Məhkəmə qərarları › İş №2-1(118)-937/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-937/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-937/2025 25.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hissəvi ləğv edilməsi tələbi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 25 sentyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. JN 037B, KOD 30107038 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Qusar Rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 saylı qərarı ilə X17 və X2 0,66 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir.

2. Qusar rayonu Gündüzqala bələdiyyəsinin 17 mart 2006-cı il tarixli, 16 nömrəli qərarından görünür ki, Qusar rayonu, Gündüzqala kəndinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan 0,12 ha torpaq sahəsi həyətyanı ev tikmək məqsədilə İddiaçı satılmışdır.

3. Qusar rayonu Gündüzqala bələdiyyəsinin nümayəndəsi, torpaqalan İddiaçı və rayon torpaq şöbəsinin müdirinin iştirakları ilə tərtib edilmiş “Torpaqların alqı-satqısına dair akt”.

4. Qusar rayonu Gündüzqala bələdiyyəsinin 22 may 2006-cı il tarixli, 185524 nömrəli “Kassa mədaxil orderin qəbzi”ndən görünür ki, İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsi üçün 148 manat məbləğində ödənişi kassaya mədaxil etmişdir.

5. Fərdi yaşayış tikintisi üçün torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK Qusar rayon şöbəsinin rəyi.

6. İddiaçı həyətyanı məqsədilə satılacaq 0,12 ha torpaq sahəsinin yerquruluşu planından (miqyas 1:2000) çıxarış.

7. Qusar rayonu, Gündüzqala kəndi ərazisindən İddiaçı satılmış 0,12 ha torpaq sahəsinin yerquruluşu xəritəsindən (miqyas 1:2000) çıxarış.

8. Qusar rayonu Gündüzqala bələdiyyəsinin 12 may 2022-ci il tarixli, 01 nömrəli arayışından görünür ki, İddiaçı 17 mart 2006-cı il tarixli iclas protokolunun 16 saylı qərarına əsasən fərdi evin tikilməsi məqsədi ilə 0,12 ha həyətyanı torpaq sahəsi şatılmış, ona görə də İddiaçı dövlət çıxarışının verilməsinə etiraz edilməmişdir.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 7 iyun 2022-ci il tarixli, **********61 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən Qusar rayon Gündüzqala bələdiyyəsinin 17 mart 2006-cı il tarixli, 16 saylı qərarı ilə fərdi mənzilin tikintisi üçün satılmış 0,12 ha torpaq sahəsinə dair bələdiyyə tərəfindən tərtib edilmiş və Qusar RİHB-nın aparatının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş sxemlərdə göstərilən yerlə faktiki göstərilən yer tam fərqlidir. Bundan əlavə, bildirilmişdir ki, faktiki torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində JN-37B nömrəli şəhadətnamə ilə digər şəxsə məxsus torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizələrinin icrasından imtina olunmuşdur.

10. Qusar Rayon Dövlət Arxivinin 25 may 2023-cü il tarixli, 3-48-30RA/2-xx-xx/2023 nömrəli arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayon Gedəzeyxur inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərin Gündüzqala kəndi üzrə 14 nömrəli təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 876 olan X8 təsərrüfatın xüsusi mülkiyyətində 1996-1999-cu illərdə cəmi 0,25 ha torpağın olduğu qeyd edilmişdir.

11. Qusar Rayon İcra Hakimiyyəti başçısının Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 mart 2024-cü il tarixli, 188 nömrəli arayışından görünür ki, İddiaçı hal-hazırda Qusar rayonun Gündüzqala kəndində yaşayır.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 noyabr 2023-cü il tarixli, 3-21-3-34/2-F-0059-8/2023 nömrəli məktubundan görünür ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və qeyd olunan Qusar rayonu, Gündüzqala kəndində yerləşən torpaq sahəsinə dair vətəndaş X17 və X1 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən hazırlanmış JN-37B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan 0,66 ha torpaq sahəsinin 0,12 ha hissəsində ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin 22 aprel 2024-cü il tarixli, 3-21-3-60/2-900/2024 nömrəli məktubundan görünür ki, Mərkəzin arxivində JN-037B (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin nüsxəsi mövcud deyildir.

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 7 may 2024-cü il tarixli, 3-21-3-34/2-4880/2024 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə GPS aləti vasitəsilə ölçü işləri aparılmış və ərazinin koordinatları müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahələrinə aid olmaqla 0,12 ha təşkil edir və hər tərəfdən hasara alınaraq İddiaçı istifadəsində yerləşir, lakin torpaqların elektron kadastrı uçotu informasiya sisteminə və məlumatlarına əsasən torpaq sahəsi bütövlükdə 0,12 ha olmaqla X13 və X2 xüsusi mülkiyyətinə verilmiş JN-037B (KOD ********) nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ilə üst-üstə düşür və həmin şəhadətnamədə torpaq sahəsi 0,66 ha ölçüdə qeyd olunmuşdur. Torpaq sahəsi kommunikasiya xətlərinin qoruma zolağına düşmür.

15. Qusar Rayon Dövlət Arxivinin 8 iyun 2024-cü il tarixli, 3-48-30RA/2-2xx-xx/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Qusar rayonu Gündüzqala kənd sakinidir. Bələliklə Qusar rayonu Gündüzqala bələdiyyə sənədlərinə baxış keçirilmişdir ki, Qusar rayonu Gündüzqala bələdiyyəsinin 2006-2007-ci illərin sənədləri qovluğunda İddiaçı ev tikmək üçün 0,12 ha torpaq sahəsinin satılması haqqında Qusar rayonu Gündüzqala bələdiyyəsinin 17 mart 2006-cı il tarixli, 16 nömrəli qərar və qərara əsasən digər torpaqayırma sənədlər aşkar edilmişdir. Lakin baxılmış Gündüzqala bələdiyyə sənədlərində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş KOD 301070** JN *** B saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamənin olması aşkar edilməmişdir. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - Qusar rayonu Gündüzqala bələdiyyəsinin 17 mart 2006-cı il tarixli, 16 nömrəli qərarı (§2); - 0,12 ha torpaq sahəsinin yerquruluşu planından çıxarış (§6); - “Torpaqların alqı-satqısına dair akt” (§3); - Fərdi yaşayış tikintisi üçün torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK Qusar rayon şöbəsinin rəyi (§5); - 22 may 2006-cı il tarixli, 185524 nömrəli “Kassa mədaxil orderin qəbzi” (§4).

16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 iyul 2024-cü il tarixli, 3-21-3-02/2-8281/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - Qusar Rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 nömrəli qərarı; - Qusar rayonunun Gündüzqala kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X17 və X2 ümumi 0,24 ha torpaq sahəsi ayrılmışdır. - KOD 30107038 şəhadətnaməyə dair torpaq sahəsinin ölçüsünün cədvəlindən görünür ki, X17 və X1 həyətyanı torpaq sahəsi 0,24 ha, zəbt olunan torpaq sahəsi 0,62 ha, ümumi mülkiyyətə verilən torpaq sahəsi 0,8522 ha olaraq göstərilmişdir. - JN 037B, KOD 30107038 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” (§1);

17. Qusar Rayon İcra Hakimiyyəti başçısının Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 oktyabr 2024-cü il tarixli, 5-63-22/2-50/2024 nömrəli məktubundan görünür ki, Qusar rayonun Gündüzqala kəndində yaşamış X8 və X1 vərəsələr sırasına X14 (vəfat edib), X9, X18, X10, X11, X19, X20, X5, X15 daxildir.

18. Qusar Rayon Dövlət Arxivinin 28 fevral 2025-ci il tarixli, 3-48-30RA/2-2xx-xx/2025 nömrəli məktubundan görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu keçmiş Gündüzqala kolxozu üzrə 1995-1997-ci illərin Aqrar İslahat Komissiyasının sənədlərində 29 oktyabr 1997-ci il tarixli, 15/1 saylı qərarı ilə təsdiq edilmiş Qusar rayonu Gündüzqala kolxozunda torpaq payı almaq hüququ olan subyektlərin adlı siyahısı mövcuddur. Həmin siyahının ailələrin sayı qrafasının 53-cü sıra sayında X32 və X12 adları olan hissədən arxiv surətləri qoşma şəklində göndərilmişdir.

19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 20 avqust 2025-ci il tarixli, 3-21-3-34/2-10850/2025 nömrəli məktubundan görünür ki, JN-037B saylı, Kod 30107038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də torpaq sahəsi 0,66 ha qeyd olunmasının əsası barədə hər hansı məlumat aşkar edilməmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri:

20. İddiaçı (bundan sonra – “iddiaçı R.Balayev”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş KOD 30107038 JN-037B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Gündüzqala bələdiyyəsinin 17 mart 2006-cı il tarixli, 16 saylı qərarı ilə həmin kəndin ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi iddiaçıya satılmışdır. İddiaçı həmin qərar əsasında cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən bildirilmişdir ki, yuxarıda qeyd edilən torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində JN-37B nömrəli şəhadətnamə ilə digər şəxsə məxsus torpaq sahəsinin cizgiləri daxilindədir. Cavabdehin məktubunda göstərilən JN-37B saylı şəhadətnamə həmkəndliləri X8 və X1 adlarınadır. X17 24 mart 2009-cu il tarixdə, X4 1 iyul 2009-cu il tarixdə vəfat etmişlər. Onların adlarına olan KOD 30107038 JN-037B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,66 ha həyətyanı torpaq sahəsi iddiaçıya yuxarıda qeyd edilən bələdiyyə qərarı əsasında satılan torpaq sahəsindən xeyli aralıda yerləşir və həmin şəxslər faktiki olaraq uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə edirlər. Bələdiyyənin qərarı ilə iddiaçıya satılmış 0,12 ha torpaq sahəsi isə iddiaçının özünün faktiki istifadəsindədir. Bundan başqa, qeyd edilir ki, X8 və X1 təsərrüfatının mülkiyyətində cəmi 0,24 ha həyətyanı torpaq sahəsi olsa da, naməlum səbəblərdən həmin şəxslərin mülkiyyətinə 0,66 ha torpaq sahəsi verilmişdir. Hesab edilir ki, Qusar rayonu Gündüzqala bələdiyyəsinin 17 mart 2006-cı il tarixli, 16 saylı qərarı ilə iddiaçıya satılmış 0,12 ha torpaq sahəsinin X8 və X1 adlarına olan KOD 30107038 JN-037B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin cizgiləri daxilinə salınması qanunsuz və əsassız olmuşdur. İddiaçı həmin şəhadətnamənin ona satılmış 0,12 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi və onun torpaq sahəsinin həmin şəhadətnamədə göstərilən torpaq sahəsinin cizgiləri daxilindən çıxarılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən imtina verilmişdir. Bundan başqa, yaranmış mübahisəli halla əlaqədar iddiaçı Qusar rayonu Gedəzeyxur bələdiyyəsinə də müraciət etmiş və oradan bildirilmişdir ki, yuxarıda qeyd edilən şəhadətnamə düzgün olmayaraq iddiaçıya satılmış torpaq sahəsinin üzərinə işlənilmişdir.

22. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 149.2, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3, 2.4, prosessual hüquqi əsası kimi isə İPM-in 2.1, 2.2-ci maddələrinə istinad olunmuşdur.

23. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

24. Məhkəmənin 26 noyabr 2024-cü il tarixli, 2-1(118)-3449/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi” tələbinə dair iş üzrə X14, X9, X18, X10, X11, X19, X20, X5, X6 (bundan sonra – “üçüncü şəxslər”) üçüncü şəxslər qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır.

25. Məhkəmənin 17 iyun 2025-ci il tarixli, 2-1(118)-937/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi” tələbinə dair iş üzrə məhkəmənin 26 noyabr 2024-cü il tarixli, 2-1(118)-3449/2024 nömrəli qərardadı X7 üçüncü şəxs qismində cəlb edilməsi hissəsində ləğv edilmiş, X7 üçüncü şəxs kimi prosessual statusu ləğv edilmişdir.

26. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri:

27. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmiş, imtina məktubunda göstərilən hallara (§12) istinad edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

28. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, üçüncü şəxslər tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsi zəbt olunduğu üçün mübahisələndirilən şəhadətnamə iddiaçıya məxsus 0,12 ha sahəyə aid hissədə ləğv edilməlidir.

29. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, üçüncü şəxslərə məxsus 0,12 ha torpaq sahəsi zəbt olunmuş, həmin sahə ailə üzvlərinə məxsusdur. Həmçinin qeyd etmişdir ki, torpaq sahəsi tərəflərindən digər şəxslərə satılmamışdır. Torpaq sahələrinin paylanma vaxtından həmin sahəsi mərhum valideynlərinə ayrılmış, zəbtetmə halı mövcud olmuşdur. Ümumilikdə mülkiyyətinə 0,82 ha torpaq sahəsinin onlara məxsus olduğunu bildirmişdir. Torpaq sahəsinin onlara məxsus olduğuna baxmayaraq, 3 il müddətdir ki, iddiaçı tərəfindən zəbt edilmişdir. Zəbtetmə ilə əlaqədar məhkəməyə də müraciət edilmişdir. Çıxarış almaq üçün müraciət edilən zaman isə həmin torpaq sahəsində evin mövcud olduğu bildirilmişdir. Həmçinin qeyd etmişdir ki, ailəsinə məxsus torpaq sahəsin onlara qaytarılmasın istəyir, odur ki, həmin sahənin iddiaçıya verilməsi ilə razı deyil. Onlara məxsus 0,5 ha torpaq sahəsi zəbt olunduğu üçün digər ərazidə torpaq sahəsi verilmişdir. Eyni zamanda, adam başı 0,5 ha, həyətyanı 0,12 ha verildiyini, 0,5 ha-ın bələdiyyə tərəfindən zəbt olunduğunu, zəbt olunan torpaq sahəsinə daha sonra şəhadətnamənin verildiyini bildirmişdir.

30. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

32. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

33. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

34. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

35. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

36. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

37. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

38. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

39. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-) Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)

40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. (-)

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-)

Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)

41. TM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)

Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

Maddə 67.Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)

Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

42. MM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar

139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)

43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

44. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

45. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

c) Məhkəmənin mövqeyi

46. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.

47. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, elektron məlumat bazasında olan xəritə üzərində cizgiləri daxil edilmiş həmkəndliləri X17 və X1 adlarına olan JN-37B nömrəli şəhadətnamədə göstərilən 0,66 ha həyətyanı torpaq sahəsi iddiaçıya bələdiyyə qərarı əsasında satılan torpaq sahəsindən xeyli aralıda yerləşir və 0,12 ha torpaq sahəsi iddiaçının özünün faktiki istifadəsindədir. Bundan başqa, iddiaçıya satılmış 0,12 ha torpaq sahəsinin X8 və X1 adlarına olan KOD 30107038 JN-037B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin cizgiləri daxilinə salınması qanunsuz və əsassız olmuşdur.

48. Cavabdeh tərəfin mövqeyinə görə isə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və qeyd olunan Qusar rayonu, Gündüzqala kəndində yerləşən torpaq sahəsinə dair vətəndaş X17 və X1 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən hazırlanmış JN-37B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan 0,66 ha torpaq sahəsinin 0,12 ha hissəsində ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.

49. İş materialında olan sənədlərlə müəyyən olunur ki, Qusar rayonu Gündüzqala bələdiyyəsinin 17 mart 2006-cı il tarixli, 16 nömrəli qərarı ilə iddiaçıya həyətyanı ev tikmək məqsədilə ayrılan 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması zamanı sahənin JN 037B, KOD 30107038 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında üçüncü şəxslərə verilmiş 0,66 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. Hazırda da iddiaçı məhkəməyə müraciət edərək, iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsi münasibətdə üçüncü şəxslərə məxsus şəhadətnamənin ləğv edilməsini xahiş edir.

50. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata dair iddiaların öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alınarsa qeyd edilməlidir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir.

51. Həmçinin, formalaşmış təcrübəyə əsasən, bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina və etirazına münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.

52. Bu baxımdan İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində təqdim edilən sənədlərin mötəbərliyinin yoxlanılması istiqamətində məhkəmə tərəfindən araşdırma aparılaraq aidiyyəti orqanlara sorğular verilmişdir.

53. Məhkəmə sorğusuna münasibətdə cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahələrinə aid olmaqla 0,12 ha təşkil edir, faktiki olaraq iddiaçının istifadəsindədir, kommunikasiya xətlərinin qoruma zolağına düşmür, lakin bütövlükdə 0,12 ha olmaqla üçüncü şəxslərin (mərhum valideynləri X17 və X4) xüsusi mülkiyyətinə verilmiş JN-037B KOD 30107038 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə” ilə üst-üstə düşür və həmin şəhadətnamədə torpaq sahəsi 0,66 ha ölçüdə qeyd olunmuşdur.

54. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-037B KOD 30107038 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamə Qusar Rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 nömrəli qərarı əsasında verilmiş, torpaq sahəsinin ölçüsü 0,66 ha olaraq müəyyən edilmişdir. Qusar Rayon Dövlət Arxivi tərəfindən təqdim edilən sənədlər ilə qeyd edilən Aqrar İslahat Komissiyasının qərarı, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən göndərilmiş arxiv çıxarışları isə mübahisələndirilən şəhadətnamə, xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə X17 və X1 adlarının mövcud olduğu müəyyən edilmişdir.

55. Eyni zamanda, qeyd olunan torpaq sahəsinin ayrılmasına dair cədvəldə torpaq sahəsinin ölçüsü müəyyən edilərək, həyətyanı 0,24 ha, zəbt olunan torpaq sahəsi isə 0,62 ha ölçüsündə göstərilmişdir.

56. Bundan əlavə, məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahatında bildirmişdir ki, hazırkı ərazi mərhum valideynlərinə ayrılarkən, zəbtetmə halı mövcud olmuşdur. Torpaq sahəsinin onlara məxsus olduğuna baxmayaraq, 3 il müddətdir ki, iddiaçı tərəfindən zəbt edilmişdir. Eyni zamanda qeyd etmişdir ki, onlara məxsus 0,5 ha torpaq sahəsi bələdiyyə tərəfindən zəbt olunmuş, daha sonra hazırkı əraziyə dair şəhadətnamə tərtib edilərək, onlara verilmişdir.

57. Beləliklə məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi üçüncü şəxslərə 1997-ci ildən, yəni iddiaçıya müvafiq bələdiyyə qərarı ilə satıldığından daha əvvəl ayrıldığı, bu faktın müvafiq arxiv sənədləri ilə öz təsdiqinin tapdığı, uzun müddət onların faktiki istifadəsində və mülkiyyətində olduğu üçün iddiaçının iddia tələbi əsaslı deyildir.

58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə etimad hüququnun qorunması prinsiplərini əsas götürərək, vətəndaşların hüquqlarına qanunsuz müdaxilənin qarşısının alınmasını təmin etmək üçün hazırkı iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

59. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar