Məhkəmə qərarları › İş №2-1(118)-938/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-938/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-938/2024 14.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən qəbul edilmiş 15 may 2023-cü il tarixli 01/02-450 nömrəli “vergi borcunun tutulması haqqında” Qərarın ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı iddia qaldıraraq “Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən qəbul edilmiş 15 may 2023-cü il tarixli 01/02-450 nömrəli “vergi borcunun tutulması haqqında” Qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli OB/037 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Xırdalan şəhəri, “AAAF-Park" yaşayış sahəsi, 22 nömrəli küçədə yerləşən 2 saylı 5 mərtəbəli yaşayış yaşayış binasının 80 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi sahibliyində və istifadəsindədir (müqavilə əlavə edilir). Abşeron Rayon Xırdalan Bələdiyyəsi 15 may 2023-cü il tarixli 01/02-450 nömrəli “vergi borcunun tutulması haqqında” qərar çıxararaq, müvafiq qeyri-yaşayış sahəsinə görə cari il üçün 24 (iyirmi dörd) manat əmlak, o cümlədən 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 48 (qırx səkkiz) manat, faiz üzrə 13,03 (on üç manat üç qəpik) manat, maliyyə sanksiyası üzrə 40 (qırx) manat olmaqla, ümumilikdə 125,03 (bir yüz iyirmi beş manat üç qəpik) manat məbləğndə ümumi borcun iddiaçıdan tutularaq, Abşeron Rayon Xırdalan Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi qərara alınmışdır (qərarın surəti əlavə edilir). Bəhs olunan qərar icra olunlması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra şöbəsi 04 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərar çıxararaq, eyni tarixli tələbin könüllü icrası haqqında bildiriş tərtib edilmişdir. Müvafiq “vergi borcunun tutulması haqqında” qərardan məlumatı olmamışdır. Yalnız Abşeron Rayon İcra və Probasiya Şöbəsi (icra məmuru X2) tərəfindən istifadə etdiyi və yuxarıda qeyd edilən mobil telefon nömrəsinə 05 iyul 2023-cü il tarixdə göndərilmiş sms mətnindən belə bir qərarın olduğu ilə bağlı məlumatlandırılmışdır (sms mətnləri əlavə edilir). Qeyd edilən tarixdə, yəni 06 iyul 2023-cü il tarixdə müvafiq icra şöbəsinə yaxınlaşaraq, mübahisəli "vergi borcunun tutulması haqqında” qərarın, tədiyyə bildirişinin, 04 iyul tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətlərini rəsmi qaydada qəbul edərək, imza ilə təsdiq etmişdir. (bildirişlərin və qərarın surətləri əlavə edilir). Belə ki, cavabdeh Abşeron Rayon Xırdalan Bələdiyyəsi tərəfindən sözügedən qeyriyaşayış sahəsinə, onun yerləşdiyi torpaq sahəsinə görə əsassız olaraq vergi borcu hesablamışdır. Qeyd olunmalıdır ki, bələdiyyə tərəfindən hesablanmış vergi borcu tamamilə qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 196-cı maddəsinə əsasən, bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir; 200.1-ci maddəsinə əsasən, binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır; 200.5-ci maddəsinə əsasən, cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir; 200.6-cı maddəsinə əsasən, binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir; 203.1-ci maddəsinə əsasən, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır; 203.2-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar; 204-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir; 205-ci maddəsinə əsasən, fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. “Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı metodiki Vəsait”ə əsasən bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət, torpaq sahələrinə isə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın (torpağın) yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır. İşin hallarından da göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində deyil, müqavilə bağlandığı vaxtdan hazırkı dövrə qədər yalnız istifadə və sahibliyindədir. Cavabdeh təşkilat tərəfindən 2020-ci ildən bəri hesablanan vergi tamamilə qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 139.3-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir; 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2010-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, baq, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 73-cü maddəsinin İİ hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmiş, məhkəmə iclaslarında iştirak etməmişdir, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, mahiyyəti baxımındanda əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibət bildirməyi vacib sayır. Belə ki, iddia mübahisələndirmə haqqında iddiadır. İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Mübahisələndirilən inzibati aktın rəsmi qaydada iddiaçıya çatdırılması, iddianı mümkünsüz edən hərhansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia aşağıdaki əsaslara görə təmin edilməlidir. Belə ki, iddiaçı ilə AAAF-Park” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli OB/037 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Xırdalan şəhəri, “AAAF-Park" yaşayış sahəsi, 22 nömrəli küçədə yerləşən 2 saylı 5 mərtəbəli yaşayış yaşayış binasının 80 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi X1. Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 15 may 2023-cü il tarixli 01/02-450 nömrəli “vergi borcunun tutulması haqqında” qərarı ilə müvafiq qeyri-yaşayış sahəsinə görə cari il üçün 24 (iyirmi dörd) manat əmlak, o cümlədən 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 48 (qırx səkkiz) manat, faiz üzrə 13,03 (on üç manat üç qəpik) manat, maliyyə sanksiyası üzrə 40 (qırx) manat olmaqla, ümumilikdə 125,03 (bir yüz iyirmi beş manat üç qəpik) manat məbləğndə ümumi borcun iddiaçıdan tutularaq, Abşeron Rayon Xırdalan Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərar icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra şöbəsi 04 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərar çıxararaq, eyni tarixli tələbin könüllü icrası haqqında bildiriş tərtib edilmişdir. İddiaçı hazırda Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən qəbul edilmiş 15 may 2023-cü il tarixli 01/02-450 nömrəli “vergi borcunun tutulması haqqında” Qərarın ləğv edilməsini istəyir. İddiaçı qeyd edir ki, müvafiq “vergi borcunun tutulması haqqında” qərardan məlumatı olmamışdır. Yalnız Abşeron Rayon İcra və Probasiya Şöbəsi (icra məmuru X2) tərəfindən istifadə etdiyi və yuxarıda qeyd edilən mobil telefon nömrəsinə 05 iyul 2023-cü il tarixdə göndərilmiş sms mətnindən belə bir qərarın olduğu ilə bağlı məlumatlandırılmışdır (sms mətnləri əlavə edilir). Qeyd edilən tarixdə, yəni 06 iyul 2023-cü il tarixdə müvafiq icra şöbəsinə yaxınlaşaraq, mübahisəli "vergi borcunun tutulması haqqında” qərarın, tədiyyə bildirişinin, 04 iyul tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətlərini rəsmi qaydada qəbul edərək, imza ilə təsdiq etmişdir. Cavabdeh orqan tərəfindən isə qərarın qanuniliyini sübut edən hərhansı inzibati icraat materialı təqdim edilməmiş, məhkəməyə dəvət edilsə də məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə sərəncamını icra etməmişdir. Məhkəmə hesab edir ki, bələdiyyələr vergi öhdəliyini müəyyən edən qərarı yalnız müvafiq qaydada inzibati icraat aparıldıqdan sonra qəbul edə bilərlər. Eyni zamanda vergi borcunun tələb edilməsidə qanunvericiliyin tələblərinə uyğun olmalıdır. İnzibati İcraat haqqında Qanunun 61-ci maddəsinə əsasən: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Lakin mübahisələndirilən qərar əsaslandırılmamış, sadəcə olaraq konkret vergi məbləği tələləb edilmiş, həmin borcun yaranma səbəbləri əsaslandırılmamaış, iddiaçının inzibati icraata cəlb edilməsi, ümumiyyətlə inzibati icraatın aparılması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. İnzibati İcraat haqqında Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” əsasnamənin tələblərinə əsasən: 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. 5.2. Bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş hallarda dövlət vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlamasında iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinə müvafiq yoxlamanın keçirilməsində iştirakı barədə bələdiyyənin qərarı verilməlidir. Qərar bələdiyyənin sədri (yaxud onun müavini) tərəfindən imzalanır. Qərarda dövlət vergi orqanının, səyyar vergi yoxlaması keçirilən obyektin adı, yoxlamada iştirakın məqsədi, müddətləri (bu müddət dövlət vergi orqanının keçirdiyi yoxlamanın müddəti həddində olmalıdır), yoxlamada iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinin (şəxslərinin) adı, soyadı, atasının adı göstərilməlidir. 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. 5.8. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 5.9. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. 5.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Lakin cavabdeh yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati icraat aparmamış, nəticədə iddiaçı üçün əlverişsiz inzibati akt qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olduğu halda, məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, ümumiyyətlə müvafiq sərəncam verilsədə məhkəmə sərəncamını icra etməmiş, məhkəmə iclaslarında iştirak etməmişdir. Beləliklə Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən qəbul edilmiş 15 may 2023cü il tarixli 01/02-450 nömrəli “vergi borcunun tutulması haqqında” Qərar inzibati icraatın nəticəsi kimi qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edilənlər mübahisələndirilən inzibati aktın qanunsuz olduğunu göstərir və ona görə də məhkəmə hesab edir ki iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakla bağlı qanunvericilikdə nəzərdə tutulmuş vergilərin hesablanması və tələb edilməsi cavabdeh inzibati orqanın vəzifəsidir. Lakin bununla bağlı qanunvericiliyə uyğun inzibati icraat aparılmalı, vergi öhdəliyi yaradan mülkiyyət sənədləri müəyyən edilməli, vergi hesablanması üçün əsasları araşdırmalı, inzibati icraat haqqında qanunvericiliyin və vergi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu Görədil Bələdiyyəsi tərəfindən iddiaçı X4 barəsində qəbul edilmiş 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən qəbul edilmiş 15 may 2023-cü il tarixli 01/02-450 nömrəli “vergi borcunun tutulması haqqında” Qərar ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar