Məhkəmə qərarları › İş №2-1(118)-947/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-947/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-947/2021 05.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi ilə, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin həmin orqanın Mənzil İstismar İdarəsinin 16 sentyabr 2021-ci il tarixli, 681 saylı məktubu ilə iddiaçının müraciətinə baxılacağı bildirlməsinə baxmayaraq, cavabdeh təşkilat tərəfindən iddiaçının müraciətinə cavab verilmədiyinə görə iddiaçı inzibati orqanın hərəkətsizliyindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 avqust 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində fasiləsiz olaraq xidmət keçmiş, 13 noyabr 2016-cı ildə Azərbaycan Respulblikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Silah və Atış kafedrasının baş müəllimi vəzifəsindən ehtiyyata buraxılmışdır. 12 avqust 1998-ci ildə Qazax Qarnizonu Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan respublikası Cinayət Məcəlləsinin 255-ci maddəsinin “V” bəndi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cazına məhkum edilmiş, N saylı hərbi hissə komandirinin təqdimatına əsasən Qazax Qarnizonu Hərbi Məhkəməsinin 18 fevral 1999-cu il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası vaxtından əvvəl üzərindən götürülmüşdür. Qeyd olunanlara baxmayaraq hərbi xidmətini davam etdirmişdir. 15 oktyabr 2020-ci ildə Vətən Müharibəsinə cəlb edilmiş, artileriya hərbi hissəsinin əməliyyat bölməsinin rəisi vəzifəsində Zəngilan, Qubadlı, Xocəvənd, Füzuli rayonları və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə torpaqlarımızın işğaldan azad olunmasına görə medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etdiyinə görə onun dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə (mənzillə) təmin olunmaq hüququ vardır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28.12.2011 -ci il tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə göstəriş verilməsi xahişi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh təşkilat müxtəlif bəhanələr gətirərək onun tələbinin yerinə yetirməkdən boyun qaçırmışdır. İddiaçı hesab edir ki, onun iddiası əsaslı olduğu üçün təmin edilməlidir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iştirak etmiş və iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, onun məhkumluğu ödəndiyi üçün həmin hal qüsur kimi nəzərə alınmamalıdır. Cavabdeh təşkilat məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı adı müvafiq siyahıya daxil edilərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanın 4-cü bəndinə əsasən Maliyyə Nazirliyi dövlət vəsaiti hesabına mənzillərlə təmin olunmasının icrası ilə bağlı maliyyələşməni müəyyən olunmuş qaydada həyata keçirilir. Göründüyü kimi iddiaçı tərəfindən verilən iddia tələbinə Müdafiə Nazirliyi deyil Maliyyə Nazirliyi cavab verməlidir. Belə ki, qeyd olunan fərmanın 1-ci hissəsinə uyğun olaraq hərbi qulluqçulara tələb olunan mənzillərin sayı və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmış və həmin Komissiyanın sədri Maliyyə Naziri təyin edilmişdir. Ona görə də Müdafiə Nazirliyi iddiaçı tərəfindən verən iddia tələbinin mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin iştrakı olmadan baxılmasını mümükün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılardan ibarətdir: İddiaçı məxsus EZ ******* saylı hərbi biletin təstiq ediliş surəti, Qazax Qarnizonu Hərbi Məhkəməsinin 18 fevral 1999-cu il tarixli qərarının surəti, Azərbaycan Respublikası DİN-nin təqdim etdiyi 16.03.2021-ci il tarixli məkumluğun olmaması barədə arayışın surəti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlamış 03 avqust 20221-ci il tarixli məktubu və digər sənədlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia tələbinin mümkünsüz hesab edilməsi ilə bağlı hər hansı bir maneə mövcud deyil. Nəzərə alınmalıdır ki, İş materilları araşdırılarkən məlum olmuşdur ki, mübahisənin predmeti inzibati orqanın hərəkətsizliyindən ibarətdir, yəni hazırkı, iddia tələbinin növü məcburetmə haqqındadır. Belə ki, Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı etiraz ərizəsində iddiaçının adının siyahıya daxil edilərək Maliyyə Nazirliyinə göndərilməsi Maliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 03 avqust 2021-ci il tarixli məktubu ilə təkzib olundu. Ona görədə məhkəmə hesab edir ki, hazır ki, iddia tələbinə mahiyyəti üzrə baxılaraq, məsələyə hüquqi qiymət verilməlidir. İddiaçının Qazax Qarnizonu Hərbi Məhkəməsinin 12 avqust 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255-ci maddəsinin “V” bəndi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum edilməsi, qısa müddətdən sonra özünü doğrultduğuna görə xidmət etdiyi N saylı hərbi hissənin vəsatətinə əsasən məhkəmənin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının vaxtından əvvəl üzərindən götürülməsi və onun cəzadan azad edilməsi, vəzifəsində mütamadi yüksələrək sonuncu iş yerinin Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Silah və Atış kafedrasında baş müəllim vəzifəsində işləməsi, lazımi kadr kimi Vətən müharibəsinə cəlb edilməsi və sonradan Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə torpaqlarımızın azad olnmasına görə təltif edilməsi işin mübahisələndirlməyən hallarıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci tarixli fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər.Həmin Fərmanın 2-ci bəndində qeyd olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılsın.Həmin Fərmanın 3.1-ci bəndində qeyd olunmuşdur ki, komissiyaya tapşırılsın ki, siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın. Göründüyü kimi İddiaçı Qazax Qarnizonu Hərbi Məhkəməsinin 12 avqust 1998-ci il tarixli hökmü ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, qısa müddət ərzində xidmət etdiyi hərbi hissənin və Müdafiə Nazirliyinin rəğbətini qazanmağa nail olmuş və N saylı hərbi hissənin vəsatətinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilərək üzərindən məhkumluq götürülmüşdür. Sonradan mütəmadi olaraq vəzifəsində yüksələrək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində baş müəllim işləmiş və 2016-cı ildə öz arzusu ilə ordu sıralarından tərxis olunmuşdur. İddiaçı peşakarlığı və qüsursuz xidmətləri nəzərə alınaraq Vətən Müharibəsində gedən döyüşlərə cəlb edilmiş və artileriya hərbi hissəsinin Əməliyyat bölməsinin rəisi təyin edilmişdir. Bu isə onun peşakarlığının və qüsursuz xidmətinin baris nümunəsidir. Belə ki, Vətən Müharibəsində göstərilən şücayətə görə İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2362, 2364 nömrəli 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən medallar ilə təltif edilmişdir. Lakin qeyd olunanlara baxmayaraq, cavabdeh təşkilat əsassız bəhanələr gətirərək iddiaçının haqlı tələbinin yerinə yetirilməsindən boyun qaçırmışdır. Halbuki, cavabdeh təşkilat üzərinə “İnzibati İcraat haqqına” Qanununun tələbinə əsasən öz təşəbüsü ilə tətbiq etməli olduğu normanın imtinasına qadağa mövcuddur. Belə ki, qeyd olunan Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Müdafiə Nazirliyi tərəfindən İddiaçı adı dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Müdafiə Nazirliyi İddiaçı adını dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edərək siyahını Maliyyə Nazirliyinə göndərməlidir. Bundan başqa Məhkəmə qeyd etməyi zəruri bilir ki, inzibati orqan İddiaçı qüsurlu xidmətini sübüt etmək yükündən azad edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı, qüsursuz hərbi xidmətinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada mənzillə təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq İddiaçı adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar