Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-955/2022 12.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin və Şamaxı rayon Aqrar islahat komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarının və onların əsasında X3 adına verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-210 saylı 41011018 kodlu Şəhadətnamənin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X9 1991-ci ildə Şamaxı rayonu Nağıaxana / keçmiş Kirovka/ kəndində fərdi yaşayış evi almışdır.Anası 29.02.2000-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtlar qardaşı X1 Respublikasında olmuşdur. Anası vəfat etdikdən sonra da həmin ev yay vaxtlarında istirahət etmək məqsədilə bütün vərəsələr tərəfindən istifadə olunmuşdur. Evin texniki pasportu olmuş lakin dövlət qeydiyyatına alınmamışdır. Torpaq hələ 1995-ci ildə icra nümayəndəliyinin əmri ilə 1970-ci illərin axırlarından Qazaxstanda yaşamış və Qazaxstan vətəndaşı olmuş qardaşı X6 adına keçirilmiş, onun adına JN-210 saylı 41011018 kodlu Torpağin mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, evin texniki pasportunda anasının adının üstündən xətt çəkilərək qardaşı Ağahəsənin adı qeyd olunmuşdur. Bu sənədlərin hansı qaydada aparılmasını müəyyənləşdirmək məqsədilə Arxivə, Nağaraxana icra nümayəndəliyinə DƏDRX, Daşınmaz əmlakın kadastrı və ünvan reyesri xidməti “Kadastr və yerquruluşu lahiyə-tədqiqat Mərkəzi “ MMC-yə sorğular verlər. İcra mümayəndəliyi və Arxiv idarəsi sənədlərin onlarda olmadığını bildirərək ona sənəd təqdim etməmişlər. DƏDRX-in 14 saylı şamaxı ərazi iarəsi müəyyən məlumatları özündə əks etdirən arayış verdi. Daşınmaz əmlakın kadastrı və ünvan reyesri xidməti “Kadastr və yerquruluşu lahiyə-tədqiqat Mərkəzi “ MMC isə ümumiyyətlə cavab verməkdən imtina etdi. Bu səbəbdən onlar torpaq sahəsinin və evin qardaşı X3 adına hansı qaydada keçirilməsini müəyyənləşdirə bilməmişlər. Lakin İcra nümayəndəliyinin onlara göndərdiyi arayışdan görünür ki, bu sənədləşmə tamamilə saxta yolla aparılmışdır. Torpağın, evin əvvəlcədə anası Sənubərin adına olması mübahisə mövzusu deyil. Çünki, icra nümayəndəsinin verdiyi əmrin surətindən torpağın anaları Sənubərin adına olması müəyyən olunur. Sorğuya verilən 211 saylı 29.12.2021-ci il tarixli arayışdan görünür ki, torpaq sahəsi anasının vəfatından sonra sonra qardaşının müraciətinə əsasən onun məlum olan yeganə vərəsəsi kimi Ağhəsənin adına keçirilmişdir. Əmrin saxtalığı elə buradan görünür. Əgər anası 29.02.2000-ci il tarixdə vəfat etmişsə, əmr 04 mart 1995-ci il tarixdə necə verilə bilərdi?. İkincisi, ümumiyyətlə belə bir əmri verməyə İcra nümayəndəsinin səlahiyyəti var idimi? Bunun üçün torpaq ev alqı-satqı olunmalı və ya bağışlanmalı idi. Ev Ağahəsənin adına qeydə alınandan sonra torpaq sahəsi də ona istifadə hüquqları əsasında verilməli idi. Bunlar isə hamısı notariat orqanında həll olunmalı məsələlərdir. DƏDRX-də isə hər hansı müqavilənin olması aşkarlanmadı. Belə çıxır ki, bütün bu sənədlər ananın ölümündən sonra hazırlanıb, saxta yolla hazırlanaraq əvvəlki tarixlərə qeyd olunmuşdur. Bu səbəbdən də İcra nümayəndəsinin sözügedən əmri və Aqrar islahat komissiyasının həmin torpaqla bağlı verdiyi 29 may 1998-ci il tarixli 08 saylı qərarı ləğv olunmalıdır. Bunun əsasında X3 adına verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-210 saylı 41011018 kodlu Şəhadətnamənin etibarsız hesab edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində cavabdehin nümayəndəsi X7 izahat verilərək bildirmişdir ki, mübahisə edilən qərar Nağaraxana (keçmiş Kirov) kənd nümayəndəliyi tərəfindən əsassız olaraq verilmişdir. Belə ki, həmin qərarı verən icra nümayəndəsinin rəhbəri hal-hazırda həmin nümayəndəlikdə müavin işləyir və onun dediyinə görə torpaq sahəsinin X3 adına keçirilməsinə səbəb anasının vəfatı ilə əlaqədar olmuşdur. Halbuki, ona sonradan məlum olmuşdur ki, Ağahəsən Rəsulov anasının ölməsini ona yalan demiş və anası həmin qərar verildikdən 5 il sonra vəfat etmişdir. Göründüyü kimi mübahisə predmeti olan qərarın qəbul edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Qərarın qəbul edilməsindən 1 ildən artıq müddət keçdiyinə görə Şamaxı Rayon İcra Hakimiyyətinin həmin qərarı ləğv etmək səlahiyyəti yoxdur. Ona görədə cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış və məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçının cavabdehə ünvanlandığı pretenziya ərizəsi, Şamaxı rayon Dövlət Arxivinin 15.04.2022-ci il tarixli, 136/49 nömrəli məktub, DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsinin **********99 nömrəli, 19.04.2022-ci il tarixli məktubu, m/738 nömrəli, 12.11.2021ci il tarixli məktubu, Nağaraxana kənd İƏD üzrə nümayəndəliyinin 211 nömrəli, 29.12.2021-ci il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrin (DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsinin m/738 nömrəli, 12.11.2021-ci il tarixli məktubunda əmrin adı keçir) mötəbərliyi sübut olunmur. Belə ki, nə cavabdehin məktublarında, nə də Şamaxı rayon Dövlət Arxivinin məktubundan əmrin əsli barədə hər hansı bir dəlil mövcud deyil. Şamaxı Rayon İcra Hakimiyyətinin bildirdiyinə görə 30 mart 1995-ci il tarixli 04 saylı qərar 29 fevral 2000-ci ildə vəfat etmiş X4 adında olan torpaq sahəsinin X3 adına keçirilməsi ilə bağlı olmuşdur bu isə qərar verildikdən 5 il sonra vəfat etmiş Sənubər Xəlilovanın adında olan torpaq sahəsinin adından çıxarılmasını mümkünsüz edir. “İnzibati İcraat haqqında” Qanunun tələbinə görə qərar qəbul edildikdən 1 il sonra inzibati orqan özünün qəbul etdiyi qərarı ləğv etmək səlahiyyətində olmur. Ona görə də məhkəmə hesab edir ki, həmin qərarın məhkəmə qaydasında ləğv edilməsi mümkündür. X3 28.10.2021-ci ildə vəfat etməsi və onun hüquqi varislərinin dairəsini müəyyən etmək mümkün olmadığından zəruri cəlb etmə qaydasında icraat aparılmadı. Yuxarıda qeyd olunanlar Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrin qanusuz olmasına dəlalət edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 1995-ci il tarixli 04 saylı əmri ləğv edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 1995-ci il tarixli 04 saylı əmri ləğv edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-955/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-955/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver