Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-950/2022 27.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Siyəzən rayon Dövlət Notariat Konturuna qarşı “ünvan 1 ünvanına dair Siyəzən rayon notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Siyəzən rayon Dövlət Notariat Konturuna qarşı “ünvan 1 ünvanına dair Siyəzən rayon notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Siyəzən şəhəri, T.İsmayılov küç.korp.ev.17, mən.6 ünvanında yaşamış, atası, anası, 2 bacısı və o, həmin ünvanda qeydiyyatda olmuşlar, orada yaşamışlar. Hal-hazırda o və bacısı X4 həmin ünvanda qeydiyyatdadırlar. İddiaçı 3-cü qrup əlili, hərbi xidmətdə MAXE olmuş, kiçik çavuşdur. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Anası 24.11.2014-cü ildə vəfat edib. Halhazırda həmin mənzildə qeydiyyatda o və bacısıdır. Bu yaxınlarda xəbər tutmuş ki, dayısının həyat yoldaşı X1 tikilən yeni 5 mərtəbəli binada 3 otaqlı mənzil alıb. İddiaçı özü xəstəliyi ilə əlaqədar Bakıda qalır, tez-tez müalicə və müayinələri olur. 3 hərbiçi yoldaşı ilə bir evdə qalırlar. Dayısının həyat yoldaşı ona bildirir ki, sənin bu mənzildə heç bir hüququn yoxdur. Bildir ki, mənzil əvvəllər Siyəzənneft NQÇ-nin MTŞ-nin balansında olub. 2000-ci ilin əvvəllərindən Siyəzən Rayon İcra Hakimiyyətinin balansına verilib. Lakin onun doğulduğu vaxtdan yaşadığı bu mənzildən istifadə hüquqları mövcuddur. Onların mənzili alan şirkətlə dayının həyat yoldaşı arasındakı müqavilədə mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxs kimi onun da razılığı, notariusda bağlanmış müqavilədə imzası olmalı idi. Müqavilə qanunsuz bağlandığından etibarsız hesab edilməlidir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarına əsasən Ədliyyə Nazirliyi və onun yerli qurumları (o cümlədən dövlət notariusları) inzibati orqan sayılırlar. Hazırkı iddia tələbinə mübahisənin mahiyyəti baxımından inzibati icraat qaydasında baxılması mümükün deyil. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə sonuncunun inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Göründüyü kimi inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. Dövlət notariusu tərəfindən edilməsi tələb edilən hüquqi hərəkətlərin həllinə dair hüquqi tənzimləmə məsələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi isə ümumi hüququn deyil xüsusi hüququn tənzimləmə dairəsinə aid olan hüquqi məsələləri tənzim edir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən Dövlət notariusu tərəfindən yerinə yetirilən notariat hərəkətləri aşağıdakılardan ibarətdir: Dövlət notariusu--1) əqdləri və etibarnamələri təsdiq edir; 2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür; 3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; 4) ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir; 5) yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir; 6) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir; 7) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir; 8) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir; 9) şəxsin sağ olması faktını təsdiq edir; 10) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir; 11) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir; 12) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir; 13) fiziki və hüquqi şəxslərin ərizələrini və sənədlərini başqa fiziki və hüquqi şəxslərə verir; 14) öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir; 15) icra qeydləri aparır; 16) veksellərə protestlər tərtib edir; 17) çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir; 18) sənədləri saxlanmaq üçün qəbul edir; 19) dəniz protestləri tərtib edir; 20) sübutları təmin edir. Qeyd olunan 20 notariat əməliyyatından 5 notariat əməliyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin və digər mülki xarakterli Qanunların müddəaları əsasında qəbul edilən və hüquqi nəticə yaradan hərəkətlərdən, digər 15 notariat əməliyyatını isə Notariat haqqında Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində qeyd olunmuş notariusun subyektiv hüquqları və daxili inamı əsasında həyata keçirilən hüquqi xidmətlərdən ibarətdir. Belə ki, qeyd olunan 5 notariat əməliyyatları üzrə, yəni: --əqdləri və etibarnamələri təsdiq edərkən notariuslar Mülki Məcəllənin Xİİİ-XVİ fəsillərinə (maddələr 144-146, 324-366, o cümlədən Mülki Məcəllənin xüsusi hissənin 567- 882 maddələrinə), --miras əmlakın mühafizə olunması üçün tədbirlər görülməsi zamanı notariuslar Mülki Məcəllənin LXXİİİ fəsillərinə (maddələr 1317-1320), --vərəsəlik hüququ haqqında şəhadətnamələr verərkən notariuslar Mülki Məccələnin X bölməsinə (maddələr 1133-1325); --ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verərkən notariuslar Mülki Məccələnin 1162-ci maddəsinə; --yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verərkən notariuslar Mülki Məcəllənin 414-416-cı maddələrinə istinad etməklə hüquqi hərəkətlər yerinə yetirir. Yerdə qalan digər 15 notariat əməliyyatlarının həyata keçirilməsi zamanı maddi hüquq normalarına istinad edilməsinə zərurət yoxdur. Yəni həmin notariat əməliyyatları təqdim edilmiş xidmət haqqı müqabilində hüquqi xidmətin həyata keçirilməsindən ibarətdir. Belə ki, qeyd olunan 15 notariat əməliyyatı üzrə, yəni : --sənədlərin surətləri və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi zamanı notariuslar tərəfindən surət kimi təqdim edilmiş sənədlərin sənədin həqiqiliyinə uyğun olması yoxlanılır, --sənədlərdəki imzaların həqiqiliyini təsdiq edərkən sənədin məzmunun əqdin şərhindən ibarət olmamasına və imzanın müvafiq şəxsə məxsus olmasını müəyyən edilir, --sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edərkən tərcüməçinin imzasının həqiqiliyi, notariusun özü müvafiq dili bildiyi tədqirdə tərcümənin düzgünlüyü təsdiqləyir, --şəxsin sağ olması faktını təsdiq edərkən təqdim olunmuş şəxsin sağ olmasını müəyyən edir, --şəxsin müəyyən yerdə olması faktını təsdiq edərkən onun həmin ərazidə olmasını təsdiq edir, --şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir; --sənədlərin təqdim olunduğu vaxtı təsdiq edərkən təqdim edilmə saatına, gününə, ayına, ilinə diqqət yetirilir, --fiziki və hüquqi şəxslərin ərizələrini və sənədlərini başqa fiziki və hüquqi şəxslərə verərkən başqa şəxsin kimliyini müəyyən edir, --öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edərkən, həmin əşyaların dəyərini, həqiqliyini və hansı müddətə qədər saxlanılmasını dəqiqləşdirir, --icra qeydləri apararkən müvafiq müqavilə üzrə aparılmasını dəqiqləşdirir, --veksellərə protestlər tərtib edərkən veksellərin ödənilməməsini, aksept olunmamasını və ya aksept tarixinin qoyulmamasını dəqiqləşdirir, --çekləri ödənilmək üçün təqdim edərkən və çeklərin ödənilmədiyini təsdiq edərkən çeklərin üzərində müvafiq qeydlər aparır, --sənədləri saxlanmaq üçün qəbul edərkən təqdim edilmiş sənədlərin sayını və həqiqiliyini müəyyən edir, --dəniz protestlərini tərtib edərkən gəmi sahibinə qarşı gəmi kapitanı tərəfindən əmlak tələbi irəli sürülməsi məqsədi ilə gəmi kapitanı tərəfindən təqdim edilmiş aktı qəbul edir və şahidlərinin imzasının həqiqiliyini təsdiq edir, --sübutların təmin edilməsi zamanı notarius şahidləri dindirir, yazılı və maddi sübutları müayinə edir, ekspertiza təyin edir. Yuxarıda qeyd olunanlardan məlum olur ki, notariuslar tərəfindən həyata keçirilən notariat əməliyyatlarının hamısı hüquqi nəticələr yaradan əməliyatlardan ibarət deyil. Yəni notariuslar tərəfindən həyata keçirilməli olan 20 notariat əməliyyatlarının 15 növ notariat əməliyyatı notariuslar tərəfindən göstərilən hüquqi xidmətlərə daxildir. Ona görə də məhkəmə hesab edir ki, dövlət notariusları tərəfindən xidmət növlərinə aid olmayan notariat hərəkətlərindən, yəni qeyd olunan 5 növ notariat əməliyyatı üzrə verilmiş iddia tələblərinə ümumi iddia icraatı qaydasında ümumi məhkəmələr, xidmət növlərinə aid edilən, yəni yuxarıda qeyd olunan 15 növ notariat əməliyyatlarından verilən iddia tələbinə isə inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən mübahisəndirilən alqı-satqı müqaviləsinin mübahisələndirilməsi mülki mübahisə tələblərinə aid olduğuna görə həmin iddia tələbinin inzibati icraat qaydasında baxılması yolverilməzdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 12 saylı qərarına əsasən müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməsi və qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilməsi tövsiyyə olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin predmetinin dövlət notariusları tərəfindən həyata keçirilən xidmət növlərinə aid olmayan, yəni notariusun üzərinə əqdləri və etibarnamələrin etibarsız hesab edilməsi öhdəliyinin qoyulması ilə bağlı İddiaçı iddia tələbinə inzibati icraat qaydasında deyil, mülki mühakimə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. İddiaçı cavabdeh Siyəzən rayon Dövlət Notariat Ofisinə qarşı qaldırdığı iddia tələbinə cavabdehin olduğu yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etmə hüququnun olması tövsiyyə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Siyəzən rayon Dövlət Notariat Konturuna qarşı “ünvan 1 ünvanına dair Siyəzən rayon notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-950/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-950/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver