Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-953/2021 19.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun N saylı hərbi hissənin tərkibində 30.07.1992-ci il tarixdən 25.08.1992-ci il tarixədək hərbi xidmət etməyi faktının təsdiq olunması və ona “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə öhdəlik kimi qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq onun N saylı hərbi hissənin tərkibində 30.07.1992-ci il tarixdən 25.08.1992-ci il tarixədək hərbi xidmət etməyi faktının təsdiq olunmasını və ona “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə öhdəlik kimi qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.1969-cu ildə Siyəzən rayonu( keçmiş Dəvəçi rayonu) Böyük Həmyə kəndində anadan olmuşdur. 30.07.1992-ci il tarixdə səfərbərliklə Azərbaycan Respublikası Silahlı Qüvvələrin sırasına göndərilmişdir.( SHXÇDX-nin Şabran rayon Bölməsinin 149 saylı, 20.09.2019-cu il tarixli arayışı) Ağdərə uğrunda gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində iştirak etmişdir. 25.08.1992-ci il tarixdə ayağımdan güllə yarası almışdır. ( 1 130 saylı, 27.09.1992-ci il tarixli N saylı hərbi hissənin AR MN-nin Hərbi Poliklinikasının arayışı) Kəlbəcər rayon Xəstəxanasında 5 günlük müalicə alandan sonra Gəncə Hərbi Hospitalına vertolyot ilə göndərilmişdir. 3 gün orada yatdıqdan sonra Semaşko adına xəstəxanada yatdıqdan sonra 05.11.1992-ci ildən 11.12.1992- ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. (111 saylı, 23.1 1.1992-ci il tarixli AR MHH-nin arayışı) Bu barədə Azərbaycan Respublikası Hərbi Hospitalın 321 saylı, 04.12.1992-ci il tarixli arayışına əsasən “Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanma alınmışdır” diaqnozu təyin edilmişdir. Həmçinin Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının rəisinin və Tibbi Arxivinin müdirinin imzası ilə 4089 saylı, 04.07.2017-ci il tarixli arayışı ilə iddiaçıya “ hər iki budun yumşaq toxumalarının dəlib keçən odlu silah yaralanmasından sonrakı oturaq sinirinin zədələnməsi” diaqnozunun verilməsi bildirilmişdir. SQ BKH-da iddiaçını tibbi şəhadətləndirməyə cəlb etmişdirlər. Bir ay sonra məzuniyyət verilmişdir. İddiaçı Hərbi Komissarlığa müraciət etmiş və 04.12.1992-ci il tarixli hərbi komissiyanın qərarı ilə hərbi xidmətə yararsız hesab edilərək qeydiyyata alınmışdır. Bu barədə hərbi biletində də qeyd olunmuşdur. İddiaçının Qarabağ müharibəsi zamanı N saylı hərbi hissənin tərkibində iştirakı barədə MN-nin Mərkəzi Arxivində hər hansı məlumatın olması barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir. Təkrarən əmək haqqı cədvəllərində adının olmasının nəzərə alınmasını xahiş etmişdir. Lakin ona 9/2-1611 saylı, 24.02.2021 -ci il tarixli imtina məktubu gəlmişdir. Bildirilmişdir ki, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və Kəlbəcər rayon xəstəxanasının, Gəncə Hərbi Hospitalının, Musa Nağıyev adına xəstəxananın sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından iddiaçının xidməti barədə araşdırma apara bilməmişdirlər. Bu səbəbdən hərbi xidmət keçməsi faktının təsdiq olunması və ona “Müharibə veteranı’' adının və müvafiq vəsiqənin verilməsi faktının AR Müdafiə Nazirliyinin üzərinə öhdəlik kimi qoyulmasını təmin edə bilməmişdir. Həmçinin iddiaçı bildirir ki, onunla həmin dövrdə N saylı h/hissənin tərkibində olmuş və “ Müharibə veteranı” adı almış 2 nəfər cəbhə yoldaşları da bu barədə şahiddirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, hüquqi faktın təsdiq edilməsinə dair iddialara ümumi məhkəmələrdə mülki məhkəmə icratı qaydasında baxıldığı izah edilmiş, iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının N saylı hərbi hissənin tərkibində 30.07.1992-ci il tarixdən 25.08.1992-ci il tarixədək hərbi xidmət etməyi faktının təsdiq olunmasına dair tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan başqa Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi ilə iddiaçı eyni zamanda ona “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsini tələb edir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah olunsun ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə müvafiq ümumi məhkəməyə müraciət edə bilər, bu müraciətin nəticəsinə uyğun olaraq inzibati orqana müraciət edə bilər Hüquqi faktın təsdiq edilməsinə zərurət görmədiyi halda isə müharibə veteranı adının verilməsi ilə bağlı inzibati orqana müraciət edə bilər. İnzibati orqan imtina vəya hərəkətsizlik edərsə, müvafiq iddia ilə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-953/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-953/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver