Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-929/2021 18.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi ilə, X2 Ramiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 (Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında aparıcı mütəxəssis işləyən, Abşeron rayonu, Müşfiqabad yeni qəsəbə, ev 24, mənzil 3-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı 10 yanvar 1995-ci ildən 30 noyabr 2000-ci ilədək Biləcəri Mülki Qurğular Distansiyası Mənzil İstismar Təmir Birliyi 2 saylı Evlər İdarəsində fəhlə işlədiyi müddətin siğorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 10 yanvar 1995-ci ildən 30 noyabr 2000-ci ilədək Biləcəri Mülki Qurğular Distansiyası Mənzil İstismar Təmir Birliyi 2 saylı Evlər İdarəsində fəhlə işlədiyi müddətin siğorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək 10 yanvar 1995-ci ildən 30 noyabr 2000-ci ilədək Biləcəri Mülki Qurğular Distansiyası Mənzil İstismar Təmir Birliyi 2 saylı Evlər İdarəsində fəhlə işlədiyi müddətin siğorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxx 1955-ci il tarixdə anadan olmuşdur. 1971-ci ildən əmək fəaliyyətinə başlamışdır. 01 sentyabr 1971-ci il tarixdən 28 may 1974-cü il tarixədək Quba rayonu Jdanov adına meyvəçilik sovxozunda traktora yedəkçi və traktorçu peşəsində işləmişdir. 28 may 1974-cü ildə həqiqi hərbi xidmətə çağırıldığı üçün ərizəsinə əsasən işdən azad edilmişdir. 04 iyul 1976-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra Jdanov sovxozunda kombayn köməkçisi işinə qəbul edilmişdir, 17 avqust 1976-cı il tarixindən traktorçu işinə keçirilmiş və 15 dekabr 1994-cü ilədək həmin işdə işləmişdir. 10 yanvar 1995-ci ildə Biləcəri Mülki Qurğular Distansiyası Mənzil İstismar Təmir Birliyi 2 saylı Evlər İdarəsinə fəhlə işinə qəbul edilmişdir. 30 noyabr 2000-ci il tarixdə oz xahişi ilə işdən azad edilmişdir. Beləliklə, onun ümumilikdə 29 il 3 ay əmək stajı vardır. İşlədiyi dövr əmək kitabçasında qeyd olunmuşdur. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi X5 Şəxsin 2 saylı Regional Ərazi Filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Şöbənin pensiya təyin edən komissiyasının 04 sentyabr 2020-ci il tarixli, 45 saylı qərarı ilə qanunla tələb olunan 25 sığorta stajının olmaması əsası ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Buna səbəb olaraq 10 yanvar 1995-ci ildən 30 noyabr 2000-ci ilədək Biləcəri Mülki Qurğular Distansiyası Mənzil İstismar Təmir Birliyi 2 saylı Evlər İdarəsində fəhlə işlədiyi dövrə aid əmək haqqı cədvəllərinin aşkar edilməməsi göstərilir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının əmək kitabçasında göstərilən digər dövrlər təsdiq edilsə də, onun 1995-2000-ci illərdə işlədiyi müddət əmək kitabçasına sonradan qeyd edilmişdir. Bundan başqa həmin müddətdə iddiaçının həmin idarədə işləməsini təsdiq edən hər hansı başqa sübut mövcud deyildir. Bu səbəbdən iddianın təmin olunmamasını xahiş edir . İş materiallarına əlavə edilmiş: - AA ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəlüdlüdür. - İddiaçının adına açılmış ИТ-İ № ******* saylı əmək kitabçasından görünür ki, o, 01.09.1971-ci ildə əmək fəaliyyətinə başlamış və 30.11.2000-ci il tarixədək müxtəlif işlərdə və peşələrdə işləmişdir. - 177 saylı attestatdan görünür ki, İddiaçı 01 sentyabr 1970-ci il tarixdən 23 avqust 1971-ci il tarixədək Quba 3 nömrəli kənd texniki-peşə məktəbində təhsil almışdır. - "xxxx" QSC-nin məhkəmənin sorğusuna verdiyi cavab məktubundan görünür ki, Cəmiyyətin arxiv bölməsində aparılmış araşdırma nəticəsində vətəndaş İddiaçı iş stajı barədə hər hansı bir məlumat aşkarlanmamışdır. Məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsi tərəfindən verilmiş 20 may 2021-ci il tarixli 4/1014 saylı cavab məktubundan görünür ki, sorğuda qeyd olunmuş sənədlər Dövlət Arxivində mühafizə edilmir. - ƏƏSMN tabeliyində DSMF 2 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş 23.09.2020-ci il tarixli **********3 saylı məktubundan görünür ki, X6 Xidmət Mərkəzindən daxil olmuş sənədlərə əsasən İddiaçı qanunla tələb olunan 25 il siğorta stajı olmadığından şöbənin pensiya təyin edən komissiyasının 04.09.2020-ci il tarixli 45 saylı qərarı ilə vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin normanın “Qeyd” hissəsində qeyd edilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarına 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); ümumi iş stajını təsdiq edən sənədləri; əlilliyə görə pensiya növü üzrə isə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər, Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğu) təsdiq edən müayinə aktından çıxarış və s. sənədlər təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-cı il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 -ci bəndinə əsasən əmək stajı iş. xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən ış stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının 1995-2000 ci illərdə Biləcəri Mülki Qurğular Stansiyasında işləməsi əmək kitabçasında qeyd olunmasına baxmayaraq bunu təsdiq edən başqa heç bir sübut, o cümlədən işə qəbul edilməsi və ya azad edilməsi barədə əmrlər və ya əmək haqqı cədvəlləri əldə edilməmişdir. Beləliklə, İddiaçı 25 il sosial sığorta stajına malik olması və bununla da yaşa görə əmək pensiyası almaq hüququnun olması sübuta yetirilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-929/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-929/2021
18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver