Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-957/2021 16.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində düzəliş edərək 0.10 ha hüquqların dövlət qeydiyyatına əsas olan ilkin sənədə uyğun 0.125 hektarla əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı daşınmaz əmlakın dövlət reyestrində düzəliş edərək 0.10 ha hüquqların dövlət qeydiyyatına əsas olan ilkin sənədə uyğun 0.125 hektarla əvəz edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin **********90 saylı, 09 oktyabr 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray üzümçülük sovxozunun 09.06.1970-ci il tarixli 225 saylı əmrini əsas tutaraq Abşeron rayon ZDS İK-nin 26.06.1970-ci il tarixli qərarı ilə iddiaçının mərhum X1nun adına Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,125 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 1970-ci il tarixdən hasara alınmış və üzərində ev tikilmişdir. Həmin vaxtdan da iddiaçı və qardaşları ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. X1 14.05.2006-cı il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra vərəsəlik hüququnu Dövlət Reyestrindən çıxarışı əldə etmək məqsədilə Abşeron rayonu 2 saylı notariat kontoruna müraciət etmişdir. Notarius tərəfindən mülkiyyət hüququnu təsdiq edən sənədi əldə olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış sorğu ilə birlikdə sənədləri reyestr xidmətinə təqdim edərkən əvvəllər həmin əmlakın dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Tərəflərindən dövlət rüsumu ödənildikdən sonra hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda X1nun adı ilə yanaşı hansısa səbəblərdən əlavə olaraq 20.12.2014-cü il tarixdə vəfat etmiş bacısı X3 adı da ümumi birgə mülkiyyətçi və torpaq sahəsinin ölçüsü 0.125 ha əvəzinə 0.10 ha kimi göstərilmişdir. Bununla bağlı iddiaçı Daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi özünün 09.10.2020-ci il tarixli,**********0 saylı məktubu (qərarı) ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinad edərək, ərizəni icra etməmiş və həmin məktubda 0.0250 ha torpaq sahəsinə dair texniki və hüquqmüəyyənedici sənədlərin əsli ilə birlikdə Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət ediləcəyi təqdirdə müraciətinə qanunla müəyyən edilmiş qaydada baxılacağını bildirərək mərhum atasına məxsus torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində dəyişikliklərin edilməsinə imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin 08.09.2017-ci il tarixli, F-919 saylı arxiv çıxarışından görünür ki, onun mərhum X1na Saray üzümçülük sovxozunun ərazisində yerləşən 0.125 ha ölçüdə torpaq sahəsi ayrılmışdır və Abşeron rayon ZDS İcraiyyə Komitəsinin 26 iyun 1970-ci il tarixli 12 nömrəli protokolu ilə Saray üzümçülük sovxozunun ərazisində yerləşən həmin 0.125 ha ölçüdə torpaq sahəsinin onun mərhum X1na fərdi ev tikmək üçün qərar qəbul edilmişdir. (Torpaq sahəsinin ayrılması barədə ilkin sənədlər). X7 20.12.2014-cü il tarixdə vəfat etmişdir. İddiaçı hesab edir ki, cavabdehin 0,125 ha torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində cari dəyişikliklərin edilməsi barədə imtinası əsas olmayan bir bəhanədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi 1970-ci ildən onların istifadəsində olmuşdur. Onlara 0.10 ha torppaq sahəsi yox 0,125 ha torpaq sahəsi ayrılmışdır, hazırdada həmin torpaq sahəsi onların istifadəsindədir. Ola bilər ki, hasara alınma ilə bağlı az bir fərq olsun. İlkin torpaqayırma sənədləri olduğu və torpaq sahəsinin 1970-ci ildən onların istifadəsində olduğu üçün iddiaçı hesab edir ki, iddiası əsaslıdır. Cavabdeh etirazında qeyd edir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən X5 ümumbirgə mülkiyyət hüququ ilə məxsus torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı İddiaçı 23 sentyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinə dair 14.08.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli ümumi birgə mülkiyyət hüququ üzrə çıxarış ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən 0.10 ha torpaq sahəsinə tərtib edilmiş və JN-427A, KOD 30800086 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçininin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyəedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz ən hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin formas məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin 01 iyun 2021-ci il tarixli 2-1(118)-957/2021 saylı sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi 14 iyun 2021-ci il tarixli, **********37 saylı cavab məktubunda bildirmişdir ki, RX ******* nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin, ilkin torpaq ayırma sənədlərinin, eyni zamanda həmin torpaq sahəsinin hüquqi rejimi barədə məlumat verilməsi və bununla bağlı mövcud sənədlərin təsdiqlənmiş surətlərinin verilməsi ilə bağlı sorğuya İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş DBF elektron baza məlumatlarında sorğuda qeyd olunan X2 və X3 mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən JN-427A nömrəli, 05.06.1998-ci il tarixli Şəhadətnamədə qeyd olunan 0.10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. Bundan sonra, həmin torpaq sahəsinə 14.08.2018-ci il tarixdə X2 və X3 adına **********18 (qeydiyya nömrəsi:**********, Seriya RX 1378493) reyestr nömrəli çıxarış verilmişdir. RX ******* nömrəli çıxarışın verilməsinə əsas olan JN 427A nömrəli Şəhadətnamə arxiv əsaslarında aşkar olunmadığı üçün “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı” kitabının JN-427A nömrə şəhadətnamənin qeyd olunduğu hissəsinin surəti məhkəməyə göndərilmişdir. RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 və Məmmədova Zərifə Səlvər qızının adına rəsmiləşdirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı qeyd edir ki, Abşeron rayonu, Saray üzümçülük sovxozunun 09.06.1970-ci il tarixli 225 saylı əmrini əsas tutaraq Abşeron rayon ZDS İK-nin 26.06.1970ci il tarixli qərarı ilə iddiaçının mərhum X1nun adına Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,125 ha torpaq sahəsi ayrılmışdır. Atası vəfat etdikdən sonra vərəsəlik hüququnu Dövlət Reyestrindən çıxarışı əldə etmək məqsədilə Abşeron rayonu 2 saylı notariat kontoruna müraciət etmişdir. Notarius tərəfindən mülkiyyət hüququnu təsdiq edən sənədi əldə olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış sorğu ilə birlikdə sənədləri reyestr xidmətinə təqdim edərkən əvvəllər həmin əmlakın dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Tərəflərindən dövlət rüsumu ödənildikdən sonra hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda X1nun adı ilə yanaşı hansısa səbəblərdən əlavə olaraq 20.12.2014-cü il tarixdə vəfat etmiş bacısı X3 adı da ümumi birgə mülkiyyətçi və torpaq sahəsinin ölçüsü 0.125 ha əvəzinə 0.10 ha kimi göstərilmişdir. İddiaçı daşınmaz əmlakın dövlət reyestrində düzəliş edərək 0.10 ha hüquqların dövlət qeydiyyatına əsas olan ilkin sənədə uyğun əvəz edilməsini istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinə dair 14.08.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli ümumi birgə mülkiyyət hüququ üzrə çıxarış ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən 0.10 ha torpaq sahəsinə tərtib edilmiş və JN-427A, KOD 30800086 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, ilkin torpaqayırma sənədlərindən müəyyən olunur ki, Abşeron rayonu, Saray üzümçülük sovxozunun 09.06.1970-ci il tarixli 225 saylı əmrini əsas tutularaq Abşeron rayon ZDS İcraiyyə Komitəsinin 26 iyun 1970-ci il tarixli 12 №li protokol qərarına əsasən iddiaçının mərhum X1nun adına Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,125 ha torpaq sahəsi ayrılmışdır. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən 02.10.2020-ci il tarixli müayinə (baxış) aktında X2 qanuni istifadəsində olan torpaq sahəsi 0.12 ha qeyd edilmişdir. İddiaçının faktiki istifadəsində 0.1 ha yox, ilkin torpaqayırma sənədində qeyd edilən ölçüyə yaxın torpaq sahəsinin olduğu işin mübahisə edilməyən halıdır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə hesab edir ki, iddiaçının atasına torpaq sahəsi aqrar islahat komisiyasının qərarından əvvəl qanuni əsaslarla ayrıldığı üçün, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən o, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qazanmış və qeyd edilən aqrar islahat komisiyasının qərarı ilə qazanılmış hüquq sadəcə olaraq rəsmiləşdirilərək dövlət qeydiyyatına alınmışdır. Lakin bu rəsmiləşdirmə zamanı ilkin torpaqayırma sənədlərinə uyğun olmayan qeydiyyat aparılmışdır. Məhkəmə hesab edir ki, ilkin torpaqayırma sənədlərinə əsasən iddiaçının atasına 0.125 ha torpaq sahəsi ayrıldığı və hazırdada həmin torpaq sahəsinin iddiaçının istifadəsində olduğu nəzərə alınanda, aqrar islahatla bağlı sənədlərdə 0.1 ha torpaq sahəsinin qeyd edilməsi, yalnız texniki səhv kimi qəbul edilməlidir. Nəzərə alandakı hazırda həmin aqrar islahat komisiyasının fəaliyyəti dayandırılmışdır, iddiaçı və onun ailəsinin Torpaq islahatı haqqında Qanunun 9-cu maddəsinə əsasən qazandığı hüququn texniki səbəblərdən dövlət qeydiyyatına tam alınmasının qarşısının alınması yolverilməzdir və onun qanunla qorunan aşağıdakı hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədlər və qanun normaları iddianın təmini üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə bağlı qeydin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi nəzərə alınaraq, ilkin torpaqayırma sənədlərində qeyd edilmiş 0,125 ha ölçüyə uyğunlaşdırılaraq dövlət reystrində müvafiq düzəliş edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə bağlı qeydin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi nəzərə alınaraq, ilkin torpaqayırma sənədlərində qeyd edilmiş 0,125 ha ölçüyə uyğunlaşdırılaraq dövlət reystrində müvafiq düzəliş edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən) apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-957/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-957/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver