Məhkəmə qərarları › İş №2-1(118)-945/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-945/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-945/2025 25.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (yaşa görə əmək pensiyasının yenidən hesablanması) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi illərin ümumi sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi illərin ümumi sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 30 avqust 1967-ci il tarixdən 01 yanvar 2006-cı tarixədək, 01 yanvar 2006-cı il tarixdən 01 yanvar 2009-cu il tarixə kimi qısa fasilələrlə müxtəlif peşələrdə və vəzifələrdə çalışmış, bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. 16 noyabr 2020-ci il tarixdə iddiaçının yaşa görə əmək pensiyası 233,20 manat müəyyən edilmiş, daha sonra pensiya məbləği indeksləşdirilərək 01 yanvar 2021-ci il tarixdən 259,78 manata, 01 yanavr 2022-ci il tarixdən 268,62 manat təyin edilmişdir. 01 yanvar 2023-cü il tarixdən pensiya məbləği indeksləşdirilərək 327,21 manat olaraq hesablanmışdır. Lakin iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi olan dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi olan dövrün onun sığorta stajına əlavə edilməsi və əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasını məhkəmədən xahiş etməkdədir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Sonuncu şifahi məhkəmə baxışı iclası 25 iyun 2025-ci il tarixdə keçirilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış etdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddiaya yazılı etirazı müdafiə etdi və etirazı onunla əsaslandırdı ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" kiçik müəssisəsində olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2002- ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün olmadığı bildirilmiş və iddiaçının ərizəsinin icrası mümkün hesab edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İddiaçıya məxsus AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. • İşdə olan iddiaçıya məxsus Əmək kitabçasında iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyətilə məşğul olması barədə müvafiq qeydlər aparılmışdır. • Məhkəmə sorğusu nəticəsində əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş məktubla "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1991-ci il tarixdə 9 nömrəli aktla Əzizbəyov rayonu (hazırki Xəzər rayonu) İcraiyyə Komitəsində dövlət qeydiyyatından keçdiyi bildirilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olubolmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq: İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ vardır. Belə ki, iddiaçı cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi əmək fəaliyyətilə məşğul olduğunu və bu faktın əmək kitabçasındakı qeydlərlə təsdiq olunduğunu, buna görə də əmək pensiyasının yenidən hesablanmalı olduğunu bildirmişdir. İddia tələbinin xüsusi mümkünlük şərti olan eyni tələblə inzibati orqana müraciət edərək imtina cavabının alınmasına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının müvafiq müraciəti mövcud olmuş və 29 yanvar 2024-cü il tarixli, 3-17-1/3-A-20879/2024 nömrəli məktubla müraciətin təmin olunmasından cavabdeh orqan tərəfindən imtina edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri olduğuna görə məhkəmə hesab edir ki, ərazi aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası Maddə 38: Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

“İnsan hüquqları haqqında” Ümumi Bəyannamə Maddə 22: Hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 3.1.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi 87.1-ci maddə: İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.2-1. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qərarını yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlar və məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırır. 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

“İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu 16.1-ci maddə: Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

6. Məhkəmənin mövqeyi

Məhkəmə araşdırması nəticəsində mövcud sənədlərlə müəyyən edildi ki, iddiaçı cavabdeh tərəfindən mübahisələndirilən dövr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi əmək fəaliyyətilə məşğul olmuşdur. Belə ki, Cavabdeh orqanın ərizənin icrasından imtina məktubunda və iddia tələbinə münasibətdə qeyd etdiyi hal (əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlərin doldurulma qaydasının pozulması) məhkəmə sorğusu nəticəsində təkzib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş məktubda "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1991-ci il tarixdə 9 nömrəli aktla Əzizbəyov rayonu (hazırki Xəzər rayonu) İcraiyyə Komitəsində dövlət qeydiyyatından keçdiyi, xx.xx.1995-ci il tarixdə 23828 nömrə ilə Ədliyyə Nazirliyində yenidən dövlət qeydiyyatından keçərək hüquqi ünvanının ünvan 4 etmək lazımdır ki, məhkəmə araşdırması nəticəsində "xxxx" Kiçik Müəssisəsinin ləğv edilməsi barədə məlumatın mövcud olmadığı bildirilmişdir. Beləliklə, iddiaçının Əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci il tarixdən xx.xx.2002ci il tarixədək əmək fəaliyyətilə məşğul olması faktı, cavabdeh orqan tərəfindən mübahisələndirilən bu dövrlərin mötəbərliyinə dair məhkəmə sorğusu nəticəsində gəlinmiş nəticə etibarilə cavabdeh orqanın iddia tələbinə etirazı əsassız olaraq qiymətləndirilməlidir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddia təmin edilərək xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr İddiaçı işlədiyi illərin ümumi sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi illərin ümumi sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetə yerləşdirildiyi gündən) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən gündən (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetə yerləşdirildiyi gündən) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar