Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-931/2021 02.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxslər X27 və X10 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13b ünvanında yerləşən, ümumi sahəsi 47 kvadrat metr olan üç otaqdan ibarət 39 saylı mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kvadrat metr olan bir otağına iddiaçının və övladları X27 və X10 adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13b ünvanında yerləşən, ümumi sahəsi 47 kvadrat metr olan üç otaqdan ibarət 39 saylı mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kvadrat metr olan bir otağına iddiaçının və övladları X27 və X10 adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 09.01.2019-cu il tarixli qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13b ünvanında yerləşən, ümumi sahəsi 47 kvadrat metr olan üç otaqdan ibarət 39 saylı mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən sahəsi 17 kvadrat metr olan bir otağına iddiaçı və övladları X27 və X20 ilə ayrıca sosial kirayə müqaviləsinin bağlanılması qət edilmişdir. Həmin qətnamə icra olunması üçün Abşeron rayon İcra Hakimiyyətinə göndərilmiş və icra başçısının 22.09.2020-ci il tarixli, 154 nömrəli sərəncamına əsasən qeyd olunan mənzilin bir otağı iddiaçı və onun övladlarının adına dəyişdirilmişdir. Daha sonra iddiaçı cavabdeh orqana çıxarış əldə etmək üçün müraciət etsə də, ona imtina cavabı verilmişdir. Həmin imtina əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən 39 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 21 yanvar 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı həmin mənzilin bir otağına dair verilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının 154 nömrəli sərəncamının 22.09.2020-ci il tarixdə verildiyi aşkar edilmişdir. Sözügedən mənzilə dair təqdim edilmiş 1062 nömrəli order oxunmağa yararsızdır, eləcə də qeydiyyatda olan digər şəxslərin notarial qaydada təsdiq edilmiş ərizələri mövcud deyildir. Həmçinin, daşınmaz əmlak barəsində mübahisə olduğu, bu səbəbdən texniki baxışa şərait yaradılmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli qərardadı ilə X3, X5, X21, X22, X23, X13, X7, X27, X20, X14 və X24 məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazla eyniməzmunlu izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasına üçüncü şəxslər qismində cəlb olunmuş X27 və X20 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdilər. Digər üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aşağıdakılar aiddir: İş materiallarında olan 12.02.2021-ci il tarixli, **********27 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişə əsasən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. İddiaçıya məxsus AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. ünvan 6 İstismar Təmir Sahəsinin 26.10.2020-ci il tarixli, 1104 nömrəli arayışına əsasən iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 13B nömrəli evin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 47 kvadrat metr olan, 3 otaqlı, 39 nömrəli mənzildə (bundan sonra – mübahisəli mənzil) yaşayır. Mənzildə iddiaçı ilə birlikdə 9 nəfər – X16, X21, X3, X5, X22, X27, X20, X23 qeydiyyatdadırlar. İş materiallarına mübahisəli mənzilin sxemi də əlavə edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-467/2019 saylı, 09.01.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı və onun övladları X20 və X17 cavabdehlər X1, X8, X6, X2 qarşı ayrıca sosial kirayə müqaviləsinin bağlanması tələbi barədə ilk iddiası təmin edilmiş və mübahisəli mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kvadrat metrlik bir otağına iddiaçı və övladları ilə ayrıca sosial kirayə müqaviləsi bağlanması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 22.09.2020-ci il tarixli, 154 nömrəli Sərəncamına əsasən mübahisəli mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kvadrat metrlik bir otağının icarə müqaviləsinin iddiaçının adına bağlanmaqla mənzilin şəxsi hesabının üç nəfər ailə üzvü ilə (özü, oğlu və qızı) onun adına dəyişdirilməsi qərara alınmışdır. Abşeron rayon X19 16 yanvar 1970-ci il tarixli, 1062 saylı orderin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13B, mənzil 39-da yerləşən yaşayış sahəsinin əsas icarədarı X25 olmuşdur. Onun ailə üzvləri kimi Gülxanım Ağayeva, Nasim Ağayev, Fəxrəddin Ağayev, Bibixanım Ağayeva, İsa Ağayev, Dünyaxanım Ağayeva, Səməd Ağayev və Saleh Ağayev həmin yaşayış sahəsində qeydiyyatda olmuşlar. İş materiallarına, həmçinin, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-467/2019 saylı icra vərəqəsi və Abşeron Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 06.03.1970-ci il tarixli protokolu da əlavə olunmuşdur. Üçüncü şəxslər - X27 və X20 tərəfindən təqdim edilmmiş ərizələrdən göründüyü kimi onlar iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Bundan əalvə məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunan normalardan əlavə İPM-in 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13-də yerləşən, ümumi sahəsi 47 kvadrat metr olan üç otaqdan ibarət 39 saylı mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kvadrat metrlik bir otağına kirayə müqaviləsi bağlanması nəticəsində müvafiq hüquq əldə etməsindən irəli gəlir. Belə olduğu tədqirdə hesab edilir ki, iddiaçının hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüququ var. Cavabdehin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Cavabdeh hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisəli yaşayış sahəsi Abşeron rayonu, Xırdalan şəhərində yerləşir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı cavabdeh orqan tərəfindən verilmiş 12.02.2021-ci il tarixli, **********27 saylı imtina məktubu iddiaçının inzibati orqana müraciət etməsinə dəlalət edir. Ona görə məhkəmə hesab edir ki, iddianın mümkünlük şərtlərinin bu hissəsinə də iddiaçı tərəfindən riayət olunub. İddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərlə bağlıdır ki, hazırkı iddia tələbi öhdəliyin icrası ilə bağlı olduğundan və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: yaşayış evi, yaşayış evinin hissəsi; mənzil, mənzilin hissəsi; otaq; bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir (13.4). Həmin Məcəllənin 17-ci maddəsinə əsasən Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür (17.2.): xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür (17.3.): sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (48.1.). Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (49.2.). Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür (59.1.). İşdən göründüyü kimi Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-467/2019 saylı, 09.01.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi və bunun nəticəsində Abşeron Rayon İcra Hakimiyyəti başçısının 22.09.2020-ci il tarixli, 154 nömrəli Sərəncamına əsasən mübahisəli mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kvadrat metrlik bir otağının icarə müqaviləsinin iddiaçının adına bağlanmaqla mənzilin şəxsi hesabı üç nəfər ailə üzvü ilə (özü, oğlu və qızı) onun adına dəyişdirilmişdir. Bunun nəticəsində iddiaçı və onun övladlarının mübahisəli yaşayış sahəsinə dair sosial kirayə müqaviləsi əsasında hüququ yaranmışdır. Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır (59.4.). İş materialları və iddiaçının verdiyi izahatla müəyyən olunur ki, o, övladları ilə birlikdə sosial kirayə müqaviləsi əsasında onların adına dəyişdirilmiş mübahisəli yaşayış sahəsinin (Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13-də yerləşən, ümumi sahəsi 47 kvadrat metr olan üç otaqdan ibarət 39 saylı mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kvadrat metrlik bir otağı) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Lakin cavabdeh orqan iddia tələbinə dair etirazında aşağıdakıları müəyyən edir: 1) Mübahisəli mənzilə dair təqdim edilmiş 1062 nömrəli orderin oxunmağa yararsız olması; 2) Qeydiyyata olan digər şəxslərin notarial qaydada təsdiq edilmmiş razılıq ərizələrinin olmaması. Cavabdeh tərəfindən irəli sürülmüş imtinanın birinci hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, mübahisəli mənzilə dair Abşeron rayon X19 1062 nömrəli, 16.01.1970-ci il tarixli orderi qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-467/2019 saylı, 09.01.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edimişdir. Həmin orderlə müəyyən edilmişdir ki, mübahisəli mənzil X11 icarəsinə verilmiş, onun ailə üzvləri kimi Gülxanım Ağayeva, Nasim Ağayev, Fəxrəddin Ağayev, Bibixanım Ağayeva, İsa Ağayev, Dünyaxanım Ağayeva, Səməd Ağayev və Saleh Ağayev həmin yaşayış sahəsində qeydiyyatda olmuşlar. Cavabdehin gətirdiyi ikinci imtina səbəbi ilə bağlı məhkəmə müəyyən edir ki, mübahisəli yaşayış sahəsinə dair məhkəməyə üçüncü şəxs qismində cəlb edilmiş X27 və X20 tərəfindən təqdim edilmiş ərizələrdən də göründüyü kimi onlar iddia tələbinin təmin olunmasına hər hansı bir etiraz irəli sürmürlər və bunu yazılı formada təqdim etdikləri ərizə ilə də sübut edirlər. Digər üçüncü şəxslərlə bağlı isə məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 467/2019 saylı, 09.01.2019-cu il tarixli qətnaməsi preyudisial əhəmiyyətə malik olmaqla həmin halı müəyyən etmiş və mübahisəli yaşayış sahəsinə dair iddiaçının və onun övladlarının adına ayrıca sosial kirayə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd olunan normaların məzmunundan göründüyü kimi cavabdeh orqanın irəli sürdüyü etiraz əsassızdır. İddiaçının mübahisəli yaşayış sahəsinə dair mövcud hüququ yaranmış və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı bir ziddiyyət müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13b ünvanında yerləşən, ümumi sahəsi 47 kvadrat metr olan üç otaqdan ibarət 39 saylı mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kvadrat metr olan bir otağına İddiaçı, eləcə də övladları X27 və X10 adına hüququn qeydiyyata alınması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-931/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-931/2021
02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver