Məhkəmə qərarları › İş №2-1(118)-954/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-954/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-954/2025 10.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 16 mart 2016-cı il tarixli, 236 nömrəli qərarından görünür ki, Culfa Rayon Hərbi Komissarlığı tərəfindən 1990-cı ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən 8 yanvar 1998-ci il tarixdə aldığı və 5 mart 2016cı il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmətibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri - diaqnoz: “Başın ənsə nahiyəsinin, sağ baldırın orta 1/3-nin ön səthinin bərkimiş dəri çapıqları” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin 16 mart 2016-cı il tarixli, 479 nömrəli göndərişi, 16 mart 2016-cı il tarixli, 479 saylı arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş 5 mart 2016-cı il tarixli, 156 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 13 may 2016-cı il tarixli, xxxxxxx0001 nömrəli qərarından görünür ki, İddiaçı 13 may 2016-cı il tarixdə Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya. Xoş xassəli kəllədaxili hipertenziya. Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu. Başın ənsə nahiyəsinin, sağ baldırının orta 1/3nin bərkimiş dəri çapıqları. Nevrasteniya. Qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ damar krizləri, qıcolma tutmaları ilə” diaqnozu, “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə” səbəb-əlaqəsi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən “Əlillik haqqında arayış”dan görünür ki, İddiaçı 3 noyabr 2023-cü il tarixdə “Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya. Xoşxassəli kəllədaxili hipertenziya. Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu. Başın ənsə nahiyəsinin, sağ baldırın orta 1/3-nin bərkimiş dəri çapıqları. Nevrasteniya. Qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ damar krizləri, qıcolma tutmaları ilə” diaqnozu, “ümumi xəstəlik” səbəb-əlaqəsi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3 noyabr 2024-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarından görünür ki, İddiaçı 3 noyabr 2023-cü il tarixdə “Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya. Xoşxassəli kəllədaxili hipertenziya. Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu. Başın ənsə nahiyəsinin, sağ baldırın orta 1/3-nin bərkimiş dəri çapıqları. Nevrasteniya. Qabarıq asteno-nevrotik sindrom, teztez baş verən vegetativ damar krizləri, qıcolma tutmaları ilə” diaqnozu, “ümumi xəstəlik” səbəb-əlaqəsi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının noyabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq hissəvi reabilitasiya olunması və 2.5.13-cü bəndinə müvafiq olaraq ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 6 sentyabr 2024-cü il tarixli, 3-17-4/3-3-6405/2024 nömrəli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq 3 noyabr 2023-cü il tarixli ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

7. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Fondunun yanında X7 və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya hərbi xidmət vəzifəsinin yerinə yetirməklə əlaqədar İİ dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Silahi Qüvvələrin Təlim Tədris Mərkəzində 2001-2004-cü illərdə xidmət keçmiş, xidmət keçdiyi müddətdə Mərkəzi Hərbi Komissiyasının 14 iyul 2004-cü il tarixli xəstəlik haqqında şəhadətnaməsinə əsasən şəhadətləndirilərək “hərbi xidmət dövründə alınmış xəstəliklə” əlaqədar hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab olunaraq istefaya buraxılmış, həmin dövrdən də, yəni 2004-cü ildən hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlilliyə görə pensiya ilə təmin olunmuş, 2008-ci ildən iddiaçıya təyin edilmiş əlillik dərəcəsi müddətsiz hesab olunmuşdur. İddiaçıya münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 16 mart 2016-cı il tarixli, 236 saylı “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır” qərarı verilmişdir. İddiaçı ona təyin olunmuş pensiyanın yenidən hesablanması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 25 oktyabr 2016-cı il tarixli, 2-1(81)-3578/2016 saylı qərarı ilə onun iddiası təmin edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, iddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən 8 yanvar 1998-ci il tarixdə aldığı və 5 mart 2016-cı il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travma “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır və İİ dərəcəli əlilliyə görə ona təyin edilmiş pensiya məbləği yenidən hesablanmalıdır. İddiaçı 3 noyabr 2023-cü il tarixdə heç bir əsas olmadan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən yenidən müayinə edilmiş, əlillik dərəcəsi və əlillik səbəbi qanunsuz olaraq dəyişdirilmiş, 5 dekabr 2023-cü il tarixdə ona “ümumi xəstəlik səbəbi ilə İİİ dərəcəli əlillik” müddətsiz olaraq təyin edilmişdir. Diaqnoz isə əvvəlki müayinələrdə olduğu kimi saxlanılmışdır.

9. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

10. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh orqanın 3 noyabr 2023-cü il tarixdə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəb əlaqəsi ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 10 dekabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

11. Məhkəmənin 22 iyul 2024-cü il tarixli, e-2-1(118)-3489/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyinin təyin edilməsi” iddiasına dair mübahisə ilə bağlı iddiaçının əlillik vəziyyətinin əsaslılığının və düzgünlüyünün qiymətləndirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdehə 30 gün müddət təyin edilmişdir.

12. Məhkəmənin 15 avqust 2025-ci il tarixli, 2-1(118)-954/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Birliyi publik hüquqi şəxsinə həvalə edilmişdir.

13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

14. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

15. Etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti 13 may 2016-cı il tarixdə Tibbi- Sosial Ekspertiza Komissiyası tərəfindən əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndinə müvafiq olaraq, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. İddiaçı əyani müayinəyə dəvət edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında 3 noyabr 2023-cü il tarixdə əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 16 mart 2016-cı il tarixli, 236 nömrəli qərar verilmişdir. Həmin qərarda “Başın ənsə nahiyəsinin, sağ baldırın orta 1/3-nin ön səthinin bərkimiş dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifəsini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ aşağı ətrafda keyimə, pəncədə gücsüzlük, bəzən qeyri-iradi sidik qaçırmasından şikayətlənmişdir. Nevroloji müayinə zamanı sağ aşağı ətrafda diz və axil refleksləri alınmamış, baldırın ön və arxa qrup əzələləri atrofik, pəncənin bükücü qrup əzələlərinin gücü 2 bala qədər azalmış, sağ pəncənin distal parezi müşahidə edilmişdir. Unikal Klinikasının 18 fevral 2023-cü il tarixli Bel-oma nahiyəsinin MRT müayinəsinin nəticəsi “Kobud lumbal osteoxondroz. L2-3 diskdə dural kisəni. Hər iki sinir kökünü sıxan, fəqərəarası dəlikləri daraldan 3 mm ölçülü, sirkulvar protruziya. L3-4 diskdə dural kisəni hər iki sinir kökünü sıxan, fəqərəarası dəlikləri daraldan, aşağıya ekstruziya göstərən, ən geniş yerində 3,5 mm ölçülən, sirkulyar protruziya. L4-5 diskdə qonşu tamamlayıcı lövhələrdəki osteofitlərin bərabərliyində, dural kisəni, hər iki sinir kökünü sıxan, sağda daha çox olmaqla, fəqərəarası dəlikləri daraldan, 2 mm-lik sirkulyar protruziya. L5-S1 diskdə dural kisəni, hər iki sinir kökünü sıxan, fəqərəarası dəlikləri daraldan, yuxarıya ekstruziya göstərən ən geniş yerində 3 mm ölçülən sirkulyar protruziya” kimi qeyd edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının 21 fevral 2023-cü il – 28 fevral 2023-cü il tarixli çıxarışında diaqnoz “Diskogen bel-oma poliradikulopatiyası. Davamlı kökcük ağrı sindromu ilə. Keçirilmiş QKBT-dan sonrakı ensefalopatiya. Arterial hipertenziya. Astenonevrotik vəziyyət” kimi qeyd edilmişdir. X9 26 aprel 2023-cü il tarixli kranial MRT müayinəsinin nəticəsi “Norma daxili kranial MRT” kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq hissəvi reabilitasiya olunması və 2.5.13-cü bəndinə müvafiq olaraq ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.

16. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarına istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

17. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

19. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

20. Belə ki, hazırki iddia tələbi məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

21. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

22. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

23. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

24. Məhkəmənin 16 iyun 2025-ci il tarixli, 2-1(118)-954/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə iddianın verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.

Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina; (-) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.

Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

Maddə 5. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi; 5.0.2. inklüzivlik - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi; 5.0.3. inteqrasiya - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması; 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması.

Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir.

Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı 28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.https://eqanun.az/framework/44232 (-) 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. (-)

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilənədək qüvvədə olan “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 2-ci hissəsinə əsasən:

2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

30. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024cü il tarixli, 2-1(102)-2585/2024 saylı qərarında qeyd edilmişdir ki, “həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.”

32. İddia tələbinin əsaslarına görə, iddiaçı Silahi Qüvvələrin Təlim Tədris Mərkəzində 2001-2004-cü illərdə xidmət keçmiş, xidmət keçdiyi müddətdə Mərkəzi Hərbi Komissiyasının 14 iyul 2004-cü il tarixli xəstəlik haqqında şəhadətnaməsinə əsasən şəhadətləndirilərək “hərbi xidmət dövründə alınmış xəstəliklə” əlaqədar hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab olunaraq istefaya buraxılmış, həmin dövrdən də, yəni 2004-cü ildən hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlilliyə görə pensiya ilə təmin olunmuş, 2008-ci ildən iddiaçıya təyin edilmiş əlillik dərəcəsi müddətsiz hesab olunmuş, lakin 3 noyabr 2023-cü il tarixdə heç bir əsas olmadan cavabdeh tərəfindən yenidən müayinə edilmiş, əlillik dərəcəsi və əlillik səbəbi qanunsuz olaraq dəyişdirilmiş, 5 dekabr 2023-cü il tarixdə ona “ümumi xəstəlik səbəbi ilə İİİ dərəcəli əlillik” müddətsiz olaraq təyin edilmiş, diaqnoz isə əvvəlki müayinələrdə olduğu kimi saxlanılmışdır.

33. Cavabdeh tərəfin mövqeyinə görə isə əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmış, həyata keçirilən araşdırmada iştirak etməsi üçün iddiaçı 3 noyabr 2023-cü il tarixə dəvət olunmuş və müayinədə iştirak etmiş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmiş, nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq 3 noyabr 2023-cü il tarixdən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmış, daha sonra, iddiaçı məhkəmə qərardadına əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 8 avqust 2024-cü il tarixdə yenidən əyani müayinə olunmuş, müayinə nəticəsində iddiaçıya dair aparılmış 3 noyabr 2023-cü il tarixli ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.

34. İş materiallarına əlavə edilmiş, həmçinin məhkəmə araşdırması zamanı sorğulara cavab olaraq təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı Culfa Rayon Hərbi Komissarlığı tərəfindən 1990-cı ildə hərbi xidmətə çağırılmış, hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən 8 yanvar 1998-ci il tarixdə xəsarət almış, 5 mart 2016cı il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmətibbi müayinəsi zamanı təyin edilmiş travmaya “Başın ənsə nahiyəsinin, sağ baldırın orta 1/3-nin ön səthinin bərkimiş dəri çapıqları” diaqnozu qoyulmuş və hərbi travmanın hərbi xidmət vəzifələrini yerinə yetirərkən alındığı müəyyən olunmuş, Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə 13 may 2016-cı il tarixdə müddətsiz “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə” səbəb-əlaqəsi ilə ikinci dərəcəli, 3 noyabr 2023-cü il tarixdə isə ümumi xəstəlik səbəb-əlaqəsi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.

35. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyin” publik hüquqi şəxsinin 29 oktyabr 2025-ci il tarixli, T 819/2025 rəyinin nəticə hissəsindən görünür ki, iddiaçının adına tərtib edilmiş qiymətləndirmənin nəticələrində qeyd edilmiş “Kəllədaxili travmalarının nəticələri, postravmatik ensefalopatiya, xoşxassəli kəllədaxili hipertenziya, dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, başın ənsə nahiyəsinin, sağ baldırının orta 1/3-nin bərkimiş dəri çapıqları, nevrasteniya, qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ damar krizləri, qıcolma tutmaları ilə” diaqnozu ilə Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq hissəvi reabilitasiya olunması və 2.5.13-cü bəndinə müvafiq olaraq “ümumi xəstəlik” ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. İddiaçıya qeyd edilən xəstələliklərlə əlaqədar 2004-2023-cü illərdə əlilliyin təyini zamanı hərbi xidməti vəzifələrinin yerinə yetirilməsi səbəb kimi göstərilsə də, həmin xəstəliklərlə bağlı növbəti qiymətləndirmədə (3 noyabr 2023-cü il tarixdən) səbəb kimi ümumi xəstəlik göstərilmişdir. Lakin xəstəliklərin səbəb əlaqəsinin hərbi xidməti vəzifələrinin yerinə yetirilməsinin səbəb kimi göstərilməsi qənətinə gəlinməsi daha məqsədəuyğundur. Xəsarət və xəstəliklər baş nahiyəsində yerləşdiklərindən xəstəliklərin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 16 mart 2016-cı il tarixli, 236 nömrəli qərarında göstərilən “Başın ənsə nahiyəsinin, sağ baldırın orta 1/3-nin ön səthinin bərkimiş dəri çapıqları” diaqnozla səbəb əlaqəsini inkar etmək mümkün deyildir.

36. Məhkəmənin 10 dekabr 2025-ci il tarixli iclasında qeyd edilən ekspert rəyinin müzakirəsi aparılmış, həmçinin ekspert rəyini tərtib edən X4 məhkəmə iclasında bildirmişdir ki, ekspert rəyində göstərilmiş xəstəliklər iddiaçıda mövcuddur, xəsarətlər isə hərbi xidmətlə əlaqəlidir.

37. Göründüyü kimi məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcud olmaqla hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır.

38. İddiaçıya əlilliyin müvafiq səbəb-əlaqəsi ilə müəyyən olunmaması onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdirdir. Ona görə də iddia əsaslı hesab edilməlidir.

39. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının qiymətləndirildiyi sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi uyğun səbəb-əlaqəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

40. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3 noyabr 2023-cü il tarixdə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəb əlaqəsi ilə dəyişdirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar