Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-933/2021 28.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi X1 qarşı “cavabdehdən maddi ziyana görə ümumilikdə 30000 manat, mənəvi ziyana görə isə 10000 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi X1 qarşı “cavabdehdən maddi ziyana görə ümumilikdə 30000 manat, mənəvi ziyana görə isə 10000 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi” tələbinə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil üçün ödədikləri pulun Abşeron A-l MTK tərəfindən geri qaytarılmaması və icra məmurlarının fəaliyyətsizliyi barədə uzun illər nazirliyə və aidiyyəti qurumlarına dəfələrlə müraciət etməyinə baxmayaraq tədbir görülmədi. Sonuncu dəfə iddiaçının ərizəsi baxılması üçün nazirliyə, nazirlik isə tabeli qurumuna göndərdi. Lakin Sumqayıt Regional Ədliyyə İdarəsinin rəhbəri Sahib Bayramov 3 il əvvəl yazdığı yalan sözləri 3 ay sonra (yəni vətəndaş müraciətinə baxılması qaydası haqqında qanunun 10-cu maddəsinin tələbini pozmaqla) yenidən şablon formada köçürüb cavablandırdı. O, eyni məzmunlu yalan məktubunda yazdı ki, guya MTK-nın pulu və əmlakı yoxdur, Ağamoğlan adlı rəhbərini isə icra məmurları guya uzun illərdir tapa bilmirlər (qoşma cavab məktubları). İddiaçı 2012-ci ildə Abşeron A-l MTK-dan 49637 manat nəqd ödəyib çoxmərtəbəli binadan mənzil aldı. MTK binanı yeni tikməkdə olduğundan mənzili nə vaxt təhvil verəcəklərini sədr Ağamoğlandan və köməkçisi Bakir adlı şəxsdən soruşdu. Onlara dedilər ki, hələlik binanın davamlı inşasına armatur və sement almağa maddi imkanları yoxdur, iş dayanıb və vətəndaşlardan topladıqları pullarla inşa edib 2013-ci ilin aprel ayında mənzilləri tam təhvil verəcəklər. Vəd etdikləri vaxt çatdı və hətta üstündən illər ötdü. Lakin mənzili təhvil vermədilər. Süründürməçilik etdikləri üçün məhkəməyə müraciət etdilər. Məhkəmələr qərar qəbul etdilər ki, mənzil vətəndaşa təhvil verilsin. Lakin Abşeron icra qurumunun və regional qurumun rəisləri Ramin və Sahib adlı şəxslərin rəhbərliyi ilə icra məmurları işin icrasında süründürməçilik etməyə başladılar. Müraciətdən sonra mənzili yoxa çıxarmağa çalışdılar ki, nömrələr üst-üstə düşmür və guya binaya baxış keçirməyə gedərkən orada mənzilin ümumiyyətlə olmadığını aşkar etmişlər. İddiaçı mənzilin fotoşəkillərini onlara verdi və tərtib etdikləri aktı tələb etsə də təqdim etmədilər. Bundan sonra özü xəstə olduğu üçün müraciətlə icra məmurlarından tələb etdi ki, belə olan halda icra işində oğlunun iştirakını da təmin etsinlər. Uzun süründürməçilikdən sonra şahidlərin, oğlu Anarın və 2 icra məmurunun iştirakı ilə birlikdə ünvana baxış keçirildi. Məlum oldu ki, dələduz MTK mənzili aldığı qiymətdən baha qiymətə, yəni 72000 manata tanımadığı digər şəxsə yaxın zamanda qanunsuz satmışdır. Oğlu Anar orada Asəm adlı Abşeron icra məmurundan soruşmudur ki, ”bəs deyirdiniz mənzil yoxdur”, o, dillənməmişdir. İcra məmurları bu səbəbdən süründürməçilik edib dələduz MTK-ya vaxt qazandırdılar ki, dələduz MTK rəhbərliyi müştəri tapıb mənzili digər şəxsə baha qiymətə satsın. Orada oğlu Anar tələb etmişdir ki, akt tərtib etsinlər və icra məmurları çarəsiz vəziyyətdə mənzilin digər şəxsə satılması barədə akt tərtib etmişlər MTK rəhbərliyinin dələduz hərəkətləri şübhə yaratdığından haqqında maraqlanmağa başladılar və aşkar etdilər ki, MTK rəhbərliyi 10 nəfər şəxsi eyni üsulla aldadıb qrup halında dələduzluqla məşğul olmuş, insanların etibarından sui-istifadə edərək daşınmaz əmlaklarını ələ keçirmiş və hüquqlarını qanunsuz olaraq əldə edib saxta sənədlərlə əmlaklarını gizli yolla digər şəxslərə yenidən satmış, insanların ödədiyi pullarını belə qaytarmadan vətəndaşlara külli miqdarda ziyan vurmuşdur. Bu şikayətlərən sonra Abşeron icra qurumundan bəlanı uzaqlaşdırmaq üçün işləri birləşdirib qanunsuz olaraq aidiyyəti olmayan rayona göndərdilər. Xızı icra qurumunda birləşdirilən eyni motivli 10 icra işi üzrə dediklərinə görə guya icra tədbirləri davam etdirilir. Xızı icra qurumu da iş görməkdən, onun-bunun şikayətləri barədə oğluna məlumat verir. Bunları öyrəndikdən sonra mənzildən ümidlərini üzüb ödədikləri pulu tələb etmək məcburiyyətində qaldılar. Beləliklə sonda məhkəmə qətnamələrinə əsasən Abşeron A-l MTK-dan və onun rəhbərliyindən 52637 manat milli pulun alınıb verilməsi qət edildi. Lakin Abşeron A-l MTK rəhbərliyi hazırda da dələduz hərəkətini davam etdirərək məhkəmə qətnaməsi olmasına baxmayaraq ödədikləri pulu qaytarmır, icra məmurları isə onlarla əlbir olub qəsdən fəaliyyətsizdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə ərizənin mümkünlük məsələsinə iddiaçının iştrakı olmadan baxılmasını mümükün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə, iddianın cavabdeh Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi X1 qarşı yönəldilməsi ilə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh qismində mütləq qaydada inzibati orqan çıxış edir. Bundan başqa İnzibati Prosessual Məcəllənin 27-ci maddəsi qısa olaraq inzibati prosesdə iştirakçıların dairəsinə dair qaydanı nəzərdə tutur. Normaya görə 2 qrup iştirakçılar fərqləndirilir. Birinci qrup prosesin “əsl iştirakçılar”ından, yəni iddiaçı və cavabdehdən, ikinci qrup isə prosesə “xüsusi qərar əsasında cəlb olunmuş iştirakçılardan təşkil olunur. Cəlb olunmanın xüsusi prosessual əhəmiyyətə malik olmasını nəzərə alaraq qanunverici bu institutu İPM-nin 28-ci maddədə ayrıca tənzimləmişdir. Prosesdə iştirakı zəruri olan iştirakçılar kimi iddiaçı və cavabdeh tanınır. İnzibati məhkəmə icraatında həm iddiaçı, həm də cavabdeh tərəfində şəxs və ya şəxslər birliyi çıxış edə bilər. Prosesdə iddiaçı və cavabdeh birlikdə tərəflər adlandırılırlar. Məhkəmə prosesində tərəflər qismində bir qayda olaraq öz adından dövlətdən mübahisəsinin həlli üçün hüquqi yardım istəyən və tələb edən şəxslər çıxış edirlər. Yəni məhkəmə prosesində tərəf kimi təmsil edən yox, təmsil edilən qəbul edilir. Prosesdə tərəf olan şəxs nə şahid, nə üçüncü şəxs, nə də başqa proses iştirakçısı qismində çıxış edə bilməz. Tərəflər ilə bağlı mülki prosessual qanunvericiliyin ümumi qaydaları tətbiq edilir. Əsl olmayan tərəfin əvəz edilməsi zamanı məhkəmə inzibati hüquqi qanunvericiliyin tələblərini nəzərə almaqla, MPM-in bu tərkiblə bağlı ümumi qaydalarını tətbiq edir. İnzibati prosessual qanunvericilik belə bir tezisdən çıxış edir ki, iddia ancaq o zaman yolveriləndir ki, iddiaçı həqiqətən də irəli sürdüyü tələbə malik olsun. Amma əgər prosesin gedişi zamanı hər hansı dəyişiklikdən irəli gələrsə ki, iddiaçı əsl olmayan tərəfdir, onda əsl olmayan iddiaçının razılığı əldə edildiyi halda, əsl iddiaçı ilə əvəz edilmə baş verir. Nəzərə alınmalıdır ki, iddiaçıların cavabdeh qismində fiziki şəxslərə qarşı iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməsi İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. Hesab olunur ki, vətəndaşların fiziki şəxslərə qarşı pul tələbi və mənəvi zərər ilə bağlı iddialarına mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Həmçinin iddiaçıya edilmiş xəbərdarlıqlara baxmayaraq iddia ərizəsində olan nöqsanlar onun tərəfindən aradan qaldırılmamışdır. İnzibati Prosessual Məcəlləsinin tələbləri baxımından verilmiş iddia tələbi inzibati mübahisənin predmeti olmadığı təqdirdə iddia ərizəsi qeyri-mümkün hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hazırkı iddia ilə Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ümumi şəhər (rayon) məhkəmələrinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-933/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-933/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver