Məhkəmə qərarları › İş №2-1(118)-96/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-96/2025

23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-96/2025 23.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. 22 dekabr 2005-ci il tarixli, JN 0121 KOD 30311028 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 9 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə 0,32 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 1 mart 2021-ci il tarixli, **********81 nömrəli məktubundan görünür ki, İddiaçı adına olan JN-121 KOD 30311028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmiş, DVJ məlumatlarında öz əksini tapmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 7 aprel 2021-ci il tarixli, **********25 nömrəli məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı ərizəyə əlavə edilmiş JN-0121 nömrəli (KOD ********) saylı nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 0,32 ha torpaq sahəsinin sərhədləri tərəfindən təyin edilmədiyindən torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də daşınmaz əmlaka dair dövlət reyestrdən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizələrinin icrasından imtina olunmuşdur.

4. Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi, İddiaçı, inzibati ərazi dairəsi üzrə nümayəndəsinin iştirakları ilə JN121 KOD 30311028 Dövlət Aktına əsasən torpaq sahəsinin bütün döngə nöqtələrinin koordinatlarının ölçərək, naturada təyin edilməsi və mülkiyyətçiyə tanıtmasına dair 5 iyul 2021-ci il tarixli akt.

5. Quba rayonu Ağbil bələdiyyəsinin 10 oktyabr 2022-ci il tarixli, 122 nömrəli arayışından görünür ki, 30311028 JN-0121 akta əsasən torpaq sahəsi İddiaçı istifadəsindədir. Bu günə qədər onun Ağbil bələdiyyəsinə vergi borcu yoxdur.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11 noyabr 2022-ci il tarixli, **********52 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizəyə əlavə edilmiş JN-121 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında torpaq sahəsi 0,32 ha kimi qeydə alınsada, 5 saylı Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə 0,19 ha kimi öz əksini tapmışdır. Qeyd olunan səbəbdən müraciətinin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 28 mart 2023-cü il tarixli, 3-21-3-60/2-669/2023 nömrəli məktubundan görünür ki, mərkəzin arxivində İddiaçı adına “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” aşkar edilməmişdir. Arxivdə mövcud olan ünvan 3 kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından İddiaçı adı qeyd edilmiş hissədən, eləcə də Quba Rayon Aqrar İslahat Komissiyasının 9 fevral 1998-ci il tarixli, 3 nömrəli qərarından çıxarışların təsdiq olunmuş surəti qoşma şəklində göndərilmişdir.

8. Azərbaycan Respublikası Dövlət X1 17 mart 2023-cü il tarixli, 3-48-DA- 65/2-3xx-xx/2023 nömrəli məktubu ilə aşağıdakı sənədlərin təsdiq edilmiş surəti göndərilmişdir: - Quba Rayonu Aqrar İslahat Komissiyasının 9 fevral 1998-ci il tarixli, 3 saylı iclas protokolundan çıxarış; - X2 Komissiyasının 20 oktyabr 1997-ci il tarixli, 51 saylı protokolu; - X2 Komissiyasının 30 yanvar 1998-ci il tarixli, 60 saylı iclas protokolu.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 8 sentyabr 2023-cü il tarixli, 3-21-3-34/2-12488/2023 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, faktiki istifadədə olan torpaq sahəsi 0,3987 ha təşkil edir, 0,2087 ha hissəsi baza məlumatlarına əsasən digər şəxsə məxsus JN-0118 nömrəli Dövlət Aktı ilə üst-üstə düşür, xəritə üzərindəki cizgisi 0,19 ha kimi göstərilmiş torpaq sahəsi naturada İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin daxilində yerləşir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 26 aprel 2024-cü il tarixli, 3-21-3-34/2-4372/2024 nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, Quba Rayon Aqrar İslahatı Komissiyasının 9 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN0121 KOD 30311028 nömrəli Dövlət Aktına əsasən İddiaçı məxsus ünvan 3 kəndi ünvanında yerləşən 0,32 ha torpaq sahəsinə naturada baxış keçirilmiş, GPS aləti vasitəsi ilə torpaq sahəsinin koordinatları götürülmüşdür. Faktiki olaraq istifadə olunan torpaq sahəsində meyvə ağacları əkilmişdir. Torpaq sahəsinin müayinəsi zamanı qonşu torpaq mülkiyyətçiləri ilə heç bir mübahisəli hal qeydə alınmamışdır. Kameral araşdırma nəticəsi olaraq bildirilmişdir ki, faktiki istifadədə olan torpaq sahəsi 0,3987 ha təşkil edir. JN0121 KOD 30311028 nömrəli Dövlət Aktında torpaq sahəsi 0,32 ha göstərilsə də, baza məlumatlarında olan xəritələr üzərində 0,19 ha olaraq öz əksini tapmışdır və həmin 0,19 ha torpaq sahəsi faktiki istifadə edilən torpaq sahəsinin daxilində yerləşir. Torpaq sahəsinin 0,2087 ha hissəsi isə baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən Kənd Təsərrüfatı təyinatlı olub uqodiyası çoxillik əkmə kimi göstərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(118)-1484/2023 saylı məktubuna cavab olaraq tərtib olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, faktiki istifadədə olan torpaq sahəsinin 0,2087 ha hissəsi baza məlumatlarına əsasən digər şəxsə məxsus JN-0118 nömrəli Dövlət Aktı ilə üst-üstə düşür. Qeyd edilir ki, həmin üst-üstə düşmə halı Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən araşdırılmış və vətəndaşların faktiki istifadə vəziyyətinə əsasən torpaqların rəqəmsal kadastr xəritələrində düzəliş olunmuşdur. Bildirilmişdir ki, faktiki istifadədə olan torpaq sahəsi heç bir digər mülkiyyət sənədləri ilə üst-üstə düşmür. Torpaq sahəsinə dair sxem tərtib edilmiş, koordinatlar və ortofoto görüntülər qoşmaşəklində göndərilmişdir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 14 noyabr 2024-cü il tarixli, 3-21-3-34/2-15676/2024 nömrəli məktubundan görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 9 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-121 KOD 30311028 nömrəli Dövlət Aktına əsasən İddiaçı məxsus ünvan 3 kəndi ünvanında yerləşən 0,32 ha torpaq sahəsinin koordinatlarına əsasən 0,19 ha torpaq sahəsi xüsusi mülkiyyət, digər hissəsi isə dövlət mülkiyyətinə aid olmaqla, kateqoriyası isə kənd təsərrüfatı təyinatlı torpaqlardır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

12. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Aqrar İslahatı Komissiyasının 9 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0121 KOD 30311028 nömrəli Dövlət Aktına əsasən iddiaçıya məxsus ünvan 3 kəndi ünvanında yerləşən 0,32 ha torpaq sahəsinə “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri”ndən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi işin hallarına (§1-6) istinad edilərək onunla əsaslandırılmışdır ki, Quba Rayon Aqrar İslahatı Komissiyasının 9 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0121 KOD 30311028 nömrəli Dövlət Aktına əsasən iddiaçıya kənd təsərrüfatı məqsədi ilə 0,32 ha torpaq sahəsi verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. Bundan sonra iddiaçı müvafiq sənədləri çıxarış alınması üçün cavabdehə təqdim edilmiş və 18 oktyabr 2022-ci il tarixdə 80 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Bir müddət sonra mütəxəssislər əraziyə gələrək torpaq sahəsini ölçmüş, koordinatlarını vurmuşlar. Bundan sonra iddiaçıya 11 noyabr 2022-ci il tarixdə imtina məktubu gəlmişdir. Qeyd edilir ki, cavabdehin imtina məktubu qanunsuz və əsassızdır. Ona görə ki, həmin torpaq sahəsi üzərində mübahisə yoxdur, əgər mübahisə olsaydı mütəxəssis həmin ərazini ölçə bilməzdir, koordinatları işləyə bilməzdir. Torpaq sahəsinin bazada az miqdarda işlənilməsi iddiaçının nöqsanı deyildir.

14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2, 139, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra - “TM”) 66.2, 67, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 4.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1, 13.2, 13.3, 13.4, prosessual hüquqi əsası kimi isə İPM-in 34.1, 68.1, 68.2, 73.1, 82-ci maddələrinə istinad olunmuşdur.

15. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Quba Rayon Aqrar İslahatı Komissiyasının 9 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN0121 KOD 30311028 nömrəli Dövlət Aktına əsasən iddiaçıya məxsus ünvan 3 kəndi ünvanında yerləşən 0,32 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 23 iyun 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

16. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

18. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

19. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisələndirilən torpaq sahəsinin ölçüsündə uyğunsuzluq mövcuddur. Belə ki, torpaq sahəsi üçün əlavə olunmuş JN- 0121 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 0,32 ha göstərilsədə, elektron məlumat bazasında olan xəritə üzərində torpaq sahəsinin cizgisi 0,19 ha kimi göstərilmişdir. Bundan əlavə, Dövlət aktında göstərilən koordinatlara əsasən torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına dövlət reyestrindən verilmiş çıxarışda göstərilən torpaq sahəsi ilə kəsişir. Həmçinin, yeni istifadəyə verilmiş torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) həmin torpaq sahəsinin cizgisi 0,19 ha kimi göstərilmişdir.

20. Etirazın maddi hüquqi əsası kimi TM-in 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2, 11.1, 15-ci maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

21. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

24. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

25. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

26. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

27. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

28. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

29. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

30. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

31. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

32. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...

33. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

“ Maddə 5 5 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; ...”

“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

“Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ...”

“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-).

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).

35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)

Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

M a d d ə 1 5 . Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)

36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

“Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”

“Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”

“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...”

“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ...”

Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

38. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”

“Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”

c) Məhkəmənin mövqeyi

39. Məhkəmə tərəflərin vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.

40. Belə ki, yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.

41. Belə ki, iddia tələbinin əsası ondan ibarətdir ki, iddiaçıya Quba Rayon Aqrar İslahatı Komissiyasının 9 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0121 KOD 30311028 nömrəli Dövlət Aktına əsasən kənd təsərrüfatı məqsədi ilə 0,32 ha torpaq sahəsi verilmiş, həmin vaxtdan torpaq sahəsi onun faktiki istifadəsində və sahibliyindədir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı müvafiq sənədlər ilə birlikdə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh tərəfindən müraciətin icrasından əsassız olaraq imtina edilmişdir.

42. Cavabdehin etirazı isə aşağıdakı dəlillərə söykənir: a) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-nda torpaq sahəsinin ölçüsü 0,32 ha göstərilsədə, elektron məlumat bazasında olan xəritə üzərində torpaq sahəsinin cizgisi 0,19 ha kimi, həmçinin yeni istifadəyə verilmiş torpaqların elektron kadastr uçotu informasiya sistemində həmin torpaq sahəsinin cizgisi 0,19 ha kimi göstərilmişdir; b) torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına dövlət reyestrindən verilmiş çıxarışda göstərilən torpaq sahəsi ilə kəsişir.

43. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, 22 dekabr 2005-ci il tarixli, JN 0121 KOD 30311028 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Quba Rayon Aqrar İslahat Komissiyasının 9 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə 0,32 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş, Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi, iddiaçı, inzibati ərazi dairəsi üzrə nümayəndəsinin iştirakları ilə torpaq sahəsinin bütün döngə nöqtələrinin koordinatlarının ölçərək, naturada təyin edilməsi və mülkiyyətçiyə tanıtmasına dair akt tərtib edilmişdir.

44. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab olaraq təqdim edilmiş arxiv sənədləri ilə ünvan 3 kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında iddiaçının adı aşkar edilmiş, bununla da iddiaçıya torpaq sahəsinin ayrılması halı öz təsdiqini tapmışdır.

45. Cavabdehin ilk etiraz dəlili ilə əlaqədar məhkəmə bildirir ki, mübahisələndirilən torpaq sahəsinin ayrılmasına əsas olmuş X2 Komissiyasının 30 yanvar 1998-ci il tarixli, 60 saylı iclas protokolunda torpaq payı almaq hüququna malik olan subyektlərə 0,32 ha norma ilə hesablanmışdır. Bu səbəbdən də qeyd edilən dəlili məhkəmə əsassız edir.

46. Həmçinin, iş üzrə təqdim olunmuş müayinə aktı ilə müəyyən edilir ki, qeyd edilmiş üst-üstə düşmə halı müvafiq qaydalara əsasən cavabdeh orqanın mütəxəssisləri tərəfindən araşdırılmış və vətəndaşların faktiki istifadə vəziyyətinə əsasən torpaqların rəqəmsal kadastr xəritələrində düzəliş olunmuş, iddiaçının faktiki istifadədə olan torpaq sahəsi heç bir digər mülkiyyət sənədləri ilə üst-üstə düşmür. Belə ki, cavabdehin digər etiraz dəlili də aradan qaldırılmışdır.

47. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.

48. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

49. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.”

50. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

51. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.

52. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək (§ 1-11), qanunvericiliyin normalarını (§32-38), həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

53. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. Quba Rayon Aqrar İslahatı Komissiyasının 9 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN0121 KOD 30311028 nömrəli Dövlət Aktına əsasən iddiaçıya məxsus ünvan 3 kəndi ünvanında yerləşən 0,32 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar