Məhkəmə qərarları › İş №2-1(118)-939/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-939/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-939/2022 18.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızının və onun yetkinlik yaşına çatmayan övladı X4 Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 605 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızının və onun yetkinlik yaşına çatmayan övladı X4 Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 605 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Rreystrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 6-5 saylı ev tam mülkiyyət hüququ ilə İddiaçı adına 06.09.102ci ildə qeydiyyata alınmışdır. İddiaçının mülkiyyətində olan sözügedən mənzildə X5 və X7 qeydiyyatdadırlar. X5 iddiaçının keçmiş gəlini, X7 isə nəvəsidir. İddiaçının cavabdeh X3 qarşı evdən çıxarılmaya dair 15 senytabr 2020-ci il tarixli iddia tələbi Abşeron rayon Məhkəməsi tərəfindən təmin edilmiş və cavabdehin Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 605 saylı evdən çıxarılması və istifadə hüququna xitam verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Abşeron rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kopllegiyasının 2(102)-4820/21 saylı mülki iş üzrə 12 oktyabr 2021-ci il tarili qətnaməsinə əsasən cavabdehin şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli qıtnamısi qismən- cavabdehin mübahisəli evdən istifadə hüququqna xitam verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbinin rədd edilməsi, qalan hissədə isə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin evdən istifadə hüququ əmələ gəlmədiyi üçün onun istifadə hüququna xitam verilə bilməz. Cavabdehin və onun yetkinlik yaşına çatmayan övladının mübahisəli mənzilə istifadə hüquqlarının olmamasına baxmayaraq onlar formal olaraq orada qeydiyyatdadır. Bu isə mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Vətəndaş İddiaçı Abşeron rayon Polis İdarəsinə müraciət edərək Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızının və onun yetkinlik yaşına çatmayan övladı X4 Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 605 saylı evdən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Abşeron rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı 30 dekabr 2021-ci il tarixli məktubu ilə müraciətin təmin olunmasından imtina edilmiş və iddiaçının məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 605 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı Arayışdan görünür ki, Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızı və onun yetkinlik yaşına çatmayan övladı X1 rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 605 saylı fərdi yaşayış evində qeydiyyatdadır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4820/2021 saylı, 12.10.2021ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh X3 qarşı cavabdehin Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, 605 saylı evdən çıxarılması və onun evdən istifadə hüququna xitam verilməsinə dair iddiası üzrə Abşeron rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehin həmin evdən istifadə hüququna xitam verilməsi qərara alınmış, həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(105)-622/2021 saylı qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4820/2021 saylı, 12.10.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(105)- 622/2021 saylı qətnaməsi qismən cavabdeh X2 Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, 605 saylı evdən istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. - Abşeron rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı 30.12.2021-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 605 saylı fərdi yaşayış evində Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızı və onun yetkinlik yaşına çatmayan övladı X7 qeydiyyatdadır. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqanın 30.12.2021ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin mənzildə qeydiyyatı formal xarakter daşıyır və o faktiki olaraq həmin mənzildə yaşamır. Üçüncü şəxs məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı bundan əvvəl Abşeron rayon Məhkəməsində Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızının ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldırmışdır. Yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4820/2021 saylı, 12.10.2021-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərarda məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin evdən istifadə hüququ əmələ gəlmədiyi üçün iddiaçının tələbinə əsasən onun evdə olmayan istifadə hüququna xitam verilə bilməz və yaşayış sahəsindən çıxarılma barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas ola bilər. Göründüyü kimi üçüncü şəxsin sözügedən mənzildə yaşayış sahəsindən istifadə hüququnun olmaması məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxsin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızının və onun yetkinlik yaşına çatmayan övladı X4 Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 605 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızı və onun yetkinlik yaşına çatmayan övladı X1 rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 605 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar