Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-935/2023 18.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “xx.xx.1979-cu il tarixindən xx.xx.1987-ci il tarixədək X1 iş stajının dövlət qulluqçusu kimi nəzərə alınmaqla, iddiaçıya xüsusi şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “iddiaçıya pensiya hüququnun yarandığı 02 iyul 2022-ci il tarixdən xüsusi şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “xx.xx.1979-cu il tarixindən xx.xx.1987-ci il tarixədək X1 iş stajının dövlət qulluqçusu kimi nəzərə alınmaqla, iddiaçıya xüsusi şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 02 iyul 2022-ci il tarixdə 65 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyasi almaq üçün sənədlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına göndərmişdir. Buna səbəb 01 iyul 1974-cü il tarixində 18 fevral 2015-ci il tarixinə qədər olan iş fəaliyyəti dövründə istehsalatın ayrı-ayrı sahələri ilə yanaşı, 01 avqust 1999-cu il tarixdən 02 aprel 2006-ci il tarixə kimi 4 il 8 ay (əmək kitabçasının 28-30-cu səhifəsində 21-25 qeydiyat nömrəsi) və 14 noyabr 2006-cı il tarixdən 19 sentyabr 2012-ci İl tarixə kimi 5 il 8 ay (əmək kitabçasının 28-30-cu səhifəsində 28-29 qeydiyyat nömrəsi) olan toplam, 10 il 6 ay Dövlət Qulluqçusu kimi əmək fəaliyyəti göstərilir. 2004-cü ilin fevral ayinda işdə olarkən avtomabil qəzası keçirmişdir və qismən ağır xəsarət almışdır. Buna baxmayaraq bir müddət ambulator müalicə alaraq işini davam etdirmişdir. Sonradan səhhətindəki ağrıları nəzərə alaraq 02 aprel 2004-cü ildə öz ərizəsi ilə işdən azad olmuşdur. 12 may 2004-cü il tarixdən 12 noyabr 2004-cu il tarixə kimi (əmək kitabçasının 28-ci səhifəsi 26- 27 qeydiyyat nömrəsi) Siyəzən Rayon Məşğulluq mərkəzində o dövrdə tutduğu vəzifəyə (nümayəndə) görə verilən əmək haqqı həcmində müavinət almışdır. O, 30 sentyabr 1979-cu il tarixindən 15 yanvar 1987-ci il tarixə kimi (7il 8 ay) Azərbaycan SSRİ X4 işləmiş və 1982-1985-ci illərdə Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyasını) bitirmişdir. X1 əmək fəalliyəti tam olmadığı üçün həmin dövrdəki iş stajının Dövlət Qulluğuna bərabər tutulması ilə bağlı etdiyi müraciətlərlə cavab olaraq bildirmişdir ki, X4 işlədiyiniz müddətin Dövlət Qulluğuna bərabər tutulması, Azərbaycan Respublikası Prezidentindən 14 iyul 2021-ci il tarixli 1398 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə edilib. Bu məsələyə yəni X4 xidmət etdiyi dövrün dövlət qulluğu stajına hesablanması zamanı nəzərə alınması, məsələsinə bu qayda və şərtlər müəyyən edildikdən sonra baxıla bilər. Hesab edir ki, ona pensiya təyin olunarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuşdur. 2012-ci il tarixə kimi 15 ildən artıq Dövlət Qulluğunda əmək stajı olduğuna baxmayaraq, ona xüsusi şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, idda tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2022ci il tarixdən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına uyğun olaraq 240 manat pensiya təyin edilmişdir. Təyinatdan razı qalmayan iddiaçı cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq, cavabdeh orqan 21 sentyabr 2022ci il tarixli **********9 nömrəli cavab məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və qeyd etmişdir ki, iddiaçı qanunvericiliklə tələb olunan yetərli güzəştli sosial sığorta stajına malik deyil. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: Bildiririk ki, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cı maddəsinə əsasən prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, dövləl təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin maddədə əlavə olaraq qeyd edilir ki, Bu orqanların (Azərbaycan Respublikasının Mərkəz Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər - xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir. Həmin Qanunun 22.7-2-ci maddəsində nəzərdə tutulmuşdur ki, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Sözügedən qaydaların və şərtlərin hazırlanması Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2021-ci il tarixli 1398 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunmuşdur. Qanunverici orqan dövlət qulluqçusu və xüsusi rütbəli şəxsləri bir birindən fərqləndirir. Belə ki, dövlət qulluğuna verilən anlayışa görə dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Dövlət qulluqçusu dedikdə isə bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Bununla belə dövlət qulluqçularının ixtisas dərəcələri olur ki, həmin ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərməklə yanaşı ona inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Sözügedən Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövləl qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Xüsusi rütbəli şəxslər, yəni dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər dövlət qulluqçularından fərqli olaraq müvafiq icra hakimiyyət orqanının əsasnaməsinə əsasən təminat xərcliyi və əlavə pul təminatı da alırlar. Bununla yanaşı dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərə ixtisas dərəcələri deyil, xüsusi rütbə verilir. Dövlət qulluqçusuna pensiya təyinatının aparılması və pensiya məbləğinin hesablanması qaydası "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur. Dövlət qulluğunun xüsusi növündə olanlara pensiya təyinatının aparılması qayda və şərtlər müxtəlifdir, eləcə də onlarda pensiya məbləğinin hesablanması da dövlət qulluğuna görə əmək pensiyasından fərqlənir. Göründüyü kimi dövlət qulluğunun xüsusi növündəki sosial sığorta stajının dövlət qulluqçusunda mövcud sosial sığorta stajına daxil edilməsi o qədər də asan məsələ deyildir. Cavabdeh orqan öz imtina məktubunda qeyd etdiyi kimi bu məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti 14 iyul 2021-ci il tarixdə 138 nömrəl Fərman qəbul etmiş, qayda və şərtlərin müəyyən edilməsini Nazirlər Kabinetinə həvale etmişdir. Bu da aydındır ki, hələ ki, Nazirlər Kabineti bununla bağlı akt qəbul etməmişdir. Beləliklə, dövlət qulluqçusuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 15 il güzəştli sosial sığorta stajı tələb edildiyi halda iddiaçının 10 il 6 ay (xx.xx.1999-xx.xx.2004-cü il və xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər) güzəştli sosial sığorta stajı vardır. Nəticə etibarilə, iddiaçıya dövlət qulluqçusu kimi güzəşti şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hal-hazırda qeyrimümkündür.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. - 01 iyul 1974-cü il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək, xx.xx.1979-cu ildən xx.xx.1987-ci ilədək, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək, xx.xx.1989-cu ildən xx.xx.1999-cu ilədək, xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək, xx.xx.2004-cü ildən xx.xx.2012-ci ilədək, xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək, xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Məhkəməyə sorğu əsasında X3 daxil olmuş 04 sentyabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. "Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Adıçəkilən Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası"nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qaydanın 7-1-ci hissəsinə əsasən dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikasının 29 İyun 2001-ci il tarixli 168-1İQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X4 xidmət keçmə haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən X4 xidmət keçmə bu orqanlarının funksiya, vəzifə və hüquqlarını öz peşə fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən polis əməkdaşı polis orqanlarında müəyyən vəzifə tutan və bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur.” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının 21 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən xüsusi stajının olmaması səbəbindən imtina etmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırki inzibati iş öhdəliyin icrası haqqında idda növünə aidddir və iddiaçının yaşayış ünvanı ünvan 1 İnzibati Məhkəməsində baxılmalıdır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı ona güzəştli şərtlərə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 21 sentyabr 2022-ci il tarixli məktubu ilə iddiaçıya güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edildiyini bildirmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinanın əsası kimi iddiaçının qanunvericiliklə tələb olunan güzəştli sosial sığorta stajına malik olmamasını göstərərək, onun xx.xx.1979-cu il tarixindən xx.xx.1987-ci ilədək X1 stajını dövlət qulluqçusunun güzəştli sosial sığorta stajı kimi qəbul etməmişdir. Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Qanunun 7.1-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Qanunun 9-cu maddəsinə görə dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Qanunun 17.1-ci maddəsinə görə ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qanunun 23.2-ci maddəsinə görə dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) əmək pensiyasına əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında əmək pensiyasına əlavələr təyin edilir. Qanunun 20.11.2-ci maddəsinə görə dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən, xx.xx.1979-cu il tarixindən xx.xx.1987-ci ilədək X1 stajının dövlət qulluqçusu stajına daxil edilib-edilməməsi ilə bağlı aidiyyatı üzrə sorğular verilmişdir. Məhkəməyə sorğu əsasında X3 daxil olmuş 04 sentyabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası"nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qaydanın 7-1-ci hissəsinə əsasən dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.” Yuxarıda sadalanan normaların tələbindən və sorğuya cavab məktubundan müəyyən edilir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşların fəaliyyəti dövlət qulluğu kimi qəbul edilmiş və onlara dövlət qulluqçularına təyin edilmiş hüquqların verilməsi nəzərdə tutulmuşdur. İddiaçının həmin əmək fəaliyyətinin öz əksini tapdığı əmək kitabçası da mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xüsusi iş stajına malik oduğundan ona tələbi üzrə dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1987-ci il tarixədək X1 iş stajının dövlət qulluqçusu kimi nəzərə alınmaqla, ona dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1987-ci il tarixədək X1 iş stajının dövlət qulluqçusu kimi nəzərə alınmaqla, ona dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva