiaçıya müavinət ödənilməsi mümkün deyildir. AR İMP-nin 1.2-ci maddəsinə görə “Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər”. AR MPM-nin 217.2-ci maddəsinə görə “Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır”. Beləki “Sosial müavinətlər haqqında” qanunun 9.1-ci maddəsinə görə “mənim müavinət almaq hüququm həmin qanun qəbul edildiyi tarixdən, yəni 01.01.2006-cı ildənyaranmışdır. Belə olan halda adı çəkilən qanunun 9.1-ci maddəsinə əsasən mənə müavinət 01.01.2006-cı ildən başlayaraq ödənilməlidir”. “Veteranlar haqqında” qanunun 3-cü maddəsinə görə “AR-nın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı hesab edilir”. İddiaçı bildirir ki, cavabdehin imtina məktubunda istinad etdiyi “Veteranlar haqqında” qanunun 7-ci maddəsinə əlavə 07.04.2006-cı ildə edildiyinə görə həmin dövrdən sonra yaranan hüquq münasibətlərinə tətbiq edilməlidir. Yuxarıda qeyd etdiyi kimi o, 1991- 1993cü illlərdə Polis nəfəri kimi cəbhə bölgəsinə ezam edilmişdir. Buna görə də ona münasibətdə həmin dövrdə qüvvədə olan hüquq normaları tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş və izahatında qeyd etmişdir ki, iddiaçı 21 avqust 2020-ci il tarixdə 1 saylı regional ərazi filialına ərizə ilə müraciət edərək Müharibə Veteranı olduğuna görə ona təqaüd təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının 21 avqust 2020-ci il tarixli 812 nömrəli təqaüd təyinatı üzrə Qərarı ilə iddiaçıya veteran vəsiqəsinin verildiyi 03 aprel 2020-ci il tarixdən ömürlük aylıq 80 manat məbləğində Müharibə veteranlarına görə Prezident təqaüdü təyin edilmiş və bu barədə iddiaçıya məlumat verilmişdir. İddiaçı 15 mart 2021-ci il tarixində Fondun 1 saylı regional ərazi filialına yenidən müraciət edərək əvvəlki illərin müavinətlərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən 17 mart 2021-ci il tarixində iddiaçının bu müraciətinə də qanunvericiliyə müvafiq cavab verilmişdir. Buna baxmayaraq iddiaçı məhkəməyə müraciət edərək 1994-cü ildən 03.04.2020-ci il tarixədək olan dövr üçün ona verilmiş veteran vəsiqəsinə əsasən təqaüdün verilməsini tələb etmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ölkə başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı vəsiqəsi” 08 iyun 2020-ci il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki illər üçün ödənilməsi qaydası nəzərdə tutulmadığından hesab edirik ki, hazırkı halda iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki illər üçün sosial müavinət almaq hüququnun olması istisna edilir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. . Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçı 21 avqust 2020-ci il tarixdə 1 saylı regional ərazi filialına ərizə ilə müraciət edərək Müharibə Veteranı olduğuna görə ona təqaüd təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının 21 avqust 2020-ci il tarixli 812 nömrəli təqaüd təyinatı üzrə Qərarı ilə iddiaçıya veteran vəsiqəsinin verildiyi 03 aprel 2020-ci il tarixdən ömürlük aylıq 80 manat məbləğində Müharibə veteranlarına görə Prezident təqaüdü təyin edilmiş və bu barədə iddiaçıya məlumat verilmişdir. İddiaçı 15 mart 2021-ci il tarixində Fondun 1 saylı regional ərazi filialına yenidən müraciət edərək əvvəlki illərin müavinətlərinin ödənilməsini xahiş etmiş, cavabdeh inzibati orqan isə imtina etmişdir. Aşağıda qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddia rədd edilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin yuxarıda da qeyd edildiyi kimi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın 01.04.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman 01.04.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki illər üçün ödəmələrin aparılması yolverilməzdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı statusunu 01 aprel 2019-cu il tarixdən sonra aldığına görə ona yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-921/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-921/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver