Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-942/2025 19.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ona xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü il tarixində Zəngilan rayonunda anadan olmuşdur. Hal-hazırda "X4” QSC-də çalışır. xx.xx.2023-cü il tarixində iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdehin 3-17-1/2-M-12941/2024 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi ümumi və güzəştli stajının az olması göstərilmişdir. İmtina məktubunu iddiaçı xx.xx.2024-cü il tarixində almışdır. İddiaçı xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixədək Sumqayıt şəhəri Məişət texnikasının təmiri üzrə atelyedə radiomexanik işləmiş; xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olmuş; xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək Sumqayıt şəhəri Məişət texnikasının təmiri üzrə atelyedə radiomexanik işləmiş; xx.xx.1984-cü il tarixindən xx.xx.1990-cı il tarixinədək "Avtomat xətlərin buraxılması üzrə Minsk İstehsalat Birliyində qazmaçı işləmiş; xx.xx.1991ci il tarixindən xx.xx.2010-cu il tarixinədək "Orbita-Servis” İstehsalat Birliyinin Sumqayıt şəhər Texniki mərkəzində radiomexanik, qəbuledici, sex rəisi işləmiş; xx.xx.2011-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək "xxxx" ASC-nin Texniki Xidmət və Təmir Departamentinin Elektrik Avadanlıqlarının Xidməti və Təmiri sexində X5 sexi üzrə elektrik montyoru işləmiş; xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək "xxxx" MMC-də (X2) Mexaniki xidmətin elektrik avadanlıqların təmiri və xidməti üzrə elektrik montyoru işləmiş; xx.xx.2020-ci il tarixindən hazırkı tarixədək "X4" QSC-də (X2) Təmir-Tikinti və Rekonstruksiya İşləri şöbəsində elektrik avadanlıqların təmiri və xidməti üzrə elektrik peşəsində işləyir. Elektrik montyoru kimi işlədiyi sahə, yəni Metallurgiya İstehsalatı (Qara metallar) sahəsi ümumilikdə əmək şəraiti ağır və zərərli sahədir. Onun tələb olunan ümumi və güzəştli iş stajı mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına 28 dekabr 2023-cü tarixində ərizə ilə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-12941/2024 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Fondun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına iddiaçı tərəfindən təqdim edilən MT-İ ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1991-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində Sumqayıt şəhər texniki mərkəzində işlədiyi qeyd olunub. Araşdırma zamanı, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilib. Buna görə də iddiaçının xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də işləyib-işləməməyinə dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də xx.xx.1991-xx.xx.2010-cu il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün olmayıb. Həmçinin, iddiaçıya münasibətdə 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində 2012-ci ildə 1 ay, 2015-ci ildə 2 ay, 2023-cü ildə 3 ay sığorta kapitalı öz əksini tapmadığından həmin müddətin (ümumilikdə 6 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmayıb. Göstərilən səbəblərdən də iddiaçının ümumi iş stajı 25 ildən az (21 il 10 ay 9 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər və 2011-2023-cü illər üzrə cəmi 12 il 1 ay)) təşkil edir. Eyni zamanda, təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 2 ay 17 gün (xx.xx.2011-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2015ci il, xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 31718,03 manat təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. • Cavabdehin imtina məktubundan görünür ki, ona güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. • İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surəti, НЗ № ******* nömrəli hərbi biletin surəti, “X4” QSC-nin, "xxxx" ASC-nin araşdırıcı arayışları iş materiallarına əlavə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq: İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması (60 yaş) və müvafiq sosial sığorta (və ya iş) stajının (həm ümumi, həm güzəştli) olmasından yaranmış olur. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin 19 yanvar 2024-cü il tarixli 3-17-1/2-H-12941/2024 nömrəli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, ərazi aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası 38-ci maddə: Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
“İnsan hüquqları haqqında” Ümumi Bəyannamə 22-ci maddə: Hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (qanun 1 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci maddə: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). 9.8-ci maddə: Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu 69-cu maddə: İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi 87.1-ci maddə: İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.2-1. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qərarını yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlar və məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırır. 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
“İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu 16.1-ci maddə: Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Bundan asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (01 yanvar 2006cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş və iş stajı; xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Məhkəmə ilkin olaraq iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, cavabdeh orqan onun həmin stajının 25 ildən az olmaqla 21 il 10 ay 9 gün təşkil etdiyini bildirmişdir. Yəni, cavabdeh orqan xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1983, xx.xx.1984xx.xx.1984, xx.xx.1984-xx.xx.1990-cı illəri, habelə 2011-2013-cü illəri hesablayaraq həmin qənaətə gəlmişdir. Lakin məhkəmə bu hesablamanı əsassız qəbul edərək bildirir ki, iddiaçı xx.xx.1980-xx.xx.1981 (Sumqayıt şəhəri Məişət Texnikasının təmiri üzrə atelyedə radiomexanik), xx.xx.1981-xx.xx.1983 (hərbi xidmət dövrü), xx.xx.1984-xx.xx.1984 (Sumqayıt şəhəri Məişət Texnikasının təmiri üzrə atelyedə radiomexanik), xx.xx.1984xx.xx.1990-cı illəri (avtomat xətlərinin buraxılması üzrə Minsk İstehsalat Birliyində qazmaçı), xx.xx.1991-xx.xx.2010 (“Orbita Servis” İstehsalat Birliyinin Sumqayıt şəhər Texniki mərkəzində radiomexanik), xx.xx.2011-xx.xx.2016 ("xxxx" ASC-nin Texniki Xidmət və Təmir Departamentinin Elektrik avadanlıqlarının xidməti və təmiri” sexində X5 sexi üzrə elektrik montyoru), xx.xx.2016-xx.xx.2020-ci illər, ("xxxx" MMC-də elektrik montyoru), habelə xx.xx.2020-ci ildən hal-hazıradək “X4” QSC-də Təmir-tikinti və Rekonstruksiya İşləri şöbəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir. Yəni, iddiaçının 2006-cı il tarixədək (əmək kitabçasının əsas götürüldüyü tarixlərdə) 24 il 9 ay 8 gün, ümumilikdə isə 60 yaşının tamam olduğu - xx.xx.2023-cü il tarixədək 40 il 9 ay 6 gün sığorta (iş) stajı mövcud olmuşdur. İş materiallarında olan əmək kitabçasının mötəbərliyi cavabdeh orqan tərəfindən mübahisələndirilməmiş və qanunvericiliyə zidd olaraq tərtib edilməsi təsbit edilməmişdir. Bundan əlavə imtinada qeyd edilən xx.xx.1991-xx.xx.2010-cu il tarixlərində iddiaçının işlədiyi müəssisədə xx.xx.2006-cı ildən sonra fərdi hesabın sığorta hissəsində sığorta haqqının öz əksini tapmamasına görə 1991-2006-cı illərin də iş stajı kimi hesablanmaması iddiaçının sosial təminat hüquqularının birbaşa pozulması deməkdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, ümumi stajla bağlı cavabdeh orqanın imtinasının heç bir hüquqi əsası yoxdur. Güzəştli stajla bağlı isə məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaçının güzəştli stajını 12 il 6 aydan az hesablayaraq 5 il 2 ay 17 gün olduğunu əsas tutmaqla imtina etmişdir. Yəni, yalnız xx.xx.2011-xx.xx.2012, xx.xx.2012-xx.xx.2015, xx.xx.2015xx.xx.2016-cı illəri güzəştli iş stajı kimi nəzərdə tutmuşdur. Lakin məhkəmə sorğusu nəticəsində əldə edilmiş “X4” QSC-nin arayışına əsasən iddiaçı 2020-ci ilin 24 yanvar tarixindən həmin müəssisənin Təmir-tikinti və Rekonstruksiya İşləri şöbəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə qəbul edilmişdir ki, həmin peşə üzrə əmək fəaliyyətini ağır və zərərli iş şəraitində boru istehsalı sahəsində quraşdırılmış boruyayma avadanlıqlarının elektriklə işləyən hissələrinə xidmət etməklə davam etdirir. Həmin peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır (3cü Metallurgiya istehsalatı bölməsi – 3.8-ci boru istehsalı bəndi – (a) yarımbəndi). Bundan əlavə həmin arayışda qeyd olunmuşdur ki, "xxxx" ASC istehsalat sahələri ilə birlikdə “X4” QSC-yə icarəyə verilmiş, həmçinin, "xxxx" MMC ilə “X4” QSC arasında 2016-2020-ci illərdə xidmət göstərilməsinə dair müqavilə bağlanmışdır. Göründüyü kimi, iddiaçının xx.xx.2020-xx.xx.2023-cü illərdə işlədiyi müddət də onun güzəştli iş stajına aid edilməlidir. Başqa sözlə desək, iddiaçının "xxxx" ASC (5 il 5 ay 21 gün), "xxxx" MMC (3 il 1 ay 19 gün) və “X4” QSC-də (3 il 11 ay 1 gün) işlədiyi vəzifələr eyni xarakterli vəzifələr olmuş və 12 il 6 ay həmin vəzifələrdə çalışmış, bu da işəgötürən tərəfindən təqdim edilən arayışlarda öz təsbitini tapmışdır. Eləcə də, iddiaçı xx.xx.1984-xx.xx.1990-cı illərdə avtomat xətlərinin buraxılması üzrə Minsk İstehsalat Birliyində qazmaçı vəzifəsində işləmişdir. Həmin vəzifə yuxarıda qeyd olunan Nazirlər Kabinetinin qərarında öz əksini tapmışdır (1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər – “a” yarımbəndi fəhlə - qazmaçı). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Beləliklə, iddiaçının adıçəkilən qurumlarda çalışması ilə bağlı, habelə güzəştli iş stajına daxil olan fəaliyyət göstərməsilə bağlı sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Eyni zamanda 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün pensiya kapitalının tələb olunmaması da xüsusi qeyd edilməlidir. Qeyd olunanan qanunvericilik normalarını ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər - iddiaçının 60 yaşına çatması (xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olur), azı 25 il iş stajının olması və bu müddətin 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunur. Yəni, xx.xx.1963cü il təvəllüdlü İddiaçı iddianın tələbində nəzərdə tutulan vaxtdan (xx.xx.2023-cü il tarixdən) güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi (müraciət tarixi) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2023-cü il tarixdən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinetin olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev