Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-9481/2025 20.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Bakı İnzibati Məhkəməsinin qərarına əsasən təyin edilmiş əlilliyə görə ödənişlərin xx.xx.2019-cu il tarixindən hesablanması, ödənişlərin birdəfəlik ödənilməsi və 24 min manat maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ilk öncə məhkəməyə müraciət edərək cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, Bakı İnzibati Məhkəməsinin qərarının icrasının təmin olunması və əlilliyin təyin olunma müddətinin 2018-ci ilin iyul ayından hesablanması, 24000 min manat maddi və mənəvi ziyana görə ödənişlərin verilməsi üçün cavabdelərin üzərinə öhdəlik qoyulması barədə qərar, vəzifəli şəxslər barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsinə hüquqi yardım edilmiş, müvafiq tələbin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının səlahiyyətləri daxilində olması bildirilmiş, lakin iddiaçının nümayəndəsi bir neçə dəfə ərizə təqdim edilsə də sonuncu dəfə xx.xx.2025-ci il tarixdə (səh.94.) iddia tələbinin dəqiqləşdirilməsinənə dair ərizə təqdim edərək, yenidən cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul edilməsini və Bakı İnzibati Məhkəməsinin qərarına əsasən təyin edilmiş əlilliyə görə ödənişlərin xx.xx.2019-cu il tarixindən hesablanması, ödənişlərin birdəfəlik ödənilməsi və 24 min manat maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR Konstitusiyasının 1, 7, 14, 24, 26, 38, 41, 57, 71-ci maddələrinə görə dövlətin yeganə mənbəyi xalqdır, AR hüquqi dövlətdir, təbii sərvətlərdən xalqın rifahı üçün istifadə olunmalıdır, hər kəsin doğulduğu andan pozulmaz və ayrılmaz hüquq və azadlıqları vardır, sağlamlığın qorunması və hər kəsin müraciət etmək hüququ vardır, lakin bunların hamısına əməl olunmur. Belə ki, xəstəliyi ilə əlaqədar əlilliyin təyin olunmasına görə 2018-ci ilin iyun ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, lakin qərəzli olaraq ona əlilliyin təyin olunmasından imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin qanunsuz tətbiq edilmiş karantin rejiminə görə xx.xx.2021-ci il tarixində qətnamə qəbul edilmiş, DTSERA tərəfindən verilən qanunsuz qəbul edilən şikayət də təmin olunmuşdur. Ona 02 aprel tarixinə bildiriş göndərmələrinə baxmayaraq 08 aprel 2022-ci il tarixinə qərar çıxarılaraq qətnamə ləğv edilmişdir. Məhkəmələrdə qərəzli olaraq iş yubadılmışdır. Qüvvədə olan qanunvericiliyə görə əlillik 2018-ci ilin iyul ayından hesablanmalı və 24000 min manat maddi və mənəvi ziyana görə ödənişlər verilməlidir. Cavabdehlərin hərəkətləri qanunsuz olduğundan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2-1(118)- 1628/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(105)-1097/2025 saylı Qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2- 1(118)-1628/2025 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Bakı İnzibati Məhkəməsinin qərarına əsasən təyin edilmiş əlilliyə görə ödənişlərin xx.xx.2019-cu il tarixindən hesablanması, ödənişlərin birdəfəlik ödənilməsi və 24 min manat maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı Fonda müraciət edərək müavinətin 2019-cu ilin fevralından hesablanması, həmin məbləğin birdəfəlik ödənilməsi, 24000 min maddi və mənəvi ziyana görə ödənişlərin verilməsini xahiş etmişdir. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən 17 fevral 2025-ci il tarixli 3-17-1/2-1- 36835/2025 nömrəli məktubla "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.3-cü maddəsinə əsasən, ona xx.xx.2021 -ci il tarixdən (xx.xx.2024-cü il tarixli müraciətindən 3 il əvvəl) xx.xx.2021-ci il tarixinədək 110 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 120 manat, xx.xx.2023-cü il tarixindən 150 manat məbləğində proaktiv qaydada İİİ dərəcəli əlilliyə görə sosial müavinət təyin edildiyi, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək keçmiş dövr üzrə ödənilməmiş 2975,81 manat məbləğin Qanunun 9.1-2-ci maddəsinə uyğun olaraq ödənilməsi barədə məlumat verilmişdir. İlkin olaraq bildirirlər ki, Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il ta 'ixli 2-1 (118)-1628/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı S.lsayeva müvafiq qərarla razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2-1(105)-1097/2025 nömrəli qərardadında qeyd etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2025ci il tarixli 2-1(118)-1628/2025 nömrəli qərarında prossesual pozuntuya yol verilmişdir. Belə ki, iddiaçının yazılı razılığı olmadan cavabdeh qismində qeyd olunmuş Nazirlik dəyişdirilərək Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial kimi qeyd edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli 2-1 (118)-1628/225 nömrəli qərarında qeyd edir ki, “Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki cavabdehə münasibətdə düzgün nəticəyə gəlsə də, qeyd edilən nəticəyə gələrkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfin məhkəmənin hüquqi yardım gösdərərək bildirdiyi bu təklifi qəbul etmədiyini açıq şəkildə bəyan etməsinə baxmayaraq, məhkəmə öz təşəbbüsü ilə, iddiaçının nümayəndəsinin iradəsi və razılığı olmadan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, həmin Nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göründüyü kimi, cavabdehin əvəz edilməsi məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə uyğun olaraq yalnız iddiaçının yazılı razılığı ilə həyata keçirilə bilər. Qanunvericilik iddiaçıya cavabdehi müəyyən etmək və onu dəyişdirmək səlahiyyəti verir, məhkəmə isə yalnız bu barədə hüquqi yardım göstərmək səlahiyyətinə malikdir. Lakin işə baxan məhkəmə bu prosessual tələbi nəzərə almadan, iddiaçının iradəsinə zidd olaraq cavabdehi öz təşəbbüsü ilə əvəz etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qəbul edilməklə, iddia tələbinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzııati Məhkəməsinə göndərilməlidir”. Göründüyü kimi iş üzrə cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd olunsa da, hazırkı iş üzrə cavab verməli olan orqan qismində çıxış etmir. Belə ki, iddiaçının müavinətin ödənilməsi tələbi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının səlahiyyətindədir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Bakı İnzibati Məhkəməsinin qərarına əsasən təyin edilmiş əlilliyə görə ödənişlərin xx.xx.2019-cu il tarixindən hesablanması, ödənişlərin birdəfəlik ödənilməsi və 24 min manat maddi və mənəvi ziyanın ödənilməsini istəyir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda qeyd edildiyi kimi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(105)-1097/2025 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2-1(118)-1628/2025 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Bakı İnzibati Məhkəməsinin qərarına əsasən təyin edilmiş əlilliyə görə ödənişlərin xx.xx.2019-cu il tarixindən hesablanması, ödənişlərin birdəfəlik ödənilməsi və 24 min manat maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki: “Birinci instansiya məhkəməsi cavabdeh təşkilatın iddiaçıya müavinətin müraciət etdiyi xx.xx.2024-cü il tarixindən 3 il əvvələ hesablanması, həmin məbləğin iddiaçıya ödənilməyə başlanılması, müavinətin birdəfəlik ödənilməsi hissəsinin də qanunvericilikdə tənzimlənməsi, ötən dövr üçün hesablanan müavinətin ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödənilməsi, iddiaçının əsas iddiası təmin edilmədiyindən, təzminatın ödənilməsi hissəsinin də təmin edilə bilməməsi əsası ilə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki cavabdehə münasibətdə düzgün nəticəyə gəlsə də, qeyd edilən nəticəyə gələrkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (...) Göründüyü kimi, cavabdehin əvəz edilməsi məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə uyğun olaraq yalnız iddiaçının yazılı razılığı ilə həyata keçirilə bilər. Qanunvericilik iddiaçıya cavabdehi müəyyən etmək və onu dəyişdirmək səlahiyyəti verir, məhkəmə isə yalnız bu barədə hüquqi yardım göstərmək səlahiyyətinə malikdir. Lakin işə baxan məhkəmə bu prosessual tələbi nəzərə almadan, iddiaçının iradəsinə zidd olaraq cavabdehi öz təşəbbüsü ilə əvəz etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qəbul edilməklə, iddia tələbinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir.” Məhkəmə iclasında cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qəbul edilməklə tərəflərin izahatı alınmışdır. Məhkəmə tərəfindən hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia tələbinə cavab verməli orqan olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-9481/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-9481/2025
20.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver