Məhkəmə qərarları › İş №2-1(118)-945/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-945/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-945/2021 07.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işdən çıxarılması barədə əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, işdən çıxarılması barədə 01 iyul 2020-ci il tarixli əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində başlamış, 2015-ci ildən 2019-cu ilin iyun ayına kimi DSMF-nin Qubadlı rayon şöbəsində baş məsləhətçi, 2020-ci ilin iyul ayına kimi isə Qubadlı rayon Məşğulluq Mərkəzinin müdiri vəzifəsində işləmişdir. 2020-ci ilin ikinci yarısında rayon Məşğulluq Mərkəzləri ləğv olunaraq Regional idarələr yarandığı üçün 01 iyul 2020-ci il tarixdə qanunsuz olaraq işdən çıxarılmışdır. İşdən azad olunması barədə əmrin surətini hazıradək almamışdır, habelə əmk kitabçası və son haqq-hesabı almamışdır. Ona verilən şifahi məlumatdan ona məlum olmuşdur ki, işdən çıxarılmasına səbəb vətəndaş X4 qanunsuz olaraq 2000 manat pul tələb etməsi və bu səbəbdən də barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət təqibinin başlanılması olmuşdur. Halbuki, müstəntiq X6 04.11.2020-ci il tarixli qərarına əsasən həmin fakt ös təsdiqini tapmadığından cinayət təqibinin başlanmasından rədd olunmuşdur. 04.12.2020-ci il tarixdə iddiaçı işdən çıxarılması barədə əmrin surətini əldə etmək üçün ərizə ilə cavabdeh nazirliyiə müraciət etsə də, onun ərizəsinə cavab verilməmişdir. İddiaçı iddia təlbini müdafiə edərək iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyinin nümayəndəsi X7 iddianı qəbul etmədi və vəsatətlə məhkəməyə müraciət edərək iddia müddətinin ötürülməsi səbəbindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayənəsi X5 vəsatəti müdafiə etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçı izahatında əmr verilən günün ertəsi artıq işə çıxmadığını, yəni şifahi olaraq işdən azad edildiyiynin ona elan olunduğunu izah etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərilərək iddia müddətinin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edildi. Lakin iddiaçı mübahisələndirilən əmri hazıradək almadığından iddia müddətinin ötürülmədiyini bildirərək iddia müddətinin bərpa olunmasına dair vəsatti məhkəməyə təqdim etmədi. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmrin iddiaçıya vaxtlnda təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı həmin gündən işdən azad edildiyindən xəbərdar olmuşdur və həmin əmrin surətinin alınmaması məhkəməyə müraciət etməsi üçün maneə yaratmamışdır. Əmri almadığına görə iddiaçının məhkəməyə səkkiz aydan çox müddət keçdikdən sonra müraciət etməsi üzürlü səbəbdən hesab edilə bilməz. İddiaçı qeyd olunan əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında idianın mümkünlüuünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 2.3-cü bənidnə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işdən çıxarılması barədə əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işdən çıxarılması barədə əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar