Məhkəmə qərarları › İş №2-1(118)-960/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-960/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-960/2022 11.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtiadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ünvan 1il üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtiadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, Nizami küçəsi 20A, 1B üzərində mülkiyyət hüququnun tanınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, “ünvan 1il üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2015-ci ildən FHN-nin DYMX-nin Səbail rayon DYMH-nin yanğınsöndürən qismində işləmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, 28 məhəllə, ev 20A, mənzil 1B “FHN-nin DYMX-nin Səbail rayon DYMH-nin müdriyyəti və Həmkarlar İttifaqı Komitəsi mənzil-məişət komissiyası ilə birgə müşavirəsinin “14” iyun 2016-cı il tarixli protokoluna əsasən ona verilmişdir. Sözügedən protokola əsasən mənzil 1B onun istifadəsindədir və o, həmin mənzilin yaşayış şəraitini yararlı vəziyyətə gətirmək üçün xeyli vəsait sərf edərək öz vəsaiti hesabına əsaslı təmir etdirmişdir. Xırdalan şəhəri, 28 məhəllə, ev 20A, mənzil 1B “14" iyun 2016-cı il tarixdən bu günədək, artıq 5 ildir ki, onun istifadəsindədir. İstifadəsində olan mənzili mülkiyyətinə keçirmək üçün özəlləşdirmək qərarına gələrək, bununla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə Abşeron rayonu, Xırdalan şəhəri, 28 məhəllə, ev 20A, mənzil 1B üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması və reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar müraciətinə baxılaraq, bildirilmişdir ki, sözügedən mənzil Dövlət mənzil fonduna məxsus olduğu üçün hazırda özəlləşdirilə bilməz. Halbuki onun müraciətinə Abşeron RİHB-də baxılmış və 826 saylı xx.xx.2018-ci il tarixli məktubu ilə mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına etiraz edilməməsi barədə məktub verilmişdir. Göründüyü kimi istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 20A, mənzil 1B üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın və texniki pasportun verilməsi məhkəmədən kənar qeyri-mümkündür. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, ünvan 2 ünvanında, DYMH-nin yataqxanasında yerləşən 1B saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 01 may 2018-ci il tarixli, ********** nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı müraciət üzrə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli ünvan 3 ünvanında 0,0408 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1299 kv.m olan dördmərtəbəli ailəvi yataqxana binası Abşeron Rayon İcra Hakimiyyəti balansına verilməsi barədə Sərəncamı və Fövqəladə Hallar Nazirliyinin xx.xx.2016-cı il tarixli protokolu əlavə edildiyi müəyyən edilmişdir. Belə ki, həmin sənədlər daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən əsaslar sırasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Abşeron rayon İcra Hakimiyyətinin 826 saylı, 24 aprel 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 avqust 2016-cı il tarixli, 464 S saylı Sərəncamına əsasən Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Abşeron rayon X4 Hissəsinin balansında olan, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, Nizami küçəsi 20A ünvanında 0,0408 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1299 kv.m olan dördmərtəbəli ailəvi yataqxana binası Abşeron rayon İcra Hakimiyyətinin balansına verilmişdir və qeyd olunan sərəncamın icrasını təmin etmək məqsədilə Abşeron RİH başçısı tərəfindən xx.xx.2016-cı il tarixli, 183 saylı sərəncam imzalanmışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2013-cü il tarixli əmri ilə yaradılmış “Xidməti yaşayış sahələri ilə bağlı komissiya”nın iclasının 8 nömrəli, 14 iyun 2016-cı il tarixli protokolundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, Nizami küçəsi 20A ünvanında yerləşən Abşeron rayon DYMH-nin ailəvi yataqxanasının 1ci mərtəbəsindəki boşalmış yaşayış sahələrindən biri Səbail rayon DYMH-nin yanğınsöndürəni İddiaçı verilməsi qərara alınmışdır. - Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı 07 may 2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, Nizami küçəsi 20A ünvanında, DYMH-nin yataqxanasında yerləşən 1B saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 23 iyun 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən Abşeron rayon DHM-nin ailəvi yataqxanasında 4, 18, 17, 14, 20, 2, 7-8, 1C, 1, 3 nömrəli mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki işin materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2013-cü il tarixli əmri ilə yaradılmış “Xidməti yaşayış sahələri ilə bağlı komissiya”nın iclasının 8 nömrəli, 14 iyun 2016-cı il tarixli protokolundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, Nizami küçəsi 20A ünvanında yerləşən Abşeron rayon DYMH-nin ailəvi yataqxanasının 1-ci mərtəbəsindəki boşalmış yaşayış sahələrindən birinin Səbail rayon DYMH-nin yanğınsöndürəni İddiaçı verilməsi qərara alınmışdır. İddiaçı həmin yaşayış sahəsi üzərində hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Buna səbəb kimi mənzil sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əslinin Xidmətin 4 saylı ərazi idarəsinə təqdim edilmədiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, Nizami küçəsi 20A ünvanında yerləşən Abşeron rayon DYMH-nin ailəvi yataqxanasında 4, 18, 17, 14, 20, 2, 7-8, 11C, 1, 3 saylı mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2013-cü il tarixli əmri ilə yaradılmış “Xidməti yaşayış sahələri ilə bağlı komissiya”nın iclasının 8 nömrəli, 14 iyun 2016-cı il tarixli protokolundan görünür ki, iddiaçı ilə yanaşı X5 da ayrılması qərara alınmışdır. Məhkəmə sorğu əsasında daxil olmuş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** saylı, 22 oktyabr 2019-cu il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 28-ci məhəllə, ev 20A, mənzil 1C mülkiyyət hüququ əsasında X3 adına ayrılmışdır. Beləliklə inzibati orqan tərəfindən X5 mənzilə dair hazırki iş üzrə eyni şərtlərlə daşınmaz əmlakın dövlət reyestirndən çıxarış verildiyi halda, iddiaçıya çıxarışın verilməsindən imtina olunmuşdur. Başqa sözlə yuxarıda da qeyd olunduğu kimi eyni protokolla həm iddiaçıya, həm də başqa şəxsə mənzillər ayrıldığı halda, onlardan birinə eyni şərtlərlə çıxarış verilsə də, digərinə, yəni iddiaçıya çıxarışın verilməsindən imtina olunmuşdur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Göründüyü kimi qanunvericilik eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsini qadağan edir. Eyni zamanda məhkəmə qeyd edir ki, eyni vəziyyətdə olan şəxslərlə bağlı inzibati orqan tərəfindən fərqli nəticəyə gəlinməsi hüquqi müəyyənlik, bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin də pozulmasına gətirib çıxara bilər. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1il üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1il üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar