Məhkəmə qərarları › İş №2-1(118)-922/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-922/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-922/2022 03.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “Oruczadə Elşad Vilayət oğlunun onun xüsusi mülkiyyəti olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 61 saylı evin, 14 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 61 saylı evin, 14 nömrəli onun xüsusi mülkiyyətindədir. Həmin mənzili 13.10.2021 -ci il tarixində alqı-satqı müqaviləsi əsasında 38000 manata X2 qızından almışdır. Üçüncü şəxs mənzilində formal olaraq qeydiyyatda qalmışdırlar. Onların mənzil üzərində heç bir hüquqları yoxdur. Mənzil mülkiyyətinə keçəndən bir müddət sonra məlum oldu ki, keçmiş ev sahibinin övladları onun mənzilində qeydiyyatda qalmışdırlar. Üçüncü şəxsin mənzilimdə qeydiyyatda qalmaları ona mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyimə səbəb olur. Üçüncü şəxsi qeydiyyatdan çıxarmaq üçün cavabdeh polis idarəsinə müraciət etmiş, müraciətinə cavab verən cavabdeh polis idarəsi müraciətini təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək Oruczadə Elşad Vilayət oğlunun ona məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 61 saylı evin, 14 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsini cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxsin pasport qeydiyyatında olduqları mənzilə məhkəmə bildirişi göndərilmiş, lakin üçüncü şəxsə göndərilmiş məhkəmə bildirişi zərf ilə bərabər və zərfin üzərində “bu ünvandan köçüb” qeydi qoyulmaqla məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-47576Ə-3221 nömrəli, 25 dekabr 2021-ci il tarixli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********19-05101-093046 reyestr nömrəli çıxarışın surəti, alqı-satqı müqaviləsinin surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış, 15 saylı MKS tərəfindən verilmiş 23.02.2022-ci il tarixli Akt, Ailə tərkibi haqqında arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon, 61 saylı evin, 14 nömrəli mənzili alğı-satqı müqaviləsi əsasında almışdır və hal-hazırda həmin mənzilin mülkiyyətçisidir. 3-cü şəxs Oruczadə Elşad Vilayətoğlu qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır, yəni mənzilin köhnə sakinləridir, onun iddiaçı ilə qohumluq münasibətləri yoxdur və faktiki olaraq başqa ünvanda yaşayır. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxs Oruczadə Elşad Vilayət oğlu Sumqayıt şəhəri, 13-cü mikrorayon, 61 saylı evin, 14 nömrəli mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Oruczadə Elşad Vilayət oğlunun İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 61 saylı evin, 14 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar