Məhkəmə qərarları › İş №2-1(118)-9354/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-9354/2025

30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-9354/2025 30.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə (Açar sözlər: məcburi köçkün statusu və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçı X8, iddiaçının qanuni nümayəndəsi İddiaçı iştirakları ilə İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 30 yanvar 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Vİİ-ЖГ seriyalı, 373263 saylı “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 və X5 1 dekabr 1999-cu il tarixdə nikahlarını bağlamışlar.

2. AZ-İİ seriyalı, 351677 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 6 sentyabr 2009-cu il təvəllüdlü X8 atası - İddiaçı, anası X4r.

3. X1 məxsus AA seriyalı, 223352 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Dövlətqaçqınkomun 7 iyul 2010-cu il tarixli qərarına əsasən verilmişdir.

4. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal Sahəsinin 19 noyabr 2025-ci il tarixli, 1621 nömrəli arayışından görünür ki, X3 rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi məcburi köçkün qəsəbəsində yerləşən ev 1, mənzil 34 ünvanında müvəqqəti məskunlaşmışdır.

5. Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyətinin 18 sentyabr 2025-ci il tarixli, 5-43/2-Ə-18-1784/2025 nömrəli məktubundan görünür ki, Füzuli rayon, Füzuli şəhər sakini İddiaçı 23 avqust 1993-cü il tarixədək Füzuli rayonunun Füzuli şəhərində yaşamış, məcburi köçkün olmuşdur. Hazırda məcburi köçkün kimi Abşeron rayonunda məskunlaşıb yaşayır və vahid aylıq müavinət alır.

6. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 29 sentyabr 2025-ci il tarixli, 3-36-3/2-Ə-120xx-xx/2025/13022 nömrəli X10 göndərilmiş məktubundan görünür ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, X8 anası X2 qeydiyyatı ünvan 4 ünvanında olduğundan övladına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

7. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 9 yanvar 2026-cı il tarixli, 3-36-3/2-141/2026 saylı məktubu ilə X10 münasibətdə aparılmış inzibati icraat materialları göndərilmişdir: - X10 göndərilmiş məktub (§6); - Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə X8 müraciət ərizəsi; - AZ-İİ seriyalı, 351677 nömrəli “Doğum haqqında şəhadətnamə” (§2); - X1 məxsus AA seriyalı, 223352 saylı məcburi köçkün vəsiqəsi (§3); - digər sənədlər.

Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün statusuna malik olmasına əsaslanaraq X10 məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əsl iddiaçı X13 ilə əvəz edilməsini və onun qanuni nümayəndəsi qismində tanınmasını xahiş etmişdir. Ərizə məhkəmənin 19 yanvar 2026-cı il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

10. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

12. Etiraz daxil olunmamışdır.

Tərəflərin iştirakı və izahatları:

13. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir.

15. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Odur ki, məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

16. İlk növbədə qeyd edilməlidir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla, ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verdiyindən mümkün hesab edilir.

17. Bununla yanaşı, məhkəmə hər iki tərəfin mövqeyini iş materiallarında olan sübutlarla birlikdə mövcud maddi (və prosessual hüquq normaları (İPM-in 12, 13, 58.7, 68-ci maddələri) ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

18. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

19. Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1-ci bəndinə görə məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Lakin hazırkı iş üzrə iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndinin tələbi ödənilmir.

20. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2025-ci il tarixli, 2-1(102)-880/2025 sayı qərarında qeyd edilmişdir ki, “Məhkəmə yuxarıda qeyd edilən mövcud məhkəmə praktikası ilə razılaşaraq qeyd edir ki, iddiaçının anasını məcburi köçkün statusuna malik olması Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 1-ci şərtin ödənilməsini təmin edir. 38. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. 39. Belə ki, iddiaçının atası ünvan 5 ünvanında qeydiyyatdadır. Füzuli rayonu, Horadiz qəsəbəsi 1994-cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. 1994-cü ildə Horadiz qəsəbəsi işğaldan azad olunduqdan sonra qəsəbə sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş verməmişdir. ... 43. Göründüyü kimi, iddiaçının atasının daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Füzuli rayonun Horadiz qəsəbəsi işğal olunmuş ərazi olmadığından Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmişdir. 44. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyasının qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, ... iddiası rədd edilməlidir.”

21. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

22. İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar