Məhkəmə qərarları › İş №2-1(118)-927/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-927/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-927/2025 24.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iş üzrə (Açar sözlər: diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə X1rşı “şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Rusiya Dövlət Sosial-Pedaqoji İnstitutu tərəfindən verilmiş 7 iyul 2020-cı il tarixli, 130524 ******* nömrəli diplomdan görünür ki, İddiaçı 29 iyun 2020-ci il tarixli, 02 nömrəli protokola əsasən “Psixoloji və pedaqoji təhsil hazırlıq” istiqaməti üzrə “bakalavr” dərəcəsi verilmişdir.

2. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 23 noyabr 2023-cü il tarixli, NA00019722 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarından görünür ki, İddiaçı ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

3. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2 sentyabr 2024-cü il tarixli, 3-29-61/2- 407/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli, 2306 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci yarımbəndinə əsasən 4.1-ci bəndində əks olunmuş tələblər üzrə uyğunsuzluqlar müəyyən edilmiş və 9 sentyabr 2024cü il tarixli qərarla onun xarici dövlətdə əldə etdiyi xarici kvalifikasiyanın tanınmasından imtina edilmişdir.

4. İddiaçı dair “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə X2”ndən çıxarışdan görünür ki, sərhədkeçmə məlumatları İ il – 3 gün, İİ il – 2 gün, İİİ il – 3 gün, İV il – 3 gün, V il – 2 gün olaraq göstərilmişdir.

5. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 2 aprel 2024cü il tarixli, 3-38-2/33-1098/24 nömrəli İddiaçı dövlət sərhədindən hərəkəti barədə məlumat.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

6. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 23 noyabr 2023-cü il tarixli, NA00019722 nömrəli inzibati aktının ləğv edilməsi və onun **********748 nömrəli diplomunun tanınması öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 6 yanvar 1972-ci il tarixdə Quba rayonunun Qalaxudat kəndində sadə kəndli ailəsində doğulmuşdur. Orta məktəbi əla və yaxşı qiymətlərlə müvəffəqiyyətlə bitirmişdir. Lakin ailə vəziyyəti ilə əlaqədar o vaxt ali təhsil ala bilməmişdir. Buna baxmayaraq, elə o vaxtlar elmə-yaradıcılığa olan marağı və istedadı sayəsində əsasən yaradıcılıqla məşğul olmuşdur. Çoxsaylı şeir, poema, rübailər müəllifidir, 7 pyes və 5 roman yazmışdır. Romanlarını və pyeslərini əsasən xalqımızın tarixinə, xalq qəhrəmanlarına, Vətən müharibəsi qəhrəmanlarına həsr etmişdir. Romanların arasında Ulu Öndərimiz ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi "Dahi Prezident" romanı yaradıcılığının şah əsəridir. İddiaçı hal-hazırda da yaradıcılığını yorulmadan müvəffəqiyyətlə davam etdirir. 2017-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2015-ci ildə o, Rusiya Federasiyasının Dərbənd şəhərində yerləşən Sosial Pedaqoji instıtuna daxıl olmuşdur. Qiyabi təhsil almışdır. Hər il tədris dövründə imtahan sessiyalarında lazımi qədər iştirak etmişdir və zaçot-imtahanları müvəffəqiyyətlə vermişdir. 2020-ci ildə həmin ali təhsil müəssisəsini Psixoloji və pedaqoji təhsil hazırlıq istiqaməti üzrə bakalavriat proqramını tam mənimsəyərək bakalavr dərəcəsilə bitirmişdir. Buna adekvat olaraq ona 29 iyun 2020-ci il tarixli, 02 saylı protokol əsasında bakalavr dərəcəsi verilmiş və 7 iyul 2020-ci il tarixli, 062 qeydiyyat nömrəli 130524 ******* nömrəli diplom verilmişdir.Qeyd edildiyi kimi, təhsil aldığı müddətdə bütün zaçot-imtahan sessiyalarında iştirak etmişdir və zaçot-imtahanları müvəffəqiyyətlə vermiş. Yalnız koronovirusla əlaqədar pandemıya dövründə müəyyən müddət instituta gedə bilməmişdir, onlayn qaydada təhsil almışdır. İddiaçı diplomunun nostrifikasiyası məqsədilə aidiyyəti üzrə cavabdehə dövlət rüsumunu ödəyərək müraciət etmişdir. Lakin cavabdehin 23 noyabr 2023-cü il tarixli qərarı ilə tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkədə olmamağı bəhanəsilə diplomunun Azərbaycan Respublikasında tanınmasından qanunsuz, əsassiz və ədalətsiz imtina edilmişdir. İddiaçı bununla əlaqədar cavabdehin 23 noyabr 2023-cü il tarixli, NA000197222 nömrəli qərarından 15 dekabr 2023-cü il tarixdə yuxarı instansiya orqanına – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə şikayət verərək həmin qərarın ləğv edilərək iddiaçının qanuni diplomunun nostrifikasiyasınatanınmasına dair qərar qəbul etmələrini xahiş etmişdir. Həmin şikayətə cavabdeh 16 yanvar 2024-cü il tarixdə 329/2-S-14980-4/202 saylı məlumat xarakterli cavab məktubu göndərmişdir. Həmin məktub iddiaçıya poçt vasitəsilə 25 yanvar 2024-cü il tarixdə çatdırılmışdır. İddiaçı 15 dekabr 2023-cü il tarixdə qanunvericiliyin tələblərinə müvafiq olaraq cavabdehin 23 noyabr 2023-cü il tarixli qərarından 30 gün şikayət müddətini ötürmədən inzibati qaydada yuxarı səlahiyyətli orqana faktiki şikayət vermişdir. Elm və Təhsil Nazirliyi iddiaçının ərizəsinə cavab verməmişdir, əvəzində cavabdeh qismində qoyduğu TKTA 16 yanvar tarixli təkrar cavab göndərmişdir. İddiaçı nə cavabdehin, nə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin onun qanuni diplomunun ölkədə tanınmasından qanunsuz, əsassız və ədalətsiz yayınmasıla razı deyil və qanuni diplomunun Azərbaycan Respublikasında tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması məqsədilə konstitusion məhkəmə təminatı hüququndan istifadə edərək məhkəməyə iddiə tələbilə müraciət etməkdə qərarlıdır.

8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1, 2.2.2, 32.1, 33.1, 68.1, 70.1, 70.3, 73.1-ci maddələrinə istinad olunmuşdur.

9. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Rusiya Federasiyası Sosial-Pedaqoji Universiteti tərəfindən “Psixoloji-Pedaqoji” (bakalavr/qiyabi) üzrə aldığı kvalifikasiyanın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 24 iyun 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

10. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

12. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə bu müddətlərdə olduğunu müəyyən etmişdir: 2015/2016-cı tədris ili üzrə - 3 gün, 2016/2017-ci tədris ili üzrə - 2 gün 20017/2018-ci tədris ili üzrə - 3 gün, 2018/2019-cu tədris ili üzrə - 3 gün, 2019/2020-ci tədris ili üzrə - 2 gün (pandemiya dövrü). Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən az yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və 23 noyabr 2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir.

14. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2-1(102)-265/2020 saylı, 16 fevral 2021-ci il tarixli, 2-1(102)-251/2021 saylı qərarlarına, Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

15. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmiş, həmçinin Quba rayonu, Qalaxudat kəndindən universitetə tək gedib-gəldiyini, təhsil aldığı dövrdə ailəvi səbəblərdən dərslərə sübh tezdən, saat 05:00-də yola düşdüyünü və günün sonunda evə qayıtdığını bildirmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

20. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

21. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

22. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

24. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

25. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

26. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya 7 iyul 2020-ci il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikası Ali təhsilin xüsusi təhsil təşkilatı “Sosial Pedaqoji İnstitut tərəfindən “Psixoloji-Pedaqoji təhsil” ixtisası üzrə bakalavr ali təhsil dərəcəsi verilmişdir. Həmin kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh isə “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərar verərək, müraciətin icrasından imtina etmişdir.

27. Cavabdeh tərəfin mövqeyinə görə iddia tələbi əsassızdır. Etirazın əsas dəlili ondan ibarətdir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür.

28. Eyni zamanda, məhkəmə araşdırılması zamanı iddiaçının sərhədkeçmə məlumatları ilə onun 2015-2019-cu illər üzrə ölkə xaricində olduğu müddət 16 gün təşkil edir. Eyni zamanda, iddiaçı məhkəmə iclasında izahat verərək, bir gün ərzində universitetə gedib-qayıtdığını bildirmişdir.

29. İşin hallarını nəzərə alaraq, məhkəmə aşağıdakıları qeyd edir.

30. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

31. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

32. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 1 mart 2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir.

33. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli, 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”.

34. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir.

35. Həmin Qaydaların: 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 1.5-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir”; 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir; 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

36. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hazırkı mübahisənin düzgün həll olunması üçün tətbiq edilməli olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”dır ki, həmin Qaydaların: 2.1-ci bəndinə əsasən, bakalavriat - ali təhsilin birinci səviyyəsinin tələblərinə uyğun genişprofilli mütəxəssis hazırlığını təmin edən təhsil prosesidir; 2.7-ci bəndinə əsasən, tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər; (-)

37. Qeyd olunmalıdır ki, iddiaçının faktiki olaraq xarici ölkədə olduğu qısa müddət ərzində bakalavr pilləsi üzrə proqramın mənimsənilməsi qeyri-mümkündür. Bu müddət həm də Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin dövlət standartlarına uyğun olmadığı nəticəsini yaradır. İddiaçının diplomuna Rusiya Federasiyasında Apostil şəhadətnaməsinin əlavə olunması ilə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 5 mart 2004cü il tarixli, 595-İİQ nömrəli Qanunla qoşulduğu, 5 oktyabr 1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın: 3-cü maddəsinə əsasən, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin “Apostille (Convention de la Haye du 5 octobre 1961)” adlı başlığı fransız dilində göstərilməlidir; 5-ci maddəsinə əsasən, şəhadətnamə sənədi imzalamış şəxsin və ya hər hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur.

35. Göründüyü kimi, iddiaçının diplomuna Apostil şəhadətnaməsinin əlavə olunması yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən hər bir halda mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, bu şərtə də iş üzrə əməl olunmuşdur.

38. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2023-cü il tarixli, 2-1(102)-2762/2023 nömrəli Qərarına əsasən, “25. Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. ...

39. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.

40. Kollegiya, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Kollegiya, həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır.”

41. Həmçinin, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən:

3. Tanınmaya dair müraciətə baxılması 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; ...

4. Tanınmaya dair tələblər 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: ... 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); ...”

42. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

43. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

44. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

45. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

46. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Onun ümumi tədris illər ərzində Rusiyanın ərazisində 16 gün olmaqla müəyyən olunur ki, iddiaçı auditoriya dərslərində Azərbaycan Respublikasında nəzərdə tutulmuş əsas standartlara uyğun iştirak etməmişdir. Bu səbəbdən də məhkəmə, cavabdehin etirazının dəlili ilə razılaşaraq hesab edir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğu üçün iddia təmin edilməməlidir.

47. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ

48. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar