Məhkəmə qərarları › İş №2-1(118)-938/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-938/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-938/2022 22.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin Şəxsiyyət vəsiqəsi və Qeydiyyat şöbəsinə qarşı “X2 ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, L.Sadıq küçəsi, 21 nömrəli mənzilə olan qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, L.Sadıq küçəsində yerləşən 21 saylı evə dair Qeydiyyat Vəsiqəsi (10779 Reyestr nömrəli) iddiaçının adınadır. 1969-cu il təvəllüdlü X3 onun doğma qardaşıdır. Qardaşı müəyyən sənədləşmə işləri ilə bağlı onu iddiaçıya məxsus fərdi yaşayış evinə qeydiyyata alınması üçün icazə verməyi xahiş etmişdir. O, sənəd işlərini həll etdikdən sonra bildirdi ki, onun evinə olan qeydiyyatını ləğv edəcəkdir. İddiaçı da hüquqi savadı olmadığı üçün onun dediklərinə inanmış və evinə qeydiyyata düşməsi üçün icazə vermişdir. Belə ki, qardaşı X3 verdiyi sözü tutmayaraq hələ də ona məxsus evdə qeydiyyatdadır. İddiaçı 4 ildir ki, qardaşı ilə danışmır, onunla heç bir əlaqəsi yoxdur. Hətta onun özünə məxsus şəxs evi olsa da, iddiaçı onun evinin ünvanını bilmir. Qardaşı onunla qərəzli olduğu üçün o ona məxsus evdən qeydiyyatdan çıxmır. İddiaçı bir mülkiyyətçi kimi həmin şəxsin evində qeydiyyatda olması səbəbindən mülkiyyətindən rahat və maneəsiz istifadə edə bilmir. İddiaçı ilk əvvəl həmin şəxsin qeydiyyatdan çıxması ilə bağlı cavabdehə müraciət etmiş, lakin inzibati orqan onun müraciətini təmin etməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçı covid-19 vaksinasiya sertifikatı olmadığına görə məhkəmə prosesinə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X3 bildirdi ki, iddiaçı onun bacısıdır və qeyd olunan mənzil bacısının xüsusi mülkiyyətindədir. Belə ki, atası vəfat etdikdən sonra miras qalmış əmlaka tələb irəli sürülməməsi məqsədi ilə İddiaçı onu özünə məxsus olan mənzilə pasport qeydiyyatına almışdır. Hal hazırda başqa ünvanda yaşayır və həmin mənzildən yuxarıda göstərilən səbəblərdən qeydiyyatdan çıxarılmasına etiraz edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 12.01.2022-ci il tarixli, 128-103751Ə nömrəli imtina məktubu, Dövlət Tikinti İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1319 inventar nömrəli Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, 2 nömrəli Forma arayış, Saray Qəsəbə İƏD tərəfindən verilmiş 4557 nömrəli, 24.12.2021-ci il tarixli arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, L.Sadıq küçəsi, 21 nömrəli mənzil Dövlət Tikinti İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1319 inventar nömrəli Qeydiyyat vəsiqəsi əsasında İddiaçı məxsusdur. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs X3 qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır.Belə ki, onun məhkəmədə verdiyi ifadəsindən məlum olmuşdur ki, o daimi əsaslarla başqa ünvanda yaşayır. Ona görə də məhkəmə hesab edir ki, X1 rayonu, Saray qəsəbəsi, L.Sadıq küçəsi, 21 nömrəli mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X2 İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi, L.Sadıq küçəsi, 21 nömrəli mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Abşeron Rayon Polis İdarəsinin Şəxsiyyət vəsiqəsi və Qeydiyyat şöbəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar