Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-933/2025 09.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (su xəttinin sökülərək torpaq sahəsindən çıxarılması) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçı və onun ailə üzvlərinə məxsus daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən xx.xx.2012-ci il tarixli ********** saylı torpaq sahəsində çəkilmiş su xəttinin sökülərək torpaq sahəsindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və onun ailə üzvlərinə məxsus daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən xx.xx.2012-ci il tarixli ********** saylı torpaq sahəsində plastmas boru vasitəsilə çəkilmiş su xətinin sökülərək torpaq sahəsindən çıxarılması və bu illər ərzində onlara dəymiş maddi və mənəvi zərərə görə 10000 manat məbləğində pulun ödənilməsi öhdəliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının ailə üzvlərinə 1998-ci ildə Mehdiabad İnzibati Ərazi İdarəsi tərəfindən JN 811 kod 30800027 saylı dövlət aktı ilə pay torpağı verilmişdir. Sözügedən pay torpaq sahəsi 0.3148 ha hissədən ibarətdir. Eyni zamanda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən, xx.xx.2012-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə həmin torpaq sahəsi X1, X2 və İddiaçı şəxsi mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə onlara məxsus olan torpaq sahəsini əhatəyə almaq üçün xəndək qazdıran zaman su xəttində qəza baş verdi. Bu zaman dərhal qazıntı işi dayandırıldı və öz vəsaitləri hesabına qəzanı aradan qaldıraraq suyun bərpası təmin edildi. Beləliklə, iddiaçıya məlum oldu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onlara məxsus torpaq sahəsindən keçən plastik turba vasitəsi ilə plansız və qeyri-qanuni su xətti çəkilmiş, ətrafdakı evlər su ilə təmin edilmişdir. Hesab edilir ki, çəkilmiş həmin su xətti plansız və qanunsuz sayılır, çünki şəxsi mülkiyyətdə olan torpaq sahəsindən heç bir intrastruktur keçə bilməz. Qanunsuz çəkilmiş həmin su xətti torpaq sahəsinə aid olan ərazidən çıxarılıb yol kənarına köçürülməlidir. Əks halda onlara məxsus torpaq sahəsində tikinti aparılan zaman orada baş verə biləcək qəzaya cavabdehlik daşımırlar. Bu məsələ ilə bağlı dəfələrlə “Azərsu ASC-yə rəsmi şəkildə müraciət edilərək, qeyri-qanuni çəkilən su xəttinin torpaq sahəsindən çıxarılıb yol kənarına köçürülməsini xahiş etmişlər. Lakin cavab olaraq sözügedən qurum tərəfindən məsələnin həlli istiqamətində bu günə qədər heç bir əməli addım atılmamışdır. Eyni zamanda daşınmaz əmlakın sözügedən qurum tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********61 saylı məktubunda texniki baxış zamanı sənəd üzrə torpaq sahəsinin bir hissəsinin guya ümumi istiladədə olan yol kimi istifadə olunduğu, həmçinin torpaq sahəsindən yeraltı su xətti keçdiyi qeyd olunmuşdur. "xxxx" ASC-yə məsələ aydın olsa da işə məhəl qoymur, uzun illərdir ki, qeyri-qanuni əməlinə davam edir. Hazırda həmin qanunsuz çəkilmiş su xəttinin cavabdehin hesabına sökülməsinə zərurət meydana gəlmişdir.. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 9 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ailə üzvlərinə məxsus daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən xx.xx.2012-ci il tarixli ********** saylı torpaq sahəsində plastmas boru vasitəsilə çəkilmiş su xətinin sökülərək torpaq sahəsindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. Məhkəmənin qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti əsl Cavabdeh ilə əvəz edilmişdir. Lakin cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə heç bir münasibət bildirməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan JN 811 kod 30800027 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçı və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,41 ha torpaq sahəsi Abşeron rayon Aqrar İslahat komissiyasının qərarı ilə 10 noyabr 1998-ci il tarixdə ayrılmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən 0,31489 ha torpaq sahəsi iddiaçı və övladları Nəsrin Hüseynzadə və Emil Hüseynzadənin xüsusi mülkiyyətinə verilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, torpaq sahəsi iddiaçıya məxsus olmaqla həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Abşeron rayonu olduğu üçün (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvanvə Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı "xxxx" ASC-yə müraciət etmiş, lakin həmin orqanın müvafiq məktubu ilə ərizənin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Abşeron rayonu, Mehdiabad qəsəbəsi olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).
Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli Fərmanı 5.1. bu Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X6 Xidməti X11 yaradılsın. 6.2. X6 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvanvə Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçıya (ailə üzvləri ilə birlikdə) Abşeron Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair JN 811 KOD 30800027 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmiş və daha sonra daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarış verilərək torpağa dair xüsusi mülkiyyət hüququ 29 fevral 2012-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçının müvafiq orqana müraciəti zamanı torpaq sahəsinə texniki baxış keçirilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11n 4 saylı Abşeron Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvananlanan məktubunda müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olan yol kimi istifadə edilməsi və torpaq sahəsindən yeraltı su xəttinin keçməsi öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının qanuni istifadəsində və sahibliyində olan torpaq sahəsinin bir hissəsindən keçən yeraltı su xətti cavabdehin hesabına sökülməli və digər ümumi istifadədə olan hissəyə köçürülməlidir. Cavabdeh orqana dəfələrlə ünvanlanmış məktuba cavab verilməmiş və mövcud vəziyyəti təkzib edən hallar məhkəməyə təqdim edilməmişdir. Bu isə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəni yararsız vəziyyətə gətirməklə onun mülkiyyət hüquqularına müdaxiləni ehtiva edir. Bundan əlavə qeyd olunur ki, iddiaçıya məxsus torpaq sahəsində yeraltı qaz xətti də çəkildiyindən “Azəriqaz” İstehsalat Birliyinə ünvanlanan ərizə əsasında həmin torpaq sahəsindən keçəsn PE-63 mm-lik yeraltı orta qaz xətti kənara çıxarılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə2007-ci il 13 dekabr tarixli, §40 vəStolyarova Rusiya Federasiyasına qarşı iş üzrə2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının özünə məxsus torpaq sahəsinə plansız olaraq çəkilən su xəttinin həmin torpaq sahəsində həyata keçiriləcək tikinti işlərinə və mülkiyyətindən digər formada istifadənin həyata keçirilməsinə müəyyən maneələrin yaradılması və belə maneələrin qarşısının alınması üçün boru vasitəsilə çəkilmiş su xəttinin həmin torpaq sahəsindən çıxarılması öhdəliyi cavabdehin üzərin qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı və onun ailə üzvlərinə məxsus daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən xx.xx.2012-ci il tarixli ********** saylı torpaq sahəsində çəkilmiş su xəttinin sökülərək torpaq sahəsindən çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinetin olduğu təqdirdə kabinetə yerləşdirildiyi vaxtdan) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev