Məhkəmə qərarları › İş №2-1(118)-924/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-924/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-924/2024 14.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Kamal qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayonu İqrıq kəndinin ərazisində yerləşən 0,957395 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması, torpaq sahəsinin plan və ölçü sənədinin və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Quba rayonu, İqrıq kəndinin ərazisində yerləşən 1,0 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması, torpaq sahəsinin plan ölçüsünün hazırlanması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İqrıq kəndinin ərazisində yerləşən 0,957395 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması, torpaq sahəsinin plan və ölçü sənədinin və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı Quba rayon Dövlət Notariat Kontoru tərəfindən tərtib və təsdiq olunmuş 05 may 2005-ci il tarixli, 4-Ə-2063 müqaviləyə əsasında Quba rayonunun İqrık kəndində 1,0 ha torpq sahəsi almışdır. Həmin torpaq sahəsinin plan cizgisi müqaviləyə əlavə olunmuşdur. Bu barədə 20 may 2005-ci ildə Torpağa mülkiyyət hüququnun Dövlət aktı tərtib olunmuş və Dövlət aktı qeydiyyat kitabında 3354 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı Quba rayonu İqrık kəndi ərazisində yerləşən 1,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri Publık Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə mürciət etmişdir. Cavabdeh tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 3 21-3-34/2-8962/2023 saylı məktubla əsassız olaraq iddiaçının xahişindən imtina edildiyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinni məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, ərizəyə əlavə olunmuş JN-0830 nömrəli (KOD ********) seriyalı "Torpağa mükiyyət hüququna dair Dövlət Aktı" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında olan xəritə üzərində (DWG) öz əksini tapmamışdır. Bundan əlavə 1,0 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) azalaraq 0,96 ha ölçüdə öz əksini tapmışdır. Bu, səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. İş materiallarında olan: - JN-00830 KOD 30304038 seriyalı Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, İddiaçı dövlət aktında göstərilən Quba rayonu, Çiçi kəndi ərazisində yerləşən 1,0 hektar torpaq sahəsini Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4-ə-2063 saylı alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. - Məhkəmənin sorğusuna əsasən Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4-ə-2063 saylı alqı-satqı müqaviləsinin xx.xx.2005-ci il tarixdə və X1 və X4 arasında Quba rayonu, Qəcər-Zeyid kəndində yerləşən 1,13 h torpaq sahəsinə dair rəsmiləşdirilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 13.11.023-cü il tarixli cavab məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin arxivində JN-0830 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"na dair hər hansı məlumat aşkar edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları naturadan (yerdən) götürülmüşdür (sxem tərtib olndu, koordinatlar və ortofotogörüntülər mütəxəssis rəyinə əlavə edilmişdir.). İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-830 nömrəli Dövlət Aktı ilə uyğunluq təşkil edir, (sxem tərtib olndu, koordinatlar və ortofoto görüntüiər mütəxəssis rəyinə əlavə edilmişdir.) İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı olub uqodiyası çoxillik əkmə kimi göstərilmişdir. QEYD: JN-0830, KOD 30304038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) iddiaçının faktiki istifadəsinə uyğun olaraq 0,957395 ha kimi göstərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) -8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; (...) Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Göstərilən Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəsi gedən torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən əldə etdiyini, həmin alqı-satqı müqaviləsinin onda qalan müsxəsini DTXK-nin Quba rayon şöbəsinə təqdim edərək Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını aldığını iddia edir. Məhkəməyə təqdim edilən Dövlət Aktında həmin sənədin Quba rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4-ə-2063 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən verildiyi qeyd edilmişdir. Məhkəmə həmin alqı-satq müqavilsi üzrə notariat işinin əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət etmişdir. Lakin arxiv orqanından arxivə təhvil verilmiş 4-ə-2063 saylı alqı-satqı müqaviləsinin 05.xx.xx.2005-ci il tarixdə və və X1 və X4 arasında Quba rayonu, Qəcər-Zeyid kəndində yerləşən 1,13 h torpaq sahəsinə dair rəsmiləşdirildiyi müəyyən edilmişdir. Eyni zamanda cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş JN-830 kod 30304038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” Dövlət Torpaq və Xəritəçəkmə Komiəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmədiyini bildirmişdir. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Hazırkı iş üzrə yuxarıda göstərilən hallar nəzərə alındıqda isə məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə notariat işi mövcud deyildir. Beliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Məhkəmə hesab edir ki, iddiaçıya Torpağa mülkiyyət hüququn dair dövlət aktı verilsə də, həmin dövlət aktının verilməsi üçün əsas kimi göstərilmiş alqı-satqı müqaviləsi mövcud olmadığından həmin sənəd mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi əsas götürülə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Hazırki halda iddiaçı torpaq sahəsinin notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona satılması ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar