Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-9351/2025 19.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilməsi barədə qərarının ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı il tarixində Azərbaycan Respublikası, Cəbrayıl rayonunda anadan olmuşdur. X12, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2003-cü ildən xx.xx.2012-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hər il müayinədən keçməklə 3-cü qrup əlillik təyin edilmiş və xx.xx.2012-ci ildə səhhətində olan ağırlaşmalara görə xx.xx.2012-ci ildən xx.xx.2026-cı ilədək 23 ildən çox olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hər il müayinədən keçməklə 2-ci dərəcə əlillik təyin edilmişdir, lakin hüquqi savadsızlığından cavabdehdən müddətsiz əlillik təyin edilməsini tələb etməmişdir. xx.xx.2021-ci ildə tibb müəssiəsinin göndərişi əsasında təkrar əlillik təyin edilməsi üçün cavabdehə göndərilmiş, lakin cavabdeh xx.xx.2026-cı ildə müddətsiz əlillik təyin etmək əvəzinə 5 illik əlillik təyinatı aparmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin xx.xx.2026-cı ilədək ona əlillik təyinatı aparılması əsassız və qanunsuz hesab edir, belə ki, o, fasiləsiz olaraq 23 ildən çox əlildir, bu səbəbdəndə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci ildə 5 il müddətinə təyin edilmiş əlillik təyinatı dəyişdirilməli və 2-ci dərəcə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməlidir. Hal-hazırda 66 yaşının olmasını nəzərə alaraq 23 ildən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik təyin edilməsidir. Əlilliyinin müddətsiz təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, 2003-cü ildən bu günə kimi qiymətləndirilmişdir, 66 yaşı var və 23 ildən çoxdur əlildir, hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən əlilliyi müddətsiz təyin edilməlidir, bu səbəbdən də hal-hazırda müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bu barədə qeyd etdiyi Ali Məhkəmənin 2-l(102)-2473/2023 nömrəli xx.xx.2023-cü il tarixli analoji qərarına əsasən kassasiya instansiya məhkəməsinin mövqeyi nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz: İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçıya 1999-cu ildən "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar" 2-ci dərəcə əlillik təyin edilmiş və iddiaçı fasiləsiz olaraq 10 il müddətinə hər il müayinədən keçmiş, nəticədə ona xx.xx.2009-cu il tarixdən "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar" 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. Bundan sonra, iddiaçının əlillik vəziyyəti xx.xx.2018-ci il tarixdə yenidən qiymətləndirilmiş və ona bu dəfə 5 il müddətinə "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" səbəb əlaqəsi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Apeilyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində iddiaçıya müddətsiz ikinci qrup əlilliyin təyin olunması qüvvədə olduğu halda, ona xx.xx.2018-ci ildə ikinci dərəcə əlilliyin 5 il müddətinə təyin edilməsi həmin vaxtda qüvvədə olmuş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə ”-nin tələblərinə uyğun olmamışdır. Cavabdehin dəlilinə görə, müddətsiz əlillik təyini üçün şəxs ilk növbədə əlil olmalı və əlillik təyini müddətsiz 10 il ərzində mövcud olmalıdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, iddiaçıya xx.xx. 2018-ci ildə ikinci dərəcə əlillik müayinənin nəticəsi olaraq təyin edilmiş, bu zaman xx.xx.2009-cu ildən ömürlük təyin edilmiş 2-ci dərəcə əlilliyin yalnız səbəb əlaqəsi dəyişdirilərək "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" göstərilmişdir. Başqa sözlə, həmin göstərici iddiaçının xx.xx.2018-ci il tarixədək malik olduğu 2-ci dərəcə əlilliyin əsaslarını və həmin dərəcəli əlilliyin ümumi müddətinin fasiləsizliyini aradan qaldırmamışdır. Beləliklə, iddiaçıya əlilliyin müddətsiz təyin edilməsi əsasları xx.xx.2018-ci il tarixdə ona əlillik təyin edilərkən mövcud olduğundan, onun yenidən, cavabdehin qeyd etdiyi qaydada müayinəyə cəlb edilməsi də istisna edilir. Cavabdehin kassasiya şikayətinin təkrarlanan digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil olub-olunmaması cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, 1999-2018-ci illərdə iddiaçıya əlillik dərəcəsi təyin edilməsinə əsas olmuş diaqnozun göstəriciləri təkrarlandığı halda, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 16, 38, 24, 57, 60, 61, 147, 149ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"hin (Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri:) 4.2-ci maddəsinə, Əlilliyin qiymətləndirilməsi qaydasının 3-cü bəndinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik təyin edilməsindən imtina olunması barədə cavabdehin qərarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(120)-350/2023 saylı qərarı (hakim X5) ilə iddia təmin edilmiş, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən təyin olunmuş İİ dərəcəli əlilliyinin etibarsız hesab edildiyi xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Tərəfimizdən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2-1(106)-8/2025 nömrəli qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X7 və X3) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(120)- 350/2023 saylı qərarı dəyişdirilmiş, əlilliyin təyin edilməsindən imtina olunması barədə cavabdehin qərarı ləğv edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Tərəfimizdən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)- 1442/2025 nömrəli qərardadı ilə şikayət mümkün sayılmamışdır. Qeyd olunan qərar icra edilmiş və iddiaçıya xx.xx.2021-ci il tarixdən etibarən 5 il müddətinə Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Hazırda iddiaçının əlilliyi qüvvədədir. İddiaçı barəsində yeni göndəriş rəsmiləşdirilməmişdir. Həmçinin iddiaçı hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməmişdir.Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilməsi barədə qərarının ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsini istəyir. İş materiallarına iddiaçının Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksində müvəqqəti məskunlaşması barədə Abşeron rayonu 1 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 1612 saylı arayışı əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci ildə ona əlillik təyinatından imtina etməsinin əsassız hesab edilməsi və xx.xx.2021-ci il tarixdən ikinci qrup əlilliyinin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(120)-350/2023 saylı qərarı (hakim X5) ilə iddia təmin edilmiş, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən təyin olunmuş İİ dərəcəli əlilliyinin etibarsız hesab edildiyi xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin “əlillik təyin edilməsindən imtina olunması barədə cavabdehin qərarının ləğv edilməsini və xx.xx.2021ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2-1(106)-8/2025 nömrəli qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X7 və X3) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(120)-350/2023 saylı qərarı dəyişdirilmiş, əlilliyin təyin edilməsindən imtina olunması barədə cavabdehin qərarı ləğv edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmişdir. Qeyd olunan qərar icra edilmiş və iddiaçıya xx.xx.2021-ci il tarixdən etibarən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbləri ilə bağlı məhkəmə aktı mövcuddur. Məhkəmə hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2-1(106)-8/2025 nömrəli qərarı preyudisial əhəmiyyət daşıyır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə qərarının preyudisiallığı prinsipi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı) Həmçinin, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-4389/2025 saylı qərardadından görünür ki, iddiaçı eyni tələblə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, iddiaçıya Şirvan İnzibati Məhkəməsinin icraatında olmuş və yekun qərarla nəticələnmiş 2-1(102)-350/2023 nömrəli iş üzrə qəbul edilmiş qərarın icrası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsa da, iddiaçı eyni tələblə xx.xx.2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-9351/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-9351/2025
19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver