Məhkəmə qərarları › İş №2-1(118)-941/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-941/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-941/2025 04.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək kitabçasında qeyd olunan kolxozdakı əmək fəaliyyəti dövrünə dair əlavə olaraq da “kolxozçunun əmək kitabçası”nda qeyd olunmadığı halda iş stajının ümumi iş stajına əlavə edilməsi ilə pensiyanın yenidən hesablanması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “kolxozda iş stajının ümumi iş stajına əlavə edilərək, pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. AA******* nömrəli “Şəxsiyyət vəsiqəsi”ndən görünür ki, İddiaçı 22 may 1952-ci il tarixdə doğulmuşdur.

2. ПТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”ndan görünür ki, İddiaçı Qumlaq Frunze adına kolxozda 10 aprel 1981-ci il tarixdə işə qəbul edilmiş, 20 aprel 1984-cü il tarixdə işdən azad edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 9 dekabr 2023-cü il tarixli, 3-17-1/2-B-289670/2023 nömrəli məktubdan görünür ki, ona 22 may 2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim edilən əmək kitabçasına və digər sənədlərin surətlərinə əsasən 1 may 2006-cı il tarixədək (1 sentyabr 1974-cü il tarixdən 1 mart 1979-cu il tarixədək təhsil aldığı illər və hərbi xidmətdə olduğu da nəzərə alınmaqla) 27 il 8 ay 15 gün sığorta stajı və 1 yanvar 2006-ci il tarixdən 1 may 2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16.934,99 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyanın məbləği yenidən hesablanmış və pensiyanın məbləğində (303,86 manat) dəyişiklik olmamışdır. Qanunvericiliyin tələblərinə əsasən bildirilmişdir ki, əmək kitabçanın surətində qeyd olunan 10 aprel 1981-ci il tarixdən 20 aprel 1984-cü il tarixədək kolxozdakı əmək fəaliyyəti dövrləri kolxozçunun əmək kitabçasında qeyd olunmadığı üçün, sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən bildirilmişdir ki, yaşa görə əmək pensiyanın məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır.

Cavabdeh tərəfindən İPM-in 12.3-cü maddəsinə əsasən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

4. 12 yanvar 2024-cü il tarixli, 3-17-1/2-B-5073/2024 nömrəli İddiaçı göndərilmiş məktubdan görünür ki, 22 may 2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim edilən sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən 1 sentyabr 1974-cü il tarixdən 1 mart 1979-cu il tarixədək təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək 27 il 8 ay 15 gün sığorta stajı və 1 yanvar 2006-cı il tarixdən pensiya təyin edildiyi tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 17.889,55 manat pensiya kapitalı (2023-cü il tarixinə indeksləşmiş) əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və məbləğində (303,86 manat) dəyişiklik olmamışdır. Qeyd olunan yarımbəndin tələblərinə əsasən bildirilmişdir ki, əmək kitabçasının surətində qeyd olunan 10 aprel 1981-ci il tarixdən 20 aprel 1984-cü il tarixədək kolxozdakı əmək fəaliyyəti dövrü kolxozçunun əmək kitabçasında qeyd olunmadığı üçün sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Eyni zamanda bildirilmişdir ki, hərbi xidmət və təhsil dövrlərilə bağlı məlumatı əhatə etməməsi səbəbindən ünvanlanmış 20 dekabr 2023-cü il tarixli, 3-17-1/2-B-29985/2023 nömrəli məktub etibarsız hesab edilmişdir. Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 4 iyul 2024-cü il tarixli, 3-17-1/2-154027/2024 nömrəli məktubundan görünür ki, Bəbirov X5 Filiala kolxozçunun əmək kitabçası təqdim etməmişdir. Həmçinin, təqdim olunan ******* nömrəli əmək kitabçasının surətində qeyd edilmiş 10 aprel 1981-ci il tarixdən 20 aprel 1984cü il tarixədək olan dövr üzrə işə qəbul olunma və işdən azad olunma əmrlərinin tarixi və nömrəsi göstərilməmişdir. Qoşma şəklində Şahid pensiya işinin surəti göndərilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19 iyul 2024-cü il tarixli, 3-17-1/2-169503/2024 nömrəli məktubu ilə X2 və X1 pensiya işlərinin surəti qoşma şəklində göndərilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

7. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Yaşa görə əmək pensiyasının yenidən hesblanması haqqında” imtina qərarının ləğv edilməsi, 10 aprel 1981-ci il tarixdən 20 aprel 1984-cü il tarixədək Cəbrayıl rayonu Frunze adına kolxozda iş stajı ümumi iş stajına və sosial sığorta stajına hesablanaraq, əmək pensiyanın yenidən hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin hallarına (§1-3) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçının 10 aprel 1981-ci il tarixdən 20 aprel 1994-cü il tarixə qədər Cəbrayıl rayonu Frunze adına kolxozda işlədiyi dövrün kolxozçunun əmək kitabçasında qeyd edilməməsi ilə əlaqədar olaraq kolxoz rəhbərliyinin fəaliyyətinə aid olan məsələdir. İddiaçı kolxozda işləməyə qəbul edilərkən, əmək kitabçasını açmaq və tərtib etmək kolxozun səlahiyyətli vəzifəli şəxlərinin məsuliyyət dairəsinə aiddir. Kolxozçunun əmək kitabçası haqqında ilk dəfə 28 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin “əmək pensiyalarının təyin edilməsi, hesablanması bir növdən digər növə keçirilməsi və ödənilməsi qaydası haqda” təlimatda rast gəlininir. Buna qədər qəbul edilmiş “Pensiyalar” haqqında 23 sentyabr 1992-ci il, habelə 7 fevral 2006-cı il tarixdə qəbul edilmiş “Əmək pensiyaları haqqında” qanunlarda həmin qanunlara uyğun olaraq hazırlanmış “pensiyaların təyin edilməsi, hesablanması qaydaları haqqında” əsasnamələrdə kolxozçunun əmək kitabçası məfhumu yoxdur, ümumi şəkildə əmək kitabçaları qeyd edilir. İddiaçının işlədiyi dövrdə 1984-cü illər SSRİ-nin dağılmasına təsadüf edirdi, kolxozlar ləğv edilir, kəndlərdən cavanlar şəhərə axın edirdi. Hətta 1981-ci ildə Nazirlər Kabineti kolxozçular üçün o zaman qüvvədə olan bir illik iş stajı üçün minimum əmək günü qaydasını ləğv etmişdi, yenə kolxozlarda artıq gənclər qalmırdı. İddiaçı da 1984-cü ildə məcbur olub kolxozdan çıxıb, iş tapmaq ümidi ilə Sumqayıt şəhərinə gəlmiş və əmək kitabçasında həmin illərin qeydiyyatı göstərilən formada yazılmışdır. İddiaçının burada günahı yoxdur. Beləliklə, cavabdehin iddiaçının pensiyasının hesablanması zamanı kolxozda olan iş stajını hesablamamasını əmək pensiyalarının təyin edilməsi, hesablanması haqqında 22 aprel 2022-ci il Nazirlər Kabinetinin əsasnaməsinə (maddə 4.1.1.5. belə maddə yoxdur, 5ci maddədə nəzərdə tutulub) əsaslanaraq imtina etməsi tam şəkildə qanunsuz və əsassızdır. Həmin norma iddiaçıya tətbiq edilə bilməz, çünki o, kolxoza işləməyə gələn vaxt artıq sənaye müəssisəsində işləmişdir və onun əmək kitabçası var idi.

9. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 saylı Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, İPM-in 2, 12.1, 14.3, 73.1-ci maddələrinə istinad olunmuşdur.

10. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

12. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda iddianın təmin edilməməsi xahiş edilmiş, əsas kimi iddiaçının əmək kitabçasının surətində qeyd olunan 10 aprel 1981-ci il tarixdən 20 aprel 1984-cü il tarixədək kolxozdakı əmək fəaliyyəti dövrü kolxozçunun əmək kitabçasında qeyd olunmadığı üçün sosial sığorta stajına daxil edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığına istinad olunmuşdur.

13. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1, 27.1, 37.3.1-ci maddələrinə, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.1-ci bəndinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, bildirmişdir ki, əmək kitabçasında mübahisələndirilən dövr üzrə işə qəbul edilmə və işdən azad edilmə barədə əmrlər qeyd edilməmişdir. 16.Məhkəmənin 4 mart 2024-cü il tarixli iclasında iştirak etmiş Şahid ifadəsində iddia tələbini əsaslı hesab edərək qeyd etmişdir ki, o, 1973-cü ildə Frunze kolxozunda işə başlamış, 1993-cü ilə qədər, yəni 20 il kolxozda işləmişdir. 1981-ci ildən iddiaçı ilə işləmişdir. İddiaçı həm yemçilikdə, həm də mal briqadiri işləmişdir. Özünün kolxozda işlədiyi dövr kolxozçunun əmək kitabçasında, sonrakı kolxozla əlaqəli olmayan əmək fəaliyyətinin isə əmək kitabçasında qeyd edildiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, kolxozda qeydiyyat kitablarında işçilərin qeydiyyatı aparılsa da, müəssisə yandığın üçün həmin sənədlər də məhv olmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

17.Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

18. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

19. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

21. Məcburetmə haqqında iddia onunla səciyyələnir ki, şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. Yəni, iddiaçı inzibati orqandan müəyyən bir hərəkətin edilməsini tələb etmək məqsədilə birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməz. Əksinə, o, bunun üçün ilk növbədə səlahiyyətli inzibati orqana müraciət etməlidir.

22. Məcburetmə iddiasının qaldırılması o zaman mümkündür ki, inzibati orqanın inzibati aktı qəbul etməkdən imtina etməsi və ya ümumiyyətlə hərəkətsizlik göstərməsi məhz iddiaçının hüquqlarını pozmuş olsun. Bundan əlavə, iddiaçı inzibati orqandan inzibati aktı qəbul etməsini tələb etmiş olsun. Bu aktın müəyyənedici, hüquqyaradıcı, əşya yönümlü inzibati akt, əlverişli və ya əlverişsiz olmasının iddianın mümkünlüyü üçün əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə tərəfindən yoxlanılmalıdır ki, subyektiv hüquq pozulmuşdurmu; bu hüquq iddiaçıya məxsusdurmu; iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl inzibati aktın qəbul edilməsini inzibati orqandan tələb etmişdirmi (və müvafiq müddəti gözləmişdirmi, çünki ancaq bu müddət keçdikdən sonra hüquq pozulmuş hesab edilə bilər).

23. Hazırki iş üzrə müəyyən olunur ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; (-)

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 48. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər

1. Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. (-)

Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir.

2. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

3. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.

4. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

5. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. (-)

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarında (bundan sonra – “Qaydalar”) aşağıdakılar qeyd olunmuşdur:

1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. ...

2. Əmək kitabçalarının hazırlanması və verilməsi 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2.2. Əmək kitabçalarının hazırlanması ilə əlaqədar vəsaitin ayrılmasını Respublika Maliyyə Nazirliyi həll edir.

3. Əmək kitabçasının doldurulması 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır.

4. İş haqqında məlumatların daxil edilməsi 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. ...

9. Əmək kitabçalarının uçotu 9.1. Doldurulmuş və doldurulmamış əmək kitabçalarının, əlavə içliklərin uçotu aşağıdakı qaydada aparılır: Əmək kitabçaları və əlavə içliklər hərəkətinin uçotu kitabı işə qəbul və işdən çıxarılmasını rəsmiyyətə salan şəxs tərəfindən aparılır. Əmək kitabçaları, (əlavə içliklər) mədaxil-məxaric və onların hərəkətləri, uçotu kitablarında qeydə alınır. Mədaxil-məxaric kitabına əmək kitabçalarının və əlavə içliklərin sifarişi və alınması ilə əlaqədar bütün əməliyyatlar yazılır (seriya və nömrələr göstərilir). Kitab işəgötürənlərin mühasibatı tərəfindən aparılır. Mədaxil-məxaric kitabı, əmək kitabçaları və əlavə içliklərin hərəkəti, uçot kitabı nömrələnməli, qaytanlanmalı və işəgötürənin imzası olmaqla möhürlə təsdiq edilməlidir. Əmək müqaviləsinin xitamı ilə əlaqədar işdən çıxan işçiyə əmək kitabçası qaytarıldıqda (verildikdə) ona şəxsi vərəqəsində və əmək kitabçalarının uçotu kitabında imza etdirilir. 9.2. Doldurulmamış əmək kitabçaları və əlavə içliklər ciddi hesabat sənədləri kimi işəgötürənlərin mühasibatında saxlanılır. Əmək kitabçalarının saxlanılması üçün məsul olan şəxslər onları təhvil-təslim qaydası ilə verir. Əmək kitabçalarının uçotunun aparılmasına məsuliyyət daşıyan şəxs hər ay əmək kitabçalarının, (əlavə içliklərin) vəziyyəti, əmək kitabçalarına (əlavə içliklərə) çəkilmiş xərclərin dəyərinə görə alınmış məbləğlər haqqında (kassaya mədaxil edilməklə) (-)

28. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları:

“4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: ...

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən; ...”

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

30. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı:

“… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ...”

Məhkəmənin mövqeyi:

32. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

33. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

34. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə onun 10 aprel 1981-ci il tarixdən 20 aprel 1994-cü il tarixə qədər Cəbrayıl rayonu Frunze adına kolxozda işləməsi faktı əmək kitabçası ilə öz təsdiqini tapır. Həmin dövrlərin kolxozçunun əmək kitabçasında qeyd olunmamasında o məsuliyyət daşımadığından, cavabdehin imtinası hüquqularını pozmuşdur.

35. Cavabdeh tərəfin mövqeyi isə iddiaçının kolxozdakı əmək fəaliyyəti kolxozçunun əmək kitabçasında qeyd olunmalıdır. Həmçinin, iddiaçının kolxozda işlədiyini əks etdirən dövlərlə bağlı əmək kitabçasında işə qəbul edilmə və işdən azad edilmə barədə əmrlər göstərilməmişdir.

36. Göründüyü kimi hazırki mübahisə əmək kitabçasında qeyd olunan kolxozdakı əmək fəaliyyəti dövrünə dair əlavə olaraq da “kolxozçunun əmək kitabçası”nda qeyd olunmadığı halda iş stajının ümumi iş stajına əlavə edilməsi ilə pensiyanın yenidən hesablanmasının mümkün olub-olmamasını aydınlaşdırmaqdan ibarətdir.

37. İş materialına əlavə edilmiş əmək kitabçasında iddiaçının Qumlaq Frunze adına kolxozda 10 aprel 1981-ci il tarixdə işə qəbul edilmiş, 20 aprel 1984-cü il tarixdə işdən azad edildiyi qeyd edilmişdir. Əmək kitabçasının bu hissəsi Ə.Əsədov adlı şəxsin imzası və kolxozun möhürü ilə təsdiq olunmuşdur.

38. Cavabdeh tərəfindən məhkəmə sorğusu əsasında təqdim edilmiş sənədlərin tədqiqi ilə müəyyən olunur ki, həqiqətən də Qumlaq kəndində Frunze adında kolxoz fəaliyyət göstərmişdir.

39. Təqdim edilmiş sənədlər arasında həmçinin məhkəmə prosesində şahid kimi ifadə vermiş Şahid da (§5, 16) pensiya işinə dair materiallar vardır.

40. Məhkəmə prosesi dövründə həm iş materialına cavabdeh tərəfindən məktubuna əlavə edilmiş, həm də məhkəmə iclasında ifadə vermiş şahid tərəfindən təqdim edilən kolxozçunun əmək kitabçasında olan möhür ilə iddiaçının əmək kitabçasındakı kolxozun möhürünün və imzaların eyni olması müəyyən edilmişdir.

41. Əmək kitabçalarının vahid fоrmada оlması və оnun tərtibinin еyni qaydada aparılması üçün Azərbaycan Rеspublikası Nazirlər Kabinеti 1996-cı il 26 dеkabr tariхli 186 nömrəli qərarı ilə “İşçilərin əmək kitabçasının fоrması və оnun tətbiqi qaydaları”nı təsdiq еtmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq еdən əsas sənəddir.

42. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

43. Aparılmış qiymətləndirmənin nəticəsi kimi iddiaçının Frunze kolxozunda işləməsinin əksini göstərən heç bir sübut müəyyən edilmədiyindən, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qanuni olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

44. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı 10 aprel 1981-ci il tarixdən 20 aprel 1984-cü il tarixədək Cəbrayıl rayonu Frunze adına kolxozda işlədiyi dövr ümumi iş və sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar