Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-950/2020 25.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X6 publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X6 publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına (Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Qubadlı rayon şöbəsinə) qarşı “İddiaçıya müharibə veteranı vəsiqəsi verildiyi xx xxxxxx 2018-ci il tarixdən əvvəlki üç il, yəni xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2018-ci il tarixədək olan müddət üçün müharibə veteranı müavinətinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Qubadlı rayon şöbəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Qarabağ döyüşlərində iştirakına görə, xx xxxxxx 2018-ci ildən müharibə veteranı statusu və vəsiqəsi verilmişdir. Bununla əlaqədar olaraq ona xx xxxxxx 2018-ci ildən müharibə veteranlarına şamil edilən sosial müavinət təyin edilmişdir. İddiaçı ona sosial müavinətin, təyinatdan əvvəlki dövrlər nəzərə alınaraq yenidən hesablanması və fərqin ödənilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin xx xxxx 2020-ci il tarixli, **********7 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının müharibə veteranı vəsiqəsini xx xxxxxx 2018-ci il tarixdə alması göstərilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bununla bağlı xx xxxxxx 2018-ci il tarixdə ona müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan Azərbaycan Respublikasının ərazisində müddətsiz istifadə hüququna malik olmağı Azərbaycan Respublikası MN-nin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş 059989 nömrəli vəsiqə ilə təsdiq olunur. Müharibə veteranı adı veriləndən sonra cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Qubadlı rayon şöbəsinə müraciət etmişdir. qanunvericilikdə əvvəlki 3 ilin ödənilməsi nəzərdə tutulduğundan, (yəni xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək) həmin dövrlər üçün müavinətin cavabdeh tərəfindən ödənilməsini iddiaçı xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Qubadlı rayon şöbəsi xx.xx.2020-ci il tarixli, **********7 saylı imtina məktubunda qeyd edilmişdir ki, Əmək və X2 Nazirliyinin xx.xx.2007-ci il tarixli 03/102 nömrəli məktubunu və “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir və Prezident təqaüdünü almaq hüququ onlara veteran adının və vəsiqəsinin verildiyi gündən yaranır. Müdafiə Nazirliyi tərəfindən iddiaçıya verildiyi üçün müavinət hüququ həmin gündən yaranmışdır.” Göründüyü kimi inzibati orqanın tələbini təmin etməkdən qanunsuz və əsassız olaraq imtina edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1. və 9.1.5ci maddələrinə əsasən ən çoxu müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməklə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ olan qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Yuxarıda göstərilən Qanunun 9.1. və 9.1.5.-ci maddəsinə əsaslanaraq ona müavinəti əvvəlki 3 il üçün hesablayıb ödənilməsinə göstəriş verilməsi barədə Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Qubadlı rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. İddiaçı hesab edir ki, Veteran vəsiqəsi aldığı xx xxxxxx 2018-ci il tarixdən əvvəlki üç il üçün, yəni xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan dövr üçün müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbinə dair etirazında qeyd edir ki, vətəndaşa veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. İddiaçıya xx xxxxxx 2018-ci il tarixində veteran vəsiqəsi verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında Fondun müvafiq şöbəsi vətəndaşa veteran statusunu aldığı vaxtdan, yəni xx xxxxxx 2018-ci il tarixindən ona sosial müavinət təyin etmiş, əvvəlki illər üzrə müavinət ödəməkdən isə imtina etmişdir. Belə ki, “Sosial müavinətlər haqqqında” Qanunun 9.1 -ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir və həmin Qanunun 4.0.1.6-cı maddəsinə görə, veteranlara verilən müavinətin növü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” olaraq müəyyən edilmişdir. xx.xx.1994-cü il tarixdən qüvvədə olan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (xx xxx 1995-ci il tarixli 1029 nömrəli, xx xxxx 1995-ci il tarixli 1067 nömrəli və xx xxxxxx 2001 -ci il tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: “İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3- cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir”. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1 -dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Qanunvericiliyin müxtəlif normalarında veteranların bu güzəştlərdən istifadə edə bilməsi imkanı veteran vəsiqəsinin alınması anı ilə şərtləndirilmişdir. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranın adının verilməsi Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən həyata keçirilir. Bu qəbildən olan işlərdə veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010- cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabərmünasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Qərarın təsviri hissəsində qeyd edildiyi kimi iddiaçıya Qarabağ döyüşlərində iştirakına görə, xx xxxxxx 2018-ci ildən müharibə veteranı statusu və vəsiqəsi verilmişdir. Cavabdeh iddiaçıya müharibə veteranı vəsiqəsinin xx xxxxxx 2018-ci ildə verilməsini əsas götürərək, həmin tarixdən də ona sosial müavinət təyin edildiyini bildirir və əvvəlki dövrlərlə bağlı ödəniş edilməsindən imtina edir. İş materiallarından aydın olur ki, iddiaçıya 2018-ci ildə müharibə veteranı vəsiqəsi verilsə də, iddiaçı Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirakına görə həmin vəsiqəni almış və həmin vəsiqəni alma səbəbi 2018-ci il tarixdə deyil, o, döyüş əməliyyatlarında iştirak etdikdən sonra yaranmışdır. Yəni iddiaçı 2018-ci ildə müharibə veteranı olmamış, onun bu statusu daha öncə Azərbaycan Respublikası ərazi bütüövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar yaranmış, lakin ona vəsiqə sonradan verilmişdir. Bu hal isə iddiaçının hüququnu məhdudlaşdırmaq üçün əsas ola bilməz. Lakin, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.5-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”-nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, Qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra xx xxxxx 2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, qanunverici müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. xx xxxxx 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. xx xxxxx 2019-cu il tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. İddiaçıda xx xxxxx 2019-cu il tarixdən əvvəl müharibə veteranı statusu alması iddianın əsaslı olduğunu göstərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçıya müharibə veteranı vəsiqəsi verildiyi xx xxxxxx 2018-ci il tarixdən əvvəlki üç il, yəni xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2018-ci il tarixədək olan müddət üçün müharibə veteranı müavinətinin ödənilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X6 publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının (Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Qubadlı rayon şöbəsinin) üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-950/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-950/2020
25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver