Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-9322/2025 25.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiya məbləğinin birdəfəlik ödənilməsi) GİRİŞ HİSSƏ X5-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun hərəkətlərinin (ödəmə üsulunun) qanunsuz hesab edilməsi, ödənilməmiş pensiya məbləğinin tam şəkildə və birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsi, gecikmiş dövrlər üçün qanunvericiliklə nəzərdə tutulan dəbbə pulu (faizlər) hesablanaraq ödənilməsini təmin edilməsi, məhkəmə xərclərinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını, ödənilməmiş pensiya məbləğinin tam və birdəfəlik şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondu tərəfindən təyin edilmiş pensiya alır. Lakin müəyyən dövrlər üzrə ona çatacaq pensiya məbləği tam ödənilməmiş, DSMF tərəfindən bu məbləğin hissə-hissə (mərhələli şəkildə) ödənilməsi qərara alınmışdır. Bu hal iddiaçının qanuni hüquqlarını pozur, çünki Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 39-cu maddəsinə əsasən, pensiya məbləği tam həcmdə və vaxtında ödənilməlidir. Pensiya və ya onun ödənilməmiş hissəsi hissə-hissə ödənilməsi barədə hər hansı qanuni əsas yoxdur. Müraciətlərinə baxmayaraq, DSMF tərəfindən ödənilməmiş pensiya məbləği tam şəkildə deyil, yalnız mərhələlərlə ödənilir.
4. Cavabdeh qurumun məhkəməyə ünvanladığı iddiaya yazılı etiraz bildirilmişdir ki, İddiaçı 16 sentyabr 2002-ci il tarixindən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasını və ötən dövr məbləğinin birdəfəlik ödənilməsini xahiş etmişdir. Bununla əlaqədar Mərkəzi Filial tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə 21 iyul 2025-ci tarixli 3-17-1/2-170358/2025 nömrəli məktub ünvanlanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4-cü hissəsinin tələblərinə uyğun qaydada iddiaçının mərhum həyat yoldaşı X1 vəzifə maaşının artımı nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib edilərək mümkün qısa müddətdə Mərkəzi Filiala göndərilməsi xahiş edilmişdir. İddiaçı 22 iyul 2025-ci il tarixində Mərkəzi Filiala təkrar müraciət edərək, aldığı ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanma faizinin 80 faizə çatdırılmaqla xx.xx.2017-ci il tarixindən yaranan fərqin hesablanıb yaşını nəzərə alaraq mümkün qısa zamanda ödənilməsini xahiş etmişdir. İddiaçının əmək pensiyası yeni məlumat vərəqinə əsasən Mərkəzi Filialın 18 avqust 2025ci il tarixli 3-17-1/3-3-16656/2025 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsinin 1 iyul 2017-ci il tarixindən 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (1117,25 manat) 80 faizi - 893,80 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrə müvafiq indeksləşdirilmələr də nəzərə alınmaqla hazırda 1355,58 manat) məbləğində müəyyən edilmiş, eyni zamanda 1 iyul 2017-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, keçmiş müddət üçün hesablanmış 54156,07 manat fərq məbləğinin cari aydan etibarən Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (558,31 manat) hər ay iddiaçının əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. İddiaçı 10 sentyabr 2025-ci il tarixində yenidən Mərkəzi Filiala müraciət edərək, 80 yaşının olduğunu və səhhətində xroniki problemlər mövcud olduğunu bildirərək, fərq məbləğinin birdəfəlik və ya ən azı iki-üç hissəli ödəniş şəklində ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçının müraciəti Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/2-R-222017/2025 nömrəli məktubu ilə cavablandırılmışdır. İddiaçı hazırda eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı bildirilir ki, Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün hesablanmış fərq məbləğinin avların sayına bölünərək hissə-hissə ödənilməsi nəzərdə tutulub. Buna görə də ötən dövr üçün hesablanmış ümumi məbləğin birdəfəlik ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Beləliklə, hesab edirik ki, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Həmçinin bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunda ötən dövr üçün hər hansı dəbbə pulunun (faizlər) hesablanması nəzərdə tutulmamışdır, bu səbəbdən, iddia tələbinin üçüncü hissəsinin təmini üçün hüquqi əsas mövcud deyil. İddia tələbinin məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və isə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, hazırki iş üzrə dövlət rüsumu və Mülki Prosessual Məcəllənin 115-ci maddəsində nəzərdə tutulmuş işə baxılması ilə əlaqədar məsrəflər (şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; verində müavinə keçirilməsi ilə əlaqədar olan xərclər və s.) mövcud deyil. Deməli, iddia tələbi bu hissədə də əsassızdır.
5. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
6. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir
II. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. İddia tələbi pensiya məbləğinin birdəfəlik ödənilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. İddia mümkündür.
II. Tətbiq edilən hüquq
12. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 4.4-cü maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.
17. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir.
18. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyən etməlidir.
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
III. Məhkəmənin mövqeyi
20. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
21. İddiaçı 16 sentyabr 2002-ci il tarixindən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasını və ötən dövr məbləğinin birdəfəlik ödənilməsini xahiş etmişdir. Bununla əlaqədar, Mərkəzi Filial tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə 21 iyul 2025-ci tarixli 3-17-1/2-170358/2025 nömrəli məktub ünvanlanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4-cü hissəsinin tələblərinə uyğun qaydada iddiaçının mərhum həyat yoldaşı X1 vəzifə maaşının artımı nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib edilərək mümkün qısa müddətdə Mərkəzi Filiala göndərilməsi xahiş edilmişdir. İddiaçı 22 iyul 2025-ci il tarixində Mərkəzi Filiala təkrar müraciət edərək, aldığı ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanma faizinin 80 faizə çatdırılmaqla xx.xx.2017-ci il tarixindən yaranan fərqin hesablanıb yaşını nəzərə alaraq mümkün qısa zamanda ödənilməsini xahiş etmişdir. İddiaçının əmək pensiyası yeni məlumat vərəqinə əsasən Mərkəzi Filialın 18 avqust 2025ci il tarixli 3-17-1/3-3-16656/2025 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsinin 1 iyul 2017-ci il tarixindən 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (1117,25 manat) 80 faizi - 893,80 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrə müvafiq indeksləşdirilmələr də nəzərə alınmaqla hazırda 1355,58 manat) məbləğində müəyyən edilmiş, eyni zamanda 1 iyul 2017-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, keçmiş müddət üçün hesablanmış 54156,07 manat fərq məbləğinin cari aydan etibarən Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (558,31 manat) hər ay iddiaçının əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. İddiaçı 10 sentyabr 2025-ci il tarixində yenidən Mərkəzi Filiala müraciət edərək, 80 yaşının olduğunu və səhhətində xroniki problemlər mövcud olduğunu bildirərək, fərq məbləğinin birdəfəlik və ya ən azı iki-üç hissəli ödəniş şəklində ödənilməsinin təmin edilməsini xahiş etmişdir.
22. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
23. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
24. Göründüyü kimi, keçmiş müddət üçün alınmamış pensiya məbləğinin bidəfəyə ödənilməsi vəzifəsini müəyyən edən norma yoxdur. Əksinə, “Əmək pensiyaları haqqında” qanunun 32.1-1-ci müddəsinin ikinci cümləsində deyilir ki, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
25. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
26. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 68, 69, 75, 78-79, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X5-Abbaszadə