Məhkəmə qərarları › İş №2-1(118)-953/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-953/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-953/2024 07.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Xızı qəsəbə İcra nümayəndəsinin 15 may 1992-ci il tarixli 40 nömrəli sərəncamı ilə Xızı qəsəbəsində fərdi mənzil tikintisi üçün ayrılmış 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun mərhum anası Paşayeva (Quliyeva) Səkinə Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Xızı qəsəbə İcra nümayəndəsinin 15 may 1992-ci il tarixli 40 nömrəli sərəncamı ilə Xızı qəsəbəsində fərdi mənzil tikintisi üçün ayrılmış 0,20 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan-ölçü sənədlərinin, texniki sənədlərin, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anasına Xızı qəsəbə icra nümayəndəsinin 15 may 1992-ci il tarixli 40 nömrəli sərəncamı ilə Xızı qəsəbəsində fərdi mənzil tikintisi üçün ayrılmış 0,20 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan-ölçü sənədlərinin, texniki sənədlərin verilməsi üçün cavabdehə müraciət etmişdir. 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-eü il tarixli 3-21-3-31/2-Q-0033-8/2023 saylı imtina məktubu ilə onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən ümumi sahəsi 0.20 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət 3-21-3-31/1-Q-0033-8/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq mərhum X3 vərəsəsi İddiaçı bildirilmişdir ki, ərizəyə torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (“Torpaq sahəsinin planı və ölçüsü”, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilmədiyi üçün faktiki yerin sənəddə qeyd edilən koordinatlara uyğun olub- olmaması barədə rəy vermək mümkün deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1 -ci və 10.2.2-ci maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü sənədi əlavə olunur.Nəzərinizə çatdırırıq ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi vətəndaş X4 adına qeydiyyata alınmış **********47-10301 reyesrt nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür və faktiki torpaq sahəsi sənəd üzrə qeyd edilən torpaq sahəsindən 0.02 ha azdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü və 2.4cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmçinin bildiririk ki, idarənin istifadəsində olan elektron kadastr məlumat bazasında torpaq sahəsinin yerləşdiyi ərazi meşə fondu torpaqları kimi qeyd edilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 31-ci maddəsinin 5-ci bəndinə əsasən, meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Göstərilən səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesində X6 ifadə verərək, bildirmişdir ki, hal-hazırda mülkiyyətində olan torpaq sahəsi onun mərhum arvadının adına olmuş və arvadı vəfat etdikdən sonra onun adına rəsmiləşdirilmişdir. İddiaçı ilə hər hansı bir problemi yoxdur və vaxtı ilə iddiaçının sahibliyində olan torpaq sahəsi arvadına məxsus texpasportda zəbt sahə kimi göstərilsə də, sonradan onun tərəfindən alınmış texniki pasportda həmin səhv aradan qaldırılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 3-21-3-31/2-Q-0033-8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu, etiraz ərizəsi, Xızı qəsəbə icra nümayəndəsinin 15 may 1992-ci il tarixli 40 nömrəli sərəncamının təsdiqlənmiş surəti, ayrıc aktının təsdiqlənmiş surəti, Xız rayon Dövlət Arxivinin təqdim etdiyi arayışlar, Xızı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 5-50/2-191/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması vaxtdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 3-21-3-31/2-Q-0033-8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Xızı rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Xızı qəsəbə İcra nümayəndəsinin 15 may 1992-ci il tarixli 40 nömrəli sərəncamı ilə Xızı rayonu ərazisində yerləşən 0,20 ha torpaq sahəsi iddiaçının mərhum anası Paşayeva (Quliyeva) Səkinə Hüseyn qızına ayrılmışdır. İddiaçı 0.20 ha topraq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin müraciətinə müsbət cavab ala bilməmişdir. Cavabdeh təşkilat imtinası aşağıdakılardan ibarət olmuşdur. 1) ərizəyə torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd “Torpaq sahəsinin planı və ölçüsü”, mövqe sxemi, ayrıc aktı və s. əlavə edilmədiyi üçün faktiki yerin sənəddə qeyd edilən koordinatlara uyğun olub-olmaması barədə rəy vermək mümkün olmaması, 2) iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi vətəndaş X4 adına qeydiyyata alınmış **********47-10301 reyesrt nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi və faktiki torpaq sahəsi sənəd üzrə qeyd edilən torpaq sahəsindən 0.02 ha az olması, 3) idarənin istifadəsində olan elektron kadastr məlumat bazasında torpaq sahəsinin yerləşdiyi ərazi meşə fondu torpaqları kimi qeyd edilməsi. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Cavabdeh təşkilatın imtinasında göstərdiyi 1-ci arqumentlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir.Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1999cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş 6 iyun 2012-ci il tarixinədək qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 17-ci maddəsinə əsasən yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, xalq təhsili, mədəniyyət, səhiyyə, icman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunalməişət və sosial-mədəni təbəbatının ödənilməsi üçün digər əmlak ola bilər.Həmin Əsasnamənin 18-ci maddəsinə Əsasnaməsinin yerli icra hakimiyyətləri sərəncamında olan obyektlər üzərində sərəncam verilməsini və onların idarə edilməsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.Həmin Əsasnamənin 36.1-ci maddəsinə əsasən rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyəti başçılarının nümayəndəliyi fəaliyyət göstərir. Rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəsi rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir. Xızı rayon Dövlət Arxivinin təqdim etdiyi 90 nömrəli, xx.xx.2015-ci il tarixli məktubdan görünür ki, Xızı rayon XDS İK-nin 102 nömrəli, xx.xx.1991-ci il tarixli qərarına əsasən fərdi mənzil tikintisi üçün rayon sakinlərə 70 ha torpaq sahəsi verilməsi qərara alınmışdır və eyni zamanda həmin torpaq sahələrinin ayrılması səlahiyyəti Xızı Rayon İcra Hakimiyyəti başçısının Xızı qəsəbəsi üzrə nümayəndəsinə verilmişdir. İş materiallarında olan Xızı rayon Dövlət Arxivinin təqdim etdiyi 42 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv çıxarışından da görünür ki, Xızı Rayon İcra Hakimiyyəti başçısının Xızı qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən 15 may 1992-ci il tarixli 40 nömrəli sərəncamı ilə Xızı rayonu ərazisində yerləşən 0,20 ha torpaq sahəsi Paşayeva (Quliyeva) Səkinə Hüseyn qızına ayrılmış və fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Göründüyü kimi Xızı RİH başçısının Xızı qəsəbəsi üzrə nümayəndəliyi Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş 6 iyun 2012-ci il tarixinədək qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnaməsi üzrə ona verilmiş səlahiyyət çərçivəsində qeyd olunan torpaq sahəsini İddiaçı mərhum anasına ayırmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Məhkəmə cavabdehin idarənin etirazına dair gətirdiyi arqumenti əsassız hesab edərək, qeyd etməyi zəruri billir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-nin vəzifələri hesab edilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir.Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerquluşu işləri hesab olunur. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin görə DƏDKR fəaliyyət istiqamətləri, hüquq və vəzifələri öz əksini tapmış və həmin Nizamnamənin tələbləri çərçivəsində DƏDKR vəzifə səlahiyyətlərindən irəli gələn funksiyaları həyata keçirir. Belə ki, DƏDKR torpaq sahələrinə plan və ölçü sənədinin verilməsi, torpaq sahələrində mərzçəkmə işlərinin, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsi üçün yerquruluşu işləri aparılmaq kimi vəzifələri var. Göründüyü kimi xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi kimi vəzifənin olması DƏDKR Nizamnaməsində birbaşa göstərilmişdir. Nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi öz xidməti vəzifəsinə görə torpaq sahəsinin plan və ölçüsünün verilməsi torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün tələb edilir. Bu isə cavabdeh təşkilatın torpaq sahəsinin ilkin mülkiyyətçisinin mülkiyyət hüquqları qeydə alınan zamana plan və öçü sənədlərinin verilmədiyinə dair gətirdyi arqumenti əsassız edir. Hesab olunur ki, cavabdeh təşkilat sonradan qanunla üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsindən boyun qaçırmaqda haqlı olmadığına görə yaranmış çatışmamazlığı aradan qaldırmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti haqqında Qanunun 23.1-cü maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.47-ci bəndinə əsasən müvafiq sahədə qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək səlahiyyəti verildiyi halda yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və fəaliyyət istiqamətləri üzrə aşkar olunan qanun pozuntuları ilə bağlı tədbirlər görülməsini təmin etmək DƏDKR-in vəzifələrinə aid edilmişdir. Ona görə də, sözügedən torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının göstərilməməsi öz əhəmiyyətini itirmiş olur. Beləliklə qeyd olunan hərəkətlər cavabdeh təşkilatın özü tərəfindən edilə bildiyi tədqirdə cavabdeh təşkilat tərəfindən imtina üçün bəhanə gətirilir. Halbuki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentə, yəni iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi vətəndaş X4 adına qeydiyyata alınmış **********47-10301 reyesrt nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi və faktiki torpaq sahəsi sənəd üzrə qeyd edilən torpaq sahəsindən 0.02 ha az olmasına münahibətdə bildirilir ki, cavabdeh təşkilat qeyd olunan arqumentə dair hər hansı bir tutarlı dəlilini məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş mütəxəssis rəyinin nəticə olmamışdır. Belə ki, torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Başqa torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahəsinin mülkiyyətçisi Hüsü Quliyev məhkəmədə ifadə verərək iddiaçının sahibliyində olan torpaq sahəsinin onun torpaq sahəsi ilə üst-üstə düşmədiyini bildirmişdir. Cavabdeh təşkilatın gətirdiyi 3-cü arqumentə, yəni idarənin istifadəsində olan elektron kadastr məlumat bazasında torpaq sahəsinin yerləşdiyi ərazi meşə fondu torpaqları kimi qeyd edilməsinə münahibətdə bildirilir ki, ilkin torpaq ayırma sənədlərində qeyd olunan ərazinin yaşayış məntəqələri torpaqlarına aid edilməsi öz əksini tapdığına və ilkin sənədlərin hüquqi qüvvədə olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının bu səpkidə gətirdiyi arqument əsassızdır. Həmçinin bildirilir ki, cavabdeh inzibati orqana dəfələrlə mübahisəli əraziyə baxış keçirərək, rəyin verilməsi tələb edilsə də mütəxəssis rəyini məhkəməyə təqdim edə bilməmişdir. Lakin, ədalətli araşdırmanın təmin edilməsi məqsədilə torpaq sahəsini ayıran qurumun varisi Xızı Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir.Xızı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 5-50/2- 191/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, inzibati işlə əlaqədar olaraq 29 fevral 2024-cü ildə Xızı Rayon İcra Hakimiyyətinin nümayəndəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin mütəxəssisinin, qonşu X2 və İddiaçı iştirakları ilə təhqiqat obyektinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, Xızı Rayon İcra Hakimiyyətinin Xızı qəsəbə nümayəndəliyinin 15 may 1992-d il tarixli, 40 saylı Sərəncamına əsasən 0,20 ha torpaq sahəsi fərdi ev tikintisi üçün İddiaçı anası mərhum X5 ayrılmışdır. Həmin torpaq sahəsi dəmir torla hasarlanmışdır, içərisində müxtəlif meyvə ağacları mövcuddur. Torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, qeydiyyat vəsiqəsində adı göstərilmiş şəxs X7 vəfat etdiyinə görə mülkiyyət hüququ haqqında veriləcək çıxarışda onun adı öz əksini tapmalıdır. Belə ki, cavabdeh təşkilat torpaq sahəsinin mərhumla bağlı hissəsində “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndinə əsaslanaraq mərhumun vərəsələrinə elektron çıxarış verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 1.2-ci bəndinə əsasən bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Qeyd olunan Təlimatın müvafiq bəndindən məlum olur ki, daşınmaz əmlakla bağlı dövlət reyestrində qeydə alınmış hüquqlar, hüquq sahibi barədə məlumatlar, daşınmaz əmlakın təsviri qeyd olunan arayışda öz əksini tapmalıdır. Arayışın təyinatı barədə digər qeyd həmin Təlimatın 2.4-cü bəndində öz əksini tapmışdır. Belə ki, Təlimatın qeyd olunan bəndinə əsasən daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin Təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Qeyd olunan Təlimatın 7.1-ci bəndində ölmüş şəxsin sağlığında sahibliyində olan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı DƏDRX-ə müraciət edərək hüquqlarının qeydə alınması və reyestrdən çıxarışın almadan ölməsi, 7.2-ci bənddə isə ölmüş şəxsin sahibliyində olan daşınmaz əmlaka dair hüquqlarının qeydə alınması ilə bağlı ümumiyyətlə DƏDRX-ə müraciət etmədiyi hallara şamil olunur. Hər iki halda ölmüş şəxsin vərəsələrinə elektron çıxarışın verilməsi nəzərdə tutulur. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlakın təsviri, hüquq sahibi barəsində məlumat xarakterli arayışın DƏDRX tərəfindən verilməsi mümkün deyil. Belə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarından məlum olur ki, məlumat xarakterli arayış verilməsi yalnız dövlət qeydiyyatından keçmiş daşınmaz əmlakla bağlı ola bilər. Hesab olunur ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsində göstərilmiş arayışın verilməsi ölmüş şəxsin adına DƏDKR -də qeydə alınmış daşınmaz əmlakın təsviri, hüquq sahibi və sair məlumatlar barəsində verilə bilər. Belə ki, Qanunun 22.2-ci maddəsinin tələbləri baxımından müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Burada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən yalnız dövlət reyestrində qeydə alınmış daşınmaz əmlak üzərində notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi rəsmiləşdirilə bilər. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, notariuslar tərəfindən miras şəriklərinə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən miras əmlakın mərhuma mülkiyyət hüququ ilə məxsus olmasının yoxlanılması mühüm şərtlərdən biridir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əmək haqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Həmin Təlimatın 107-ci bəndinə əsasən miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Xızı qəsəbə İcra nümayəndəsinin 15 may 1992-ci il tarixli 40 nömrəli sərəncamı ilə Xızı qəsəbəsində fərdi mənzil tikintisi üçün ayrılmış 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası Paşayeva (Quliyeva) Səkinə Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar