Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-95/2025 02.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi X12, Üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “xx.xx.1997-ci il tarixli, 426a reyestr nömrəli 492 inventar nömrəli qeydiyyat vəsiqəsi və iyul 1998-ci il tarixli texniki pasportda qeyd edilən 0.2750 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “İddiaçı nənəsindən vərəsəlik hüququ əsasında miras qalmış Xaçmaz şəhəri Aşağı Zeyid kəndi ərazisində yerləşən bir mərtəbəli, bir otaqlı yaşayış sahəsi 14 kv.metr, faydalı sahəsi 10 kv.metr olan fərdi yaşayış evinin və onun altında yerləşən 55 m X 50 m ölçüsündə torpaq sahəsi üzərində hüquqlarının xx.xx.1997-ci il tarixdə "Aztexinventarlaşdırma" İB-nin Xaçmaz rayon texniki inventarlaşdırma bürosu tərəfindən 426 saylı qeydiyyat vəsiqəsi və 1988-ci il tarixdə tərtib edilmiş texniki pasport əsasında dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.1997-ci il tarixli, 426a reyestr nömrəli 492 inventar nömrəli qeydiyyat vəsiqəsi və iyul 1998-ci il tarixli texniki pasportda qeyd edilən 0.2750 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1397/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə X13 və X14 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı nənəsindən vərəsəlik hüququ əsasında miras qalmış Xaçmaz şəhəri Aşağı Zeyid kəndi ərazisində yerləşən bir mərtəbəli, bir otaqlı yaşayış sahəsi 14 kv.m, faydalı sahəsi 10 kv.m olan fərdi yaşayış evinin vəsiyyətnamə üzrə tam pay hüquqlu mülkiyyətçisidir. Bununla əlaqədar ona xx.xx.1997-ci il tarixdə “Aztəxinventarlaşdırma” İB-nin Xaçmaz rayon texniki inventarlaşdırma bürosu tərəfindən 426 saylı qeydiyyat vəsiqəsi də təqdim edilmiş, 1988- ci il tarixdə tərtib edilmiş texniki pasport da təhvil verilmişdir. Torpaq sahəsinin ölçüsü sənədlə 2800.0 kvm, faktiki 2750.0 kv.metr təşkil etmişdir. Həmin torpaq sahəsi bir tərəfində qonşu, iki tərəfində yol, digər tərəfində məktəb yerləşməklə 55 m X 50 m ölçüsündə olmuşdur. Öz qanuni istifadəsində olan torpaq sahəsinin və fərdi yaşayış evinin yeni qaydalarla dövlət reyestrində qeydiyyata alınması və yeni texniki pasportun tərtib edilməsini tələb etdikdə isə cavabdeh Azərbaycan Respublikası Əmlak X9 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi ona “qonşu ilə mübahisə var, mübahisəni həll edin, sonra hüquqlarınızı qeydiyyata alarıq” kimi cavab verməklə onu hüquqlarından məhrum etmişdir. Bundan sonra həmin cavaba əsasən iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin qərardadı ilə iddia mümkünsüz hesab edilmişdir. Məhkəmə hesab etmişdir ki, onun müraciətindən imtina edilməmişdir, yenidən müraciət edilməlidir. Yenidən cavabdehə müraciət etdikdə isə məlum olmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2003-cü il tarixli, JN010F, KOD 30206018 seriyalı şəhadətnamə ilə torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Ümumi sahəsi 2010.0 kv.metrdir. Lakin iddiaçı bu ölçü ilə razılaşmamış, onun sənədlərinə uyğun qaydada yenidən şəhadətnamə tərtib edilməsi və ya əvvəlki texniki passport əsasında hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh orqan şifahi, eləcə də yazılı məlumat verərək onun mülkiyyətinə 0.20 ha torpaq sahəsinin verilməsini, digər hissələrdə isə qonşu ilə mübahisə olmasını əsas gətirməklə hüquqularının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətindən imtina etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi X16 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxs X15 iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxs X14 iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı iddiasına qarşı münasibətin (etirazın) bildirilməsi ilə bağlı sərəncamın icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə daxil olmuş məktubunuza baxılmışdır. İddia ərizəsində göstərilənlərlə əlaqədar bildiririk ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi vətəndaş X5 rayonu, Aşağı Zeyid kəndi ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022- ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspedizasi və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş fərdi yaşayış evinin yerləşdiyi 0.20 ha torpaq sahəsinə elektron kadastr məlumat bazasına əsasən Sizin adınıza JN-010 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından xx.xx.2022-ci il tarixli, **********92 nömrəli məktubla imtina olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudLğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun 4.1-ci maddəsinə əsasən Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Daşınmaz Əmlakm Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri üzərində hüquqları təsdiq edən şəhadətnamələr” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşoirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir".
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-1456/2021 saylı qərardadı; 492 inventar nömrəli, 06 fevral 1997-ci il tarixli qeydiyyat vəsiqəsi; iyul 1988-ci il tarixli texniki pasport; 18 oktyabr 2022-ci il tarixli imtina məktubu və digər sənədlər aiddir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 18 oktyabr 2022-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xaçmaz rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmala yanaşı, həm də qismən əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Xaçmaz şəhəri, Aşağı Zeyid kəndi ərazisində yerləşən bir mərtəbəli, bir otaqdan ibarət fərdi yaşayış evi 492 inventar nömrəli, 04 fevral 1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının nənəsi mərhum X2 məxsus olmuşdur. X4 öldükdən sonra 06 fevral 1997-ci il tarixli, 2-B-17 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında İddiaçı adına özəlləşdirilmişdir. Buna dair sonuncunun adına xx.xx.1997-ci il tarixli, 426a reyestr nömrəli 492 inventar nömrəli qeydiyyat vəsiqəsi və iyul 1998-ci il tarixli texniki pasport da tərtib edilmişdir. İddiaçı həmin fərdi yaşayış evi və onun üzərində yerləşdiyi torpaq sahəsi ilə bağlı hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabehin 18 oktyabr 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinasının əsası kimi qonşu torpaq sahəsi ilə mübahisənin mövcud olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, 492 inventar nömrəli, 04 fevral 1997-ci il tarixli qeydiyyat vəsiqəsi və iyul 1988-ci il tarixli texniki pasport əsasında Xaçmaz şəhəri, Aşağı Zeyid kəndi ərazisində yerləşən bir mərtəbəli, bir otaqdan ibarət fərdi yaşayış evi iddiaçının mərhum nənəsinin mülkiyyətində və istifadəsində olmuşdur. X1 ölümündən sonra, iddiaçı onun vərəsəsi kimi tanınmış və mübahisələndirilən torpaq sahəsi və yaşayış evi onun istifadəsində olmuşdur. Məhkəmə X2 fərdi yaşayış evinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin arxiv nüsxəsinin mövcud olub-olmadığını araşdırmaq məqsədilə müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq yuxarıda qeyd edilən sənədlərin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Fərmanının 2.4-cü maddəsinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin əsası hesab olunur. Siyahının 1.11-ci bəndində qeyd edilir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar müvafiq əmlaka hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. İş materiallarından göründüyü kimi, iddiaçının nənəsinin adına tərtib edilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport 1988-ci ildə tərtib edilmişdir. Odur ki, X1 vərəsəsi kimi onun nəvəsi olan hazırkı iş üzrə iddiaçının, həmin torpaq sahəsinin və üzərində yerləşən yaşayış evinin mərhuma məxsus olması barədə arayış alması üçün qanuni əsaslar yaranmışdır. Məhkəmə icraatı zamanı cavabdehin yazılı etirazında qeyd etdiyi halların araşdırılması və mütəxəssis rəyinin təqdim edilməsi üçün cavabdeh inzibati orqana məktub ünvanlanmışdır. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: Xaçmaz rayon texniki inventarlaşdırma bürosu təfindən verilmiş 426 a reyestr nömrəli, 06 fevral 1997-ci il tarixli qeydiyyat vəsiqəsində göstərilən və vərəsəlik əsasında İddiaçı mülkiyyətinə verilmiş yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Hal-hazırda faktiki naturada istifadəsində 0.21 ha torpaq sahəsi mövcuddur. Xaçmaz rayon texniki inventarlaşdırma bürosu təfindən verilmiş 426 a reyestr nömrəli, 06 fevral 1997-ci il tarixli qeydiyyat vəsiqəsində göstərilən və vərəsəlik əsasında İddiaçı verilmiş yaşayış evi Xaçmaz rayonu Aqrar İslahat komissiyasının 27 noyabr 1998ci il tarixli 12 saylı qərari ilə İddiaçı adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN- 010F nömrəli şəhadətnamədə olan 0.20 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Fərdi yaşayış evi iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsində yerləşmir. Yaşayış evinin yerləşdiyi mübahisəli torpaq sahəsinin koordinatları olmadığından onun faktiki olaraq yerləşdiyi koordinatlar arasında uyğunsuzluğun mövcud olmasını müəyyən etmək mümkün olmamışdır. Lakin JN-010F nömrəli şəhadətnamədə olan 0.20 ha torpaq sahəsinin çizgiləri istifadə vəziyyətinə uyğundur. Qeyd olunan torpaq sahəsinin koordinatları üçüncü şəxslər X7 və X8 mülkiyyətində olan torpaq sahəsi ilə torpaqların elektron uçotu informasiya (TEKUİS) sisteminə və baza xəritələrinə (DWG) əsasən üst-üstə düşmür. Qeyd olunan torpaq sahəsinin koordinatları ətrafda yerləşən Xaçmaz rayonu Aqrar islahat komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərari ilə İddiaçı adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-010F nömrəli şəhadətnamədə olan 0.20 ha torpaq sahəsinə əsasən digər şəxslərin torpaq sahələri ilə üst-üstü düşmür. Daha sonra məhkəmə işin hallarının hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. İş materiallarında olan 16 sentyabr 2024-cü il tarixli, 10/5332 nömrəli ekspert rəyində cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilən hallar eynilə öz əksini tapmışdır. Məhkəmə işin hallarının hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə cavabdeh orqana təkrar sorğular ünvanlamışdır. Məhkəmə sorğusuna cavab olaraq 23 aprel 2025ci il tarixli məktuba əlavə edilərək təqdim müayinə aktında aşağıdakılar qeyd edilmişdir: İnventar işi 492 olan qeydiyyat vəsiqəsinə əlavə edilmiş iyul 1988-ci il tarixli texniki pasportda qeyd edilən 0.2750 ha torpaq sahəsinin koordinatları - cizgilərinə və ölçülərinə əsasən müəyyən edilmişdir. Həmin cizgi və ölçülərə əsasən müəyyən olmuşdur ki, qonşu X7 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmış 0.10 ha torpaq sahəsinin 0.0668 ha hissəsi ilə üst-üstə düşür. Hansı hissədə düşməsi sxem və ortofoto xəritəsindən çıxarış əlavə olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi 0.2750 ha torpaq sahəsinin koordinatları müəyyən edilsə də, həmin torpaq sahəsinin 0.0668 ha hissəsi digər şəxs - X7 mülkiyyətində olan 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda, iddiaçının iddia etdiyi 0.0668 ha torpaq sahəsinə münasibətdə digər şəxsə məxsus hüquqmüəyyənedici sənədləri mübahisələndirmək hüququ vardır. Hazırki halda isə iddiaçının yalnız (0.2750ha – 0.0668ha) 0.2082 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, iddiaçının nənəsinin mübahisələndirilən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları yarandığından, həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq arayış verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.1997-ci il tarixli, 426a reyestr nömrəli 492 inventar nömrəli qeydiyyat vəsiqəsi və iyul 1998-ci il tarixli texniki pasportda qeyd edilən 0.2750 ha torpaq sahəsinin üst-üstə düşən 0.0668 ha hissəsi çıxılmaqla, qalan mübahisəsiz 0.2082 ha hissəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia qismən təmin edilsin. xx.xx.1997-ci il tarixli, 426a reyestr nömrəli 492 inventar nömrəli qeydiyyat vəsiqəsi və iyul 1998-ci il tarixli texniki pasportda qeyd edilən 0.2750 ha torpaq sahəsinin üst-üstə düşən 0.0668 ha hissəsi çıxılmaqla, qalan mübahisəsiz 0.2082 ha hissəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva