Məhkəmə qərarları › İş №2-1(118)-939/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-939/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-939/2021 07.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı “İddiaçı ilə Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və müvafiq aktın tərtib edilib imzalanması vəzifəsinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinə həvalə edilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı “İddiaçı ilə Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və müvafiq aktın tərtib edilib imzalanması vəzifəsinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinə həvalə edilməsinə” dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 19.01.2007-ci il tarixli qərarı ilə İddiaçı Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərarın 2-ci bəndində qeyd edilmişdir ki, X6 AR Qanununun 19-cu maddəsinə uyğun olaraq torpağın alğı- satqı aktı tərtib edilsin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsində qeydiyyata alınsın. Həmçinin torpaq sahəsinin planı da tərtib olunmuş, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən rəy verilmişdir. Eyni zamanda bu məsələ ilə bağlı hüquqlarını təmsil etdiyi şəxs tərəfindən Sumqayıt Şəhər Bələdiyyəsinə 021649 nömrəli 08.12.2006- cı il tarixli, 021975 nömrəli 14.02.2007-ci il tarixli mədaxil qəbzlərinə əsasən müvafiq ödənişlər həyata keçirilmişdir. Hüquqlarını təmsil etdiyi şəxs ərizə ilə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, Sumqayıt şəhəri, Bakı-Quba yolunun cənubunda, Ceyrantaban qəsəbəsi yaxınlığında yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan ölçüsünün verilməsini xahiş etmişdir. AR İqtisadiyyat Nazirliyi vanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********38 nömrəli 01.02.2021-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, alğı- satqı aktı tərtib edilmədiyindən onun müraciətinin təmin olunmasından imtina edilir. Yaranmış zərurətlə əlaqədar olaraq İddiaçı ilə Sumqayıt Şəhər Bələdiyyəsi arasında Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinin alğı-satqısına dair aktın və müqavilənin, eləcə də zəruri digər bütün sənədlərin surətinin təqdim edilməsi barədə tərəfindən 26.02.2021-ci il tarixli sorğu ilə Sumqayıt Bələdiyyəsinə müraciət edilmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən üvanlanmış 12.03.2021-ci il tarixli 529 nömrəli məktubla bildirilmişdir ki, sözügedən torpaq sahəsinin alğı-satqısına dair akt tərtib edilmədiyindən Sumqayıt Bələdiyyəsində mövcud deyildir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçının hüquqlarını təmsil etdiyi şəxs tərəfindən həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi üçün zəruri bütün hərəkətlər yerinə yetirilmiş, ödənişlər həyata keçirilmiş və qanuna müvafiq olaraq rəy alınmışdır. Lakin məlum olmayan səbəblərdən həmin torpaq sahəsinin alğı-satqısına dair müqavilə imzalanmamış və akt tərtib edilməmişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən, Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, ipotekası, nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət və icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən, Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən, Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 1 hissəsində göstərilmişdir ki, Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində göstərilmişdir ki, İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində qeyd edilir ki, 1. Hər kəsin qanunla qadağan olnumayan üsul və vasitələrə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır; İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 61-cı maddəsində qeyd edilir ki, İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.İİİ. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Eyni zamanda "İnsan Hüquqları və X3 Haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində qeyd edilir ki, "Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir." Eyni zamanda "İnsan Hüquqları və X4 Haqqında" Konvensiyanın 13-cü maddəsində qeyd edilir ki, "Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Maddə 14. Ayrıseçkliyin qadağan olunması bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır". Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 10-cu maddəsinə əsasən, 10.1. İnzibati məhkəmə icraatını həyata keçirərkən hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. 10.2. İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə əlaqədar hakimə hər hansı təsir göstərilməsi qadağandır. 10.3. İnzibati mübahisəyə baxılması və ona dair qərarın qəbul edilməsi ilə əlaqədar hakimin birbaşa və ya dolayı göstərişlər gözləməsi və ya belə göstərişləri qəbul etməsi yolverilməzdir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən, 11.1. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, Məcburetmə haqqında iddia vasitəsilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçı tərəf hazırkı mərhələdə mülkiyyət hüququna edilmiş bu qanunsuz müdaxilənin aradan qaldırılmasının yegənə üsulu kimi Sumqayıt İnzibati Məhkəməsinin qanunvericiliyin ona verdiyi səlahiyyətlərdən istifadə edərək ədaləti bərpa edə bilmək imkanını qəbul edir və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı mübahisələndirdiyi torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin qərarı ilə onun adına rəsmiləşdirilsə də, həmin torpaq sahəsinə dair tərəflər arasında torpağın alqı-satqısına dair müvafiq akt (müqavilə) bağlanılmamışdır. İddiaçının torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatından keçirə bilməsi üçün də məhz torpağın alqı-satqı aktı tələb olunur ki, həmin akt da iddiaçıya verilə bilməzdi. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması üçün bələdiyyənin qərarı və onlarla bağlanılan müqavilələr əsasdır. İddiaçıya alqı-satqı aktı 2014-cü ilin aprel ayınadək verilə bilərdi. Hal-hazırda isə 2014-cü ildə torpaq qanunvericiliyinə dair normativ-hüquqi aktlarda edilmiş dəyişikliklərə görə torpağın alqısatqı aktlarının verilməsi müddəası ləğv edilərək notarial qaydada təsdiq edilən alqı-satqı müqavilələrinin verilməsi ilə əvəz olunduğundan, həmçinin həmin alqı-satqı aktını qeydiyyata alan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin özü də ləğv edildiyindən, torpağın alqı-satqı aktının verilməsi mümkün deyildir. Sumqayıt Bələdiyyəsinin mübahisələndirilən torpaq sahəsinə dair heç bir iddiası yoxdur. Belə ki, iddiaçı torpağın pulunu Sumqayıt Bələdiyyəsinin büdcəsinə tam ödəmişdir. Sadəcə olaraq yuxarıda qeyd edilən qanun dəyişikliyi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunması səbəbindən Sumqayıt Bələdiyyəsinin torpağın alqı-satqı aktını verməsi bələdiyyənin imkanı xaricindədir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iddianın mümkünsüzlüyü ilə bağlı ilkin olaraq qeyd edir ki, iddiaçı məhkəmədən xahiş etdiyi tələblə bağlı ilkin olaraq inzibati orqana müraciət etməmişdir. İddiaçı ərizəsində qeyd edir ki, yaranmış zərurətlə əlaqədar olaraq İddiaçı ilə Sumqayıt Şəhər Bələdiyyəsi arasında Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinin alğı-satqısına dair aktın və müqavilənin, eləcə də zəruri digər bütün sənədlərin surətinin təqdim edilməsi barədə tərəfindən 26.02.2021-ci il tarixli sorğu ilə Sumqayıt Bələdiyyəsinə müraciət edilmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən üvanlanmış 12.03.2021-ci il tarixli 529 nömrəli məktubla bildirilmişdir ki, sözügedən torpaq sahəsinin alğı-satqısına dair akt tərtib edilmədiyindən Sumqayıt Bələdiyyəsində mövcud deyildir. Lakin məhkəmədən tələb “İddiaçı ilə Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və müvafiq aktın tərtib edilib imzalanması vəzifəsinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinə həvalə edilməsinə” dairdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. İddiaçının müraciəti alğı-satqı aktının və müqavilənin və digər zəruri sənədlərin sürətinin təqdim edilməsi ilə bağlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən formada müraciət edilsə belə, hazırkı iddia digər əsaslarla mümkün sayılmamalıdır. Beləki məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq rəylər alınandan sonra səlahiyyətli orqan tərəfindən ayrılmış, qanunvericiliyin hər hansı bir tələbi pozulmamışdır. Yalnız inzibati orqan müvafiq inzibati aktı qəbul edəndən sonra müqavilə münasibətlərini müəyyən edən alğı-satqı aktı tərtib edilməmiş və müvafiq qeydiyyatdan keçməmişdir. Göründüyü kimi müvafiq sənədləşmə işlərindəki çatışmazlıq müqavilə münasibətləri ilə bağlıdır. Cavabdeh inzibati orqan iddiaya etirazında qeyd edir ki, Sumqayıt Bələdiyyəsinin mübahisələndirilən torpaq sahəsinə dair heç bir iddiası yoxdur. Belə ki, iddiaçı torpağın pulunu Sumqayıt Bələdiyyəsinin büdcəsinə tam ödəmişdir. Göründüyü kimi tərəflər arasında tamamlanmamış münasibətlər mülki xarakterlidir və cavabdehin iddiaçıya qarşı heç bir mülki tələbi yoxdur. Lakin məhkəmə qeyd edir ki, bu mülki münasibətlərin müəyyən olunması mülki məhkəmə icraatı qaydasında mümkün ola bilər. Bundan əlavə cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı mübahisələndirdiyi torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin qərarı ilə onun adına rəsmiləşdirilsə də, həmin torpaq sahəsinə dair tərəflər arasında torpağın alqı-satqısına dair müvafiq akt (müqavilə) bağlanılmamışdır. İddiaçının torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatından keçirə bilməsi üçün də məhz torpağın alqı-satqı aktı tələb olunur ki, həmin akt da iddiaçıya verilə bilməzdi. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması üçün bələdiyyənin qərarı və onlarla bağlanılan müqavilələr əsasdır. İddiaçıya alqı-satqı aktı 2014-cü ilin aprel ayınadək verilə bilərdi. Hal-hazırda isə 2014-cü ildə torpaq qanunvericiliyinə dair normativ-hüquqi aktlarda edilmiş dəyişikliklərə görə torpağın alqısatqı aktlarının verilməsi müddəası ləğv edilərək notarial qaydada təsdiq edilən alqı-satqı müqavilələrinin verilməsi ilə əvəz olunduğundan, həmçinin həmin alqı-satqı aktını qeydiyyata alan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin özü də ləğv edildiyindən, torpağın alqı-satqı aktının verilməsi mümkün deyildir. Göründüyü kimi iddiaçı hazırda qüvvədə olmayan qanunvericiliyə uyğun olaraq iddiaçıdan sənədlərin tərtibini istəyir. Beləki, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə14 fevral 2014-cü il Qanuna əsasən 9-cu maddənin dördüncü hissəsində “alqı-satqı aktı tərtib edilir” sözləri “müqavilə bağlanılır” sözləri ilə əvəz edilmişdir. Həmçinin iddiaçıya torpaq sahəsi ayrılan zaman alqı-satqı aktını qeydiyyata alan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin özü də ləğv edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbləri əsasında iddiaya baxılmasının mümkünlüyünü istisna edir. İddiaşıya izah edilsin ki, cavabdeh Sumqayıt Bələdiyyəsi ilə aralarında yaranmış inzibati hüquq münsibətləri qanunvericiliyin tələblərinə uyğun olduğu üçün, bələdiyyə ilə aralarında yaranmış mülki hüquq münasibətlərinin müəyyən olunması üçün, mülki məhkəmə icraatı qaydasında mövcud ola biləcək hüquq müdafiə vasitələrindən istifadə imkanı istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar