Məhkəmə qərarları › İş №2-1(118)-958/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-958/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-958/2021 10.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişidirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişidirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 10000 manat kompensasiya ödənilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək “İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişidirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2i ünvanında yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1 (bir) hektar torpaq sahəsini-notariat qaydada təsdiq olunmuş, AN-İ № 0817979, 29.01.2020-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən, əvəzi ödənilməklə əldə etmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ Dövlət reyestrində qeydə alınmış və ona 04.02.2020-ci il tarixli Dövlət reyestrindən Çıxarış təqdim olunmuşdur. Odur ki, həmin torpaq sahəsi əvvəlki mülkiyyətçidən satın alınmaqla əldə edilən zaman qanunvericiliyə zidd hərəkətlərə yol verilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini, vətəndaşların mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması ilə əldə edirlər. Bundan sonra, həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları, yəni kənd üsulu ilə quşların (əsasən qırqovul, kəklik, turac və s. bu kimi qüşların) yetişdirilməsi və emalı üçün müvafiq ərazilərin hazırlanması, eləcə də lazımi obyektlərin tikintisinə görə TFM SMART PROJECT MMC tərəfindən işçi layihəsi sifariş olunmuşdur. Həmin işçi layihəsi və maddi hüquq normasında nəzərdə tutulmuş digər sənədlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq olaraq Cavabdehnə 09.06.2020-ci il tarixdə təqdim olunmuşdur. Cavabdeh 996№-li, 11.06.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, mülkiyyətinizdə olan 1 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etməyiniz tövsiyə edirik. TFM SMART PROJECT MMC tərəfindən hazırlanmış işçi layihəsinədə kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün hündürlüyü 5 metrə qədər, sahəsi 100 kvadratmetrə qədər bir mərtəbəli obyektlərin inşa olunacağı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən Mülkiyyətdə olan torpaq sahəsində- hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən- Torpaq mülkiyyətçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Odur ki, qüvvədə olan maddi hüquq normasının tələbinə görə, bu cür obyektlərin inşa olunması üçün icazə tələb olunmadığından, həmin işçi layihəsinə uyğun olaraq tikinti işlərinə başlanılmışdır. Lakin cavabdehin bəzi vəzifəli şəxsləri müxtəlif vaxtlarda onun mülkiyyətində olan əraziyə daxil olaraq, heç bir rəsmi sənəd təqdim etmədən, bilə-bilə qanunsuz hərəktlərə yol verərək, heç bir hüquqi əsas olmadan ərazidə aparılan tikinti işlərinin dayandırılmasını tələb etmişlər. Eyni zamanda, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu üçün həmin ərazidə ümumiyyətlə hər hansı bir obyektin tikintisinin aparılmasının qadağan olunduğunu qeyd edərək, inşa olunmuş yarımçıq tikintinin sökülməsinə cəhdlər etmişlər. Tərəfindən cavabdehin vəzifəli şəxslərinə bildirilmişdir ki, ümumiyyətlə kənd təsərrüfatının mənası-bitki və heyvan mənşəli məhsulların istehsal olunmasını, bunların keyfiyyət və səmərələrinin yüksəldilməsini, bu məhsulların uyğun şərtlərdə mühafizəsini, işlənib qiymətləndirilməsini və satışa çıxarılmasını, həmçinin iqtisadi dəyəri olan hər cür bitkiheyvan mənşəli məhsulun baxım, bəsləmə, yetişdirmə, qoruma və mexanikləşdirmə fəaliyyətlərini əhatə edir. Bundan başqa, həmin şəxslərin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinin tələbinə görə Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadə edilməsini nəzərədə tutduğundan və həmin Məcəllənin 58-ci maddəsinin 1-ci bəndinə əsasən - mülkiyyətimdə olan torpaq sahəsində maddi hüquq normasının tələbinə müvafiq qaydada tikinti işləri aparmaq onun qanunla qorunan hüququ olduğu üçün, onun hüquqlarına qarşı etdiyi hazırkı hərəkətləri əsassız və qanunsuzdur. Onunla cavabdehin vəzifəli şəxsləri arasında yaranmış sonuncu mübahisədən sonra, cavabdeh 03.03.2021-ci il tarixdə, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlarda naməlum şəxsin özbaşına tikinti işlərinin aparılması barədə şikayətlə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi X1 tərəfindən qəbul edilmiş “Cinayət təqibinin başlanmasının rədd edilməsi barədə” 25.03.2021-ci il tarixli Qərarda göstərilmişdir ki, toplanmış material üzrə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilsin və tərəflərə həmin xüsusatla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Göründüyü kimi, cavabdeh tərəfindən onun torpaq sahəsi üzərindəki mülkiyyət hüququna qarşı edilən bilə-bilə qanunsuz hərəkətlərini ört-basdır etmək üçün istənilən vasitələrə əl atır və bu cür qanunsuz hərəkətlərini davam etməkdə israrlıdır. Cavabdeh tərəfindən torpaq sahəsi üzərindəki onun mülkiyyət hüququna əsassız olaraq müdaxilələr edildiyinə görə və həmin torpaq sahəsi üzərindəki hüquqlarına edilən müdaxilələrin qarşısının alınması üçün məcbur qalıb məhkəməyə müraciət edir. Göründüyü kimi, mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən 1 (bir) hektar torpaq sahəsində, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün normativ hüquqi aktların tələbinə uyğun müvafiq sənədləşmə işləri aparıldıqdan sonra tikinti işlərinə başlanılmışdır. Lakin, cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan onun torpaq sahəsi üzərində olan hüquqlarına qarşı qanunsuz hərəkətlərə yol verilmiş və bunun nəticəsində onun əmlak hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Cavabdehin ona qarşı bilə-bilə delikt törətdiyi tam sübut olunduğu üçün hesab edir ki, ona vurulmuş ziyana görə onun tərəfindən kompensasiya ödənilməlidir. Bundan başqa, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində iddiaçı guya onun tərəfindən mülkiyyətində olan Abşeron rayonu Fatmayi kəndi ərazisində yerləşən 1 ha torpaq sahəsindı sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin həyata keçirildiyini bildirmişdir. Həmin tikintiyə cavabdeh tərəfindən qanunsuz müdaxilələr olunduğunu qeyd edir. İddiaçıya məxsus əkin uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə qanunsuz əsaslı tikinti işləri həyata keçirilir. Ərazidə torpaq sahəsinin təyinatına zidd beton özül işləri aparılmış, mişar daşı ilə hörgü işləri həyata keçirilmişdir. Tərəflərindən qanunsuz tikinti işlərinin aparıldığı müəyyən ediləndən dərhal sonra qanunvericiliyin tələbləri çərçivəsində tikinti sifarişçisi xəbərdar olunmuş və qanunsuz tikintinin dayandırılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət olunmuşdur. Fövqəladə Hallar Nazirliyi tərəfindən də öz növbəsində qanunsuz tikintinin dayandırılması barədə müvafiq qərar qəbul olunmuşdur. Hazırda həmin qərarda iddiaçı tərəfindən mübahisələndirilir və inzibati iş Sumqayıt İnzibati Məhkəməsinin hakimi Ceyhun Məmmədovun icraatındadır. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları həyata keçirilən tikinti işləri zamanı tikinti norma və qaydalarına riayət olunmadığını aşkar etdikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Rayon İcra Hakimiyyəti öz vəzifə səlahiyyətlərinə uyğun hərəkət edərək iddiaçı tərəfindən aparılan qanunsuz tikintinin dayandırılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. İddiaçı tərəfindən RİH-nin vəzifə səlahiyyətləri çərçivəsində hərəkət etməsinə onun tərəfindən aparılan qanunsuz tikinti işlərinə müdaxilə edilməsi kimi qiymət verilməsi yolverilməzdir. İddia tələbində guya cavabdehin qanunsuz müdaxiləsi ilə iddiaçıya maddi ziyan dəyməsinin qeyd olunması əslində iddiaçının qanunsuz hərəkətlərinin pərdələnməsinə hesablanmışdır və tələbdə həmin ziyanı təsdiq edəcək hər hansı fakta istinad edilməmişdir. İddiaçının qanunsuz işlərinin qarşısının alınmasında RİH tərəfindən aparılan qanuni prosesi ləngitmək, tikinti işlərinin aparılmasına müdaxilələrin qarşısının alınması üçün müvəqqəti xarakterli müdafiə tədbiri barədə məhkəmədən qərardad əldə etmək niyyəti ilə maddi ziyan tələbini qoymuş, lakin əsaslandıra bilməmişdir. İddiaçı tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində beton özül və beton dayaqlarla mişar daşlarından da istifadə olunmaqla əsaslı tikinti işləri həyata keçirilir ki, bunun da iddia tələbində qeyd olunduğu kimi müvəqqəti tikili və ya qurğu kimi göstərilməsi doğru deyildir. İddiaçı Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə də iddia tələbində istinad edərək mülkiyyətdə olan torpaq sahəsində hündürlüyü 5 metr sahəsi 100 kvm oolan bir mərtəbəli yardımçı tikililərə görə icazə tələb olunmadığını bildirir. Əslində burda da iddiaçı məhkəməni çaşdırmağa və bununla da diqqəti başqa yönə çevirməyə çalışır. Əslində həmin ərazidə bir neçə min kv.m-lik əsaslı tikinti işləri həyata keçirilir. İddia tələbi tamamilə qanunsuz və əsassızdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İş materaillarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** saylı, 04.02.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 1 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Abşeron rayon Pİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 tərəfindən qəbul edilmiş 25 mart 2021-ci il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh ünvan 1i ərazisində yerləşən dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsində naməlum şəxsin özbaşına tikinti işləri aparması barədə şikayəti üzrə İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Cavabdeh İddiaçı ünvanladığı 11.06.2020-ci il tarixli 996 saylı məktubunda qeyd olunmuşdur ki, daşınmaz əmlakın Dövlət reyestrindən **********19 reyestr nömrəli çıxarış ilə mülkiyyətində olan Fatmayi kəndi ərazisində yerləşən 1,0 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etməsi tövsiyyə olunur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 1ində yerləşən 1 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. O, həmin torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılması ilə bağlı Cavabdehnə məlumat vermiş, lakin sonuncunun 11.06.2021-ci il tarixli məktubu ilə Fatmayi kəndi ərazisində yerləşən 1,0 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılmasının qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığı bildirilmişdir. Eyni zamanda Cavabdeh həmin tikinti ilə bağlı cinayət işinin başlanması üçün Abşeron rayon Pİ-nin İŞ-ya müraciət etmiş, lakin onun şikayəti üzrə cinayət işinə başlanması yuxarıda adı qeyd olunan qərarla rədd edilmişdir. Beləliklə iş materiallarından, eyni zamanda cavabdehin iddiaya qarşı etirazından görünür ki, Cavabdeh iddiaçı tərəfindən sözügedən tikinti işlərinin aparılmasına aşkar şəkildə müdaxilə mövcuddur. Həmin orqan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasını əsas gətirərək tikinti işlərinin aparılmasına etiraz edir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı tərəfindən aparılan tikinti işlərinə müdaxiləsi qanunvericiliyə uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 92.1.1-ci maddəsinə əsasən tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin Məcəllənin 92.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il № 695 saylı Fərmanının 4.7-ci bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin birinci cümləsində qeyd olunan müvafiq icra hakimiyyətinin səlahiyyətlərini Bakı şəhəri istisna olunmaqla digər inzibati ərazilərdə yerli icra hakimiyyətləri həyata keçirirlər. Həmin Fərmanın 4.10-cu bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 92.1.1 və 92.4-cü maddələrində qeyd olunan müvafiq icra hakimiyyətinin səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər. Yuxraıda qeyd olunan hüquq normalarının mənasından göründüyü kimi şəxin mülkiyyətdə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kv.m olan tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur və həmin tikililər məlumatlandırma icraatı çərçivəsində həyata keçirilir.Yəni tikinti işlərini aparmaq niyyətində olan şəxs (sifarişçi) tikintiyə başlamazdan əvvəl tikinti barədə yerli icra hakimiyyətinə məlumat verir və tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini yerli icra hakimiyyətinə təqdim edir. Yerli İcra Hakimiyyəti ona təqdim edilmiş sənədlər əsasında 10 gün müddətində tikinti aparmaq niyyətində olan şəxsə iradlarını bildirmədiyi tədqirdə tikinti işləri həyata keçirilə bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Qeyd olunan iradların olmasına əhəmiyyət verilmədən tikinti işləri aparılarsa yerli icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təstiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.10-cu bəndinə əsasən tikinti obyektlərin tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanları, yəni FHN qarşısında məsələ qaldırmaq hüququ var. Hazırki işdə də iddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi, torpaq sahəsinin plan və ölçüsünü, eləcə də qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq almış MMC tərəfindən tərtib olunmuş tikiləcək qeyri-yaşayış obyektinin (sənaye tipli olmayan, kənd üsulu ilə quş yetişdirən) işçi layihəsini Cavabdehnə təqdim edərək mülkiyyətində olan torpaq sahəsində qeyri yaşayış obyektini tikmək niyyətində olduğunu bildirərək üçüncü şəxs olan inzibati orqanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80ci maddəsinə əsasən məlumatlandırmışdır. Lakin cavabdeh qeyd edilən normaların tələblərinə riayət etmədən, yəni məlumatlandırma icraatı çərçivəsində tikinti işlərinin aparılmasından narazıdırsa, bununla bağlı iradları vardırsa normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə öz iradlarını əsaslandırmalı olduğu halda əsaslandırmadan iddiaçı tərəfindən aparılan tikinti işlərinə etirazını bildirmişdir. O, öz iradını torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılmasının qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmaması ilə əlaqələndirilmişdir. Halbuki Torpaq Məcəlləsinin 13.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Həmin Məcəllənin 14-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini, vətəndaşların mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması ilə əldə edirlər. Qeyd olunan normalardan da göründüyü kimi kənd təsərrüfatı təyinatlı torpaqlar məqsədli istifadə, yəni kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün istifadə olunur və bu zaman kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. İddiaçı tərəfindən də torpaq sahəsində müvəqqəti tipli tikililər-çadır tipli yuvalar quraşdırılmışdır ki, yuxarıda qeyd olunan normalar görə həmin tikiliyə görə icazə tələb olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün obyektlərin tikintisi qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı çərçivəsində həyata keçirilməli olduğundan, cavabdehin həmin tikintinin aparılmasına müdaxiləsi qanunamüvafiq olmamışdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Hazırki işdə də cavabdeh iddiaçı tərəfindən tikinti işlərinin aparılmasına etdiyi müdaxilələri zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki dövrdə dövlət tərəfindən dövlətsahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsinin və inkişafının infrastrukturunun formalaşdırılması, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə maliyyə, maddi, elmitexniki və informasiya resurslarının əldə etmələri üçün güzəştli şəraitin yaradılması, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sahibkarların fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu ilə sahibkarların fəaliyyətinə qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla hər hansı müdaxilə qadağan olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişidirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən müdaxilələr əsassız hesab edilməli və aradan qaldırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişidirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən müdaxilələr əsassız hesab edilsin və aradan qaldırılsın. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar